Məhkəmə qərarları › İş №2-1(107)-265/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-265/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-265/2023 07.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli qərarına dəyişiklik edilərək təyin edilmiş əlilliyin səbəb əlaqəsinin (ümumi xəstəlik səbəbindən) “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2-1(116)-87/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək ona kömək edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddia ərizəsinin İPM-in tələblərinə uyğun tərtib edilməsi ilə bağlı ərizəçiyə hüquqi yardım edilmiş, ərizəçi dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “23 saylı Dövlət tibbi sosial ekspertizanın xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-997/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

3. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbini yenidən dəqiqləşdirərək, “cavabdehin xx.xx.2021-ci il tarixli qərarına dəyişiklik edilərək təyin edilmiş əlilliyin səbəb əlaqəsinin (ümumi xəstəlik səbəbindən) “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

5. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə təyin edilmiş 3-cü dərəcəli əlilliyin səbəb əlaqəsinin “ümumi xəstəlik” səbəbindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsinə dəyişdirilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir.

6. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M60M79 - Yumşaq toxumaların xəstəlikləri => M70-M79 - Yumşaq toxumaların digər xəstəlikləri => M79 - Yumşaq toxumaların...; Diaqnozun mətni: Yumşaq toxumalarında qalmış yad cismin xx.xx.1992 -ci ildə döyüş əməliyyat zamanı aldığı güllə yaralamasında s\v sağ budun yuxarı 1\3 nin yumuşaq toxumalarında yad cismin funksiyanın kəskin pozulması Spastik hemiplegiya sağ tərəfli hemiporez Digər kəllə daxili travmalar erməni əsirlikdə başından aldığı travma nəticəsində hematomanın yaranması həmin hematomanın boşaldılması əməliyyatı s\v sağ gicgah nahiyəsində sümük defekti Somotoform pozğunluğu -Veqativ sinir sistemi somotoform disfunksiya Travmatik katarakta sol gözün mürəkkəb miopik astiqmatizim; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Yumuşaq toxumalarında qalmış yad cismin xx.xx.1992-ci ildə döyüş əməliyyat zamanı aldığı güllə yaralamasında s\v sağ budun yuxarı 1\3 nin yumuşaq toxumalar...;” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

7. Daha sonra elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M60-M79 - Yumşaq toxumaların xəstəlikləri => M70-M79 Yumşaq toxumaların digər xəstəlikləri => M79 - Yumşaq toxumaların...; Diaqnozun mətni: Yumşaq toxumalarında qalmış yad cismin xx.xx.1992-ci ildə döyüş əməliyyat zamanı aldığı güllə yaralamasında s\v sağ budun yuxarı 1\3 nin yumuşaq toxumalarında yad cismin funksiyanın kəskin pozulması Spastik hemiplegiya sağ tərəfli hemiporez Digər kəllə daxili travmalar erməni əsirlikdə başınan aldığı travma nəticəsində hematomanın yaranması həmin hematomanın boşaldılması əməliyyatı s\v sağ gicgah nahiyəsində sümük defekti Somotoform pozğunluğu - Veqativ sinir sistemi somotoform disfunksiya Travmatik katarakta sol gözün mürəkkəb miopik astiqmatizim; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Yumşaq toxumalarında qalmış yad cismin xx.xx.1992-ci ildə döyüş əməliyyatı zamanı aldığı güllə yaralamasında s\v sağ budun yuxarı 1\3 nin yumuşaq toxumalar...;” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.

8. Növbəti dəfə əlillik müddətinin bitməsi ilə əlaqədar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası tərəfindən daxil edilmiş xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00- S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.3 - Baş beynin ocaqlı travması Ocaqlı; Diaqnozun mətni: Baş beynin ocaqlı travması, keçirilmiş kəllə beyin travması nəticəsində yaranmış sağ subdural hematomanın xaric edilməsi (1992 dekompressiv rezeksion depanasiya.sağ gichah nahiyyəsində sümük deffekti.) xaric edilməsindən sonrakı vəziyyət; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.21. kəllə sümüyünün geniş ( 3x1sm-dən artıq ) qüsuru (S02-S02.1);” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir.

9. İddiaçının əlilliyi ikinci yox, üçüncü dərəcə əlilliyin təyinatı üçün əsasdır. Həmçinin, iddiaçı Agentliyə əyani müayinə olunması üçün dəvət olunmuşdur. 21 oktyabr 2021-ci il tarixli protokola əsasən iddiaçıya həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” nin 2.5.21. bəndinə uyğun olaraq “ümumi xəstəlik” səbəbilə müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmişdir.

10. Belə ki, Ağdam rayon sakini İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0288003AAG88 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 650 nömrəli Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamədə “Sağ budun yuxarı 1/3-nin, sol döş qəfəsi, sol kürək, sağ sağrı, sağ dirsək oynaq nahiyyəsinin yumşaq toxumalarının bərkimiş dəri çapıqları. Sağ budun yuxarı 1/3-nin yumşaq toxumasının yad cismi (qüllə), funksiyanın pozulması ilə. Sol gözün mürəkkəb miopik astiqmatizmi, 1,0D fərq ilə travmatik kataraktası nəticəsində görmə itiliyinin 0,1-ə qədər azalması, korreksiya ilə 0,5 olmaqla. Sağ gözün görmə itiliyinin 1,0 olmaqla. Burun tənəffüsün mülayim dərəcədə pozulması ilə burun çəpərinin əyriliyi. İkilitərəfli xroniki adheziv otit” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Baş beynin ocaqlı travması, keçirilmiş kəllə beyin travması nəticəsində yaranmış sağ subdural hematomanın xaric edilməsi (1992 dekompressiv rezeksion depanasiya, sağ gicgah nahiyyəsində sümük deffekti.) xaric edilməsindən sonrakı vəziyyət..”anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin 2.5.21 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyini barədə qərar verilmişdir.

11. Bildirilmişdir ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müvafiq Hərbi Həkim Komissiyasının qərarı və ya şəhadətnaməsi əsas götürülür. Müəyyən olunmuşdur ki, təqdim edilən tibbi sənədlər, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı və əyani müayinənin nəticəsində iddiaçıda MHHK-nın qərarında qeyd edilən diaqnozlar, o cümlədən aşkar olunan patofunksional dəyişikliklər və ağırlaşmalar öz təsdiqini tapmamışdır. Lakin əyani müayinə zamanı yanaşı gedən və əlillik təyinatına əsas verən xəstəliklər və ağırlaşmalar, o cümlədən aşkar olunan patofunksional dəyişikliklər müəyyən edildiyindən “ümumi xəstəlik” səbəbindən müddətsiz əlillik dərəcəsinin təyinatı barədə əsaslı və düzgün qərar qəbul edilmişdir.

12. Beləliklə, həm elektron qiymətləndirmənin, həm də əyani müayinənin nəticəsi olaraq, İddiaçı müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir.

13. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.

14. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 25 yanvar 2023-cü il tarixli 2- 1(116)-87/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

16. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

17. Cavabdeh apellyasiya şikayətini etirazın dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsini 25 yanvar 2023-cü il tarixli 2- 1(116)-87/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsini 25 yanvar 2023-cü il tarixli 2-1(116)- 87/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

20. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

21. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Ağdam rayon sakini İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin tibb müəssisəsinin 0288003AAG88 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirməsinə dair cavabdeh orqanın tərtib etdiyi müayinə qərarından görünür ki, iddiaçıya müddətsiz “ümumi xəstəlik” səbəbindən 3-cü dərəcə əlillik təyin edilmiş, təyinatın tarixi xx.xx.2021-ci il qeyd edilmişdir. - cavabdehin xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarından görünür ki, gündəlikdə olan məsələ hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin qiymətləndirilməsi barədə dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlərə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərarlardan verilmiş şikayətlərin baxılması olmuş və iddiaçıya ümumi xəstəlik səbəbindən üçüncü dərəcəli əlillik təyini barədə qərar verilmişdir. - SHXÇDX-nin xx.xx.2021-ci il tarixli 1382 nömrəli arayışından görünür ki, iddiaçı 1992-ci ilin iyul ayından xx.xx.1992-ci ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. xx.xx.1992-ci il tarixdə döyüş əməliyyatı zamanı yaralanaraq düşmən tərəfindən əsir götürülmüşdür. xx.xx.1994-cü ildə əsirlikdən azad olunub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsində qeydiyyatdadır. - X2 Dispanserinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Ağdam rayonu Ətyeməzli kəndində qeydiyyatda olan, 1971-ci il təvəllüdlü İddiaçı xx.xx.1994-cü il tarixdən “Travmatik ensefalopatiya” diaqnozu ilə X2 Dispanserində dispanser müşahidəsindədir.

TƏTBİQ EDİLƏN HÜQUQ

22. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

23. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: Bənd 2.2. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu; 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa;

24. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”: Bənd 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinə (a) yarımbəndinə əsasən, xəsarətlərin, xəstəliklərin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi haqqında qərarı Hərbi-həkim komissiyası çıxarır.

27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

28. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2-1(116)-87/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

29. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

30. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

33. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

34. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müvafiq Hərbi Həkim Komissiyasının qərarı və ya şəhadətnaməsi əsas götürülür. Müəyyən olunmuşdur ki, təqdim edilən tibbi sənədlər, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı və əyani müayinənin nəticəsində iddiaçıda MHHK-nın qərarında qeyd edilən diaqnozlar, o cümlədən aşkar olunan patofunksional dəyişikliklər və ağırlaşmalar öz təsdiqini tapmamışdır. Lakin əyani müayinə zamanı yanaşı gedən və əlillik təyinatına əsas verən xəstəliklər və ağırlaşmalar, o cümlədən aşkar olunan patofunksional dəyişikliklər müəyyən edildiyindən “ümumi xəstəlik” səbəbindən müddətsiz əlillik dərəcəsinin təyinatı barədə əsaslı və düzgün qərar qəbul edilmişdir.

35. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan cavabdeh orqanın iddia tələbinə etirazından görünür ki, cavabdeh orqan özü də iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 650 nömrəli Şəhadətnamə verilməsini, həmin Şəhadətnamədə “Saq budun yuxarı 1/3-nin, sol döş qəfəsi, sol kürək, saq sağrı, saq dirsək oynaq nahiyyəsinin yumsaq toxumalarının bərkimis dəri çapıqları. Saq budun yuxarı 1/3-nin yumsaq toxumasım yad cismi (qüllə), funksiyanən pozulması ilə. Sol gözün mürəkkəb miopik astiqmatizmi, 1,0D fərq ilə travmatik katarktası nəticəsində görmə itiliyinin 0,1-ə qədər azalması, korreksiva ilə 0,5 olmaqla. Saq gözün görmə itiliyinin 1,0 olmaqla. Burun tənəffüsün mülayim dərəcədə pozulması ilə burun çəpərinin əyriliyi. İkilitərəfli xroniki adheziv otit” diaqnozlu xəstəliyin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeydinin olmasını etiraf edir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarına əsasən xəsarətlərin, xəstəliklərin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi haqqında qərarı Hərbi-həkim komissiyası çıxardığından cavabdeh orqanın iddiaçının obyektiv müayinəsi zamanı qeyd olunan diaqnozun öz əksini tapmamasına istinad etməsi tamamilə əsassız olmuşdur.

36. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

37. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2-1(116)-87/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar