Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-267/2023 04.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona təyin edilmiş ikinci dərəcəli əlilliyə görə əmək pensiyasının 2021-ci ilin fevral ayından hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2-1(116)-154/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona təyin edilmiş ikinci dərəcəli əlilliyə görə əmək pensiyasının 2021-ci ilin fevral ayından hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1958-ci il tarixdə Göyçay rayonunda anadan olmuşdur. Uzun müddət Göyçay rayonunda müəyyən sahələrdə çalışmış, 2007-cı ilin əvvələrində səhhəti anidən pisləşməyə başlamışdır. Bu səbəbdən Göyçay Rayon Mərkəzi Xəstəxanasına, həmçinin digər xəstəxanalara müraciət etmişdir. Həkimlərin göstərişinə əsasən ambulator və stasionar müalicə olunmağa başlamışdır. Lakin müalicələrə rəğmən iddiaçının sağlamlığı bərpa olunmamışdır. xx.xx.2021-ci tarixdə TibbiSosial Ekspert Komissiyasının rəyinə əsasən iddiaçıya “Stenokardiyanın digər formalar, ÜİX. Stabil gərginlik stenokardiyası İİİ f.s Sol mədəcik çatmamazlığı, Xr ürək çatmamazlığı İİİ f.s Aortokoronar şuntlu transplantatın olması, AKS.c.ə sonrakı vəziyyət” diaqnozu ilə İİ dərəcə əlillik təyin olunaraq müdətsiz pensiya təyin edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçının pensiyası hesablanaraq ona cəmi 1908,64 manat ödənilmişdir.
3. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli, **********3 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının 2 saylı Mərkəzi Aran regional filialına ünvanlanmış müraciətinə baxılmışdır. İddiaçının əvvəlki əlillik müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. Əlillik müddətinin bitməsi səbəbindən əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə yenidən müayinə olunmuş, eyni dərəcə və eyni səbəb saxlanılmaqla əlil hesab edilmişdir. Əlillik müddətinin bitməsindən 6 ay keçməməsinə baxmayaraq, “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunun 41-ci maddəsinin qüvvəyə mindiyi xx.xx.2021-ci il tarixdən əvvəl əlillik müəyyən edildiyinə görə pensiyasının ödənişi əlilliyin müəyyən olunduğu xx.xx.2021-ci il tarixdən X4 tərəfindən bərpa edilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 40,59 manat artım fərqi və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1868,05 manat olmaqla cəmi 1908,64 manat (bir min doqquz yüz səkkiz manat 64 qəp) alınmamış vəsait “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 maddəsində göstərilən şərt nəzərə alınmaqla aylıq pensiyanın -üzərinə əlavə edilməklə xx.xx.2022-ci il tarixədək ödəniləcəkdir.
4. Hazırlıq icraatı çərçivəsində xx.xx.2023-cü il tarixdə keçirilmiş birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək ilkin olaraq 2 saylı Mərkəzi Aran regional filialına müraciət ünvanladığını bildirmiş, məhkəmə təcrübəsini nəzərə alaraq cavabdehin Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.
5. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********4 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı əvvəlki əlillik müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. Əlillik müddətinin bitməsi səbəbindən əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. xx.xx.2021-ci il tarixdə o, yenidən müayinə olunmuş, eyni dərəcə və eyni səbəb saxlanılmaqla əlil hesab edilmişdir. Əlillik müddətinin bitməsindən 6 ay keçməsinə baxmayaraq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin qüvvəyə mindiyi xx.xx.2021-ci il tarixdən əvvəl müəyyən edildiyinə görə pensiya ödənişi əlilliyin müəyyən olunduğu xx.xx.2021-ci il tarixdən X4 tərəfindən bərpa edilmişdir. İddiaçının müraciəti Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına daxil olmamışdır. Vətəndaşın müraciəti Fondun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filial tərəfindən cavablandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 41.2ci maddəsinin 25 iyul 2021-ci il tartxinədək qüvvədə olmuş mətninə əsasən şəxs yenidən əlil, sağlamlıq imkanları məhdud hesab edilərsə, əmək pensiyasının verilməsi yenidən əlil, sağlamlıq imkanları məhdud hesab edildiyi gündən bərpa edilirdi. Həmin Qanunun 41-ci maddəsinin 25 iyul 2021-ci il tarixindən sonra qüvvədə olan mətninə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyqun oiaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3- 1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdən dayandırılmış və eyni əsaslarla xx.xx.2021-ci il tarixdən bərpa edilmişdir. Beləliklə, bu əsasda cavabdeh orqan ona əlilliyə görə pensiyasını əlilliyin bərpa edildiyi tarixdən yenidən ödəməkdə haqlı olmuşdur. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 01 fevral 2023-cü il tarixli, 2-1(116)-154/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
9. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2008-ci il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixədək təyin edilmiş İİ dərəcə əlilliyin müddəti bitdiyi üçün ona təyin edilmiş əlillik və buna müvafiq olaraq əlilliyə görə əmək pensiyası ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə yenidən müayinə olunaraq eyni dərəcə və eyni səbəb saxlanılmaqla yenidən əlil hesab edilmiş və ona təyin edilmiş pensiya ödənişi əlilliyinin qiymətləndiriliyi xx.xx.2021-ci il tarixdən bərpa edilmişdir. İddiaçı tərəfindən bu barədə Fondun 2 saylı Mərkəzi Aran regional filialına müraciət ərizəsi ünvanlanmışdır. Sözügedən müraciətə Fondun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filialı tərəfindən baxılaraq xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubla ona bildirilmişdir ki, əvvəlki əlillik müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. Əlillik müddətinin bitməsi səbəbindən əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. xx.xx.2021-ci il tarixdə o, yenidən müayinə olunmuş, eyni dərəcə və eyni səbəb saxlanılmaqla əlil hesab edilmişdir. Əlillik müddətinin bitməsindən 6 ay keçməsinə baxmayaraq “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin qüvvəyə mindiyi xx.xx.2021-ci il tarixdən əvvəl müəyyən edildiyinə görə pensiya ödənişi əlilliyin müəyyən olunduğu xx.xx.2021-ci il tarixdən X4 tərəfindən bərpa edilmişdir. İddiaçının müraciəti Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına daxil olmamışdır. Vətəndaş müraciəti Fondun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filial tərəfindən cavablandırılmışdır. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdən dayandırılmış və eyni əsaslarla xx.xx.2021-ci il tarixdən bərpa edilmişdir. Beləliklə bu əsasda cavabdeh orqan ona əlilliyə görə pensiyasını əlilliyin bərpa edildiyi tarixdən yenidən ödəməkdə haqlı olmuşdur. İddiaçının əlillik müddəti xx.xx.2021-ci il tarixdə bitdiyindən və ona yenidən müayinə nəticəsində xx.xx.2021-ci il tarixdə İİ dərəcə əlillik təyin edildiyinə görə qanunun 25 iyul 2021-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyasının verilməsi yenidən əlil hesab edildiyi gündən bərpa edilirdi. Ona görə də Şəki İnzibati Məhkəməsini 01 fevral 2023-cü il tarixli, 2- 1(116)-154/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2-1(116)-154/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2-1(116)- 154/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. - Fondun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubuna əlavə olunmuş iddiaçının pensiya işinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, iddiaçıya xx.xx.2008-ci il tarixli, 161 nömrəli qərarla xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək ikinci dərəcə əlillik təyin olunmuş, hər dəfə bir il müddətinə təkrar əlillik təyin edilməklə 2016-cı ilədək əlil hesab olunmuş, 2016-cı ildə təkrar müayinə olunduqdan sonra iddiaçıya yenidən ikinci dərəcə əlillik təyin olunmuş və növbəti müayinə tarixi xx.xx.2021-ci il olaraq göstərilmişdir. - Göyçay RMX publik hüquqi şəxsinin 0276003AAJZQ nömrəli göndərişindən görünür ki, iddiaçı həmin göndəriş əsasında xx.xx.2021-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyasında müayinə olunmuş və ona əlillik dərəcəsi təyin olunmamışdır. Səbəb olaraq əlavə müalicəyə ehtiyacının olması göstərilmiş və qeyd edilmişdir ki, stasionar müalicələr qısa müddətlidir, son illər stasionar müalicəsi yoxdur, hal-hazırkı vəziyyətini qiymətləndirmək üçün kardioloji xəstəxanada ətraflı müayinə və müalicə məsləhətdir. - “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi”ndən görünür ki, iddiaçının əlilliyi 0276003AAK40 nömrəli forma 88 əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona həmin tarixdən ikinci dərəcəli müddətsiz əlillik təyin olunmuşdur.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 149-cu maddəsinin Vİİİ hissəsinə əsasən normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir.
16. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən: 1.0.1. normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. 17.1. Azərbaycan Respublikası Konstitusiyasının 93-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin normativ hüquqi aktları qanunlar formasında qəbul edilir. 82.1. Azərbaycan Respublikasının normativ hüquqi aktları rəsmi dərc edilməlidir. 85.1. Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. 86.1. Normativ hüquqi akt onun mətnində digər hal nəzərdə tutulmadıqda müddətsiz qüvvədədir. 86.2. Normativ hüquqi akt və ya onun struktur elementləri üçün qüvvədə olmanın müddəti müəyyən edilə bilər. Bu halda normativ hüquqi aktda (struktur elementdə) onun qüvvədə olma müddəti və ya normativ hüquqi aktın (onun struktur elementinin) ləğv edilməsinə səbəb olan hadisə göstərilməlidir. Göstərilən müddət başa çatdıqda və ya normativ hüquqi aktda göstərilən hadisə baş verdikdə normativ hüquqi akt (onun struktur elementi) avtomatik olaraq ləğv edilir. Müəyyən edilmiş müddət başa çatana qədər normativ hüquqi aktı qəbul etmiş orqan normativ hüquqi aktın (onun struktur elementinin) qüvvəsinin yeni müddətə uzadılması və ya ona müddətsiz statusunun verilməsi haqqında qərar qəbul edə bilər. 87.1. Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. 87.2. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. 87.3. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir.
17. AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
18. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 1. yaşa görə əmək pensiyası; 2. əlilliyə görə əmək pensiyası; 3. ailə başçısını itirməyə görə əmək pensiyası. 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyqun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir.
20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli 356 nömrəli 3.3-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə uyqun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
23. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2-1(116)-154/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.
29. Belə ki, məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddiaçıya yenidən eyni əsasla müddətsiz əlilliyin əlillik müddətinin bitməsindən 6 ay keçməmiş təyin edilməsi işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh öz imtinasında və etirazında bu faktı təsdiq etmişdir.
30. İddiaçıya xx.xx.2021-ci il tarixdən müddətsiz İİ dərəcəli əlillik müəyyən olunmuş, həmin tarixdən sosial müavinət təyin edilmişdir. İddiaçı barəsində ödənişlər yenidən təyinat aparıldığı tarixdən həyata keçirilməkdədir.
31. Məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olur ki, iddiaçının əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildiyindən o, ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilməklə, ona ödənilməmiş dövr üçün əmək pensiyası ödənilməlidir. Belə ki, cavabdeh “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunun iddiaçıya təyinat aparılması tarixindən sonra, yəni xx.xx.2021-ci il tarixdə qüvvəyə minməsini əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Qanunda onun müddəalarının qüvvəyə mindiyi tarixdən sonra yaranan münasibətlərə tətbiq edilməli olması barədə birbaşa göstəriş olmamasına baxmayaraq, cavabdeh inzibati orqan normanın tətbiqi mexanizmini “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə zidd şərh etməsi iddiaçının maraqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Digər tərəfdən inzibati orqan olan cavabdeh artıq iddiaçıya münasibətdə müddətsiz əlilliyin təyin edildiyi tarixə sözügedən aktın qəbul edilməsindən məlumatlı olmuşdur.
32. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı təyin edilmiş ikinci dərəcəli əlilliyə görə əmək pensiyasının 2021-ci ilin fevral ayından hesablanaraq ödənilməlidir.
33. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilən işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan kollegiyanın qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
35. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2-1(116)-154/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.