Məhkəmə qərarları › İş №2-1(107)-267/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-267/2022

08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-267/2022 08.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona xx.xx.2019-cu il tarixdən işə bərpa olunduğu xx.xx.2022-ci il tarixədək məcburi işburaxma dövründə almadığı əmək haqqı, məzuniyyət pulu, hərbiçi kimi ailəsinə maddi yardım haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(116)-742/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin 054 gm saylı, 2019-cu il 8 oktyabr tarixli əmrinin ləğv edilməsi, cavabdehin üzərinə onun 411-ci Aviasiya bazasının (411 nəmrəli hərbi hissə) 1-ci aviasiya eskadriyasının (SU-25) aviasiya manqasının texnikiistismar hissəsinin baş mexaniki vəzifəsinə bərpa edilməsi barədə öhdəliyin qoyulmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-1467/2021 nömrəli qərarı əsasında xx.xx.2019-cu il tarixdən işə bərpa olunan günədək məcburi iş buraxmaya görə aylıq pul məvacibinin, 2019-cu il üçün nəzərdə tutulan birdəfəlik pul mükafatının, 2020-ci il üçün nəzərdə tutulan birdəfəlik pul mükafatının, məzuniyyət pulunun və maddi yardımın, 2021-ci il nəzərdə tutulan məzuniyyət pulunun və maddi yardımın, həmçinin həmin işlə əlaqədar çəkdiyi xərclər 1311 manat vəkillərə (1000 manat, 300 manat vəkil qanararı və 11 manat etibarnamə üçün) çəkdiyi xərclərin ödənilməsi öhdəliynin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.2019-cu il tarixdə Şirvan İnzibati- İqtisadi məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 2019-cu il 8 oktyabr tarixli, 054 gm saylı əmrin ləğv edilərək əvvəlki vəzifəyə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsinin 2020-ci il 27 noyabr tarixli, 2-1(116)-930/2020 nömrəli qərarı ilə iddiaçının iddia tələbi rədd edilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-111/2021 nömrəli qərarı ilə təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 2020-ci il 27 noyabr tarixli, 21(116)-930/2020 nömrəli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin 054 gm saylı xx.xx.2019-cu il tarixli əmri ləğv olunmuş, cavabdeh Nazirliyin Hərbi Havva Qüvvələrinin üzərinə İddiaçı 411-ci Aviasiya bazasının (N nömrəli hərbi hissə) 1-ci aviasiya eskadrilyasının (SU-25) aviasiya manqasının texniki-istismar hissəsinin baş mexaniki vəzifəsinə bərpa edilməsi öhdəliyi qoyulmuşdur. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)- 1467/2021 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 21(107)-111/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdən işə bərpa olunan günədək məcburi iş buraxmaya görə aylıq pul məvacibinin, 2019-cu il üçün nəzərdə tutulan birdəfəlik pul mükafatının, 2020-ci il üçün nəzərdə tutulan birdəfəlik pul mükafatının, məzuniyyət pulunun və maddi yardımın, 2021-ci il nəzərdə tutulan məzuniyyət pulunun və maddi yardımın, həmçinin həmin işlə əlaqədar çəkdiyi xərclər 1311 manat vəkillərə (1000 manat, 300 manat vəkil qanararı və 11 manat etibarnamə üçün) çəkdiyi xərclərin ödənilməsi öhdəliynin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixli birinci instansiya məhkəməsinin məhkəmə iclasında “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək İddiaçı xx.xx.2019-cu il tarixdən işə bərpa olunduğu xx.xx.2022-ci il tarixədək məcburi işburaxma dövründə almadığı əmək haqqı, məzuniyyət pulu, hərbiçi kimi ailəsinə maddi yardım haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixli 8/1196 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 394 nömrəli əmri ilə hərbi xidmətdən tərxis olunmuşdur və sonradan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-111/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən o, hərbi xidmətə bərpa olunaraq xx.xx.2022-ci il tarixli 4 nömrəli əmrlə tutduğu vəzifənin icrasına başlamışdır. Yuxarıda qeyd edilən birinci instansiya məhkəməsinin qərarı ilə İddiaçı yalnız hərbi xidmətdən tərxis olunma əmrinin ləğv edilməsi və hərbi xidmətə bərpa olunması barədə öhdəlik Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin üzərinə qoyulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin qeyd edilən qərarı ilə hərbi xidmətdə olmadığı dövrdə İddiaçı pul təminatının ödənilməsi öhdəliyi Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin üzərinə qoyulmamışdır. Bu səbəbdən də hərbi xidmətdə olmadığı dövr üçün İddiaçı pul təminatının ödənilməsi qanunvericiliyə və məhkəmənin qərarına uyğun deyildir. Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"nin tələblərinə uyğun olaraq hərbi qulluqçulara pul təminatı və pul təminatının digər növləri, yalnız onlar hərbi xidmətdə olduqları dövr ərzində ödənilir. İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək hərbi xidmətdə olmamışdır və bu səbəbdən də ona büdcə vəsaiti hesabına pul təminatının ödənilməsi qanunsuz və əsassızdır. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. İşin mübahisəsiz halı kimi müəyyən olunur ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 aprel tarixli, 2-1(107)-111/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2020-ci il 27 noyabr tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin 054 gm saylı, 2019-cu il 8 oktyabr tarixli əmri ləğv edilmiş, cavabdehin üzərinə iddiaçının 411-ci Aviasiya bazasının (411 N-li hərbi hissə) 1-ci aviasiya eskadrilyasının (SU-25) aviasiya manqasının texniki-istismar hissəsinin baş mexaniki vəzifəsinə bərpa edilməsi öhdəliyi qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-1467/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 aprel tarixli, 2-1(107)-111/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan: Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2022ci il tarixli 2648 nömrəli məktubunda görünür ki, Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələri komandanının xx.xx.2021-ci il tarixli 065gm nömrəli əmri ilə gizir İddiaçı N nömrəli hərbi hissənin 1-ci aviasiya eskadrilyasının aviasiya manqasının texniki-istismar hissəsinin baş mexaniki vəzifəsinə bərpa olunmuşdur. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli 8/444 nömrəli məktubunda qeyd olunur ki, N nömrəli hərbi hissədən alınan məlumata əsasən iddiaçı hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 394 nömrəli əmri ilə hərbi xidmətdən tərxis olunmuş və sonradan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-111/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən hərbi xidmətə bərpa olunaraq xx.xx.2022ci il tarixli 4 nömrəli əmri ilə tutduğu vəzifənin icrasına başlamışdır. Yuxarıda qeyd edilən məhkəmənin qərarı ilə iddiaçının yalnız hərbi xidmətdən tərxis olunmağı barədə əmrin ləğv edilməsi və hərbi xidmətə bərpa olunmağı barədə öhdəlik Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin üzərinə qoyulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin qeyd edilən qərarı ilə iddiaçının hərbi xidmətdə olmadığı dövrdə ona pul təminatının ödənilməsi öhdəliyi Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin üzərinə qoyulmamışdır. Bu səbəbdən də iddiaçının hərbi xidmətdə olmadığı dövr üçün ona pul təminatının ödənilməsi qanunvericiliyə və məhkəmənin qərarına uyğun deyildir. İddiaçı müraciətində hərbi xidmətdə olmadığı dövr ərzində müxtəlif növ pul təminatının ona ödənilməsi barədə Əmək Məcəlləsinə istinad etmişdir. Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(116)-742/2022 saylı qərarı ilə (hаkim Fərid İsmayılzadə) iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.2019-cu il tarixdən işə bərpa olunduğu xx.xx.2022-ci il tarixədək məcburi işburaxma dövründə almadığı əmək haqqı məbləğinin və istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(116)-742/2022 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şakı İnzibati məhkəməsi qərar əsassız və qanunsuz olduğuna görə tam ləğv edilməlidir. Belə ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 394 nömrəli əmri ilə hərbi xidmətdən tərxis olunmuşdur və sonradan Şəki Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(107)-2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən o, hərbi xidmətə bərpa olunaraq xx.xx.2022-ci il tarixli 4 nömrəli əmri ilə tutduğu vəzifənin icrasına başlamışdır. Şəki Apellyasiya Məhkəməsinin qeyd edilən qərarı ilə hərbi xidmətdə olmadığı dövrdə İddiaçı pul təminatının ödənilməsi öhdəliyi Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin üzərinə qoyulmamışdır. Bu səbəbdən də hərbi xidmətdə olmadığı dövr üçün İddiaçı pul təminatının ödənilməsi qanunvericiliyə və məhkəmənin qərarına uyğun deyildir. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarının 2-ci bəndinə uyğun olaraq tərtib edilmiş və Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"nin tələblərinə uyğun olaraq hərbi qulluqçulara pul təminatı və pul təminatının digər növləri, yalnız onlar hərbi xidmətdə olduqları dövr ərzində ödənilir. Bundan əlavə, Məhkəmə qərarında İddiaçı tərəfindən xx.xx.2019- cu il tarixdən xx.xx.2022-ci il tarixədək hərbi xidmətdə olmadığı dövrdə istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi yuxarıda göstərilən müddətdə İddiaçı hərbi xidmətdə olmamışdır. Məzuniyyət isə hərbi xidmətdə olan hərbi qulluqçulara verilir. Bu səbəbdən də Məhkəmə qərarında göstərilən dövr ərzində İddiaçı istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsi qanunsuz və əsassızdır. İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək hərbi xidmətdə olmamışdır və bu səbəbdən də ona büdcə vəsaitləri hesabına pul təminatının və istifadə etmədiyi növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi Müdafiə nazirinin yuxarıda qeyd edilən qərarının tələblərinə zidd olduğu üçün qanunsuz və əsassızdır. Ona görə də İddiaçı "xx.xx.2019-cu il tarixdən işə bərpa olunduğu xx.xx.2022-ci il tarixədək məcburi işburaxma dövründə almadığı əmək haqqı məbləğinin və istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi" vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə Şəki inzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-742/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(116)-742/2022 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. 10-cu maddəsinə görə, Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. Hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həm də zabitlərin, gizirlərin və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. Hərbi qulluqçulara təminat xərcliyi verilməsinin qaydası və bu xərcliyin normalarının dəyişdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Hərbi qulluqçular və onların ailə üzvləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rüsumlar sahəsində güzəştlərdən istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir. Hərbi qulluqçular və onların ailə üzvləri dəmiryolu, hava, dəniz və avtomobil nəqliyyatında daşınmalar sahəsində güzəşt hüququna malikdirlər. Həm də müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edirlər. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı verilir. 11-ci maddəsinə əsasən, hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 11.1-ci maddəsinə görə, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İşin mübahisəsiz halı kimi müəyyən olunur ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 aprel tarixli, 2-1(107)-111/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2020-ci il 27 noyabr tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin 054 gm saylı, 2019-cu il 8 oktyabr tarixli əmri ləğv edilmiş, cavabdehin üzərinə iddiaçının 411-ci Aviasiya bazasının (411 N-li hərbi hissə) 1-ci aviasiya eskadrilyasının (SU-25) aviasiya manqasının texniki-istismar hissəsinin baş mexaniki vəzifəsinə bərpa edilməsi öhdəliyi qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-1467/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 aprel tarixli, 2-1(107)-111/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qanunsuz hesab edilərək məhkəmə qaydasında ləğv olunmuş əmrinə əsasən tutduğu vəzifədən azad edilmiş və sonradan vəzifəsinə bərpa olunmuş iddiaçının məcburi işburaxma dövründə ona ödənilməmiş əmək haqqı və istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsinə dair tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbi qalan hissədə isə təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfindən işləmədiyi müddətdə hərbiçi kimi ailəsinə maddi yardım haqqının ödənilməsi tələb edilsə də, iddia ərizəsində iddiaçının məhz hansı vəsaitin bu qismdə ödənilməsini tələb etdiyi əsaslandırılmamış, iddiaçı bunun aydınlaşdırılması ilə bağlı heç bir sənəd və sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(116)-742/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar