Məhkəmə qərarları › İş №2-1(107)-266/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-266/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-266/2022 06.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu, Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(116)-429/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.1979-cu il tarixdən, xx.xx.1982-ci il tarixə kimi "xxxx" ASC-də (X13 birliyi), xx.xx.1982-ci il tarixdən, xx.xx.1997-ci ilədək Şəki rayonu Qoxmuq kənd 1 May kolxozunda tütünçü olaraq işlədiyi illərin (həmin illərin 10 ildən çoxunu zərərli və ağır işlərdə işləməyi nəzərdə alınmaqla), 2 uşağına qulluq göstərərək kolxozda işləyən zaman analıq məzuniyyətində olduğu illərin (xx.xx.1986-cı ildə X2 və xx.xx.1988-ci ildə X3) və xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək 1 saylı Peşə məktəbində aşpaz-qənnadı ixtisası üzrə tam kursu oxuduğu illərin sosial sığorta stajına daxil etməklə, hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək “cavabdehə olan xx.xx.2021-ci il tarixli ilkin müraciətindən 3 il əvvələ yəni, xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbində göstərmişdir ki, 06 dekabr 1986-cı il və 23 dekabr 1988-ci il tarixlərdə 2 övladı (X2 və X3) doğulmuş və bununla bağlı 18 noyabr 1986-cı il tarixdən 30 yanvar 1987-ci il tarixədək və 16 noyabr 1988-ci il tarixdən 22 fevral 1989-cu il tarixədək Şəki rayonu Qorxmuq kənd 1 May kolxozdan analıq məzuniyyətinə çıxmışdır. xx.xx.1979 - xx.xx.1982-ci il tarixlərdə "xxxx" ASC-də, daha sonra xx.xx.1982-ci il xx.xx.1997-ci il tarixlərdə Səki rayonu Qorxmuq kənd 1 May kolxozda “Tütünçü” olaraq işləmiş, xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Şəki 1 saylı Peşə məktəbində aşpaz-qənnadı ixtisası üzrə oxumuşdur. O, İşlədiyi sahənin zərərli sahə olmasını nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazda göstərmişdir ki, İddiaçı iddia etdiyi “Tütünçü” peşəsi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı'nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarında nəzərdə tutulmamışdır. Bundan başqa vətəndaşın fərdi hesabının sığorta hissəsindəki qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 40200.00 manat müəyyən edilmişdir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının məbləği 9153.12 manat təşkil edir. Qeyd edilənləri ümumiləşdirərək İddiaçı iddia etdiyi “Tütünçü” peşəsi yuxarıda göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarda nəzərdə tutulmadığından və fərdi hesabın sığorta hesabında qeydə alınan pensiya kapitalının tələb olunan pensiya kapitalından az olduğundan ona imtina cavabı verilmişdir. Bundan sonra, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının qeyd etdiyi “Tütünçü” peşəsi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarında nəzərdə tutulmamışdır. Bütün bunları nəzərə alaraq bildiririk ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Qeyd olunanlar nəzərə alınaraq iddianın təmin edilməməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin vəkili birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İV-ЖГ 290080 №-li “nikahın bağlanması haqqında” şəhadətnamədən görünür ki, X5 ilə X6 arasında xx.xx.1986-cı ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvadın familyası “Süleymanova” olmuşdur. Xİİ –ЖГ 306551 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.1986-cı ildə doğulmuşdur. “Ana” haqqında qrafasında İddiaçı qeyd edilmişdir. X12 filialının xx.xx.2021-ci il tarixli arxiv arayışından və xx.xx.1984-cü ildə tərtib edilmiş kolxozçunun əmək kitabçasından görünür ki, Şəki rayonu Qoxmuq kənd 1 May kolxozunun kolxozçuların əmək stajı və qazancının uçotu kitabına əsasən Süleymanov (Ağammədova) İradə Osman qızı 1982-1988, 1991-1997-ci illərdə həmin kolxozda işləmiş, vəzifəsi 1983-1985, 1988, 1991, 1993-1996-cı illərdə “göy tütün”, “tütün”, “quru tütün” olmaqla qeydiyyat aparılmışdır. Həmin illər üzrə minimum adam günü norması 170 gün müəyyən edilmişdir. iddiaçı xx.xx.1986-xx.xx.1987 və xx.xx.1988xx.xx.1989-cu illlərdə analıq məzuniyyətində olmuşdur. xx.xx.1984-cü ildə tərtib edilmiş kolxozçunun əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1979-cu ildə X13 birliyinin 69 saylı peşə texniki məktəbinin burucu qrupuna şagird qəbul edilmiş, xx.xx.1980-cı ildə məktəbi bitirdiyi üçün birliyin burucu sexinə ipək açan peşəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə işdən azad edilmişdir. xx.xx.1998xx.xx.1998-ci illərdə Qoxmuq İstehsal kooperativində əmək fəaliyyəti ilə məşğul olmuşdur. A116709 №-li peşə təhsili haqqında diplomdan görünür ki, iddiaçı Şəki 1 saylı Peşə məktəbinə xx.xx.1998-ci ildə daxil olmuş və xx.xx.2001-ci ildə “aşpaz-qənadçı” ixtisası üzrə həmin peşə məktəbini bitirmişdir. Ümumi təhsil müddəti 2 il 9 ay 20 gün olmuşdur. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 20 may 2022-ci il tarixli, 2- 1(116)-429/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2- 1(116)-429/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsi hüququn tətbiqində səhvə yol verdiyindən hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. İddiaçı 10 avqust 2021-ci il tarixli güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət edərək Əmək fəaliyyətinə xx.xx.1979cu il tarixdən xx.xx.1982-ci il tarixədək "xxxx" ASC-də başladığını, daha sonra xx.xx.1982ci il tarixdən xx.xx.1997-ci il tarixədək Şəki rayonu Qorxmuq kənd 1 May kolxozda “Tütünçü” olaraq işlədiyini iddia etmişdir. Cavabdeh bildirmişdir ki, mərkəzi filiala təqdim etdiyiniz sənədlərə əsasən iddiaçının ümumi iş stajı 1 yanvar 2006-cı il tarixədək 17 il 7 ay 20 gün müəyyən edilmişdir. Eyni zamanda İddiaçı 04 iyul 1982-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Şəki rayon Qoxmuq kənd 1 May kolxozunda işlədiyini iddia etdiyi “Tütünçü” peşəsi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf'nm təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarında nəzərdə tutulmamış və hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 40200.00 manat müəyyən edilmişdir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının məbləği 9153.12 manat təşkil edir. Beləliklə İddiaçı iddia etdiyi “Tütünçü” peşəsi yuxarıda göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarda nəzərdə tutulmadığından və fərdi hesabın sığorta hesabında qeydə alınan pensiya kapitalının tələb olunan pensiya kapitalından az olduğu səbəbi ilə tərəfimizdən imtina cavabı verilmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də hesab edirik ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə İddiaçı iddiası təmin olunmamalıdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(116)-429/2022 nömrəli qərarını ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialının nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(116)- 429/2022 saylı iş üzrə qərarını ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(116)-429/2022 saylı qərarın dəişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5. Pensiya seçmək hüququ 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: z)kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində: bilavasitə kənd təsərrüfatı məhsulları istehsalınla çalışan traktorçu-maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışanlar: kişilər—55 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 20 ilini həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa; sağıcı (maşınla sağım operatoru), quşabaxan, donuzabaxan-operator işləyən qadınlar—50 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda. 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. e) bəndinə əsasən, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddəti (lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq) iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı”nın 27-ci bəndində aşağıda müvafiq ardıcıllıqla verilmiş qeyd olunan yeyinti sənayesinin 27.5.1 və 27.5.2-ci yarımbəndlərində tütün istehsalı: a) fəhlələr: tütün üzrə kupajçılar, pnevmatik qurğu maşinistləri, papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri, tənzimləşdirici maşinistlər, tütünkəsən maşın maşinistləri, tütün keşinin presləyiciləri, tütünyumşaldanlar, tütün yarpaqlarını düzənlər, tütünü çəkib bükənlər, tütün çeşidləyiciləri, tütün quruducuları, istehsalat binalarının yığışdırıcıları, avadanlığın təmizləyiciləri, b) mütəxəssislər: tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar və bərpa olunmuş tütünün istehsalı, a) fəhlələr: tortanı buxara verənlər, bərpa edilmiş tütün xətlərində məşğul olan fermentasiya kameralarının doldurucuları-boşaldıcıları, kağız (karton) düzəldən maşının maşinistləri (torçuları), kağız və kağız məmulatlarının hopdurucuları, üyüdücülər, tütün quruducuları, tütün xammalını nəmləşdirənlər, b) mütəxəssislər: bərpa edilmiş tütün sexlərində məşğul olan ustalar, böyük ustalar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat növü hesab edilmişdir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Ali Məhkəmənin İnzibati kollegiyası 2- 1(102)-2629/2018 saylı 5 dekabr 2018-ci il tarixli, 2-1(102)-686/2019 saylı 26 fevral 2019- cu il tarixli, 2-1(102)-1107/2019 saylı 10 aprel 2019-cu il tarixli və 2-1(102)-499/2020 saylı 18 fevral 2020-ci il tarixli qərarlarında qeyd edilmişdir ki, tütün istehsalı özü-özlüyündə zərərli sahə olduğundan, tütün istehsalı ilə məşğul olan tütünçünün əməyinin həmin sahə ilə bağlı olmaması qəbul edilməyə bilməz. Tütün anlayışı öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini əhatə etdiyindən, iddiaçı tütünçü kimi güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 saylı 8 oktyabr 2020-ci il tarixli qərardadı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək, ödənilməsindən ibarətdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 52 yaşının bitdiyi xx.xx.2016-cı il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1964-cü ildə doğulub). Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 20 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 15 il güzəştli iş stajının mövcud olması. İddiaçının ümumi iş stajının 20 ildən çox olması əmək kitabçası və dövlət arxivinin sənədləri ilə təsdiq olunur. Həmin sənədlərə görə iddiaçı Şəki rayonu Qoxmuq kənd “1 May” kolxozunda işlədiyi dövrlərdə 1982-ci ildə soğan pomidor, 1983-cü ildə göy tütün becərilməsində, 1984-cü ildə tütün, soğan, 1985-ci ildə göy tütün, soğan (xx.xx.1986-xx.xx.1987-ci ilə qədər uşağa qulluq üzrə sosial məzuniyyətdə olmuş, 1987-ci ildə qismən ödənişli analıq məzuniyyətində olmuş), 1988-ci ildə tütün, 1991-1997-ci illərdə göy tütün, quru tütün becərilməsində iştirak etmişdir. Arayışdan görünür ki, Qoxmuq kənd “1 May” kolxozunda minimum adam günü norması 170 gün olmuşdur. Odur ki, iddiaçının 1983-1986, 1988, 1991-1997-ci illər üzrə tam əmək stajı 12 il müəyyən olunur. Arayışda qeyd edilən 1982-ci ildən başqa digər illər üzrə iddiaçı tütünçülüklə məşğul olmuş, həm də tütünçülüklə məşğul olduğu illərdə əmək günü minimum normadan artıq olmuşdur. Arayışa əsasən 1982-ci il istisna olmaqla iddiaçının kolxozda işlədiyi tütünçülüklə məşğul olduğu dövr tam 12 il təşkil edir. Dövlət Sosial Müdafiə Fondunun sədrinin yerli şöbələrinə ünvanladığı 8 noyabr 2007ci il tarixli xx/xx-3402 №-li məktubunun 4-cü bəndinə əsasən Siyahıda nəzərdə tutulan işlərdə çalışan qadınların Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün sosial sığorta stajına daxil edilir (Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-817/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında istinad olunub). Odur ki, iddiaçının qismən ödənişli sosial məzuniyyətdə olduğu 1987-ci il və körpə uşağa qulluq etdiyi 1989-1990-cı illər iş stajına daxil edildiyindən iddiaçının güzəştli sahədə iş stajı 15 il müəyyən edilir. Həmin müddətin üzərinə iddiaçının X13 birliyinin 69 saylı peşə texniki məktəbində işlədiyi və Qoxmuq istehsal kooperativində olan 3 il 6 ay 7 gün əmək fəaliyyəti və Şəki 1 saylı Peşə məktəbində təhsil aldığı 2 il 9 ay 20 gün təhsil müddətini topladıqda 21 il 3 ay 27 gün ümumi əmək stajı yaranır ki, bu da iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki 1 iyul 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinin redaksiyasının mənasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlərsə, onda iddiaçının bu hüquqa malik olması tanınmaya bilməz (oxşar inzibati mübahisə üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-817/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe). İddiaçı 1 iyul 2017-ci ilə qədər pensiyanın təyin edilməsi üçün cavabdehə müraciət etmədiyindən əvvəlki illərin pensiya məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilə bilər. İddiaçı özü də cavabdehə ilkin müraciətinin xx.xx.2021-ci il tarixdə olduğunu bildirir. Odur ki, iddiaçının güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ olduğuna görə ona cavabdehə müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya hesablana bilər. Göstərilən qaydada iddiaçıya ödəniləcək pensiyanın hesablanmasının əvvəli xx.xx.2018-cı ildən sayılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 08 dekabr 2021-ci il tarixli, 2-1(102)-2298/2021 saylı qərarı ilə oxşar işlər üzrə eyni təcrübə formalaşdırılmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(116)-429/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar