Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-261/2025 15.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli 2-1(116)-2681/2024 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “müvafiq dövrdə işlədiyi müddət güzəştli iş stajına daxil edilməklə ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının 20 iyul 1982-ci il tarixdən 27 sentyabr 1995-ci il tarixədək və 15 mart 1996-cı il tarixdən 16 aprel 1997-ci il tarixədək işlədiyi qaynaqçı vəzifəsi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verir. İddiaçı, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ona pensiya təyinatı aparılmasından imtinasını mübahisələndirir.
3. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, «Əmək pensiyaları haqqında» Qanunun 21.1-ci maddəsinə əsasən şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə daxil edilir. Diplomunun surətinə əsasən İddiaçı 1 sentyabr 1981-ci il tarixdən 15 iyul 1982-ci il tarixədək texniki peşə məktəbində təhsil almışdır. Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydaları barədə Əsasnamə»nin 8-ci bəndinin və 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası»nın 4.1.1.4-cü yarımbəndinin məzmunundan görünür ki, qanunvericiliklə yalnız əyani təhsil müddətinin ümumi iş stajına daxil edilməsi nəzərdə tutulmuşdir. İddiaçının təqdim etdiyi diplomda onun əyani təhsil alması ilə bağlı qeyd olmadığı kimi, iddiaçı tərəfindən əyani təhsillə bağlı əlavə sənəd təqdim edilmədiyindən, onun təhsil aldığı dövrlər sığorta stajına daxil edilməmişdir. Bundan başqa, qeyd olunmalıdır ki, iddiaçı 1995 – 1996, 1996 – 1997-ci illərdə Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olmuşdur. «Azərbaycan Respublikasının beynəlxalq müqavilələrin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında» 13 iyun 1995-ci il tarixli 1057 nömrəli Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası beynəlxalq müqavilələrin onun üçün məcburiliyinə razılığını müqavilənin imzalanması, müqaviləni təşkil edən sənədlərin mübadiləsi, müqavilənin ratifikasiyası, təsdiq edilməsi, ona qoşulma vasitəsilə və razılığa gələn tərəflərin səlahiyyətli orqanları şərtləşdiyi hər hansı başqa üsulla ifadə edə bilər. «Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında» 26 aprel 2022-ci il tarixli Müqavilənin 12-ci maddəsinin 1-ci bəndinə görə razılığa gələn tərəflərin səlahiyyətli orqanları bu Müqavilənin tətbiqinə dair inzibati saziş bağlayırlar. Hər iki dövlətin səlahiyyətli orqanları tərəfindən müqavilənin icrasının təmin edilməsi məqsədilə inzibati saziş bağlanmadığından, sözügedən müqavilə qüvvəyə minməmişdir. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40.320 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 36.218,50 manat təşkil edir. İddianın rədd edilməsi məhkəmədən xahiş olunur.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, - A seriyalı 765865 nömrəli Diplomun surəti; - ИТ seriyalı ******* nömrəli Əmək kitabçasının təsdiqlənmiş surəti, - 4 saylı MİS-in xx.xx.2024-cü il tarixli 179 nömrəli arayışı; - "xxxx" ASC-nin şəxsin güzəştli şərtlə əmək pensiyasına hüquq verən işdə çalışmasına dair arayışı; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli, 129 nömrəli arayışı; - Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Y-119252/2024 nömrəli imtina məktubu.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 25 dekabr 2024-cü il tarixli 2- 1(116)-2681/2024 nömrəli qərarı ilə iddia təmin edilərək İddiaçı onun 1995 – 1997-ci illərdə elektrik qaynaqçısı vəzifəsində işlədiyi müddət sığorta stajına daxil edilməklə hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Azənerjitikinti Quraşdırma ASC-nin verdiyi “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışda qeyd olunmuşdur ki, İddiaçı Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndində nəzərdə tutulan əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində iş stajı 1982 – 1995-ci illərdə 12 il 11 ay 10 gün təşkil edir. Bundan başqa, iş materiallarında olan A 765865 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1 sentyabr 1981-ci il tarixdən 15 iyul 1982-ci il tarixədək Mingəçevir şəhəri 39 nömrəli texniki peşə məktəbində peşə təhsili almışdır. Bununla da işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 1964-cü il təvəllüdlüdür, 25 il sığorta stajına malik 60 yaşına çatmış şəxs kimi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina belə əsaslandırılmışdır ki, iddiaçı 1 sentyabr 1981-ci il tarixdən 15 iyul 1982-ci il tarixədək texniki peşə məktəbində təhsilini əyani formada alması barədə sənəd təqdim etməmişdir, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir (qeydə alınan pensiya kapitalının tələb olunan 40.320 manat məbləğinin qarşılığında 36.218,50 manat təşkil etməsi), eləcə də «Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında» imzalanmış 26 aprel 2022-ci il tarixli Müqavilə, onun 12-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan inzibati sazişin bağlamaması səbəbindən qüvvəyə minməmişdir, qeyd olunan səbəblərdən iddiaçının peşə təhsili aldığı müddət və əmək kitabçasındakı qeydlər üzrə Rusiya Federasiyasında işlədiyi dövr sığorta stajına daxil edilməmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. - Məhkəmə qeyd etmişdir ki, aparılmış inzibati icraatda iddiaçı 1981 – 1982-ci illərdə Mingəçevir şəhəri 38 nömrəli texniki peşə məktəbində təhsil almasına dair diplomun surətini təqdim etsə də, inzibati orqan həmin müddəti onun əyani təhsil formasında keçirilməyinə dair sübut təqdim edilməməsi səbəbi ilə sığorta stajına daxil etməməkdə haqlı sayıla bilməz. Belə ki, iddiaçı 10 ay yarım müddət texniki peşə təhsili almışdır və peşə təhsilinin qiyabi formada təşkili praktik hal deyil, bundan başqa da inzibati orqan onun təhsilinin əyani olmasını təkzib edən heç bir sübut və ya dəlil gətirmədən diplom üzrə dövrü sığorta stajına daxil etməmişdir. Bundan başqa, peşə təhsili aldığı müəssisədən təhsilin əyani olmasını əks etdirən arayışın alınması pensiya təyin olunmasını istəyən şəxsin üzərinə qanunla qoyulan vəzifə deyil və belə sənədin alınmasını inzibati icraatda inzibati orqan özü də təmin edə bilərdi. Odur ki, belə xüsusat iddiaçı üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqanın texniki peşə təhsili dövrü ilə bağlı dəlilini formal mülahizələrə söykənən hal qismində qiymətləndirir və diqqətə çəkir ki, bu, «İnzibati icraat haqqında» Qanunun 15, 19, 24-cü maddələrinin tələblərinə ziddir. - Cavabdeh inzibati orqanın “pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilənin tətbiqinə dair inzibati sazişin bağlanmaması” dəlilinə gəldikdə isə vurğulanmalıdır ki, «Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında» 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilə Azərbaycan Respublikasının 8 iyul 2022-ci il tarixli 579-VİQ nömrəli Qanunu ilə təsdiq edildiyi halda, həmin Müqavilənin tətbiqinə dair sazişin bağlanmaması Razılığa gələn tərəflərdən birinin ərazisində əmək fəaliyyəti ilə məşğul olan sığortaolunanın digər Razılığa gələn tərəfin ərazisində pensiya təminatı hüququnu məhdudlaşdıra bilməz. Belə olan halda, İddiaçı 1995, 1996, 1997-ci illərdə Rusiya Federasiyasındakı əmək fəaliyyəti üzrə sığorta stajına Azərbaycan Respublikasında 1 yanvar 2002-ci il tarixədək əmək fəaliyyəti üzrə staja münasibətdə qoyulan şərtlər, yəni “məcburi dövlət sosial sığorta haqqının ödənilməsi” tələbinin mütləq olmaması şamil edilməlidir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab etmişdir ki, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının 1995 – 1997-ci illərdəki iş stajının sosial sığorta stajına daxil edilməməsinə əsas mövcud deyil. Belə olan halda, iddiaçının 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə stajı, eləcə də 25 ildən artıq ümumi iş stajı toplanmış olduğundan, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən 60 yaşdan, yəni 9 aprel 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır.
7. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli 2-1(116)-2681/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh inzibati orqanın apellyasiya şikayəti iddiaya etiraz ərizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi diplomda əyani təhsil alması ilə bağlı qeyd olmadığı kimi, iddiaçı tərəfindən əyani təhsil alması ilə bağlı əlavə sənəd təqdim edilmədiyindən onun təhsil aldığı dövrlər sosial sığorta stajına daxil edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1983-cü il tarixli ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olmuşdur. Qeyd olunan səbəblərdən iddiaçının Rusiya Federasiyasında işlədiyi və təhsil aldığı dövrlər mübahisələndirilərək sosial sığorta stajına daxil edilməmiş və iddiaçının sosial sığorta stajı 25 ildən az (23 il 8 ay 24 gün (xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1997-ci il, xx.xx.2004- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və 2006-2023-cü illər üzrə 8 il 7 ay)) olduğundan müraciətin müsbət həlli mümkün olmamışdır. - Əsas məqam kimi qeyd etmək istərdik ki, hər iki dövlətin səlahiyyətli orqanları tərəfindən müqavilənin icrasının təmin edilməsi məqsədilə inzibati saziş bağlanmamış, Müqavilə Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 579-VİQ nömrəli Qanunu ilə təsdiq edilsə də, hazırki günədək ratifikasiya sənədlərinin qarşılıqlı mübadiləsi həyata keçirilmədiyindən qüvvəyə minməmişdir. Həmçinin qanunvericilikdə digər dövlətdəki əmək fəaliyyətinin yalnız müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə sığorta stajına daxil edilməsi nəzərdə tutulsa da, iş materiallarında iddiaçının məcburi dövlət sosial sığorta haqqlarını ödəməsi ilə bağlı sənəd mövcud deyildir. - Həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36218,50 manat təşkil edir. Göstərilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli 2-1(116)-2681/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli 2-1(116)-2681/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
14. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 23.1 Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
15. İnzibati icraat haqqında Qanun Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
16. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu: Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin İ hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
1. "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilə təsdiq edilsin. İ Bölmə ÜMUMİ MÜDDƏALAR Maddə 1. Anlayışlar
1. Bu Müqavilənin məqsədləri üçün aşağıdakı anlayışlar bildirirlər: 1) "qanunvericilik” - Razılığa gələn Tərəflərin bu Müqavilənin 2-ci maddəsində nəzərdə tutulan münasibətləri tənzimləyən qanun və digər normativ hüquqi aktları; 2) "səlahiyyətli orqanlar” - bu Müqavilənin müvafiq Razılığa gələn Tərəfin ərazisində tətbiqi qaydasını müəyyən etməyə səlahiyyətli kimi tanınan orqanlar: Azərbaycan Respublikasında - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; ... 4) "sığortaolunan şəxs” - Razılığa gələn Tərəflərin qanunvericiliyinə əsasən sığortaolunan kimi tanınan şəxs; ... 7) "sığorta stajı” - sığorta haqlarının hesablandığı və ödəndiyi əmək və (və ya) digər fəaliyyət dövrləri, habelə Razılığa gələn Tərəflərin qanunvericiliyinə əsasən pensiya hüququnun müəyyən edilməsi və pensiya məbləğinin hesablanması zamanı nəzərə alman digər dövrlər;
2. Bu Müqavilədə istifadə olunan digər anlayışlar müvafiq Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilmiş mənanı daşıyır. Maddə 2. Tətbiq sahəsi
1. Bu Müqavilə aşağıdakılara dair hər iki Razılığa gələn Tərəfin pensiya təminatı haqqında qanunvericiliyi ilə tənzimlənən münasibətlərə şamil edilir: 1) Azərbaycan Respublikasında: yaşa görə əmək pensiyasına, əlilliyə görə əmək pensiyasına, ailə başçısını itirməyə görə əmək pensiyasına, habelə bu pensiyalara əlavələrə; ... Maddə 12. Səlahiyyətli orqanların və kompetent təşkilatların əməkdaşlığı
1. Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları bu Müqavilənin tətbiqinə dair inzibati saziş bağlayırlar. Razılığa gələn Tərəflərin kompetent təşkilatları (səlahiyyətli orqanları) bu Müqavilənin və eyni zamanda bu Müqavilənin tətbiqinə dair inzibati Sazişin həyata keçirilməsi məqsədilə Razılığa gələn Tərəflərin qanunvericiliyinə uyğun müəyyən edilmiş etibarlı üçüncü tərəflər vasitəsilə həyata keçirilə biləcək elektron qarşılıqlı əlaqə haqqında razılaşma imzalaya bilərlər. Maddə 18. Keçid müddəalar
1. Bu Müqaviləyə əsasən pensiya hüququ onun qüvvəyə mindiyi tarixdən yaranır.
2. Bu Müqavilənin müddəalarına müvafiq olaraq pensiya hüququnun müəyyən edilməsi üçün bu Müqavilənin qüvvəyə minməsindən əvvəl də əldə edilmiş sığorta stajı (və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalı -Azərbaycan Respublikası üçün) nəzərə alınır.
3. Bu maddənin 1-ci bəndinin müddəası nəzərə alınmaqla bu Müqavilə onun qüvvəyə minməsindən əvvəl baş vermiş sığorta hallarına da şamil edilir. Maddə 20. Müqavilənin qüvvəyə minməsi
1. Bu Müqavilə ratifikasiya edilməlidir.
2. Bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir.
3. Razılığa gələn Tərəflər bu Müqavilənin mətninə onun ayrılmaz hissəsi olan dəyişikliklər edə bilərlər. Bu Müqaviləyə dəyişikliklərin edilməsi Razılığa gələn Tərəflərin bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəalarına uyğun qüvvəyə minən müvafiq protokolları imzalaması yolu ilə həyata keçirilir.
4. Razılığa gələn Tərəflər bu Müqavilənin imzalanması ilə əlaqədar olaraq 5 noyabr 1999-cu il tarixində Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Sazişin iştirakçısı olmamaq niyyətini ifadə edir.
Apellyasiya şikayətinin mümkünlüyü
17. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. İş materiallarından göründüyü kimi, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.
23. İşin hallarından görünür ki, İddiaçı 1964-cü il təvəllüdlüdür, 1981 – 1982-ci illərdə peşə təhsili almışdır. 1983 – 1985-ci illərdə keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmət keçmişdir. İddiaçı əmək fəaliyyətinə 20 iyul 1982-ci il tarixdən Azərbaycan DRES Tikinti Quraşdırma İdarəsində 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsindən başlamış və hərbi xidmətdən sonra 18 iyul 1985-ci il tarixdən 1 avqust 1987-ci il tarixədək yenidən İdarədə həmin vəzifədə fəaliyyətini davam etdirmişdir. 1 avqust 1987-ci il tarixdən 15 noyabr 1989cu il tarixədək 4-cü dərəcəli elektrik qaynaqçısı, 15 noyabr 1989-cu il tarixdən 1 iyul 1991ci il tarixədək 6-cı dərəcəli elektrik qaynaqçısı, 1 iyul 1991-ci il tarixdən 1 may 1992-ci il tarixədək Azərenerji TİTQB-də 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləmişdir. 1 may 1992-ci il tarixdə Azərbaycan DRES TQİ-yə keçirilmiş və orada qaynaqçı kimi 20 oktyabr 1994-cü il tarixədək işləmişdir. Sonradan elektrik qaynaqçısı kimi 20 oktyabr 1994cü il tarixdən 27 sentyabr 1995-ci il tarixədək Qafqazenerji TQB-nin Azərbaycan filialında, 1 noyabr 1995-ci il tarixdən 14 mart 1996-cı il tarixədək Uzaq Şimal rayon İnzibati Ərazisi Nijnevostovsk Quraşdırma İdarəsi ASC-də, 15 mart 1996-cı il tarixdən 16 aprel 1997-ci il tarixədək yenidən Qafqazenerji TQB-nin Azərbaycan filialında, 23 iyun 1997-ci il tarixdən 29 noyabr 1997-ci il tarixədək Uzaq Şimal rayon X7 Dairəsi ASC-də işləmişdir.
24. Cavabdeh orqan apellyasiya şikayətinin və etiraz ərizəsinin başlıca dəlili kimi qeyd etmişdir ki, iddiaçının Rusiya Federasiyasında işlədiyi və təhsil aldığı dövrlər mübahisələndirilərək sosial sığorta stajına daxil edilməmiş və iddiaçının sosial sığorta stajı 25 ildən az olduğundan müraciətin müsbət həlli mümkün olmamışdır. Hər iki dövlətin səlahiyyətli orqanları tərəfindən müqavilənin icrasının təmin edilməsi məqsədilə inzibati saziş bağlanmamış, Müqavilə Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 579-VİQ nömrəli Qanunu ilə təsdiq edilsə də, hazırki günədək ratifikasiya sənədlərinin qarşılıqlı mübadiləsi həyata keçirilmədiyindən qüvvəyə minməmişdir. Həmçinin qanunvericilikdə digər dövlətdəki əmək fəaliyyətinin yalnız müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə sığorta stajına daxil edilməsi nəzərdə tutulsa da, iş materiallarında iddiaçının məcburi dövlət sosial sığorta haqqlarını ödəməsi ilə bağlı sənəd mövcud deyildir.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “«Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında» 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilə Azərbaycan Respublikasının 8 iyul 2022-ci il tarixli 579-VİQ nömrəli Qanunu ilə təsdiq edildiyi halda, həmin Müqavilənin tətbiqinə dair sazişin bağlanmaması Razılığa gələn tərəflərdən birinin ərazisində əmək fəaliyyəti ilə məşğul olan sığortaolunanın digər Razılığa gələn tərəfin ərazisində pensiya təminatı hüququnu məhdudlaşdıra bilməz.” yanaşmasını düzgün qəbul etməyərək gəlinmiş nəticəni aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir.
26. Belə ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsinə əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilə bağlanmışdır.
27. Müqavilənin 20-ci maddəsi onun qüvvəyə minmə əsasını tənzimləyir. Birinci əsas kimi müqavilənin ratifikasiya edilməsi nəzərdə tutulmuşdur.
28. Bu hissə ilə əlaqədar məhkəmə kollegiyası bildirir ki, "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin Azərbaycan Respublikası tərəfindən 08 iyul 2022-ci il tarixdə, Rusiya Federasiyası tərəfindən isə 18 mart 2023-cü il tarixdə ratifikasiya edildiyi müəyyən edilmişdir.
29. Müqavilənin qüvvəyə minməsi üçün ikinci əsas Müqavilə ilə bağlı ratifikasiya sənədlərinin mübadiləsinin aparılmasıdır.
30. İki dövlət arasında müqavilənin ratifikasiya sənədlərinin mübadiləsinin aparılması birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır.
31. Həmçinin, Müqavilənin 20-ci maddəsinin 2-ci bəndinin ikinci hissəsində qeyd edilmişdir ki, bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir.
32. Məhkəmə kollegiyası tərəfindən həmin dəlil ilə bağlı “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış, Azərbaycan Respublikasının 8 iyul 2022-ci il tarixli 579-VİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Müqavilənin ratifikasiya sənədlərinin mübadiləsinin aparılıb-aparılmaması barədə araşdırma aparılmışdır.
33. Məhkəmə kollegiyası tərəfindən cavabdehin qeyd etdiyi halın araşdırılması məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu verilmişdir. Kollegiyanın sorğusu əsasında verilmiş Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin 26 may 2025-ci il tarixli, 3-20-15/2-4-31185/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, 26 aprel 2022-ci il tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” onun 20-ci maddəsinə uyğun olaraq ratifikasiya edilməlidir və Müqavilə ratifikasiya haqqında sənədlərin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir. Sözügedən Müqavilə Azərbaycan Respublikasının 579-VİQ nömrəli 8 iyul 2022-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir. Müqavilənin hər iki dövlət tərəfindən təsdiq olunmasına baxmayaraq, ratifikasiya fərmanlarının mübadiləsi indiyədək həyata keçirilməmişdir. Beləliklə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə hazırda qüvvədə deyil.
34. Həmçinin kollegiyanın sorğusu əsasında verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 27 may 2025-ci il tarixli, 3- 17-1/2-123478/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, 26 aprel 2022-ci il tarixdə imzalanmış “Azərbaycan ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin 12.1-ci maddəsinə əsasən razılığa gələn tərəflərin səlahiyyətli orqanları bu Müqavilənin tətbiqinə dair inzibati saziş bağlamalıdırlar. Həmin Müqavilənin 20.2-ci maddəsinə əsasən bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir. Qeyd edilir ki, tərəflərinin səlahiyyətli orqanları Müqavilənin tətbiqinə dair inzibati saziş imzalamamışdır. Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17/3-1-3191/2025 nömrəli xidməti məruzəsinə (qoşmaya əlavə edilir) əsasən Müqavilə 8 iyul 2022-ci il tarixində Azərbaycan Respublikası, 18 mart 2023-cü il tarixində isə Rusiya Federasiyası tərəfindən ratifikasiya edilsə də, ratifikasiya sənədlərinin qarşılıqlı mübadiləsi həyata keçirilməmişdir.
35. Göründüyü kimi «Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında» 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilə Azərbaycan Respublikasının 8 iyul 2022-ci il tarixli 579-VİQ nömrəli Qanunu ilə təsdiq edilmişdir. Lakin ratifikasiya fərmanlarının mübadiləsi indiyədək həyata keçirilməmişdir. Ratifikasiya sənədlərinin qarşılıqlı mübadiləsi həyata keçirilmədiyindən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə hazırda qüvvədə deyildir.
36. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə razılaşır və hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
37. Yuxarıda göstərilənlərin hüquqi əsası kimi qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin məzmununa əsasən güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin ediməsi üçün 3 element mövcud olmalıdır: a) tələb olunan yaş həddinə çatmalı (kişilər üçün 60, qadınlar üçün 59); b) azı 25 il sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli; c) stajın 12 il 06 ayının əmək şəraiti zərərli və ağır işlərdə işləməlidir.
38. İş materiallarından da göründüyü kimi, iddiaçının əmək kitabçasının məlumatlarına əsasən 1 noyabr 1995-ci il tarixdən 14 mart 1996-cı il tarixədək Uzaq Şimal rayon İnzibati Ərazisi Nijnevostovsk Quraşdırma İdarəsi ASC-də və 23 iyun 1997-ci il tarixdən 29 noyabr 1997-ci il tarixədək Uzaq Şimal rayon X7 Dairəsi ASC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi hazırda qanunvericiliyin tələblərinə zidd olduğundan, nəticədə isə onun 25 il sosial sığorta stajı tamamlanmadığından cavabdeh orqan, iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
39. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə araşdırma aparılmamışdır. Hazırda isə cavabdehin apellyasiya şikayətindən irəli gələn və iddiaçının iddia ərizəsindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edildiyindən, işin faktiki halları ilə bağlı məhkəmənin araşdırmaları yetərli hesab olunur.
40. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət hazırki tələbinə münasibətdə aparılan araşdırma nəticəsində cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın (hazırki iş üzrə araşdırma həddində) əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır. İddiaçının tələbi ona münasibətdə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə tam cavab vermir. Cavabdehin imtinası iddiaçının hazırki tələbinə münasibətdə əsaslıdır.
41. Belə olan halda məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində iddiaçının tələbindən imtinası qanunsuz hərəkət sayıla bilməz.
42. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.
43. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli 2-1(116)-2681/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.