Məhkəmə qərarları › İş №2-1(107)-262/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-262/2022

11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-262/2022 11.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: öhdəlik qoyulmasına dair) ) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Zərdab Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarı ilə Zərdab şəhəri 11-ci məhəllə ünvanında 25 nömrəli binanın qarşısında ona satılmış 0,002 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 03 avqust 2021-ci il tаrixli, 2-1(116)- 414/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları.

1. İddiaçı 2007-ci ildə ərizə ilə Zərdab Bələdiyyəsinə müraciət edərək, yaşadığı 25 nömrəli binanın qarşı hissəsindən torpaq sahəsinin ona satılmasını xahiş etmişdir.

2. Zərdab rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi 20 iyul 2007-ci il tarixli 202 nömrəli məktubla Zərdab Bələdiyyəsinə müraciət edərək, İddiaçı 0,002 ha torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirmişdir.

3. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi də Zərdab Bələdiyyəsinə rəy verərək, İddiaçı bələdiyyə fondundan ayrılacaq torpaq sahəsinin ona satılmasına etiraz etmədiyini bildirmiş, lakin həmin rəydə torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir.

4. Zərdab Bələdiyyəsinin 25 iyul 2007-ci il tarixli 06 nömrəli qərarı ilə şəhərin 11ci məhəlləsindən 25 nömrəli binanın qarşı hissəsindən 0,002 ha torpaq sahəsinin dəyəri ödənilməklə qaraj tikintisi üçün İddiaçı satılması qərara alınmışdır.

5. İddiaçı tərəfindən Zərdab Bələdiyyəsinin bank hesabına 03 avqust 2007-ci ildə 20 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi tərəfindən həmin 0,002 ha torpaq sahəsinin əks olunduğu yerquruluşu layihəsindən çıxarış tərtib edilmiş və bu sənəd Zərdab Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir.

6. İddiaçı sözügedən 0,002 ha torpaq sahəsinə çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixli **********54 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılarkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş torpaqların alqı-satqısı qaydalarına uyğun olaraq "Torpaqların alqı-satqısına dair akt" tərtib edilməmişdir. Həmin çatışmazlıqları aradan qaldıraraq yenidən müraciət olunduğu təqdirdə hüquqların dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır.

7. İkinci Apellyasiya icraatı zamanı; - Ali Məhkəmənin göstərişi əsasında DƏDRX-in 16 saylı Ucar Ərazi İdarəsinə sorğu göndərilmiş, sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, naturada göstərilən (münahisəsigedən) 0.002 ha torpaq sahəsinin koordinatları idarənin elektron məlumat bazasında təqdim olunan “Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına” əsasən yoxlanıldıqda sözügedən torpaq sahəsinin dövlət mülkiyyətinə aid olduğu müəyyən edilmişdir. - Əlavə olaraq bildirilmişdir ki, idarənin elektron bazasında şəkil formatında təqdim olunan “Zərdab rayonu Zərdab şəhər bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilən torpaqların yerquruluşu planında” sözügedən yerquruluşu planı şəkil formatında təqdim edildiyi üçün 0.0020 ha torpaq sahəsinin mülkiyyət növünü müəyyən etmək mümkün olmadı, həmçinin 2009-cu ildə tərtib edilmiş idarənin elektron məlumat bazasında “dwq” formatında təqdim olunan “Zərdab rayonu Zərdab bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquqruluşu planı” nı sözügedən yerquqruluşu planı vvgs koordinat sistemi, utm-38 proyeksiyasında tərtib edilmədiyi üçün naturada göstərilən 0.0020 ha torpaq sahəsinin yerləşdiyi ərazini xəritədə təsbit etmək mümkün olmadı. - Ali Məhkəmənin göstərişi baxımından xx.xx.2022-ci il tarixdə tərəflərin iştirakı ilə yerli baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi Zərdab-Mollakənd yolunun mərkəz hissəsindən 14-15 metr məsafədə yerləşməklə, eni 4 m, uzunluğu isə 5 m-dir (ümumilikdə 0,002 ha). Mübahisəli ərazinin yaxınlığından yüksək gərginli elektrik xətti keçir. Yerli baxış zamanı həmiçinin müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinə qonşu ərazidə tikilmiş tikilinin də hüquq müəyyənedici sənədi yoxdur . Baxış zamanı Zərdab rayon Bələdiyyəsinin sədri X5 bildirdi ki, həmin torpaq sahəsi onun sədrliyindən əvvəl, yəni 2007-ci il tarixdə iddiaçıya satılmış, lakin mübahisəli torpaq sahəsinin Bələdiiyənin mülkiyyətində olmasını təsdiq edən sənəd yoxdur (yerli baxışda iştirak edən DƏDRX-in 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X3 xüsusi cihazla ölçübiçmə işləri apararaq, müvafiq “AKT” tərtib etdi).

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zərdab Bələdiyyəsinin 25 iyul 2007-ci il tarixli 06 nömrəli qərarı ilə Zərdab şəhəri 11-ci məhəllə ünvanında 25 nömrəli binanın qarşısında ona satılmış 0,002 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə təqdim etdiyi ödəmə qəbzi torpağın dəyərinin tam ödənildiyini təsdiq etməklə mülkiyyətçinin və alıcının alqı-satqı barədə razılıqlarının olduğunu, Zərdab Bələdiyyəsi ilə aralarında mübahisənin olmadığını və tərtib olunmuş plan və cizgilərin alqı-satqının tam qanuni və qüvvədə olan prosedurlar əsasında aparıldığını təsdiq edir. Buna görə də cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatından imtinası qanunsuz olmaqla mülkiyyət hüquqlarını pozur.

10. Cavabdeh iddiaya dair etirazında imtina məktubunun dəlillərinə istinad etmiş və əlavə olaraq bildirmişdir ki, həmin torpaq sahəsinin cənub-şərq istiqamətindən 2,5 metr, cənubqərb istiqamətindən 0,8 metr məsafədən yüksək gərginlikli elektrik xətti keçir, həmin torpaq sahəsi Zərdab-Mollakənd yolunun mərkəz oxundan 15 metr, çoxmənzilli yaşayış binasından 9,5 metr məsafədə yerləşir.

11. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-414/2021 nömrəli 3 avqust 2021-ci il tarixli (hakim V.Qasımov) qərarı ilə iddia rədd edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı Zərdab Bələdiyyəsi tərəfindən satılmış 0,002 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün deyil, onun faktiki istifadə etdiyi 0,002 ha torpaq sahəsi isə elektrik xəttinin (220 kv) mühafizə zolağına düşür. Məhkəmənin 22 iyun 2021-ci il tarixli məktubu ilə üçüncü şəxs Zərdab Bələdiyyəsinə sorğu edilərək bələdiyyənin 25 iyul 2007-ci il tarixli 06 nömrəli qərarı ilə iddiaçıya satılmış və yerquruluşu planında göstərilmiş 20 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının məhkəməyə təqdim olunması xahiş edilmiş, lakin Zərdab Bələdiyyəsi 08 iyul 2021-ci il tarixli 161 nömrəli cavab məktubunda bildirmişdir ki, bələdiyyədə koordinatları müəyyən edən texnologiya olmadığına görə torpaq sahəsinin yerini koordinatlarla göstərmək mümkün olmadı.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat:

13. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-27/2022 nömrəli 9 mart 2021-ci il tarixli (hakimlər: E.Hüseynov - sədrlik edən və məruzəçi, V.Məlikov və R.Rəfiyev) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 3 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat

15. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir 16.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2-1(102)-1062/2022 nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-27/2022 nömrəli, 9 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instanisyası məhkəməsinə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə iddianı rədd edərkən aşağıdakıları əsas tutmuşdur; “..Məhkəmə ilk növbədə iddiaçıya satılmış 0,002 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməli olması qənaətinə gəldi, ona görə də məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanırıda Əmlak Məsələləri Dövlət Xidmətinə bunula bağlı sorğu edilərək mütəxəssis rəyi alındı. Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı adina tərtib edilmiş yerqurulıtşu planında kifayət qədər istinad nöqtələri və koordinatlar mövcud olmadığından faktiki istifadə edilən torpaq sahəsi ilə üst-üstə düşüb düşmədiyini müəyyən etmək nıümkün olmamışdır. Bundan başqa, həmin torpaq sahəsi naturada elektrik xəttinin (220kv) mühafizə zolağına düşür. Göründüyü kimi mütəxəssis rəyi ilə müəyyən edildi ki, İddiaçı Zərdab bələdiyyəsi tərəfindən satılmış 0,002 ha torpaq sahəsi elektrik xəttinin (220kv) mühafizə zolağına düşiir. Məhkəmənin xx.xx.2021-ci il tarixli məktubu ilə üçüncü şəxs Zərdab bələdiyyəsinə sorğu edilərək bələdiyyənin xx.xx.2007-ci il tarixli, 06 nömrəli qərarı ilə iddiaçıya satılmış və yerququluşu planında göstərilmiş 20 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının məhkəməyə təqdim olunması xahiş edilmiş, lakin Zərdab bələdiyyəsi xx.xx.2021-ci il tarixli, 161 nömrəli cavab məktubunda bildirmişdir ki, bələdiyyədə koordinatları müəyyən edən texnologiya olmadığına görə torpaq sahəsinin yerini koordinatlarla göstərmək mümkiın olmadı..” Məhkəmənin həmin əsasla iddianın təmin edilməsindən imtina etməsi tam qanunsuzdur. Ona görə də, Şəki İnzibаti Məhkəməsinin 03 avqust 2021-ci il tаrixli, 2-1(116)-414/2021 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilərək Şəki İnzibati Məhkəməsinin 03 avqust 2021-ci il tаrixli, 2-1(116)- 414/2021 saylı qərarının ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi.

20. Məhkəmə iclasında iştirak etmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, sonda birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

21. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu

Maddə 10. Hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2 Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə.68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə.68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Apellyasiya baxışının hədləri

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2-1(102)-1062/2022 nömrəli qərarı ilə iddiaçının kasasiya şikayətini qismən təmin edib işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərərəkən işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən etmişdir.

24. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır.

25. Bu halda xüsusilə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən hazırki vəziyyətdə işə baxarkən apellyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. 26.İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri).

28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir.

29. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

30. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin həmin mövqeyini əsaslı hesab edir.

31. Birinci instansiya məhkəməsi iddiaçıya satılmış 0,002 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu verərək mütəxəssis rəyi almışdır. Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı adına tərtib edilmiş yerquruluşu planında kifayət qədər istinad nöqtələri və koordinatlar mövcud olmadığından faktiki istifadə edilən torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, həmin torpaq sahəsi naturada elektrik xəttinin (220 kv) mühafizə zolağına düşür

32. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubu ilə üçüncü şəxs Zərdab bələdiyyəsinə sorğu edilərək bələdiyyənin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarı ilə iddiaçıya satılmış və yerquruluşu planında göstərilmiş 20 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının məhkəməyə təqdim olunması xahiş edilmiş, lakin Zərdab Bələdiyyəsi xx.xx.2021-ci il tarixli 161 nömrəli cavab məktubunda bildirmişdir ki, bələdiyyədə koordinatları müəyyən edən texnologiya olmadığına görə torpaq sahəsinin yerini koordinatlarla göstərmək mümkün olmadı

33. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 21 fevral 2022-ci il tarixli **********15 saylı cavab məktubunda göstərilmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində aid olub, yaşayış məntəqələrinin hüdudları daxilində, çoxmərtəbəli yaşayış binalarının ümumi istifadəsində olan torpaq sahəsidir.

34. Eyni zamanda, həmin torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli (220 kv) elektrik xəttinin mühafizə zolağında yerləşir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Göründüyü kimi, mütəxəssis rəyi ilə müəyyən edilir ki, İddiaçı Zərdab Bələdiyyəsi tərəfindən satılmış 0,002 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün deyil, onun faktiki istifadə etdiyi 0,002 ha torpaq sahəsi isə elektrik xəttinin (220 kv) mühafizə zolağına düşür.

35. Həmçinin, müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində aid olub, yaşayış məntəqələrinin hüdudları daxilində, çoxmərtəbəli yaşayış binalarının ümumi istifadəsində olan torpaq sahəsidir. Yəni bələdiyyə öz mülkiyyətində olmayan torpaq sahəsini satmışdır.

36. Bundan başqa birinci instansiya məhkəməsi iddiaçının "Torpaqların alqı-satqısına dair akt" təqdim etməməsi məsələsi ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və xx.xx.2016-cı ilədək qüvvədə olmuş "Torpaqların alqı-satqısı qaydaları"nın 8-ci bəndinin iyirmi dördüncü abzasının xx.xx.2014-cü ilədək qüvvədə olmuş redaksiyasında deyilirdi ki, bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqısatqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir

37. Ali Məhkəmənin göstərişi (ikinci apellyasiya icraatı zamanı) əsasında kollegiya tərəfindən DƏDRX-in 16 saylı Ucar Ərazi İdarəsinə sorğu göndərilmiş, sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, naturada göstərilən (münahisəsigedən) 0.002 ha torpaq sahəsinin koordinatları idarənin elektron məlumat bazasında təqdim olunan “Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına” əsasən yoxlanıldıqda sözügedən torpaq sahəsinin dövlət mülkiyyətinə aid olduğu müəyyən edilmişdir

38. Ali Məhkəmənin göstərişi baxımından xx.xx.2022-ci il tarixdə tərəflərin iştirakı ilə yerli baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi Zərdab-Mollakənd yolunun mərkəz hissəsindən 14-15 metr məsafədə yerləşməklə, eni 4 m, uzunluğu isə 5 m-dir (ümumilikdə 0,002 ha). Mübahisəli ərazinin yaxınlığından yüksək gərginli elektrik xətti keçir. Yerli baxış zamanı həmiçinin müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinə qonşu ərazidə tikilmiş tikilinin də hüquq müəyyənedici sənədi yoxdur .

39. Baxış zamanı Zərdab rayon Bələdiyyəsinin sədri X5 bildirdi ki, həmin torpaq sahəsi onun sədrliyindən əvvəl, yəni 2007-ci il tarixdə iddiaçıya satılmış, lakin mübahisəli torpaq sahəsinin Bələdiiyənin mülkiyyətində olmasını təsdiq edən sənəd yoxdur (yerli baxışda iştirak edən DƏDRX-in 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X3 xüsusi cihazla ölçübiçmə işləri apararaq, müvafiq “AKT” tərtib etdi).

40. Bundan başqa birinci instansiya məhkəməsi iddiaçının "Torpaqların alqı-satqısına dair akt" təqdim etməməsi məsələsi ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və xx.xx.2016-cı ilədək qüvvədə olmuş "Torpaqların alqı-satqısı qaydaları"nın 8-ci bəndinin iyirmi dördüncü abzasının xx.xx.2014-cü ilədək qüvvədə olmuş redaksiyasında deyilirdi ki, bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqısatqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslı deyildir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə

Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 03 avqust 2021-ci il tаrixli, 2-1(116)-414/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar