Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-268/2023 02.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı (Açar sözlər: şəxsi vərəqədən silinmiş vəsaitin geri qaytarılması barədə rəyin verilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cаvаdovа Günay İsmayıl qızı və X2 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “İddiaçı MTK-nın şəxsi vərəqəsindən silinmiş 44.014,06 AZN vəsaitin geri qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2-1(116)-427/2022 saylı qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I.İşin halları
1. İddiaçı xx.xx.2006-cı il tarixdə VÖEN almaqla, ********** VÖEN nömrəsi ilə qeydiyyatdan keçmişdir. Hüquqi ünvanı Yevlax rayonu ərazisində yerləşir.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK-nın şəxsi vərəqəsindən silinmiş 44.014,06 AZN vəsaitin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya heç bir məlumat vermədən və xəbərdarlıq etmədən xx.xx.2020-ci il tarixində İddiaçı MTK-nın şəxsi vergi vərəqəsindən 44.014,06 AZN məbləğində sərbəst vəsaiti silmişdir. Həmin vəsait təsisçi tərəfindən bir neçə il öncə nağd qaydada gələcəkdə yaranan vergi borclarının ödənilməsi məqsədilə icra edilmişdir. Lakin müəyyən obyektiv və subyektiv səbəblərdən müəssisə işləmədiyi üçün həmin vəsaitdən az istifadə edildiyinə görə ondan 44.064 AZN artıq ödəmə kimi qalmışdır ki, həmin məbləğdən bu il istifadə edilməsi nəzərdə tutulmuşdur. Belə ki, müəssisə artıq fəaliyyətə başlayıb və həmin vəsaitə böyük ehtiyac yaranmışdır. Şəxsi vərəqədə olan artıq ödəmənin geri qaytarılması və ya vəsaitin MTK-nın DSMF-yə olan borcuna silinməsi üçün iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçıya nə məbləğ geri qaytarılmış, nə də əvəzləşdirmə aparılmışdır
4. İddiaçının vəkili Nümayəndə2 birinci instansiya məhkəməsinin iclasında “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək İddiaçı MTK-nın şəxsi vərəqəsindən silinmiş 44.014,06 AZN vəsaitin geri qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
5. Cavabdeh xx.xx.2021-ci il tarixli **********629900 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddia olunan məbləğ vergi orqanı tərəfindən vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən silinməmişdir. Sözügedən məbləğ vergi qanunvericiliyinin tələbinə əsasən kooperativin şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”nə keçirilmişdir. Şəxsi hesab vərəqəsindən də göründüyü kimi 44.014,06 manat məbləğ hal-hazırda vergi ödəyicisinin şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”ndə mövcuddur.
6. Belə ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.
7. Kooperativin şəxsi hesab vərəqəsinə nəzər salsaq görərik ki, xx.xx.2012-ci il tarixdə vergi ödəyicisinin 103.692,50 manat məbləğində artıq ödəməsi yaranmış və həmin tarixdən sonra yaranmış vergi öhdəlikləri üzrə hesablamalar aparılmaqla xx.xx.2020-ci il tarixə 44.014,06 manat məbləğində artıq ödəmə qalmışdır. Həmin məbləğ də xx.xx.2020ci il tarixdə Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”nə keçirilmişdir.
8. Göründüyü kimi vergi ödəyicisinin artıq ödəmə məbləği yarandığı tarixdən 9 ildən artıq vaxt keçməsinə baxmayaraq, qanunvericiliyin tələbinə zidd olaraq 44.014,06 manat məbləğin geri qaytarılması öhdəliyinin cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmişdir.
9. Bundan başqa iddiaçı iddia ərizəsində artıq ödəmənin cavabdeh orqan tərəfindən digər borclarla əvəzləşdirmə aparmaması ilə bağlı fikir bildirmiş, lakin iddiaçının həmin iddia tələbi də qanunsuz və əsasızdır.
10. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 4.4-cü bəndinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə artıq ödəmələrin vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə yol verilmir. Buna görə də iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-427/2022 saylı qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində məhkəmənin icraatına cəlb edilmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etirazına uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsində işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.
14. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 21 aprel 2022-ci il tarixli, 2-1(116)-427/2022 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı MTK-nın şəxsi vərəqəsindən silinmiş 44.014,06 AZN vəsaitin geri qaytarılması barədə rəyin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin hərəkətləri məhkəmə tərəfindən faktiki olaraq iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir, cavabdehin imtinası iddiaçının mülkiyyət hüququndan məhrum edilmədiyi maliyyə vəsaitləri üzərində sərbəst sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirməsini məhdudlaşdırır.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
Əvvəlki apellyasiya instansiya məhkəməsində icraat
17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2-1(107)-175/2022 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya instansiya məhkəməsində icraat
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(102)-289/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2-1(107)-175/2022 saylı qərarı ləğv edilmiş və iş təkrar apellyasiya baxışına qaytarılmışdır.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
21. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iddia olunan məbləğ vergi orqanı tərəfindən vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən silinməmişdir. Sözügedən məbləğ vergi qanunvericiliyinin tələbinə əsasən kooperativin şəxsi hesab vərəqəsində "Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi"nə keçirilmişdir. Şəxsi hesab vərəqəsindən də göründüyü kimi 44.014,06 manat məbləğ halhazırda vergi ödəyicisinin şəxsi hesab vərəqəsində "Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi"ndə mövcuddur. Kooperativin şəxsi hesab vərəqəsinə nəzər salsaq görərik ki, xx.xx.2012-ci il tarixdə vergi ödəyicisinin 103.692,50 manat məbləğində artıq ödəməsi yaranmış və həmin tarixdən sonra yaranmış vergi öhdəlikləri üzrə hesablamalar aparılmaqla xx.xx.2020-ci il tarixə 44.014,06 manat məbləğində artıq ödəmə qalmışdır. Həmin məbləğ də xx.xx.2020-ci il tarixdə Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən "Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi"nə keçirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixdə 50 manat məbləğində ödənişin edilməsi birinci instansiya məhkəməsi tərəfindən tamamilə yanlış olaraq artıq ödəmənin yaranma tarixinin vergi orqanı tərəfindən düzgün müəyyən edilməməsi kimi qiymətləndirmişdir. Yəni məhkəmənin yanaşmasından belə çıxır ki, 5 illik tələb etmə müddəti keçmiş artıq ödəməsi olan vergi ödəyicisi hər hansı məbləğdə yeni ödəniş etməklə tələb etmə müddətini bərpa edə bilər. Əslində isə birinci instansiya məhkəməsi iddiaçıdan 44.014,06 manat artıq ödəməsi olduğu və həmin artıq ödəməni yeni yaranan vergi öhdəlikləri ilə əvəzləşdirmək niyyətində olduğu halda xx.xx.2020-ci il tarixdə 50 manat ödəniş etməsinin səbəbini izah etməsini tələb etməli idi. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən də göründüyü kimi, xx.xx.2020-ci il tarixdə edilmiş 50 manat ödəniş şəxsi hesab vərəqəsinin "Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi"nə keçirilməmiş, yalnız 44.014,06 manat məbləğ həmin vərəqəyə keçirilmişdir. Yəni məhkəmənin cavabdeh tərəfindən artıq ödəmənin yarandığı tarixin düzgün müəyyən edilməməsi barədə mövqeyi iş materialları ilə təkzib olunan mövqe olmaqla məhkəmənin vergi ödəyicisinin şəxsi hesab vərəqəsindəki məlumatları düzgün müəyyən edə bilməməsinin nəticəsidir. Məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, mötəbər hesab etdiyi sübutları qiymətləndirməyərək, sadəcə qərarda sadalamaqla kifayətlənmişdir. Məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normalarının tətbiq edilməməsi nəticə etibarı ilə milli qanunvericiliyin yuxarıda qeyd olunan nomralarının və beynəlxalq hüquqi sənədlərin tələblərinin kobud şəkildə pozulması ilə müşayiət olunmuşdur. Belə ki, Şəki İnzibati Məhkəməsi tərəfindən cavabdeh tərəfindən təqdim olunmuş etirazın dəlillərinə, xüsusilə də Vergi Məcəlləsinin 85.5-ci maddəsinin tələblərinə heç bir münasibət bildirilməmişdir. Göstərilənlərə əsasən hesab edirik ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Beləliklə, nəticə etibarı ilə bildiririk ki, birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 58.7 maddəsinin tələblərini pozaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli araşdırmaqla qiymətləndiməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2-1(116)-427/2022 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
23. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2-1(116)-427/2022 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2-1(116)- 427/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq proses iştirakçıları hazırkı məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı cavabdehə təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2-ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
27. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. ...
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
28. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
29. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
30. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsi:
31. Maddə 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.
32. Maddə 87 Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması 87.1. Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: (...) 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli, 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”
33. 1. Ümumi müddəalar 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü və 87.5-ci maddələrinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-24.1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən, habelə sığortalıdan düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş, rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının, eyni zamanda Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. 1.2. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar – tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisinə, ƏDV və aksizlərə münasibətdə gömrük orqanları, digər vergilərə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta üzrə sığorta haqlarına, hesablanmış faizlərə tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə vergi orqanları;
34. 2. Vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının büdcəyə artıq ödəmələrin qaytarılması üzrə hüquqları 2.1. Vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir.
35. 3. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün müraciət və tələb olunan sənədlər 3.1. Vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. 3.2. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin sığortaedənin və ya sığortalının qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır.
31. 4. Büdcəyə artıq ödəmələrin qaytarılması üzrə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların hərəkətləri 4.1. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər; (...) 4.4. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə artıq ödəmələrin vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə yol verilmir. 4.4-1. İcbari tibbi sığorta haqları üzrə artıq ödəmələrin vergilər, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, vergilər, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə artıq ödəmələrin icbari tibbi sığorta haqları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə yol verilmir.
36. 5. Büdcəyə artıq ödəmələrin qaytarılması üzrə maliyyə orqanlarının, sosial təminatı və müdafiəni həyata keçirən orqanların və icbari tibbi sığortanın tətbiqini təmin edən qurumun hərəkətləri 5.1. Maliyyə orqanları, sosial təminatı və müdafiəni həyata keçirən orqanlar və icbari tibbi sığortanın tətbiqini təmin edən qurum vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri, ərizənin və şəxsi vərəqədən çıxarışın surətlərini qəbul edirlər. 5.2. Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi, ərizələrin və şəxsi vərəqədən çıxarışın surətləri 5 (beş) və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallarda 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. 5.3. Maliyyə orqanları vergi ödəyicisinin vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq, vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Sosial təminatı və müdafiəni həyata keçirən orqanlar və icbari tibbi sığortanın tətbiqini təmin edən qurum sığortaedənin və ya sığortalının müvafiq olaraq həmin orqanda (qurumda) qeydiyyatından asılı olmayaraq, vəsaitin daxil olduğu xəzinə hesabının məxsus olduğu sosial təminatı və müdafiəni həyata keçirən orqanlar və icbari tibbi sığortanın tətbiqini təmin edən qurum vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. 5.4. Maliyyə orqanları tərəfindən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara artıq ödəmənin qaytarıldığı barədə 5 (beş) gün müddətində məlumat verilir. Sosial təminatı və müdafiəni həyata keçirən orqanlar və icbari tibbi sığortanın tətbiqini təmin edən qurum tərəfindən vergi orqanına və maliyyə orqanına məcburi dövlət sosial və işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə artıq ödəmələrin qaytarılması barədə 5 (beş) gün müddətində məlumat verilir.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuni olmuşdur. İddia mümkün iddiadır.
38. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
39. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
40. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda şərh olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şəki İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2-1(116)-427/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
41. Qeyd edildiyi kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair qərarı apellyasiya kollegiyası tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmış, Ali Məhkəmənin İnzibati Kollegiyası isə cavabdehin kassasiya şikayəti əsasında apellyasiya kollegiyasının qərarını ləğv edərək işi təkrar apellyasiya baxışına qaytarmışdır.
42. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
43. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və tərəflərin iclasında verdikləri izahatlarla müəyyən edildi ki, İddiaçı xx.xx.2006-cı il tarixdə VÖEN almaqla ********** VÖEN nömrəsi ilə qeydiyyatdan keçmişdir. Hüquqi ünvanı Yevlax rayonu ərazisində yerləşir.
44. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş şəxsi kabinet üzərindən cavabdehə edilmiş xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixli elektron müraciətlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı müxtəlif tarixlərdə həm artıq ödənilmiş məbləğ “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”nə keçirilənədək, həm də ondan sonra mübahisəli məbləğin geri qaytarılması ilə bağlı tədbirlərin görülməsi və köməklik göstərilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh iddiaçının həmin müraciətlərini nəzərə almadan öz mövqeyini müddətin keçməsi ilə əsaslandırmağa çalışmışdır.
45. Hazırkı iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(102)-289/2023 saylı qərarında qeyd edilmişdir ki, istər birinci instansiya məhkəməsi 21 aprel 2022-ci il tarixli qərarı ilə iddianı təmin edərkən, istərsə də apellyasiya instansiyası məhkəməsi 28 sentyabr 2022-ci il tarixli qərarı ilə, birinci instansiya məhkəməsinin 21 aprel 2022-ci il tarixli qərarını dəyişdirilmədən qüvvədə saxlayarkən İPM-in 12.1, 12.2, 58.7-ci maddələrinin tələblərini pozmaqla, inzibati mübahisəni tam və hərtərəfli araşdırmamışlar. Belə ki, məlum olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” 48 saylı, 23 fevral 2001-ci il tarixli qərarı mövcuddur. Həmin Q
46. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, İddiaçı MTK xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na 1 nömrəli əlavə də nəzərdə tutlmuş “artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” Ərizə formasına uyğun olaraq 11 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edərək müvafiq olaraq xx.xx.2019-cu il tarixdə şəxsi vərəqədə yaranmış 48110.13 manat və xx.xx.2020-ci il tarixdə Şəxsi vərəqədə yaranmış 40114.06 artıq ödəmənin kooperativin bank hesabına köçürülməsi üçün aidiyyəti şöbəyə göstəriş verilməsini xahiş etmişdir. O, bu barədə olan sənədləri məhkəmə kollegiyasına təqdim etmişdir.
47. Cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı MTK-ya aşağıdakı məzmunda cavab ünvanlamışdır: Sizin artıq ödənilmiş vergi məbləği ilə bağlı xx.xx.2023-cü il tarixli müraciətinizə aidiyyəti üzrə İqtisdiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinə Baş İdarəsində baxılmışdır. Bildiririk ki, Vergi məcəlləsinin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasınaa və ödənilməsinə münasibətdə sosual sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisdiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin internet saytına (www.takes.qov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
48. Məhkəmə kollegiyası iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli “artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” Ərizə ilə bağlı qeyd edir ki, ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsi proses tərəflərindən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir, bununla yanaşı inzibati prosessual qənaət prinsipi məhkəmə icraat zamanı inzibati proses gedişində proses iştirakçılarının hər birininə öz mövqeyini ifadə etməyə, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün onlara imkanlar yaratmaqla məhkəmə proseslərinin uzadılmasının, süründürməçiliyin qarşısının alınmasına, minimal vasitə sərf etməklə məhkəmə prosesində yüksək nəticələrin əldə edilməsində mühüm vasitəçilik rolunu oynayır.
49. Məhkəmə kollegiyası yuxarıda da qeyd edildiyi kimi, inzibati prosesin prinsiplərini əsas götürərək məhkəmə proseslərinin uzadılmasının və süründürməçiliyin qarşısının alınmasını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının cavabdehə sonradan müraciətini yuxarıda adıçəkilən Qaydalara uyğun ərizə forması ilə müraciət etməsi kimi qiymətləndirmək olar.
50. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı hazırkı mübahisə ilə bağlı bir neçə dəfə cavabdehə müraciət etsə də, sonunci iddiaçıya inzibatı icraat haqqında qanunvericiliyə uyğun yardım göstərməmişdir. Halbuki, cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli, 48 saylı qərarı ilə təsdiq edilmiş “artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın müddəalarını izah etməli idi.
51. İş materiallarına əlavə olunmuş 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 22 may 2023-cü il tarixli, **********075300 nömrəli məktubundan görünür ki, vergi ödəyicisinin (İddiaçı MTK) şəxsi hesab vərəqəsindən də göründüyü kimi 2011-ci il ərzində xx.xx.2011ci il tarixdə 84,0 manat, xx.xx.2011-ci il tarixdə 12000,0 manat, xx.xx.2011- ci il tarixdə 12000,0 manat, xx.xx.2011-ci il tarixdə 10000,0 manat, xx.xx.2011-ci il tarixdə 8000,0 manat, xx.xx.2011-ci il tarixdə 3000,0 manat, xx.xx.2011-ci il tarixdə 7000,0 manat, xx.xx.2011-ci il tarixdə 10000,0 manat xx.xx.2011-ci il tarixdə 35000,0 manat, xx.xx.2012ci il tarixdə 40000,0 manat, 19.01,2012-ci il tarixdə 5000,0 manat və xx.xx.2012- ci il tarixdə 5000,0 manat məbləğində olmaqla ümumilikdə 147084,0 manat məbləğində “əlavə dəyər vergisi” dövlət büdcəsinə ödənilmişdir. 2011-ci ildə vergi ödəyicisində vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlamasının nəticəsinə dair qəbul edilmiş xx.xx.2011-ci il tarixli **********504624 nömrəli qərar əsasında vergi ödəyicisinə hesablamalar edilmiş, həmin qərar vergi orqanının xx.xx.2012- ci il tarixli **********541894 nömrəli qərarına əsasən ləğv edilmiş və vergi ödəyicisinin şəxsi hesab vərəqəsində xx.xx.2012-ci il tarixə 103692,50 manat məbləğində artıq ödənilmiş vergi məbləği yaranmışdır. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsində qeyd olunan artıq ödəmə məbləği yarandıqdan sonra vergi ödəyicisində keçirilmiş səyyar və kameral vergi yoxlamaları, operativ vergi nəzarəti tədbirləri, vergi ödəyicisinin vergi orqanına təqdim etdiyi bəyannamələr əsasında hesablanmış vergi məbləğləri, həmçinin şəxsi hesab vərəqəsində aparılmış digər əməliyyatlar nəticəsində azalmışdır. "xxxx" MTK-nın şəxsi hesab vərəqəsindən də göründüyü kimi xx.xx.2020- ci il tarixə mövcüd olan 44064,06 manat məbləğin 44014,06 manat məbləğində olan artıq ödənilmiş vergi məbləği hissəsi Vergi Məcəlləsinin 85.5-ci maddəsinin tələblərinə uyğun olaraq vergi ödəyicisinin şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi’’nə keçirilmişdir.
52. Cavabdeh xx.xx.2012-ci il tarixdə vergi ödəyicisinin 103.692,50 manat məbləğdə artıq ödəməsinin yarandığını və həmin tarixdən sonra yaranmış vergi öhdəlikləri üzrə hesablaşmalar aparılmaqla xx.xx.2020-ci il tarixə iddiaçının 44.014,06 manat məbləğdə artıq ödəməsinin qaldığını və həmin məbləğin xx.xx.2020-ci il tarixdə Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”nə keçirildiyini bildirərək, xx.xx.2012-ci il tarixdən hesablanmaqla iddiaçının artıq ödənilmiş vergilərin, fazilərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malik olduğunu, hazırda isə artıq ödəmə məbləğinin yarandığı tarixdən 9 ildən artıq müddət keçdiyini əsas gətirərək öz mövqeyini əsaslandırsa da, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı MTKya aid şəxsi hesab vərəqəsindən çıxarışa görə artıq ödəmənin yarandığı tarixdən 5 il keçdikdən, yəni xx.xx.2017-ci il tarixdən sonra, xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək müxtəlif tarixlərdə hesablama və azalma əməliyyatları aparıldığının və sonuncu tarixə 44.014,06 manat artıq ödəmə yarandığı müəyyən edilir. Yəni, cavabdeh öz mövqeyini müddətin keçməsi ilə əsaslandırsa da, vergi orqanının özü tərəfindən müxtəlif tarixdə azalmalar verilməklə əvəzləşdirmə əməliyyatları həyata keçirilmiş, son nəticədə xx.xx.2020-ci il tarixə 44.014,06 manat artıq ödəmə yaranmışdır. Həmçinin, şəxsi hesab vərəqəsinə baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə ödəniş edilmiş, həmin məbləğ də, iddiaçının şəxsi hesab vərəqəsində qeyd edilmiş artıq ödəmə məbləğinin üzərinə əlavə edilməklə 44.064,06 manat artıq ödəməsinin olduğu göstərilmişdir. Belə olan halda cavabdeh tərəfindən artıq ödəmənin yarandığı tarix düzgün müəyyən edilməmiş, bu isə əsassız olaraq müddət tətbiq edilməklə iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmışdır. Əgər cavabdeh müddətin keçdiyinə istinad edirsə, vergi orqanı tərəfindən də yaranmış artıq ödəməyə münasibətdə heç bir əməliyyat aparılmamalı idi.
53. Eyni zamanda cavabdeh etirazında iddia olunan məbləğin vergi orqanı tərəfindən vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən silinmədiyini, şəxsi hesab vərəqəsindən də göründüyü kimi, 44.014,06 manat məbləğin hal-hazırda vergi ödəyicisinin şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”ndə mövcud olduğunu bildirmişdir.
54. Qeyd edilməlidir ki, iddiaçının xx.xx.2012-ci il tarixdə 103.692,50 manat məbləğdə artıq ödəməsi yaranmış, həmin tarixdən sonra yaranmış vergi öhdəlikləri üzrə hesablaşmalar aparılmaqla xx.xx.2020-ci il tarixə iddiaçının 44.014,06 manat məbləğdə artıq ödəməsi qalmışdır. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazında və apellyasiya şikayətində vergi ödəyicisi olan İddiaçı MTK-nın 5 il ərzində artıq ödənilmiş vergilərin tələb edilməsi barədə müraciət etmədiyini əsas gətirsə də, işdən göründüyü kimi həm İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə 50 manat məbləğində ödəniş edilmiş, həmn də vergi orqanı iddia etdiyi xx.xx.2017ci il tarixdən 3 il sonra (vergi ödəyicisinin artıq ödənilmiş vergilərin tələb edilməsi ilə bağlı müraciət müddətinin bitdiyi vaxt) qalan 44,014,06 manat məbləğin “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”nə keçirildiyini bildirmişdir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək müxtəlif tarixlərdə hesablama və azalma əməliyyatları aparılmış və sonuncu tarixə 44.014,06 manat artıq ödəmə yarandığı müəyyən edilmişdir. Belə ki, cavabdeh inzibati orqan iddiaçının artıq ödənilmiş vergilərin tələb edilməsi ilə bağlı müəyyən edilmiş 5 il müddətin xx.xx.2017-ci il tarixdə bitdiyini göstərsə də, cavabdeh tərəfindən təqdim edilmiş arayışdan görünür ki, xx.xx.2018-ci il tarixdə səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələri üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixdə qərar qəbul edilmişdir. Həmin qərar üzrə vergi ödəyicisinə əlavə vergi məbləğlərinin və maliyyə sanksiyaları hesablanmışdır.
55. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi kollegiya tərəfindən verilmiş vergi orqanı tərəfindən hansı səbəbə görə vergi ödəyicisinin artıq ödənilmiş vergi məbləğinin 2017-ci il tarixdə yox, 2020-ci il tarixdə “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”nə keçirilməsi ilə bağlı sualına bu halın texniki səhvlə əlaqədar baş verdiyini bildirsə də, hansı texniki səhvə görə baş verdiyi ilə bağlı heç bir açıqlama verə bilməmişdir. Halbuki, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə səyyar vergi yoxlaması keçirilmiş və bundan başqa 2019-cu il üzrə azalmalarla bağlı aparılan hesabatlar 2012-ci il tarixdə yaranmış artıq ödənilmiş vəsaitdən silinmişdir.
56. Belə olan halda kollegiyanın qənaətinə görə, inzibati orqanın yuxarıda qeyd edilən hərəkəti ona əsas verir ki, iddiaçının son dövrdəki hesabatı üzrə artıq ödənilmiş məbləğ nəzərə alınaraq “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”nə keçirilməmiş və bununla da vergi yoxlamaları və azalmalar üzrə ödənişlər 2012-ci il üzrə yaranmış artıq ödənişlərdən hesablanmışdır.
57. Belə ki, vergi dövrü dedikdə vergi öhdəliyinin subyektin maliyyə-təsərrüfat fəaliyyətinin müddət olaraq hansı hissəsi üzrə müəyyənləşdirilməsi (məsələn, il, rüb, ay) nəzərdə tutulur. Belə olan halda vergi orqanı tərəfindən sonuncu azalmanın xx.xx.2019-cu il tarixdə, iddiaçının xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müraciətlərindən sonra verildiyi, artıq ödəmə üzrə son hesablama əməliyyatının isə xx.xx.2020-ci il tarixdə aparıldığı nəzərə alınmaqla, cavabdeh tərəfindən vergi dövrünün düzgün müəyyən edilmədiyi öz təsdiqini tapır.
58. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, göstərilənlərlə yanaşı cavabdehin hərəkətləri məhkəmə tərəfindən faktiki olaraq iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir, cavabdehin imtinası iddiaçının mülkiyyət hüququndan məhrum edilmədiyi maliyyə vəsaitləri üzərində sərbəst sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirməsini məhdudlaşdırır.
59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2-1(116)-427/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.