Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-264/2023 25.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(116)-40/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ünvan 1 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-40/2023 nömrəli qərardadı ilə Oğuz bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlb edilmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir.
4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, xx.xx.1988-ci il tarixli müqavilənamə əsasında iddiaçıya evin həyətyanı torpaq sahəsinə bitişik olan 0,06 ha torpaq sahəsi Oğuz rayon 5 nömrəli tütünçülük sovxozu tərəfindən verilmişdir. Həmin 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.
5. Cavadeh iddia tələbinə etirazını iddiaçının Oğuz şəhərində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədlərin əsillərinin və torpaq sahəsinin sxeminin olmaması, həmçinin 0,06 ha həyətyanı torpaq sahəsinə JN-1064 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə hazırlanması və özgəninkiləşdirilməsi ilə əsaslandırmışdır.
6. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi, iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 25 yanvar 2023-cü il tarixli, 2- 1(116)-40/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
8. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(116)-40/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarında onların mülkiyyətlərində olan torpaq sahələrinin onlara verilməsinə əsas olmuş sənədləri sübut kimi qiymətləndirməmiş, digər faktiki halları, o cümlədən JN-1064A və JN-1065A nömrəli Şəhadətnamələrin mövcud olması faktını düzgün araşdırmadan şikayət etdikləri qanunsuz və əsassız qərarı qəbul etmişdir. Qərarın əsaslandırıcı hissəsində məhkəmə cavabdeh inzibati orqanın verdiyi mütəxəssis rəyinə istinad edərək mübahisələndirilən torpaq sahəsinin Oğuz Bələdiyyəsinin mülkiyyətinə aid olmasını qeyd etsə də bunu əsaslandıra bilməmişdir. Məhkəmə mübahisələndirilən torpaq sahəsinin hətta zəbt torpaq sahəsi olduğunu da qeyd etmiş, bu zaman həmin torpaq sahəinə dair icarə müqaviləsinin olduğunu unutmuşdur. Məhkəmə qərarda heç bir əsaslandırma olmadan guya mübahisələndirilən 0.06 ha torpaq sahəsinə iddiaçının adına JN-1064A nömrəli Şəhadətnamənin hazırlandığı barədə səhv qənaətə gəlmişdir. Məhkəmədən xahiş etsə də Oğuz Rayon “28 may” X3 Aqrar İslahat Komissiyasının 29 oktyabr 1998-ci il tarixli 6 saylı qərarını almamışdır. Ona görə də özü həmin qərarı əldə etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2- 1(116)-40/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023cü il tarixli, 2-1(116)-40/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər.
12. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - JN-1064A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Oğuz RAİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə iddiaçıya 0.06 ha torpaq sahəsi ayrılmışdır. - JN-1065A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Oğuz RAİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə X8, X1, X6 və X5 0.06 ha torpaq sahəsi ayrılmışdır. - RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçının, fərdi yaşayış evinin yerləşdiyi 0.12 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - 06.10.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı Oğuz şəhəri ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsini X5 bağışlamışdır. - xx.xx.2018-ci il tarixli, **********01-10301 inventar nömrəli texniki pasportdan görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 0,335750 ha, sənəd üzrə ölçüsü 0.12 ha qeyd edilmişdir. - 2349 inventar nömrəli iyul 2003-cü il tarixli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, sənəd üzrə torpaq sahəsinin ölçüsü 600 kv.m qeyd edilmişdir. - cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********71 nömrəli məktubuna əlavə olunmuş Oğuz şəhərində aqrar islahat aparılan zaman həyətyanı torpaq sahəsi alacaq subyektlərin siyahısından çıxarışdan görünür ki, İddiaçı adının qarşısında qeyd olunmuş torpaq sahəsinin ölçüsü 0.06 ha göstərilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddia olunan torpaq sahəsinin koordinatları xx.xx.2018-ci il tarixli 4051/2349 inventar nömrəli texniki pasportda qeyd edilmiş zəbt torpaq sahəsinin hüdudları daxilindədir. Həmçinin iddia olunan torpaq sahəsinin koordinatları JN1065A və JN1064A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilmiş 0,06 ha torpaq sahələrinin koordinatları ilə üst-üstə düşmür. Faktiki naturada ölçülmüş 0,06 ha torpaq sahəsi Oğuz rayonu Oğuz şəhəri Ərazi Vahidinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası çoxillik əkmələr olmaqla Oğuz bələdiyyəsinin mülkiyyətinə aiddir. Sözügedən 0,06 ha torpaq sahəsi iddiaçının istifadəsindədir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2 Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8-ci maddəsinə əsasən aşağıdakılar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün digər əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; [29] 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; [30] 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; [31] 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. [32] 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır Maddə 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
16. “Torpaq islahatı haqqında” haqqında Qanunun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
19. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.
20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.
25. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2018-ci il tarixli 405-1/2349 inventar nömrəli texniki pasportda qeyd edilmiş zəbt torpaq sahəsinin hüdudları daxilində yerləşən, faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını cavabdeh orqandan tələb edir.
26. Qanunvericilik torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini, həm də qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilməsini birmənalı olaraq müəyyən etmişdir
27. İddiaçı, həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində Oğuz rayon 5 nömrəli tütünçülük sovxozu tərəfindən xx.xx.1988-ci il tarixdə verilmiş müqavilənaməni təqdim edir. İstinad olunan sənədin məzmunundan göründüyü kimi həmin 0.06 ha torpaq sahəsi iddiaçıya icarə podrat qaydası ilə tərəvəz məhsulları yetişdirmək və çoxillik əkmələr salmaq məqsədilə verilmişdir. Nəzərə alınmalıdır ki, torpaq islahatı aparılan zaman həmin torpaq sahəsinin iddiaçının istifadəsində olması nəzərə alınaraq JN-1064A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 0.06 ha torpaq sahəsi ayrılmışdır. Torpaq payı ayrılmış subyektlər siyahısında da iddiaçının adının qarşısında 0.06 ha qeydi icra edilmişdir. 2349 inventar nömrəli iyul 2003-cü il tarixli fərdi yaşayış evinin texniki pasportunda da, iddiaçının sənəd üzrə torpaq sahəsinin ölçüsü 600 kv.m qeyd edilmişdir.
28. Belə olan halda iddiaçının zəbt etdiyi torpaq sahəsinə, yuxarıda məzmunu qeyd edilmiş müqavilənaməyə istinad etməklə yenidən mülkiyyət hüququnun qeydə alınmasını tələb etməsi əsaslı sayıla bilməz. Yəni, iddiaçının qanuni icarəyə götürdüyü torpaq sahəsinin onun mülkiyyətinə verilməsi məsələsi Oğuz RAİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə öz həllini tapmış və müvafiq şəhadətnamə ilə rəsmiləşdirilmişdir.
29. İddiaçı ona 1988-ci ildə icarəyə verilmiş 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış verilməsini tələb etsə də, həmin torpaq sahəsinin cizgi və yer quruluşu planını təqdim edə bilməmişdir. Habelə ona Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə verilmiş 0,06 ha torpaq sahəsinin məhz hansı əsasla-icarə müqaviləsi ilə, yaxud digər əsasla istifadəsinə verilib-verilməməsini təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir.
30. Digər tərəfdən nəzərə alınmalıdır ki, Oğuz rayon 5 nömrəli tütünçülük sovxozu tərəfindən xx.xx.1988-ci il tarixdə verilmiş müqavilənamə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlərin siyahısında hüququn dövlət qeydiyyatı üçün əsas olan biləcək sənədlərin siyahısında öz əksini tapmamışdır. Onunla 5 nömrəli tütünçülük sovxozu arasında bağlanan 1988-ci il tarixli müqavilənin qüvvədə olma müddəti göstərilməmişdir.
31. Bundan əlavə iddiaçıya Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə verilmiş 0,06 ha torpaq sahəsinə bitişik faktiki istifadədə olan digər torpaqların mütəxəssis rəyi ilə bələdiyyə mülkiyyətinə məxsus olması aşkar edilmişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
33. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan hazırkı inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmışdır. Ona görə də kollegiya hesab edir ki, cavabdehin tələbdə qeyd olunan həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası əsaslı olmuşdur.
34. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
35. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(116)-40/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.