Məhkəmə qərarları › İş №2-1(107)-263/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-263/2024

28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-263/2024 28.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X7 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz şəhərində yerləşən 0,13 ha torpaq sahəsinə dair JN-041A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 135,3 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədi hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli 2-1(116)-299/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Oğuz şəhərində yerləşən 0,13 ha torpaq sahəsinə dair JN041A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 135,3 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədi hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-299/2024 nömrəli qərardadı ilə Oğuz bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

3. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli 75 saylı qərarına əsasən mərhum atası X1 mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə mərhum atası X1 və anası X2 adına 0,13 ha həyətyanı torpaq sahəsinə JN-041A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə hazırlanaraq verilmişdir.

4. Qeyd edilən ev və həmin evin həyətyanı torpaq sahəsi Oğuz Rayon İcra Hakimiyyətinin qarşı tərəfində yerləşir. Oğuz şəhəri üzrə abadlaşma işləri aparılan zaman həmin torpaq sahəsinin də müəyyən hissəsi Oğuz Rayon İcra Hakimiyyətinin qarşısında hovuz tikintisi üçün onlardan alınmışdır. Lakin bütün bunlar rəsmi sənədləşmə işləri aparılmadan həyata keçirilmiş, İcra Hakimiyyətindən ona alınan torpağın əvəzində digər ərazidən, bələdiyyə mülkiyyətindən torpaq sahəsi veriləcəyi bildirilmişdir.

5. Dələlərlə müraciət etməsinə baxmayaraq digər ərazidən torpaq sahəsi ala bilməmiş, faktiki istifadəsində qalmış cəmi 0,11647 ha torpağa Çıxarış almışdır.

6. Qalan 135,3 kv.metr torpaq sahəsinin əvvəlki yerinin kateqoriyasına və təyinatına uyğun digər ərazidən ona verilməsinə köməklik göstərilməsini və torpaq sahəsinin ayrılması üçün müvafiq qərar verilməsini Oğuz bələdiyyəsindən xahiş etmişdir.

7. İddiaçı cavabdeh orqana müraciət edərək JN-041A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilən və ona verilməmiş kəsir 135,3 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq adına çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh orqan tələbin icra olunmasından imtina etmişdir.

8. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı Oğuz şəhərində yerləşən 1300 kv.metr həyətyanı torpaq sahəsi üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət edəndə Ərazi İdarəsinin əməkdaşları iddiaçının iştirakı ilə ərazidə texniki inventarlaşdırma işləri aparmış və faktiki istifadəsində 1167 kv.metr torpaq sahəsi olduğu məlum olmuşdur. Ərazi İdarəsinə torpaq sahəsinin 135,3 kv.metr azalaraq 1167 kv.metr kimi qeydiyyata alınmasına etiraz etmədiyini bildirərək, notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim etmişdir.

9. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır.

10. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər.

12. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

13. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 29 yanvar 2024-cü il tarixli 2- 1(116)-299/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

14. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

15. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli 2-1(116)-299/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli 2- 1(116)-299/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

18. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

19. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən analoji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - JN-041A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Oğuz RAİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə X6 və X3 Oğuz şəhərindən 0,13 ha torpaq sahəsi ayrılmışdır. - 21.01.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi İddiaçıdur - Bakı Nərimanov Azadlıq pr. ev 150A mənzil 59 (AZE15975801, xx.xx.2015- Asan1-2) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak-ƏMDK-nin yanında DƏDRX-nin Oğuz şəhər ərazi idarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə X4 verilmiş seriya nömrəsi JN-041A kod 40501004 olan şəhadətnaməyə və DƏDRX-nin xx.xx.2020-ci il tarixli 03/12-№-li arayışına əsasən Oğuz şəhəri ünvanında yerləşən ümumi sahəsi 0,13 ha ümumibirgə olan torpaq sahəsinin mərhuma məxsus pay hissəsindən ibarətdir. ƏMDK-nin yanında DƏDRX-nin Oğuz şəhər ərazi idarəsi tərəfindən xx.xx.2006cı il tarixdə X4 verilmiş seriya nömrəsi JN-041A kod 40501004 olan şəhadətnaməyə və DƏDRX-nin xx.xx.2020-ci il tarixli 03/13-№-li arayışına əsasən Oğuz şəhəri ünvanında yerləşən ümumi sahəsi 0,48 ha ümumibirgə olan torpaq sahəsinin mərhuma məxsus pay hissəsindən ibarətdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında, 0,116470 ha torpaq sahəsində yerləşən 128 kv.metr fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında, 0,116470 ha torpaq sahəsində yerləşən 128 kv.metr fərdi yaşayış evi üzərində X2 tam, torpaq sahəsi üzərində isə İddiaçı ilə ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki,

1. JN-041A nömrəli Şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0,13 ha qeyd olunduğu halda ********** qeydiyyat nömrəli çıxarışda və ondan əvvəlki ********** qeydiyyat nömrəli çıxarışda torpaq sahəsinin ölçüsünün 0,1164 ha qeyd edilməsinə əsas səbəb faktiki naturada istifadəsində olan torpaq sahəsi 0,1164 ha təşkil etdiyi üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən razılıq ərizəsi alınmışdır.

2. İddiaçı iddia etdiyi, lakin istifadəsində olmayan faktiki naturada ölçülmüş 0,0135 ha torpaq sahəsi Oğuz şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Oğuz şəhəri inzibati ərazi dairəsi sərhəddi daxilində kateqoriyası “yaşayış məntəqələrinin torpaqları” ümumi istifadə, uqodiyası tikinti altında olan torpaq sahələri olmaqla bələdiyyə mülkiyyətinə aiddir, X5 İnformasiya Sisteminə (TEKUİS) əsasən “yaşayış məntəqələrinin torpaqları” ümumi istifadə, uqodiyası şərti yararsız, Təhsil, Səhiyyə, Rabitə və digər təyinatlı torpaqlarda bələdiyyə mülkiyyətinə aiddir. Torpaq sahəsi hal-hazırda ümumi istifadədə olan park ərazisi kimi istifadə olunur. İddiaçının iddia etdiyi, lakin istifadəsində olmayan faktiki naturada ölçülmüş torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti yerquruluşu planlarında göstərilmişdir.

3. İddia olunan 135 kv.metr torpaq sahəsi JN-041A nömrəli Şəhadətnamənin cizgisi daxilində deyildir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir . 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci bəndində əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

24. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.

30. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı 135,3 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. İddiaçı sözügedən torpaq sahəsinin JN-041A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0.13 ha torpaq sahəsinin tərkib hissəsi olduğunu iddia edir.

31. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3.2-ci bəndinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi öz əksini tapmışdır.

32. İş materiallarında olan iddiaçının xx.xx.2020-ci il tarixdə cavabdeh orqana notarial qaydada təsdiq edilmiş müraciətindən görünür ki, o, torpaq sahəsinin faktiki naturada olduğu ölçüdə yəni, 0.11647 ha olmaqla rəsmiləşdirilməsinə razılığını bildirmişdir.

33. Göründüyü kimi iddiaçı, JN-041A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə torpaq sahəsinin ölçüsünün 0,13 ha qeyd edilməsinə baxmayaraq, torpaq sahəsinin faktiki ölçüsünün az olmasından və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsinin sözügedən şəhadətnamədə göstərilən torpaq sahəsinin ərazi hüdudlarında olmamasından məlumatlıdır.

34. Oğuz rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli məktubda da, sözügedən torpaq sahəsinin təxminən 1980-ci illərdə alınması öz əksini tapmışdır. Odur ki, iddia olunan torpaq sahəsi torpaq islahatı aparılanadək artıq faktiki istifadədə olmamışdır və JN-041A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə torpaq sahəsinin ölçüsünün 0,13 ha qeyd edilməsi, sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas deyildir.

35. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.

36. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsi X5 İnformasiya Sisteminə (TEKUİS) əsasən ümumi istifadədə olan “yaşayış məntəqələrinin torpaqları” təyinatlı bələdiyyə mülkiyyətinə aid ərazidir. Torpaq sahəsi halhazırda ümumi istifadədə olan park ərazisi kimi istifadə olunur.

37. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci bəndində əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

38. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyəti hüququnun dövlət qeydiyyatına alınması üçün üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

39. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

40. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Oğuz şəhərində yerləşən 0,13 ha torpaq sahəsinə dair JN-041A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 135,3 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədi hazırlanmasından imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

41. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli 2-1(116)-299/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar