Məhkəmə qərarları › İş №2-1(107)-262/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-262/2020

21.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-262/2020 21.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona vurulmuş maddi ziyan əvəzi olaraq 20000 manat, mənəvi ziyan olaraq 15000 manat pulun alınıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulıması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-392/2020 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx xxxxx 1995-ci ildə Ağcabədi rayonu Türk Çadır qəsəbəsində anadan olmuşdur. Ailəsi Ağdam rayonundan məcburi köçkündür. xx xxxxx 2013-cü ildə hərbi xidmətə yararlı hesab edilərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən hərbi xidmətə çağrılmışdır. xx xxxxxx 2014-cü ildən xx xxxxxx 2014-cü ilədək N saylı hərbi hissədə, xx xxxxxx 2014cü ildən xx xxx 2014-cü ilədək N saylı hərbi hissədə stasionar müalicədə olmuşdur. «Hərbi Həkim Komissiyasının» rəyi əsasında xx xxx 2014-cü il tarixdə şəhadətləndirilərək sağ ciyərin yuxarı payının infiltrativ vərəmi, sorulma və bərkimə mərhələsində KB mənfi diaqnozu ilə xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır qərarı qəbul edilərək tərxis olunmuşdur. Hazırki müddətə qədər müalicələr alsa da səhhətini bərpa edə bilməmişdir. Ağır xəstəliyi ilə, əlaqədar hazırki müddətə qədər müraciət edə bilməmişdir. Bu müddət ərzində Müdafiə Nazirliyindən bir kəs də olsun onunla maraqlanmamışdır. Sağlamlığını bərpa edə bilməsə də mütəmadi müalicələr məcburiyyətindədir. Hərbi xidmətdə olarkən düzgün tibbi yardım almadığından xəstələnmişdir. Halbuki, sağlamlığı qorunmasına məsuliyyət daşıyan orqan Müdafiə Nazirliyi olmuşdur. Bu səbəbdən mənəvi əziyyət çəkmişdir. Vurulmuş ziyanın ödənilməsi barədə iddiaçı iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri: ddiaçının “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini qəbuletmir, hesab edir ki, iddia ərizəsi əsassızdır və aşağıdakı səbəblərə görə təmin edilə bilməz. Belə ki, iddiaçı maddi və mənəvi zərərin vurulmasını sübut edə bilməmişdir. AR MM-nin 21.2.-ci maddəsinə əsasən: “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.İddiaçı mənəvi zərərlə bağlı beş ildən sonra məhkəməyə müraciət etməsi artıq iddianın əsassız olduğunu sübut edir. Çünki “Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur.” (“AR MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31,05.2002-ci il tarixli qərarı). Yuxarıda qeyd olunmuş şərhdə qərara alınmışdır ki, “AR MM-nin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.” Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxx 2020-ci il tarixli, 2-1(116)- 392/2020 nömrəli qərarıilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona vurulmuş maddi ziyan əvəzi olaraq 20000 manat, mənəvi ziyan olaraq 15000 manat pulun alınıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-392/2020 nömrəli qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, xx xxxxx 1995-ci ildə Ağcabədi rayonu Türk Çadır qəsəbəsində anadan olmuşdur. Ailəsi Ağdam rayonundan məcburi köçkündür. xx xxxxx 2013-cü ildə hərbi xidmətə yararlı hesab edilərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən hərbi xidmətə çağrılmışdır. xx xxxxxx 2014-cü ildən xx xxxxxx 2014-cü ildək N saylı hərbi hissədə, xx xxxxxx 2014-cü ildən xx xxx 2015-ci ilədək N saylı hərbi hissədə stasionar müalicədə olmuşdur. «Hərbi Həkim Komissiyasının» rəyi əsasında xx xxx 2014-cü il tarixdə şəhadətləndirilərək sağ ciyərin yuxarı payının infıltrativ vərəmi, sorulma və bərkimə mərhələsində KB mənfi diaqnozu ilə xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır qərarı qəbu edilərək tərxis olunmuşdur. Hazırki müddətə qədər müalicələr alsa da səhhətini bərpa edə bilməmişdir. Ağır xəstəliyilə əlaqədar hazırki müddətə qədər müraciət edə bilməmişdir. Bu müddət ərzində Müdafiə Nazirliyindən bir kəs onunla maraqlanmamışdır. Sağlamlığını bərpa edə bilməsə də mütəmadi müalicələr məcburiyyətindədir. Hərbi xidmətdə olarkən düzgün tibbi yardım almadığından xəstələnmişdir. Halbu ki, sağlamlığının qorunmasına məsuliyyət daşıyan orqan Müdafiə Nazirliyi olmuşdur. Bu səbəbdən mənəvi əziyyət çəkmişdir. İşə baxan məhkəmə hesab etmişdir ki, onun düzgün müalicə olmadığına dair sübut təqdim edilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1117-ci maddəsində hərbi qulluq vəzifələrinin icrası zamanı sağlamlığa vurulmuş zərərin ödənilməsi göstərilmişdir. Onun iddiasının maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1117, 1118 və 1119-cu maddələr təşkil etsədə məhkəmə qərarında buna münasibət bildirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1117-ci maddəsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqın ki, malik ola biləcəyi və ya itirdiyi qazancın, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınması, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərin əvəzi ödənilir, bu şərtlə ki, həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 1118.2-ci maddəyə əsasən itirilmiş qazanc müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyinə görə pensiya, eləcə də, həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu ödənişlər nəzərə alınmır. Həmin Məcəllənin 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirilməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin itirməsi dərəcəsinə uyğun gəlməlidir. Məhz o da hərbi qulluq vəzifələrinin icrası zamanı xəstələnmişdir və Hərbi Həkim Komissiyasının» rəyi əsasında xx xxx 2014-cü il tarixdə şəhadətləndirilərək sağ ciyərin yuxarı payının infıltrativ vərəmi, sorulma və bərkimə mərhələsində KB mənfi diaqnozu ilə xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır qərarı qəbul edilərək tərxis olunmuşdur. Bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Müdafiə Nazirliyi sığorta ödənişi ödənilməsi ilə əlaqədar Dövlət X2 ödəniş edilməsi üçün ərizəsini göndərmişdir. Şirkət isə onun hərbi qulluqla əlaqədar xəstələnməyilə əlaqədar sığorta ödənişinin nəzərdə tutulmadığına dair məktub göndərmişdir. Hərbi xidmətə çağrılanadək o, heç bir yerdə işləmədiyindən itirdiyi qazanc respublika üzrə orta aylıq qazancla müəyyən olunmalıdır. Qeyd edilənlərə əsasən üzrə Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)- 392/2020 nömrəli qərarının ləğv edilib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət X4 nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlara AZE seriyalı ******* nömrəli vətəndaşın Şəxsiyyət Vəsiqəsinin surəti, AR Dövlət X1 xx.xx.2019-cu il tarixli 08/04-689 nömrəli məktubu, SX seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, xx.xx.2014-cü il tarixli 310 nömrəli xəstəlik haqqında şəhadətnamənin surəti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsinin xx.xx.2018-ci il tarixli 185 nömrəli arayışın surəti, AR Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 11/597 nömrəli etirazı aiddir. Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İPM-in 2.2.7-ci maddəsinə görə hazırkı iddia növü inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara dair iddiadır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, İşdə olan, Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2019-cu il tarixli 08/H- 689 nömrəli məktubundan görünür ki, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli qanununa dəyişikliklər edilməsi barədə xx xxxxxx 2013-cü il tarixli Qanununun 5-ci maddəsinin “d” bəndinə əsasən sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kantuziya) aldıqda sığorta ödənişiverilir. İddiaçının ərizəsindən məlum olduğu kimi, xx xxx 2014-cü il tarixdə xəstəlik ilə əlaqədar hərbi xidmətdən tərxis olunmuşdur ki, bu da “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununa əsasən sığorta hadisəsi sayılmır. İşdə olan xx.xx.2014-cü il tarixli 310 nömrəli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçı sülh dövründə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlıdır. İşdə olan xx.xx.2018-ci il tarixli 185 nömrəli AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsinin arayışından görünür ki, iddiaçı xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilə qədər Azərbaycan Respblikası Silahlı Qüvvlərində həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2014-cü ildə Xəstəliklər cədvəlinin İ qrafasının 2 “b” maddəsinə NK-nın xx.xx.2008-ci il tarixli 59 saylı qərarına əsasən MN-nin MHHK-nın xx.xx.2014-cü il tarixli 310 nömrəli xəstəlik haqqında şəhadətnaməsi ilə dinc dövrü hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlı hesab edilmişdir. İşdə olan N saylı hərbi hissənin çıxarış epikrizindən görünür ki, iddiaçı xx.xx.2008-ci il tarixli 123 saylı əmrinin 2 b maddəsinin İİ qrafası ilə HHK-ya təqdim olunmuş Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlıdırqərarı qəbul olunmuşdur. Qərar MN-nin Ştatlı Hərbi Həkim Komissiyası təsdiq olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, MM-nin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin möcvud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, , xx xxxxxx 2014-cü ildən xx xxxxxx 2014-cü ilədək N saylı hərbi hissədə, xx xxxxxx 2014-cü ildən xx xxx 2014- cü ilədək N saylı hərbi hissədə stasionar müalicədə olmuşdur və onun düzgün müalicə olunmamasına dair heç bir sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçı ümumiyyətlə ona tələbində qeyd etdiyi 20000 manat maddi zərərin dəyməsinə dair heç bir sübut təqdim etməmişdir. İddiaçı ona dəymiş maddi və mənəvi ziyanın cavabdeh orqanın onun hərbi xidmətdə olarkən düzgün tibbi yardım almaması nəticəsində yarandığını iddia etdiyindən və bununla bağlı cavabdeh orqanın hərəkətlərinin qanunsuzluğu məhkəmə tərəfindən öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onu qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İddiaçının iddiası o vaxt təmin oluna bilərdi ki, o vurulmuş ziyanın müvafiq inzibati orqan tərəfindən vurulduğunu sübut edə bilsin.Hazırda iş materiallarında olan sənədləri təqdim edən məhkəmə iddiaçının tələbini təmin edəcək sübutların mövcud olmadığını qeyd etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Dövlət X4 iddiaçıya ünvanladığı xx xxxxxxxx 2019-ci il tarixli məktubundan göstərmişdir ki, “Sizin xəstəlik almanız ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanlandırdığınız xx xxxxxxxx 2019-cu il tarixli ərizəniz aidiyyəti üzrə Dövlətət Sığorta Şirkətinə daxil olmuşdur.Ərizənizə cavab olaraq bildiririk ki, “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli qanununa dəyişikliklər edilməsi barədə xx xxxxxx 2013-cü il tarixli Qanununun 5-ci maddəsinin “d” bəndinə əsasən sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kantuziya) aldıqda sığorta ödənişi verilir.Ərizənizdən məlum olduğu kimi Siz xx xxx 2014-cü il tarixdə xəstəlik ilə əlaqədar hərbi xidmətdən tərxis olunmuşunuz ki, bu da “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununa əsasən sığorta hadisəsi sayılmır” . Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda iddiaçıya vurulmuş maddi ziyan əvəzi olaraq 20000 manat, mənəvi ziyan olaraq 15000 manat pulun alınıb ona ödənilməsindən imtina barədə cavabdehin hərəkəti qanunauyğun olmuşdır. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-392/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar