Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-263/2022 29.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh1nə qarşı “xx.xx.2014-cü il tarixdə tərtib edilmiş doğum akt qeydində “Ramazan” olaraq qeyd edilmiş uşağının adının “Ramzan”-a düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(116)- 1065/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh1nə və İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Qəyyumluq və Himayəçilik komissiyasına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh1 üzərinə xx.xx.2014-cü il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamədə adı “Ramazan” olaraq qeyd olunmuş uşağın adının “Ramzan” adına düzəliş edilməsi vəzifəsinin qoyulmasına dair” qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1065/2022 nömrəli qərardadı ilə cavabdeh “İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Qəyyumluq və Himayəçilik komissiyası”na qarşı hissədə iddia tələbi mümkün sayılmamışdır. İddiaçı iddia tələbində qeyd etmişdir ki, o, 04 avqust 2006-cı il tarixdə X2 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 04 may 2009-cu ildə Alsu, 06 mart 2012-ci ildə Gülay və xx.xx.2014-cü il tarixdə Ramazan adlı uşaqları doğulmuşdur. İsmayıllı rayon Məhkəməsinin qətnaməsi ilə aralarındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Uşaqlar isə onun himayəsində qalmışlar. Ramazana doğum haqqında şəhadətnamə alan zaman ilk əvvəl adı şəhadətnamədə «Ramzan» olaraq qeyd olunmuşdur. Lakin sonradan ona məlum olmayan səbəblərdən doğum haqqında şəhadətnamə ona verilməmiş və onun adı dəyişilərək - «Ramazan» adı göstərilən şəhadətnamə ona təqdim edilmişdir. Bu zaman Cavabdeh1nə etirazını bildirmişdir. Şöbədə ona bunun texniki səhv olduğu bildirərək həmin şəhadətnamənin qəbul olunmasına razı salmış, sonradan adda dəyişiklik edilməsinə köməklik edəcəklərini bildirmişlər. Lakin həmin köməklik ona edilməmiş və uşağın adı «Ramazan» olaraq qalmışdır. Ramazan adı onun üçün müsəlman dini və tarixi baxımdan müqəddəs addır. Ancaq bununla belə həyatıında bir neçə il əvvəl baş vermiş və önəmli rol oynamış hadisə ilə bağlı özünə söz vermişdir ki, gələcəkdə ailə qurduqdan sonra, ailəsində oğlan uşağı doğulacağı halda ona «Ramzan» adını verəcəkdir. Yəni, bu onun illər əvvəl ürəyində olan arzusu olmuşdur. Digər bir tərəfdən də «Ramzan»adı da müsəlman adıdır. Uşaq məktəb yaşlıdır. O, məktəbə gedəndə həmin adla qeydə alınmışdır. Bundan başqa uşağın səhhətində problemlər yaranan zaman Qəbələ və İsmayıllı rayonlarında tanıdığı həkimlərə müraciət olunan zaman «Ramzan» adı ilə adına qeydlər aparılmışdır. Hətta yaşadığı inzibati ərazi nümayəndəliyində də uşaqla bağlı aparılan qeydlər «Ramzan» adı ilə olmuşdur. Bütün bunları nəzərə alaraq uşağın adının dəyişdirilməsində köməklik edilməsi üçün dəfələrlə Cavabdeh1nə şifahi müraciətlər etmişdir. Ona hər dəfə müxtəlif cavablar (bəhanələr gətirilməklə) verilməklə uşağın adının «Ramzan» kimi qeyd olunması bu günə qədər həyata keçirilməmiş və reallaşdırılmamışdır. Hesab edir ki, bu uşağın doğum haqqında akt qeydlərini aparan Cavabdeh1 yol verdiyi səhvdir. Yəni, uşağın adı «Ramzan» göstərilən akt qeydləri kitabın müəyyən yerlərində cavabdeh qeydiyyat şöbəsi tərəfindən ya düzəlişlər aparılmış, ya da ki, kitab dəyişdirilməklə yol verdikləri nöqsanları və səhvləri gizlətmişlər. Çünki, uşağın adı «Ramzan» olaraq yazılmış, hazırlanmış (birinci dəfə) doğum haqqında şəadətnaməni müxtəlif bəhanələrlə ondan geri götürən Qeydiyyat şöbəsi sonradan ona heç bir tutarlı izah vermədən ona məlum olmayan və hazırda da maraqlı olan səbəblərdən dəyişmişlər. Hətta bir müddət əvvəlki doğum haqqında şəhadətnamə də Qeydiyyat şöbəsində saxlanılmışdır. Lakin sonradan şöbənin əməkdaşları görmüşlər ki, o, uşağın adının əvvəlki qaydada göstərilmiş doğum haqqında şəhadətnamənin ona qaytarılmasında israrlıdır, onu hər dəfə müxtəlif bəhanələrlə yola salmaqla səhvlərinin ört-basdır edilməsinə vaxt və fürsət əldə etməklə şəhadətnaməni özlərinin istədikləri kimi hazırlamışlar. Qeyd olunan bu xüsusatları nəzərə alaraq son vaxtlar Qeydiyyat şöbəsinə müraciət edəndə ona əvvəlcə olan İsmayıllı rayonu İHB-nın Qəyyumçuluq və Himayəçilik komissiyasına (rayon icra hakimiyyəti başçısına) rəsmi olaraq müraciət etməli olduğu bildirmişdir. Buna görə də əvvəlcə İsmayıllı rayon İcra Hakimiyyəti başçısına uşağın adının dəyişdirilməsi üçün sərəncam verilməklə köməklik göstərilməsi barədə müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Ona komissiyanın qərarı təqdim olunmayıb. Buna görə də komissiyanı üçüncü şəxs qismində iddia ərizəsinə əlavə etmək məbcuriyyətində qalmışdır. Digər bir tərəfdən komissiyanın gəldiyi qənaətə görə «Ramazan» adının gülüş doğurmaması və uşağın mənafeyinə xələl gətirməməsi əsas götürülmüşdür. Komissiyanın əsaslandığı fikrə etiraz olaraq bildirir ki, «Ramzan» adı da heç də uşağın mənafeyinə xələl gətirmir və heç bir gülüş və s. doğurmur. Əksinə həmin ad da «Ramzan» adı kimi əsl müsəlman adıdır. Bununla belə həmin ad da «Ramazan» adı ilə eyni qaydada xoşuna gəlir, onda xoş hisslər və təəsüratlar yaradır, uşağının həmin adın daşımasını valideyn olaraq arzulayır. Hesab edir ki, komissiyanın və ya qeydiyyat şöbəsinin onun istək və arzusunun həyata keçməsindən imtinasına həm müsəlman adətənənəsi və həm də qanuni əsaslar baxımından tutarlı bir səbəb yoxdur. Göstərdiklərini nəzərə alaraq cavabdeh İsmayıllı rayonu Qeydiyyat Şöbəsinin üzərinə xx.xx.2014-cü il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamədə adı «Ramazan» olaraq qeyd olunmuş uşağın adının «Ramzan» adına düzəliş edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “xx.xx.2014-cü il tarixdə tərtib edilmiş doğum akt qeydində “Ramazan” olaraq qeyd edilmiş uşağının adının “Ramzan”-a düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibətində bildirmişdir ki, İsmayıllı rayon Qalacıq kənd sakini İddiaçı övladının doğumu Cavabdeh1 tərəfindən xx.xx.2014-cü il tarixdə 630 saylı akt qeydilə qeyd edlərək soyadı Səmədov, adı Ramazan, ata adı isə Altay kimi qeyd edilmişdir Vətəndaş İddiaçı israr edərək bildirir ki, doğum haqqında akt qeydində övladının adını “Ramazan”dan-"Ramzan’’a dəyişdirərək ona yeni doğum şəhadətnaməsi verilsin Azərbayca Respublikası Nazirlər Kabinetinin 12 05 2011 ci ıl tarixli 79 saylı qərarına əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1 maddəsinə əsasən müvafiq İcra hakimiyyəti orqanı uşaq 18 yaşına çatan qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideyinin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyim nəzərə alaraq icazə verilə bilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh orqan, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina etmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2022-ci il tarixli 04/282 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2014-cü ildə doğulmuş, X1 adının dəyişdirilməsi üçün valideynlərin hər ikisi deyil, yalnız ata xx.xx.2019-cu il tarixli S-75-164 saylı ərizə ilə Qəyyumluq və himayəçilik komissiyasına müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalan”nm 1.4-cü maddəsinə əsasən Ramazan adı uşağın mənafeyinə xələl gətirmədiyi, habelə şəxsin cinsinə uyğun gəldiyi və gülüş doğurmadığı üçün İsmayıllı rayonu Qalacıq kənd sakini İddiaçı İsgəndər oğlunun xx.xx.2014-cü il təvəllüdlü oğlu X1 adının dəyişdirilərək Ramzan kimi yazılması İsmayıllı Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyası tərəfindən yuxarıda qeyd olunan halların olmadığını nəzərə alınaraq məqsədəuyğun hesab edilməmişdir. xx.xx.2014-cü il tarixli 630 №li doğum haqqında akt qeydindən görünür ki, X1 xx.xx.2014-cü ildə doğulması barədə qeydiyyat aparılmış, atası – İddiaçı, anası X2 qeyd edilmişdir. İlkin şəhadətnamənin nömrəsi 1 AZ-İİİ 415809, tarixi – xx.xx.2014-cü il qeyd edilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 27 may 2022-ci il tarixli, 2- 1(116)-1065/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh1nə qarşı “xx.xx.2014-cü il tarixdə tərtib edilmiş doğum akt qeydində “Ramazan” olaraq qeyd edilmiş uşağının adının “Ramzan”-a düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı Şəki İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(116)-1065/2022 nömrəli qərarından apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, mübahisənin predmetini “xx.xx.2014cü il tarixdə tərtib edilmiş doğum aktı qeydində “Ramazan” olaraq qeyd edilmiş uşağın adının “Ramzan”-a düzəliş edilməsi vəzifəsinin İsmayıllı rayonu Qeydiyyat Şöbəsinin üzərinə qoyulması tələbi” təşkil edir. O, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh1nə və İsmayıllı rayon İcr Hakimiyyəti Başçısının Qəyyumluq və Himayəçilik komissiyasına qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdeh İsmayıllı rayonı Qeydiyyat Şöbəsinin üzərinə xx.xx.2014-cü il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamədə adı «Ramazan» olaraq qeyd olunmuş uşağın adının «Ramzan» adına düzəliş edilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ramazana doğum haqqında şəhadətnamə alan zaman ilk əvvəl adı şəhadətnamədə «Ramzan» olaraq qeyd olunmuşdur. Lakin sonradan ona məlum olmayan səbəblərdən doğum haqqında şəhadətnamə ona verilməmiş və onun adı dəyişilərək - «Ramazan» adı göstərilən şəhadətnamə ona təqdim edilmişdir. Bu zaman Cavabdeh1nə etirazını bildirmişdir. Şöbədə ona bunun texnik səhv olduğunu bildirərək həmin şəhadətnamənin qəbul olunmasına razı salmış, sonradan adda dəyişiklik edilməsinə köməklik edəcəklərini bildirmişlər. Onu da qeyd edir ki, uşaq məktəb yaşlıdır. O, məktəbə gedəndə həmin adla qeydə alınmışdır. Bundan başqa uşağın səhhətində problemlər yaranan zaman Qəbələ və İsmayıllı rayonlarında tanıdığı həkimlərə müraciət olunan zaman «Ramzan» adı ilə adına qeydlər aparılmışdır. Hətta yaşadığı inzibati ərazi nümayəndəliyində də uşaqla bağlı aparılan qeydlər «Ramzan» adı ilə olmuşdur. Yəni, bunları qeyd etməkdə məqsədi uşağın adının həqiqətən də «Ramzan» olmasına dair sübutların mövcudluğunu məhkəmənin nəzərini çatdırmaqdır. Bütün bunları nəzərə alaraq uşağın adının dəyişdirilməsində köməklik edilməsi üçün dəfələrlə Cavabdeh1nə şifahi müraciətlər etmişdir. Ona hər dəfə müxtəlif cavablar (bəhanələr gətirilməklə) verilməklə uşağın adının «Ramzan» kimi qeyd olunması bu günə qədər həyata keçirilməmiş və reallaşdırılmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(116)-1065/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(116)-1065/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh1 nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(116)-1065/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2-ci maddəsi). Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları göstərməyi zəruri hesab edir. Belə ki, iş materiallarından görünür ki, hazırkı tələblə birinci instansiya məhkəməsinə müraciət etməkdə iddiaçının hüquqi marağı Cavabdeh1 tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş doğum akt qeydində “Ramazan” olaraq qeyd edilmiş uşağının adının “Ramzan”-a düzəliş edilməsinə nail olmaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş, “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 297 №-li Fərmanının 2.9-cu bəndinə əsasən həmin Məcəllənin 54.1...cimaddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamədə adı “Ramazan” olaraq qeyd olunmuş uşağın adının “Ramzan” adına düzəliş edilməsi üçün İsmayıllı rayon İcra Hakimiyyətinin qəyyumluq və himayə orqanının icazəsi olmalıdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən İsmayıllı rayon İcra Hakimiyyətinin qəyyumluq və himayə orqanına müvafiq icazənin verilməsi ilə bağlı müraciət edilsə də, sonuncu müraciəti təmin etməkdən imtina etmişdir. Odur ki, Cavabdeh1 haqlı olaraq müvafiq icazənin olmaması əsası ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı, əvvəllər uşağının adının “Ramzan” olaraq qeyd edildiyi doğum haqqında şəhadətnamənin tərtib edildiyini bildirərək, AZ-İİİ 415991 №-li şəhadətnamənin surətini təqdim etsə də, məhkəmə izah edir ki, müvafiq sənədin əsli təqdim edilmədiyindən və həmin sənəd ilkin akt qeydi əsasında verilmədiyindən iş üzrə mötəbər sübut qismində qəbul edilə bilməz. Belə ki, verilmiş ilkin şəhadətnamənin nömrəsi 1 AZ-İİİ 415809, tarixi – xx.xx.2014-cü il olmuşdur. İddiaçının surətini təqdim etdiyi şəhadətnamənin isə nömrəsi fərqli olduğu kimi, tarixi də xx.xx.2014-cü il qeyd edilmişdir. Uşağın xx.xx.2014-cü ildə doğulmasını və xx.xx.2014-cü ildə artıq ona ilk dəfə doğum haqqında şəhadətnamə verilməsi nəzərə alınarsa, xx.xx.2014-cü il tarixdə müvafiq şəhadətnamənin verilməsi üçün uşağın adında düzəliş edilməsi ilə bağlı hər hansı icraat aparılmış olmalı idi. Lakin, iş materiallarından göründüyü kimi cavabdeh orqan müvafiq akt qeydində uşağın adına düzəliş edilməsi ilə bağlı hər hansı icraat aparmamış, habelə müvafiq icraatın aparılmasına əsas ola biləcək İsmayıllı rayon İcra Hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən ümumiyyətlə belə icazə verilməmişdir. İddiaçının ilk dəfə verilmiş şəhadətnamədə uşağın adının “Ramzan” olaraq qeyd edilməsi, sonradan müvafiq şəhadətnamənin ondan alınaraq bir daha qaytarılmaması ilə bağlı bildirdiklərinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının ilkin verildiyini iddia etdiyi xx.xx.2014cü il tarixli şəhadətnamə ona ilk dəfə verilmiş şəhadətnamə olmamış və şəhadətnamənin nömrəsinin doğum haqqında akt qeydindən fərqli olmaqla sonradan tərtib edilməsi aşkar edilmişdir. İddiaçının surətini təqdim etdiyi “stasionar xəstənin tibbi kartası”nda uşağının adının “Ramzan” olaraq qeyd edilməsinə münasibətdə isə birinci instansiya məhkəməsi izah etmişdir ki, müvafiq sənəddə aparılan qeydlər uşağın adının dəyişdirilməsi, yaxud düzəliş edilməsi üçün heç bir hüquqi əhəmiyyətə malik deyil. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibət bildərərək qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı xx.xx.2014-cü il tarixdə tərtib edilmiş doğum akt qeydində “Ramazan” olaraq qeyd edilmiş uşağının adının “Ramzan”-a düzəliş edilməsini zəruri edən şərtlərin mövcudluğunu məhkəmədə sübuta yetirə bilməmişdir. Odur ki, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilməmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(116)-1065/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-263/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-263/2022
29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver