Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-269/2023 31.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçı Yüzbaşıyev Həmid Əli oğlunun, onun vəkili Vəkil1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Yüzbaşıyev Həmid Əli oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “daxili işlər orqanından xidmətdən xaric edilməyi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 01 avqust 2022-ci il tarixli, Ə437-001-22 nömrəli əmrin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 07 fevral 2023-ci il tarixli, 2-1(116)-312/2023 nömrəli qərarından iddiaçı Yüzbaşıyev Həmid Əli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daxili işlər orqanından xidmətdən xaric edilməyi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 01 avqust 2022-ci il tarixli, Ə437-001-22 nömrəli əmrin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1978/2022 nömrəli qərardadı ilə Balakən Rayon Polis Şöbəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
3. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, 2016-cı ildən Balakən Rayon Polis X1 Xidmətinin polis nəfəri olaraq, “polis serjantı” rütbəsi ilə fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 01 avqust 2022-ci il tarixli, Ə437-001-22 nömrəli əmrinə əsasən Daxili İşlər orqanlardından xidmətdən xaric edilmişdir. İddiaçı hazırki ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 01 avqust 2022-ci il tarixli, Ə437-001-22 nömrəli əmrinin ləğv edilməsini Məhkəmədən xahiş edir.
4. Cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçı H.Yüzbaşıyev xx.xx.2022-ci il tarixdə “Kütləvi iğtişaşların qarşısının alınması üzrə təlim məşqlərinin keçirilməsi haqqında” DİN-in xx.xx.2022-ci il tarixli Ə193-001-22 nömrəli Əmrinin tələblərinə uyğun olaraq Şəki şəhərində keçirilən təlimlərə əvvəlcədən məlumat vermədən və heç bir səbəb göstərmədən gəlməmişdir. Onunla dəfələrlə telefon vasitəsilə əlaqə yaradılmağa çalışılsa da telefona cavab verməmiş və hər hansı formada əlaqə saxlamaq mümkün olmamışdır. Təlim məşqlərinə gəlməməyinə aydınlıq gətirmək məqsədilə Balakən RPŞ-nin xidmət üzrə rəis müavini E.Zamanov və həmin ünvanı tanıyan polis nəfərləri - Əsəbəli Qarakişiyev, İbrahim Yolçuyev, Cuma Mamedov, Fərid Əliyev ilə iddiaçının yaşadığı ünvana getmişlər. Həmin vaxt onun evdə olduğu və mobil telefona cavab vermədiyi məlum olmuşdur. Polis əməkdaşlarını yaşadığı ünvanda gördükdə o, E.Zamanova qarşı kobudluq və hörmətsizlik nümayiş etdirərək heç bir səbəb göstərmədən təlimə gəlməyəcəyini aşkar şəkildə bildirmişdir. Həmin tarixdə iddiaçı H.Yüzbaşıyev mülki geyimdə şöbənin həyətində keçirilən təlimata yaxınlaşaraq, subordinasiya qaydalarını gözləmədən birbaşa xidmət üzrə rəis müavini E.Zamanovun üzərinə gedərək ucadan səs-küy salmışdır. E.Zamanov və komandirləri tərəfindən İddiaçı nizam intizama dəvət edilsə də o, iradlardan düzgün nəticə çıxartmayaraq təkrar kobudluğa vol verərək polis əməkdaşının adına və polis etikasına zidd hərəkətlərə yol vermişdir. Araşdırma zamanı izahatları alınmış polis baş serjantı Vidadi İbrahimov, polis serjantı Əsəbəli Qarakişiyev, polis serjantı İbrahim Yolçuyev, polis serjantı Fərid Əliyev, polis baş serjantı Cuma Mamedov, polis serjantı Şamil Dibirov, polis serjantı Şamil Nooyev, polis serjantı Rüstəm Musayev İddiaçı intizamsız hərəkətlərini təsdiq edərək müvafiq izahatlar vermişlər. Əlavə olaraq. İddiaçı xidməti dövründə dəfələrlə nizam intizam qaydalarını pozduğuna görə xx.xx.2019-cu il tarixli ə133-109-19 nömrəli əmrlə “Şiddətli töhmət", xx.xx.2020-ci il tarixli Ə5- 109-20 nömrəli əmrlə “Xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq", xx.xx.2021-ci il tarixli Ə123-001-22 nömrəli əmrlə “Şiddətli töhmət" elan edilmiş, lakin o, intizam tənbehlərindən nəticə çıxartmamışdır. Qeyd olunanlara əsasən, İddiaçı xx.xx.2022-ci il tarixli, Ə437-001-22 saylı əmrlə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İddiaçının “xx.xx.2022-ci il tarixli Ə437-001-22 saylı əmrin ləğv edilməsi” tələbi əsassızdır və işdə olan sübutlarda bu öz əksini tapmışdır.Cavabdeh etiraz məktubunda iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı xidmət etmiş olduğu polis şöbəsinin rəhbərliyi tərəfindən ona qarşı qərəzli münasibət göstərildiyini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin vəkili etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin 07 fevral 2023-ci il tarixli, 2-1(116)-312/2023 nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilməmişdir.
9. İddiaçı Yüzbaşıyev Həmid Əli oğlu apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 07 fevral 2023-ci il tarixli, 2-1(116)-312/2023 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. İddiaçı Yüzbaşıyev Həmid Əli oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 01 avqust 2022-ci il tarixli, Ə437-001-22 nömrəli əmrinin qanunsuz olub-olmamasını araşdırmaq əvəzinə, cavabdeh inzibati orqanın mövqeyini möhkəmləndirmək üçün əvvəllər verilmiş inzibati tənbeh tədbirlərini qabardmaq istəmişdir. Halbu ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 01 avqust 2022-ci il tarixli, Ə437- 001-22 nömrəli əmrində qeyd olunur ki, o, xx.xx.2022-ci il tarixdə "Kütləvi iğtişaşların qarşısının alınması üzrə təlim məşqlərinin keçirilməsi haqqında" DİN-in xx.xx.2022-ci il tarixli Ə193-001-22 nömrəli Əmrinin tələblərinə uyğun olaraq Şəki şəhərində keçirilən təlimlərə əvvəlcədən məlumat vermədən və heç bir səbəb göstərmədən gəlməmişdir. Hansı ki, məhkəmə araşdırması zamanı sübut olundu ki, o, həmin gün xəstəliyi ilə əlaqədar olaraq üzürlü olaraq Şəki şəhərində keçirilən təlimdə iştirak etməmişdir. İşdə olan "Əmək fəaliyyətinin olmaması vərəqəsindən" də göründüyü kimi, o, səhəti ilə əlaqədar olaraq xx.xx.2022- ci il tarixdən - xx.xx.2022-ci il tarixinədək əmək fəaliyyəti ilə məşğul ola bilməzdi. Bütün bunlar isə onu deməyə əsas verir ki, Şəki İnzibati Məhkəməsi qanunsuz və əsassız olaraq, o cümlədən, birtərəfli qaydada işi araşdıraraq iddiamın təmin olunmaması barədə qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 07 fevral 2023-ci il tarixli, 2-1(116)-312/2023 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Yüzbaşıyev Həmid Əli oğlu və vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını və Şəki İnzibati Məhkəməsinin 07 fevral 2023-ci il tarixli, 2- 1(116)-312/2023 nömrəli qərarının ləğv edilməsini xahiş etdilər.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 07 fevral 2023-ci il tarixli, 2-1(116)-312/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs Balakən rayon Polis şöbəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.
14. Məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
15. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli Ə-437001-22 nömrəli Əmrinin təsdiqlənmiş surətindən görünür ki, Balakən Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Yüzbaşıyev Həmid Əli oğlu rayon polis şöbəsinin xx.xx.2022-ci il tarixli Ə123109-22 nömrəli əmri ilə ona elan edilmiş "şiddətli töhmət" intizam tənbehi nəzərə alınmaqla "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 9-cu və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. - Balakən Rayon Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli Ə-133-109-19 nömrəli Əmrinin təsdiqlənmiş surətindən görünür ki, Balakən Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Yüzbaşıyev Həmid Əli oğlu barəsində “xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehi tətbiq edilmişdir. - Balakən Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli Ə-109-20 nömrəli Əmrinin təsdiqlənmiş surətindən görünür ki, Balakən Rayon Polis Şöbəsinin post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Yüzbaşıyev Həmid Əli oğlu barəsində “şiddətli töhmət” intizam tənbehi tətbiq edilmişdir. - Balakən Rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli Ə-64-109-21 nömrəli Əmrinin təsdiqlənmiş surətindən görünür ki, Balakən Rayon Polis Şöbəsinin post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Yüzbaşıyev Həmid Əli oğlu barəsində “töhmət” intizam tənbehi tətbiq edilmişdir. - Balakən Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli Ə-123-001-22 nömrəli Əmrinin təsdiqlənmiş surətindən görünür ki, Balakən Rayon Polis Şöbəsinin post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Yüzbaşıyev Həmid Əli oğlu barəsində “şiddətli töhmət” intizam tənbehi tətbiq edilmişdir. - Balakən Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli Ə-169-109-22 nömrəli Əmrinin təsdiqlənmiş surətindən görünür ki, Balakən Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Yüzbaşıyev Həmid Əli oğlu barəsində xidməti araşdırma aparıldığı müddətdə xidmətdən müvəqqəti olaraq (2 aydan artıq olmayaraq) kənarlaşdırılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
17. “Polis haqqında” Qanunun: 13-cü maddəsinin İ hissəsinin 7-ci bəndinə əsasən polis əməkdaşı səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək polis əməkdaşının vəzifəsidir. 13-cü maddəsinin V hissəsinə əsasən polis əməkdaşı həmçinin tabeçilik üzrə yuxarı rəisin əmr və göstərişlərini icra etməyə borcludur. 33-cü maddəsinin İİ hissəsinin 3-cü bəndinə əsasən polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə intizam məsuliyyətinə cəlb edilir. 34-cü maddəsinin İİİ hissəsinə əsasən polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir.
18. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin: 135-ci maddəsinin 9-cu və 10-cu bəndlərinə əsasən polis əməkdaşları daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə və intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda daxili işlər orqanlarında xidmətdən xaric edilə bilərlər. 108-ci bəndinə əsasən daxili işlər orqanlarında xidməti intizam - əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. 114-cü maddəsinə əsasən xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 1) məzəmmət; 2) töhmət; 3) şiddətli töhmət; 4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 6) xüsusi rütbənin bir pillə aşağı salınması; 7) xidmətdən xaric edilmə.
19. “Polisin etik davranış kodeksinin: Maddə 9. Çalışqanlığı, intizamlığı və təşəbbüskarlılığı xidmətin əsas meyarları kimi qəbul etməli, rəislərin (komandirlərin), yaşda və rütbədə özündən böyük həmkarlarının, habelə vətəndaşların irad və tənqidini səmimi qəbul etməli, onlardan düzgün nəticə çıxarmalı, riyakarlıqla özünü doğrultmağa yox, səhvlərini düzəltməyə çalışmalıdır. Xidməti geyim formasını şərəf və ləyaqətlə daşımalı, öz xarici görkəminə diqqətlə yanaşmalı, hər zaman səliqəli olmalı, davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərməlidir. Maddə 10. Azərbaycan Respublikası daxili işlər orqanlarında mövcud olan vətənpərvərlik, yoldaşlıq və qarşılıqlı yardım, cəsurluq və təmənnasızlıq, alicənablılıq və fədakarlıq, xidməti borca sədaqət və peşəkarlıq, xeyirxahlıq və veteranlara hörmət ənənələrini qorumalı və inkişaf etdirməlidir. Maddə 14. İş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzürsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməlidir. Birbaşa rəislərinin ilk çağırışı ilə, eləcə də, təbii fəlakətlər, geniş miqyaslı texnogen qəzalar, yanğınlar, iğtişaşlar və sair fövqəladə hadisələr baş verdikdə çağırışsız xidmət yerinə gəlməlidir. Xidmətdə olarkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməlidir. Maddə 22. Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur.
20. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir Maddə 64.1 İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
22. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).
23. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.
24. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, əmrin ləğvi ilə bağlı iddia ərizəsini xx.xx.2022-ci il tarixində məhkəməyə vermişdir.
25. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi).
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunmuşdur ki, iddiaçı xidməti dövründə dəfələrlə nizam intizam qaydalarını pozduğuna görə xx.xx.2019-cu il tarixli Ə- 133-109-19 nömrəli əmrlə “Şiddətli töhmət", xx.xx.2020-ci il tarixli Ə5-109-20 nömrəli əmrlə “Xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq", xx.xx.2021-ci il tarixli Ə123- 001-22 nömrəli əmrlə “Şiddətli töhmət" elan edilmiş, lakin o, intizam tənbehlərindən nəticə çıxarmamışdır.İddiaçı yuxarıda qeyd olunan intizam tənbeh tədbirlərini mübahisələndirməmişdir.
28. Digər tərəfdən iddiaçının birinci instansiya məhkəməsinin iclasında bildirdiyi xidmət etdiyi polis şöbəsinin rəhbərliyi tərəfindən ona qarşı qərəzli münasibət göstərildiyinə dair izahatına münasibətdə məhkəmə qeyd edir ki,iddiaçı xidmət yerinin dəyişdirilməsi barədə müraciət etməmişdir.Həmçinin, onun barəsində olan intizam tənbeh tədbirlərindən görünür ki, xx.xx.2019-cu il tarixli Ə-133-109-19 nömrəli əmrlə “Şiddətli töhmət" barədə intizam tənbehi Şöbənin əvvəlki rəhbərliyi tərəfindən tətbiq edilmişdir.
29. Məhkəmə kollegiyasının araşdırması zamanı iddiaçının istinad etdiyi hallar təsdiqini tapmamış, əksinə cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xidməti araşdırma materialı ilə iddiaçının “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin tələblərini pozması, cavabdehin “Polis haqqında” Qanunun və “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin tələblərinə uyğunluğu müəyyən olunmuşdur. İddiaçı inzibati orqanda aparılan araşdırma çərçivəsində verdiyi izahatında da, yol vermiş olduğu pozuntuları etiraf etmiş, bunu öz imzası ilə təsdiq etmişdir. İddiaçının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə rəy və xidmət göstəricilərinə dair arayışda da iş göstəricilərinin tələblərə uyğun olmadığı qeyd edilmişdir.
30. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının vəzifəsindən azad edilməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.1), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin mübahisəli əmri qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır (İPM-70.1), əmr cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsi)
31. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə əmrin qanuni və əsaslı olması müəyyən olunmuş, cavabdeh orqan əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir.
33. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçı Yüzbaşıyev Həmid Əli oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “daxili işlər orqanından xidmətdən xaric edilməyi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 01 avqust 2022-ci il tarixli, Ə437-001-22 nömrəli əmrin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir
34. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı Yüzbaşıyev Həmid Əli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 07 fevral 2023-ci il tarixli, 2-1(116)-312/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.