Məhkəmə qərarları › İş №2-1(107)-265/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-265/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-265/2024 08.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “iddiaçıların adına Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən 0.62 ha torpaq sahəsinə dair JN-538, KOD 40806018 saylı “torpağın mülkiyyət hüququna dair” Dövlət Aktı-na (baza məlumatlarına uyğun) uyğun olaraq torpaq sahəsinin plan ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2-1(116)-451/2024 nömrəli qərarından iş üzrə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “iddiaçıların adına Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.62 ha torpaq sahəsinə dair JN-538, KOD 40806018 saylı “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktına (baza məlumatlarına uyğun) uyğun olaraq torpaq sahəsinin plan ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçılar iddiasını onunla əsaslandırmışdır ki, Göyçay Rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 42 saylı qərarı ilə İddiaçı1, İddiaçı3 və Məmmədova (Abuzərova) Günel Azər qızına kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0.62 ha torpaq sahəsi verilmişdir. İddiaçıların torpağa mülkiyyət hüququ JN- 538, KOD 40806018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Həmin 0.62 ha torpaq sahəsi iddiaçılara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. ünvan 1 ünvanda yaşayan İddiaçı1, İddiaçı3 və ünvan 2 ünvanda yaşayan İddiaçı2 etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı ərazi idarəsinə müraciət edilərək, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.62 ha torpaq sahəsinin yerinin naturada müəyyən edilməsi, “Torpaq sahəsinin plan və ölçüsü sənədi”nin verilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən tələbin icrasından imtina olunmuşdur.

3. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.1435 ha, 0.1666 ha və 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi faktiki olaraq başqa şəxs tərəfindən istifadə edilir. Bu səbəbdən də vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır.

4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin sorğusu əsasında təqdim olunmuş rəyə dair əlavə suallara cavab verən mütəxəssis iddia olunan torpaq sahəsinin üç planşetdə yerləşdiyini, iki ərazi üzrə torpaq sahəsinin naturada yerinin müəyyən edildiyini, 0,1435 ha torpaq sahəsinə dair çıxarış verilməsinə baxmayaraq həmin torpaq sahəsinin TEKUİS-ə əsasən yerinin müəyyən edilməsinin mümkün olmadığını və natura mövcud olmadığını bildirmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 14 fevral 2024-cü il tarixli 2- 1(116)-451/2024 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışa əsasən qeydə alınmış 0.1666 ha və ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışa əsasən qeydə alınmış 0.31 ha torpaq sahələrinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

8. İddiaçı1 həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 42 saylı qərarı ilə İddiaçı1, İddiaçı3 və Məmmədova (Abuzərova) Günel Azər qızına kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0.62 ha torpaq sahəsi verilmişdir. İddiaçı1, İddiaçı3 və Məmmədova (Abuzərova) Günel Azər qızının torpağa mülkiyyət hüququ JN-538, KOD 40806018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Həmin 0.62 ha torpaq sahəsi İddiaçı1, İddiaçı3 və Məmmədova (Abuzərova) Günel Azər qızına ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Göyçаy rayonu Qarabaqqal kəndində yerləşən 0.62 ha torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı3 və Məmmədova (Abuzərova) Günel Azər qızının əvvəllər tanınmış hüququn dövlət qeydiyyatına alınmış və onların adına müvafiq çıxarışlar verilmişdir. Lakin Göyçаy rayonu Qarabaqqal kəndində yerləşən 0.62 ha torpaq sahəsinə dair JN-538, KOD 40806018-saylı “Torpağın mülkiyyət hüququna dair” dövlət aktına (baza məlumatlarına uyğun) uyğun olaraq torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi bu günədək təmin olunmur. Göründüyü kimi sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmış, adına müvafiq çıxarış verilmişdir. Lakin cavabdeh tərəfindən həmin torpaq sahəsinin başqa şəxs tərəfindən zəbt edilməsi bəhanəsi ilə plan-ölçü sənədi verilməsindən imtina edilmişdir. Cavabdehin imtinası qanunsuzdur. Cavabdeh tərəfindən plan-ölçü sənədi verilmədiyindən həmin torpaq sahəsinin həqiqətən zəbt olunub-olunmaması, əgər zəbt olunmuşdursa torpaq sahəsinin həmin hissəsindən zəbt edənlərin çıxarılması iddiasını qaldıra bilməmişdir. Beləliklə hüquqları cavabdeh inzibati orqan tərəfindən pozulmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2-1(116)-451/2024 nömrəli qərarının (iddia təmin edilməyən hissədə) ləğv edilməsini, həmin hissə üzrə yeni qərar qəbul edilməsini və iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “iddiaçıların adına Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.62 ha torpaq sahəsinə dair JN-538, KOD 40806018 saylı “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktına (baza məlumatlarına uyğun) uyğun olaraq torpaq sahəsinin plan-ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının (torpaq sahəsinin 0.1435 ha hissəsində) tam təmin edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2-1(116)-451/2024 nömrəli qərarının (iddia təmin edilməyən hissədə) ləğv edilməsini, həmin hissə üzrə yeni qərar qəbul edilməsini və iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “iddiaçıların adına Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.62 ha torpaq sahəsinə dair JN-538, KOD 40806018 saylı “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktına (baza məlumatlarına uyğun) uyğun olaraq torpaq sahəsinin plan-ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının (torpaq sahəsinin 0.1435 ha hissəsində) tam təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər iddiaçılar İddiaçı3, İddiaçı2 məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

13. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin təqdim etdiyi ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən 0.31 ha torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətindədir.

3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin təqdim etdiyi ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən 0.1435 ha torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətindədir.

4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin təqdim etdiyi ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən 0.1666 ha torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətindədir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-4532/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçılara **********18 reyestr nömrəli çıxarışla verilmiş 0.1435 ha, **********93 reyestr nömrəli çıxarışla verilmiş 0.31 ha, **********17 reyestr nömrəli çıxarışla verilmiş 0.1666 ha torpaq sahələrinə “Torpaq sahəsinin planı və ölçüsü sənədi” tərtib edilməmişdir. Mütəxəssislər torpaq sahəsinə baxış üçün ərazidə olduqda iddaçı faktiki istifadə etdiyi torpaq sahəsinin olmadığını bildirdiyi üçün sualları cavablandırmaq mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, JN-538 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mülkiyyətə verilmiş 0.62 ha torpaq sahəsinin 0.1666 və 0.3104 ha hissələri elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında göstərilsə də, 0.1435 ha hissəsi göstərilməmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) göstərilən JN-538 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.62 ha torpaq sahəsinin 0.1666 hissəsindən Məmmədov Nəriman, 0.3104 ha Mirqasımov Teyyubun faktiki istifadə etdiyi mütəxəssisə baxış zamanı bildirilmişdir. Kəndin kompleks yerquruluşu islahat layihəsi (DVJ) ilə real məkan (naturada torpaq sahələri yerləşən çevrələr) arasında konfiqurasiya, sürüşmə və uyğunsuzluq olduğu üçün sözügedən torpaq sahələrinin islahat xəritəsinə uyğun yerləşdiyi ərazinin mütəxəssis tərəfindən müəyyən olunması mümkün olmamışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin ... yerləşdiyi torpaqlarda ... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir.

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Həmin Qanunun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 16. Dövlət reyestrində düzəlişlər (-). 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

17. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifəsidir.

18. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə uyğun olaraq Xidmətin aşağıdakı vəzifələri var : - daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; - dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək;

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinə görə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 42 saylı qərarı 0.62 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmişdir. İnzibati orqan tərəfindən həmin sənəd əsasında təkrar mülkiyyət hüququ qeydə alınaraq torpaq sahəsinin ayrı-ayrı planşetlərdə yerləşməsi səbəbindən çıxarışlar verilmişdir. TEKUİS-ə əsasən təqdim olunan rəydən görünür ki həmin torpaq sahələrinin 0.1666 ha və 0.3104 ha hissələri naturada mövcud olsa da 0,1435 ha torpaq sahəsinə dair çıxarış verilməsinə baxmayaraq həmin torpaq sahəsinin yerinin müəyyən edilməsinin mümkün deyildir. Odur ki, iddia qismən təmin edilməli, naturada mövcud olan 0.1666 ha və 0.3104 ha torpaq sahələrinə dair Çıxarışa əsasən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2-1(116)-451/2024 nömrəli qərarının (iddia təmin edilməyən hissədə) ləğv edilməsini, həmin hissə üzrə yeni qərar qəbul edilməsini və iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “iddiaçıların adına Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.62 ha torpaq sahəsinə dair JN-538, KOD 40806018 saylı “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktına (baza məlumatlarına uyğun) uyğun olaraq torpaq sahəsinin plan-ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının (torpaq sahəsinin 0.1435 ha hissəsində) tam təmin edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası tərəfindən işə həmin hissədə baxılacaqdır.

27. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır.

28. Belə ki, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin təqdim etdiyi ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən 0.1435 ha torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətindədir.

29. İddiaçıların ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsi cavabdeh inzibati orqanda onların adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və həmin qeydlər hazırkı vaxta qədər mübahisə predmeti olmamışdır. Odur ki, cavabdeh tərəfindən iddia tələbinin təmin edilməsindən imtina olunması əsaslı olmamışdır. Digər tərəfdən, hüquqların qeydiyyatı zamanı belə torpaq sahəsinin planı və ölçüsü sənədi olmadıqda, belə sənədi tərtib edib vermək cavabdehin vəzifəsidir.

30. Belə ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə Xidmət əksər hallarda hüququn qeydiyyatı haqqında müvafiq Çıxarış verməklə kifayətlənir. Nəticədə həmin şəxslər müəyyən müddətdən sonra daşınmaz əmlaka dair texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi barədə yenidən cavabdehə müraciət etməli olur və hətta müəyyən hallarda Xidmət tərəfindən Çıxarış verilmiş şəxslərə belə müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması və sair) həmin sənədlərin verilməsindən imtina olunur. Bu da növbəti məhkəmə çəkişmələrinin yaranmasına və şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur.

31. Belə halların qarşısının alınması məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir.

32. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir. Belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir.

33. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və sadalanan səbəblərdən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair plan və ölçü sənədinin tərtib edilməsi cavabdehin vəzifəsidir və onun məsuliyyət sferasına aid edilməlidir. Odur ki, iddiaçının adına torpaq sahəsinin plan və ölçü sənədinin tərtib olunmasından imtina etməkdə cavabdeh haqlı sayıla bilməz.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2023-cü il tarixli 2-1(102)- 1436/2023 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir.

35. Göründüyü kimi, iddiaçıların tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçıların hüquqlarını pozmuşdur.

36. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.

37. Məhkəmə kollegiyası hesab edir ki, inzibati iş üzrə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-in 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuşdur.

38. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçıların müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlməmişdir.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən iddia tələbinin ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışa əsasən qeydə alınmış 0.1435 ha torpaq torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinin rədd edilməsi hissədə ləğv edilməli, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi həmin hissədə təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışa əsasən qeydə alınmış 0.1435 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi qoyulmalı, apellyasiya şikayəti təmin edilməlidir.

40. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2-1(116)-451/2024 nömrəli qərarı ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışa əsasən qeydə alınmış 0.1435 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinin rədd edilməsi hissədə ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışa əsasən qeydə alınmış 0.1435 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar