Məhkəmə qərarları › İş №2-1(107)-263/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-263/2023

13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-263/2023 13.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdehin üzərinə əlilliyinin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-ci il tarixli, 2-1(116)-512/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin üzərinə əlilliyinin xx.xx.2021ci il tarixdən bərpa edilməsi və ödənilməmiş pensiyasının hesablanaraq ödənilməsinə məcbur edilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9842/2022 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

3. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “cavabdehin üzərinə iddiaçının əlilliyinin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, əlillik dərəcəsinin xx.xx.2021-ci il tarixdən bərpa edilməsinə dair iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1014/2022 nömrəli qərarından verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində xx.xx.2023-cü il tarixdə baxılacaqdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 25 yanvar 2023-ci il tarixli, 2- 1(116)-512/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

6. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-ci il tarixli, 2-1(116)-512/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

7. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqramla müraciət edərək səhhətilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

8. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

9. İşdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1014/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Ağsu rayon Mərkəzi Xəstəxanası) qarşı “əlillik dərəcəsinin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilərək iddia təmin edilməmişdir

TƏTBİQ EDİLƏN HÜQUQ

10. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 45.5.1. İddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

11. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 15.4 və 15.6-cı bəndlərinə görə, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz, qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

12. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2015-ci il tarixdə bir il müddətinə təyin edilmiş ikinci dərəcə əlilliyin müddəti xx.xx.2016-cı il tarixdə bitmiş, iddiaçının ikinci dərəcə əlilliyi cavabdeh tərəfindən avtomatik olaraq elektron təyinat əsasında eyni diaqnoz ilə beş il müddətinə uzadılmış və növbəti müayinə tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir.

15. 5 illik müddət bitdikdən sonra iddiaçının əlillik vəziyyəti Ağsu Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0225003AAKEQ saylı göndərişi əsasında qiymətləndirilmiş, “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Xr.astmoid komponentli, diffuz bronxit, tez-tez kəskinləşmələr və boğulma tutmaları ilə. Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, Hipoxrom anemiya. Ağ ciyərlərin emfizeması. Xr Tənəffüs çatmazlığı İİ dərəcə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb; 2009-cu ildən 2021-ci ilə kimi stasionar müalicəsi yoxdur, ətraflı müayinə olunmayıb. İxtisaslaşmış xəstəxanada ətraflı stasionar müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir.

16. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmə icraatı gedişində Şamaxı Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçının əlilliyinin müəyyən edilməsi məqsədilə cavabdehə 2574003AAM26 nömrəli göndəriş təqdim edilmiş, göndərişdə müayinə tarixi xx.xx.2021-ci il olaraq müəyyən edilmişdir. Cavabdeh həmin göndəriş üzrə “Səbəb; Əlavə ixtisaslaşmış müalicə təyin edilir. Müalicə potensialı tükənməmişdir.” səbəbi ilə əlillik təyin etməkdən imtina etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında iddiaçının əyani müayinə olunması və əlilliyin təyin edilməsi ilə bağlı iddiaçının müraciətinin yenidən qiymətləndirilməsi üçün cavabdehə müddət verilmişdir. Məhkəmənin göstərişinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə Agentlikdə mütəxəssislərin iştirakı ilə əyani müayinə olunmuş, iddiaçıya xx.xx.2021-ci il tarixdən “ümumi xəstəlik” səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmişdir.

17. İddiaçı, cavabdehin ona xx.xx.2021-ci il tarixdən əlillik təyin etməsi ilə razılaşmamış və əlilliyin xx.xx.2021-ci il tarixdən bərpa edilməsini xahiş etmişdir.

18. Göründüyü kimi hazırkı iddia tələbi ilə iddiaçının qaldırdığı məsələyə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1014/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə hüquqi qiymət verilmişdir və iddiaçının nümayəndəsi özü də birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında sözügedən qərarı apellyasiya qaydasında mübahisələndirdiyini bildirmişdir.

19. Hazırkı iş üzrə iddia tələbi Bakı İnzibati Məhkəməsinin icraatında olmasına baxmayaraq, iddiaçı eyni tələblə yenidən həmin məhkəməyə müraciət etmişdir. İddiaçının sonuncu müraciəti üzrə inzibati iş aidiyyəti üzrə baxılması Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

20. Həmçinin qaldırılan məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinin baxdığı inzibati iş üzrə məhkəmə icraatı apellyasiya instansiyasında davam edir. Belə ki, işə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-220/2023 nömrəli inzibati iş üzrə bildirişindən görünür ki, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia tələbi hakim Aidə Hüseynin icraatındadır və iş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir.

21. Məhkəmə kollegiyası izah edir ki, həmin icraat başa çatmadan iddiaçı eyni iddia ilə məhkəməyə müraciət edə və qaldırılmış iddia tələbi mümkün sayıla bilməz.

22. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddia tələbinin mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

23. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

24. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-ci il tarixli, 2-1(116)- 512/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-ci il tarixli, 2-1(116)-512/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar