Məhkəmə qərarları › İş №2-1(107)-27/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-27/2022

09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-27/2022 09.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Zərdab Bələdiyyəsinin 25.07.2007-ci il tarixli 06 nömrəli qərarı ilə Zərdab şəhəri 11-ci məhəllə ünvanında 25 nömrəli binanın qarşısında ona satılmış 0,002 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 03 avqust 2021-ci il tаrixli, 2- 1(116)-414/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı 2007-ci ildə ərizə ilə Zərdab Bələdiyyəsinə müraciət edərək, yaşadığı 25 nömrəli binanın qarşı hissəsindən torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Zərdab Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi 20.07.2007-ci il tarixli 202 nömrəli məktubla Zərdab Bələdiyyəsinə müraciət edərək, İddiaçı 0,002 ha torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi də Zərdab Bələdiyyəsinə rəy verərək, İddiaçı bələdiyyə fondundan ayrılacaq torpaq sahəsinin ona satılmasına etiraz etmədiyini bildirmiş, lakin həmin rəydə torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Zərdab Bələdiyyəsinin 25.07.2007-ci il tarixli 06 nömrəli qərarı ilə şəhərin 11ci məhəlləsindən 25 nömrəli binanın qarşı hissəsindən 0,002 ha torpaq sahəsinin dəyəri ödənilməklə qaraj tikintisi üçün İddiaçı satılması qərara alınmışdır. İddiaçı tərəfindən Zərdab Bələdiyyəsinin bank hesabına 03.08.2007-ci ildə 20 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi tərəfindən həmin 0,002 ha torpaq sahəsinin əks olunduğu yerquruluşu layihəsindən çıxarış tərtib edilmiş və bu sənəd Zərdab Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. İddiaçı sözügedən 0,002 ha torpaq sahəsinə çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 12.10.2020-ci il tarixli **********54 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılarkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Torpaqların alqı-satqısı qaydalarına uyğun olaraq "Torpaqların alqı-satqısına dair akt" tərtib edilməmişdir. Həmin çatışmazlıqları aradan qaldıraraq yenidən müraciət olunduğu təqdirdə hüquqların dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, cavabdehə təqdim etdiyi ödəmə qəbzi torpağın dəyərinin tam ödənildiyini təsdiq etməklə mülkiyyətçinin və alıcının alqısatqı barədə razılıqlarının olduğunu, Zərdab Bələdiyyəsi ilə aralarında mübahisənin olmadığını və tərtib olunmuş plan və cizgilərin alqı-satqının tam qanuni və qüvvədə olan prosedurlar əsasında aparıldığını təsdiq edir. Buna görə də cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatından imtinası qanunsuz olmaqla mülkiyyət hüquqlarını pozur. Cavabdeh iddiaya 25.01.2021-ci il tarixli **********26 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmiş və bildirmişdir ki, həmin torpaq sahəsinin cənub-şərq istiqamətindən 2,5 metr, cənub-qərb istiqamətindən 0,8 metr məsafədən yüksək gərginlikli elektrik xətti keçir, həmin torpaq sahəsi Zərdab Mollakənd yolunun mərkəz oxundan 15 metr, çoxmənzilli yaşayış binasından 9,5 metr məsafədə yerləşir. Bundan sonra Şəki İnzibati Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2-1(116)414/2021 saylı qərardadı ilə Zərdab Bələdiyyəsi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs Zərdab Bələdiyyəsi iddiaya qarşı rəsmi münasibət (etiraz) bildirməmişdir. Şəki İnzibati Məhkəməsinin (hаkim Vidadi Qasımov) 03 avqust 2021-ci il tаrixli, 2- 1(116)-414/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı "Zərdab Bələdiyyəsinin 25.07.2007-ci il tarixli 06 nömrəli qərarı ilə Zərdab şəhəri 11-ci məhəllə ünvanında 25 nömrəli binanın qarşısında ona satılmış 0,002 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməmiş, prosessual xərclər İddiaçı aid edilmiş və ondan 311 manat məbləğində pul alınaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır. İddiaçı Şəki İnzibаti Məhkəməsinin 03 avqust 2021-ci il tаrixli, 2-1(116)-414/2021 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunlа əsаslаndırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə iddianı rədd edərkən aşağıdakıları əsas tutmuşdur; “..Məhkəmə ilk növbədə iddiaçıya satılmış 0,002 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməli olması qənaətinə gəldi, ona görə də məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanırıda Əmlak Məsələləri Dövlət Xidmətinə bunula bağlı sorğu edilərək mütəxəssis rəyi alındı. Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 30.04.2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı adina tərtib edilmiş yerqurulıtşu planında kifayət qədər istinad nöqtələri və koordinatlar mövcud olmadığından faktiki istifadə edilən torpaq sahəsi ilə üst-üstə düşüb düşmədiyini müəyyən etmək nıümkün olmamışdır. Bundan başqa, həmin torpaq sahəsi naturada elektrik xəttinin (220kv) mühafizə zolağına düşür. Göründüyü kimi mütəxəssis rəyi ilə müəyyən edildi ki, İddiaçı Zərdab bələdiyyəsi tərəfindən satılmış 0,002 ha torpaq sahəsi elektrik xəttinin (220kv) mühafizə zolağına düşiir. Məhkəmənin 22.06.2021-ci il tarixli məktubu ilə üçüncü şəxs Zərdab bələdiyyəsinə sorğu edilərək bələdiyyənin 25.07.2007-ci il tarixli, 06 nömrəli qərarı ilə iddiaçıya satılmış və yerququluşu planında göstərilmiş 20 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının məhkəməyə təqdim olunması xahiş edilmiş, lakin Zərdab bələdiyyəsi 08.07.2021-ci il tarixli, 161 nömrəli cavab məktubunda bildirmişdir ki, bələdiyyədə koordinatları müəyyən edən texnologiya olmadığına görə torpaq sahəsinin yerini koordinatlarla göstərmək mümkiın olmadı..” Məhkəmənin həmin əsasla iddianın təmin edilməsindən imtina etməsi tam qanunsuzdur. Ona görə də, Şəki İnzibаti Məhkəməsinin 03 avqust 2021-ci il tаrixli, 2-1(116)-414/2021 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilərək Şəki İnzibati Məhkəməsinin 03 avqust 2021-ci il tаrixli, 2-1(116)- 414/2021 saylı qərarının ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxardılmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi hazırkı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdehin bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdehə müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmişdir. Birinci instansitya məhkəməsi mübahisəni cavabdehin xeyrinə həll etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2-ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir. İddiaçının apellyasiya şikayəti uğurlu sayılmır. Şikayət mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Zərdab Bələdiyyəsinin qərarı ilə satılmış torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas yoxdur, ona görə də iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyini əsaslı hesab edir. İş materiallarına əlavə edilmiş Zərdab Bələdiyyəsinin 25.07.2007-ci il tarixli 06 nömrəli qərarından görünür ki, şəhərin 11-ci məhəlləsindən 25 nömrəli binanın qarşı hissəsindən 0,002 ha torpaq sahəsinin dəyəri ödənilməklə qaraj tikintisi üçün İddiaçı satılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi tərəfindən Zərdab Bələdiyyəsinə verilmiş rəydən görünür ki, İddiaçı bələdiyyə fondundan ayrılacaq torpaq sahəsinin ona satılmasına etiraz etmədiyini bildirmişdir, lakin həmin rəydə torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi tərəfindən tərtib edilmiş və Zərdab Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş yerquruluşu layihəsindən çıxarışdan görünür ki, həmin sənəddə İddiaçı satılmış 0,002 ha torpaq sahəsi əks olunmuşdur. İş materiallarına əlavə edilmiş 03.08.2007-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Zərdab Bələdiyyəsinin bank hesabına 20 manat pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş cavabdehin 12.10.2020-ci il tarixli **********54 nömrəli imtina məktubundan görünür ki, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılarkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş Torpaqların alqı-satqısı qaydalarına uyğun olaraq "Torpaqların alqı-satqısına dair akt" tərtib edilməmişdir. Həmin çatışmazlıqları aradan qaldıraraq yenidən müraciət olunduğu təqdirdə hüquqların dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır. İş materiallarına əlavə edilmiş cavabdehin 11.03.2021-ci il tarixli **********11 nömrəli məktubundan görünür ki, həmin torpaq sahəsinin cənub-şərq istiqamətindən 2,5 metr, cənub-qərb istiqamətindən 0,8 metr məsafədən yüksək gərginlikli elektrik xətti keçir, həmin torpaq sahəsi Zərdab-Mollakənd yolunun mərkəz oxundan 15 metr, çoxmənzilli yaşayış binasından 9,5 metr məsafədə yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.06.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"na əsasən, gərginliyi 10 kvt olan elektrik naqillərinin 10 metr mühafizə zonası müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. İşdən göründüyü kimi, torpaq sahəsi iddiaçıya satılan zaman Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi tərəfindən 0,002 ha torpaq sahəsinin əks olunduğu yerquruluşu layihəsindən çıxarış tərtib edilmiş və bu sənəd Zərdab Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçıya satılmış 0,002 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu verərək mütəxəssis rəyi almışdır. Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş 30.04.2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı adına tərtib edilmiş yerquruluşu planında kifayət qədər istinad nöqtələri və koordinatlar mövcud olmadığından faktiki istifadə edilən torpaq sahəsi ilə üst-üstə düşübdüşmədiyini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, həmin torpaq sahəsi naturada elektrik xəttinin (220 kv) mühafizə zolağına düşür. Birinci instansiya məhkəməsinin 22.06.2021-ci il tarixli məktubu ilə üçüncü şəxs Zərdab bələdiyyəsinə sorğu edilərək bələdiyyənin 25.07.2007-ci il tarixli 06 nömrəli qərarı ilə iddiaçıya satılmış və yerquruluşu planında göstərilmiş 20 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının məhkəməyə təqdim olunması xahiş edilmiş, lakin Zərdab Bələdiyyəsi 08.07.2021-ci il tarixli 161 nömrəli cavab məktubunda bildirmişdir ki, bələdiyyədə koordinatları müəyyən edən texnologiya olmadığına görə torpaq sahəsinin yerini koordinatlarla göstərmək mümkün olmadı. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 21 fevral 2022-ci il tarixli **********15 saylı cavab məktubunda göstərilmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində aid olub, yaşayış məntəqələrinin hüdudları daxilində, çoxmərtəbəli yaşayış binalarının ümumi istifadəsində olan torpaq sahəsidir. Eyni zamanda, həmin torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli (220 kv) elektrik xəttinin mühafizə zolağında yerləşir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Göründüyü kimi, mütəxəssis rəyi ilə müəyyən edilir ki, İddiaçı Zərdab Bələdiyyəsi tərəfindən satılmış 0,002 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün deyil, onun faktiki istifadə etdiyi 0,002 ha torpaq sahəsi isə elektrik xəttinin (220 kv) mühafizə zolağına düşür. Həmçinin, müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində aid olub, yaşayış məntəqələrinin hüdudları daxilində, çoxmərtəbəli yaşayış binalarının ümumi istifadəsində olan torpaq sahəsidir. Yəni bələdiyyə öz mülkiyyətində olmayan torpaq sahəsini satmışdır. Bundan başqa birinci instansiya məhkəməsi iddiaçının "Torpaqların alqı-satqısına dair akt" təqdim etməməsi məsələsi ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 15.02.2016-cı ilədək qüvvədə olmuş "Torpaqların alqı-satqısı qaydaları"nın 8-ci bəndinin iyirmi dördüncü abzasının 08.07.2014-cü ilədək qüvvədə olmuş redaksiyasında deyilirdi ki, bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Lakin iddiaçı nə cavabdehə, nə də məhkəməyə belə bir akt təqdim edə bilmişdir. Belə olan halda, cavabdeh iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslı deyildir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 03 avqust 2021-ci il tаrixli, 2-1(116)-414/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar