Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-27/2021 01.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "ünvan 1i ünvanda yerləşən 1,03 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıtələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1100/2020 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı ünvan 1ində yerləşən, 2.26 ha torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata alaraq adına Dövlət Reyestrindən Çıxarış verilməsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin Oğuz rayon şöbəsindən xahiş etmişdir. Lakin araşdırma nəticəsində aydın olmuşdur ki, torpaq islahatı zamanı onlara verilmiş həmin torpaq sahəsi onun və ailə üzvlərinin adına yazılsa da, qanuni istifadəsində olan həmin 2.26 ha torpaq sahəsindən 0.08 ha hissəsinə JN-743 nömrəli Dövlət Aktı hazırlanmışdır. Qeyd edir ki, sonradan 1.15 ha torpaq sahəsinə 085240A, 085366A və 085384A saylı Torpaq sahəsinin planı və ölçüsü sənədləri hazırlanmışdır. Ona görə də torpaq islahatı zamanı ünvan 1i üzrə torpaq payı alan subyektlərin siyahısının, Oğuz rayonu X2 Aqrar İslahat Komissiyasının qərarının və həmin qərarın təsdiq olunması barədə Oğuz Rayon Aqrar İslahat Komissiyasının qərarının təsdiq olunmuş surətlərinin ona göndərilməsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən xahiş etmişdir. Xidmətdən iddiaçıya göndərilən xx xxx 2020-ci il tarixli **********91 nömrəli cavab məktubunda 5 nəfər ailə üzvlərinin adına 0.10 ha qanuni istifadədə, 2.00 ha faktiki torpaq sahəsinin qeyd edildiyi bildirilmişdir. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinə müraciət edərək faktiki istifadələrində olan torpaq sahəsini mülkiyyət hüquqularının qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. İddiaçıya idarədən verilmiş cavab məktubunda onun müraciətinin 1.03 ha hissəsinə aid xahişi icra olunmasından imtina edilmiş, qalan 1.23 ha torpaq sahəsinə isə hüquq müəyyənedici sənədlər olduğuna görə qeydiyyata alınmasına maneə olmadığını bildirmişlər. Buna görə də ünvan 1i ünvanda yerləşən 1,03 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin torpaq sahələri hal-hazırda da iddiaçı və ailəsinin istifadəsindədir. Cavabdehin etirazı: İddiaçı Təqdim olunmuş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair qeydiyyat üçün əsas olan hüquqmüəyyənedici sənəd təqdim etməmiş və bu səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Eyni zamanda qeyd etmək istəyirik ki, İddiaçı ilə əməkdaşlarımız əlaqə saxlamışdır. İddiaçı faktiki olaraq torpaq sahəsində istifadə etmir və ümumiyyətlə torpaq sahəsinin yerini tanımır. Bu səbəbdən də iddia edilən torpaq sahəsi barədə müfəssəl məlumatlar əldə etmək mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci məddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12.1ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, ınəhdudlaşdırılmasım (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1100/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "ünvan 1ində yerləşən 1,03 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qeyd edilən qərarı maddi-hüquq normalarını düzgün tətbiq etməməklə, prosessual-hüquq normalarının tələblərini pozmaqla həmçinin işin faktiki hallarına düzgün qiymət vermədən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan, birtərəfli araşdırma aparılmaqla qəbul edildiyindən həmin qərar qanunsuz və əsassızdır və ona görə də ləğv olunmalıdır.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.Şəki İnzibati Məhkəməsi isə qeyd olunan maddələrin tələblərini pozmuş, iş üzrə mübahisəli hüquq münasibətlərini tənzimləyən hüquq normalarına dəqiq riayət etməmiş, tətbiq edilməli olan qanun və normativ aktları tətbiq etməmişdir.Hazırki işin materiallarına əsasən bildirmişdir ki, onun şikayətinin, iş üzrə verdiyi izahatlarının və irəli sürdüyü dəlillərin, o cümlədən şikayətinin müəyyən edilməsi ilə əlaqədar təqdim etdiyi əlavə sübutların əsasını ailə üzvlərinin adına olan torpaq sahəsinə mülkiyyət sənədi almaq üçün mövcud olan maneələrin aradan qaldırılması təşkil edir. Birinci instansiya məhkəməsi nəinki mübahisələndirilən torpaq sahəsinin hüquqi statusunu müəyyənləşdirməmiş, əksinə qərarın qəbul olunması üçün əsas kimi qeyd edilmiş dəlilləri cavabdehin xeyrinə izah etməyə çalışmış, dəqiq araşdırma aparmadan qanun və normativ aktları səhv təfsir edərək hazırda şikayət olunan qanunsuz və əsassız qərarı qəbul etmişdir.Birinci instansiya məhkəməsi qərarında həmin torpaq sahəsinin harada yerləşməsini müəyyən etməmiş, həmin torpaq sahəsinin yeri ilə bağlı təqdim etdiyim sənədləri nəzərə almamışdır. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1100/2020 nömrəli qərarının ləğv edilməsini və işə yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1100/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara AZE seriyalı ******** nömrəli, AA seriyalı ******* nömrəli, AA seriyalı ******* nömrəli, AZE seriyalı 14319444 və AZE seriyalı 14316167 nömrəli şəxsiyyət vəsiqələrin surətləri, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2020ci il tarixli **********57 nömrəli imtina məktubu və xx.xx.2020-ci il tarixli **********91 nömrəli məktubu, Oğuz Rayon Aqrar İslahat Komissiyasının iclas protokolunun təsdiqlənmiş surəti, Oğuz Rayon Kərimli kənd inzibati ərazi vahidi üzrə pay alaçaq olan vətəndaşların siyahısının təsdiqlənmiş surəti, JN-7xx xxx 40504018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı, Oğuz rayon Kərimli Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli aktı, Oğuz Rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli məktubu, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A seriyalı 085240 nömrəli torpaq sahəsinin planı və ölçüsü, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A seriyalı 085366 nömrəli torpaq sahəsinin planı və ölçüsü, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A seriyalı 085384 nömrəli torpaq sahəsinin planı və ölçüsü, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli **********81 nömrəli məktubu, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********49 nömrəli etirazı, DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********58 nömrəli aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********57 nömrəli cavabdehin iddiaçıya qarşı göndərilən imtina məktubundan görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 68 saylı qərarı ilə Sizə 0,39 ha, 0,46 ha və 0,29 ha həyətyanı torpaq sahələrinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi təıəfındən “Torpaq sahəsinin planı və ölçüsü” hazırlanmışdır. Qeyd olunan sənədlərin bir nüsxələri Ərazi İdarəsinin arxivində mövcuddur. Ərizənizdə qeyd olunan və çatışmayan 1,03 ha torpaq sahəsinə heç bir hüquq müəyyənedici sənəd təqdim etmədən qeydiyyata alınması mümkün deyildir. İş materiallarında olan Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 68 saylı iclas protokolunun çıxarışından görünür ki, Oğuz Rayon Kərimli kənd Aqrar İslahat Komissiyasının qərar təsdiq edilsin. 2.Oğuz Rayon Kərimli kəndində özəlləşdirilərək torpaq paylarının bölünüb rəsmiləşdirilməsinə köməklik göstərilməsi respublika Aqrar-İslahat komissiyacından xahiş edlsin. 3. Qərardan irəli gələn yerquruluşu işlərinin yerinə yetirilməsinə köməklik göstərilsin. Respublika Torpaq Komitəsindən xahiş edilsin. 4.Sənədləmə işinin təşkil olunması Oğuz Rayon Torpaq Şöbəsinə tapşırılsın. İş materiallarında olan JN-7xx xxx 40504018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktından müəyyən edilir ki, həmin Aktda Oğuz rayonu AİK-nın xx xxxxxx 1997ci il tarixli 68 nömrəli qərarı ilə verilən 0.08 ha torpaq sahəsinin mülkiyyətçisinin ailə tərkibində İddiaçıadı qeyd olunmuşdur. İş materiallarında olan Oğuz rayon Kərimli Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli aktdan görünür ki, Kərimli kənd sakini İddiaçı Oğuz rayon İcra Hakimiyyətinə onların ailə üzvlərinə düşən pay torpağının normadan az olduğunu bildirərək şikayət etmişdir. Həmin şikayətlə əlaqədar həm bələdiyyədə, həm də Oğuz rayon Torpaq və Xəritəçəkmə Şöbəsində araşdırma aparılmışdır. Nəticədə Oğuz rayon İcra Hakimiyyəti xx.xx.2009-cu il tarixli XV12.09 saylı məktubla bildirmişdir ki, Nazarovanın ailəsinə 1.03 hektar torpaq sahəsi əksik verilmişdir. Həmin əksik torpaq sahəsinin həll olunmasını bələdiyyədən xahiş olunmuşdur. Bütün bunları nəzərə aiaraq və ailə başçısının əlil olduğunu nəzərə alaraq. Bələdiyyələrin statusu haqqında qanunun müvafiq maddəsini nəzərə alaraq icarə haqqı alınmadan müvəqqəti olaraq bələdiyyənin əkinə yararlı ehtiyat fond torpaqlarından 1.03 hektar həmin ailənin istifadəsini məsləhət bilirlər. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A seriyalı 085240 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 68 nömrəli qərarı ilə, 3909.9 kv.m həyatyanı torpaq sahəsi X1 adına xx.xx.2008-ci il tarixli 1389 nömrə ilə dövlət torpaq kadastrı kitabında uçota alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A seriyalı 085366 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 68 nömrəli qərarı ilə, 4668.51 kv.m həyatyanı torpaq sahəsi X1 adına xx.xx.2008-ci il tarixli 1515 nömrə ilə dövlət torpaq kadastrı kitabında uçota alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A seriyalı 085384 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 68 nömrəli qərarı ilə, 2958.58 kv.m həyatyanı torpaq sahəsi X1 adına xx.xx.2008-ci il tarixli 1533 nömrə ilə dövlət torpaq kadastrı kitabında uçota alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət vədigər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********49 nömrəli, məktubundan görünür ki, təqdim olunmuş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair qeydiyyat üçün əsas olan hüquqmüəyyənedici sənəd təqdim etməmiş və bu səbəbə görə də müraciətinin icrası tərəflərindən mümkün olmamışdır. İddiaçı faktiki olaraq torpaq sahəsində istifadə etmir və ümumiyyətlə torpaq sahəsinin yerini tanımır. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və onun mülkiyyət hüququnun Dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyənhərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1100/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1100/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-27/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-27/2021
01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver