Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-265/2021 14.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “müharibə iştirakçısı olduğu üçün vəsiqə almazdan əvvəl müharibə veteranları üçün ödənilmiş, lakin ona ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki İnzibati Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2-1(116)-254/2021 saylı qərarından iş üzrə cavabdeh DSMF publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qəbələ rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə iştirakçısı olduğu üçün vəsiqə almazdan əvvəl müharibə veteranları üçün ödənilmiş, lakin ona ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı Qarabağ müharibəsi veteranıdır. Ona bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 085104 nömrəli, 30.01.2019-cu il tarixli vəsiqə verilmişdir. Vəsiqənin verildiyi tarixdən ona müavinət ödənilsə də, iddiaçı ona əvvəlki illərə düşən müavinətin ödənilməsi üçün cavabdeh orqana müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Cavabdehin etirazı: DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəmənin dəftərxanasına 30.11.2020-ci il tarixdə daxil olan etirazında qeyd edilir ki, İddiaçı özünün məhkəməyə təqdim etdiyi iddia ərizəsində bildirmişdir ki, ona 30.01.2019-cu il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. Bundan sonra o, əvvəlki illər üzrə müavinətin birdəfəlik ödənilməsini tələb etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanının 2.1.1-ci bəndinə əsasən 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir. Həmin Fərmanın 5-ci bəndinə əsasən bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Bu normadan belə bir nəticə çıxır ki, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi 2019-cu il aprelin 1-dən tətbiq edildiyi üçün həmin vaxtadək müharibə veteranlarına verilmiş kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət ləğv edilmişdir. İddiaçının tələbi üzrə heç bir hüquqi əsas mövcud deyildir. Məhkəmənin 04.03.2021ci il tarixli iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qəbələ rayon filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin etirazı: DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 18.02.2021-ci il tarixli, **********2 nömrəli etirazında qeyd edilir ki, vətəndaşa veteran vəsiqəsi təqdim olunmamışdan əvvəlki dövr üzrə müavinətlərin ödənilməsi qanunvericiliyə ziddir. İddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 26 may 2011-ci il tarixində veteran vəsiqəsi verilmişdir. İddiaçının həmin veteran vəsiqəsi əsasında Fondun müvafiq şöbəsi vətəndaşa veteran statusunu aldığı vaxtdan, yəni 26 may 2011-ci il tarixindən ona sosial müavinət təyin etmişdir. Belə ki, “Sosial müavinətlər haqqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. İddiaçının 01.01.2006-cı ildən 26.05.2011-ci ilədək ödənilməmiş sosial müavinət tələbi Qanunun 9.1-ci maddəsinə ziddir. Məhkəmənin 25.02.2021-ci il tarixli iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edlmişdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2-1(116)-254/2021 saylı qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş və 30.01.2016-cı il tarixdən 30.01.2019-cu il tarixədək ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh DSMF publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. . Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının iddiası üzrə heç bir hüquqi əsas mövcud olmasa da, bu, məhkəmə tərəfindən nəzərə alınmamışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanının 2.1.1 -ci bəndinə əsasən 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir. Həmin Fərmanın 5-ci bəndinə əsasən bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Bu normadan belə bir nəticə çıxır ki, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi 2019-cu il aprelin 1-dən tətbiq edildiyi üçün həmin vaxtadək müharibə veteranlarına verilmiş kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət ləğv edilmişdir. Göründüyü kimi, İddiaçı iddiasını təsdiq edəcək heç bir mötəbər sübut aşkar edilməməsinə baxmayaraq bu, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsi, Şəki İnzibati Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2-1(116)-254/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi DSMF publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 02.02.2021-ci il tarixli, 2-1(116)-283/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. 085104 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, vəsiqə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya 30.01.2019-cu il tarixdə verilmişdir. Birinci instansiya məhkəməsinə 25.01.2021-ci il tarixdə elektron poçtla daxil olan arayışdan görünür ki, iddiaçı DSMF publik hüquqi şəxsin Qəbələ rayon filialından heç bir növ pensiya almır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Həmçinin, həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: - 4.0.1.6–ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlər təyin edilir; - 7.0-ci maddəsinə əsasən, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6.müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda; - 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (...) müraciət edilmə vaxtından asılı olmayaraq bu qanununqüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək; - 10.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Göstərilmiş müddəaların mənasından bəlli olur ki, əgər həmin qanunun qüvvəyə minməsindən sonra şəxsin müvafiq müavinət almaq hüququ yaranırsa, bu halda onun müraciət etdiyi vaxtdan ən çoxu üç il üçün ödənilməmiş müavinətin (aylıq müavinətin) məbləği ona ödənilməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3-cü maddəsinə əsasən, aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; - 7-ci maddəsinin ikinci hissəsinə əsasən, veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu müddəalardan göründüyü kimi, müharibə veteranı adını almış şəxsin müəyyənləşdirilmiş məbləğdə aylıq sosial müavinət almaq hüququ veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Həmin vəsiqəni təqdim etməklə şəxs özünün müharibə veteranı olması faktının müəyyən ediməsinə əsaslanır. Yəni vəsiqə şəxsin yalnız müvafiq müharibə iştirakçısı olması faktını təsdiq edir. İşin faktiki hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və bu səbəbdən ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 30.01.2019-cu il tarixli 085104 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçıya müharibə veteranı vəsiqəsi 30.01.2019-cu il tarixində verilsə də, onun müharibə veteranı olması faktı həmin müddətdən əvvəldə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müəyyən edilmişdir. Belə ki, Azərbaycanın Dağlıq Qarabağ vilayətinin və daha 7 rayonun erməni işğalçılarından azad edilməsi ilə və aparılan döyüş əməliyyatları ilə bağlı 1994-cü il may ayından tərəflər arasında atəşkəs razılaşması əldə edilməsi hamıya bəlli olan haldır. İddiaçılar da məhz həmin tarixədək olan döyüşlərdə iştiraklarına görə müharibə veteranı adı və vəsiqəsi almışlar. Bu halda iddiaçının yuxarıda istinad edilmiş qanunvericiliyin müddəalarına əsasən, cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün müavinətin hesablanıb ödənilməsi hüququ yaranmış olur. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, artıq formalaşmış məhkəmə təcrübəsində də analoji mübahisələr üzrə aparılmış bu qiymətləndirməyə uyğun olaraq nəticə əldə edilir. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranlarına nəzərdə tutulmuş müavinətin fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya müharibə veteranı vəsiqəsinin 30.01.2019-cu il tarixdə verilməsi onun “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2- ci bəndindən irəli gələn hüquqlarına təsir etməli deyil. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etdiyindən, artıq “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2ci bəndinə uyğun olaraq müharibə veteranıdır. Lakin o, müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirdiyindən, Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsinə ümid edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini qismən təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə,inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsi 04.03.2021-ci il tarixli, 2-1(116)-254/2021 saylı qərarı ilə iddianın qismən təmin edilməsində haqlı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2-1(116)-254/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-265/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-265/2021
14.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver