Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-27/2023 27.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (Açar sözlər: torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala rayonu “Muxax” kolxozu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 02 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş mal damına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dаir” inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2-1(116)-440/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. Zaqatala rayonu "Muxax" kolxozunun xx.xx.1998-ci il tarixli 02 nömrəli qərarına əsasən, kolxozun fəaliyyəti dayandırılmış, kolxozun səlahiyyətləri yerli aqrar islahat komissiyasına (YAİK-ə) verilmiş, torpaq və əmlakın dəqiq inventarlaşdırılması, əmlakın qiymətləndirilməsi aparılmış, əmlakdan pay almaq hüququ olan subyektlərin sayı dəqiqləşdirilmiş və ümumi iclasda təsdiq edilmişdir.
2. Zaqatala rayonu Muxax kənd YAİK-in xx.xx.2000-ci il tarixli 17 nömrəli qərarı ilə camış fermasında yerləşən mal damının xüsusi mülkiyyətə paylamaq üçün ayrılması qərara alınmışdır.
3. Zaqatala rayonu Muxax YAİK tərəfindən xx.xx.2009-cu il tarixli "Əmlakdan pay haqqının verilməsi barədə akt" tərtib edilməklə mal damı İddiaçı verilmişdir.
4. Zaqatala rayonu Muxax YAİK tərəfindən təsdiq edilmiş xx.xx.2009-cu il tarixli 26 nömrəli qaimə ilə camış fermasında yerləşən mal damı İddiaçı verilmişdir.
5. Zaqatala rayonu Muxax kolxozunun YAİK tərəfindən İddiaçı adına camış fermasında yerləşən mal damı ilə əlaqədar xx.xx.2009-cu il tarixli "Əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə" verilmişdir.
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, sözügedən qeyriyaşayış binası (mal damı) üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixli **********20 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin Qanunun 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas sayılır. Lakin iddiaçının təqdim etdiyi “Əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə” xx.xx.2009-cu ildə qeydiyyata alınmışdır. Bu səbəbdən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır.
7. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Zaqatala Rayonu Muxax Bələdiyyəsinə qarşı "Zaqatala rayonu "Muxax" kolxozunun Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 02 nömrəli qərarına əsasən, mülkiyyətinə verilmiş mal damının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması və həmin mal damının yerləşdiyi torpaq sahəsinin və həmin damın ətrafında olan əvvəlki torpaq sahəsinin onun mülkiyyətinə verilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Zaqatala rayon "Muxax" kolxozunun mülkiyyətində olan mal damı onun mülkiyyətinə verilmiş, o, mal damının dəyərini həmin dövrdə olan qiymətlə tam həcmdə ödəmişdir. Lakin həmin mal damının yerləşdiyi torpaq sahəsi və onun kənarında olan torpaq sahəsi onun razılığı olmadan başqa şəxsə verilmiş, buna görə də o, həmin mal damını öz adına rəsmiləşdirə bilməmişdir.
9. Bundan sonra iddiaçı iddiasını dəyişdirərək birinci instansiya məhkəməsinə yeni iddia ərizəsi göndərmişdir. O, həmin iddia ərizəsində cavabdeh kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsini və Zaqatala Rayonu Muxax Bələdiyyəsini göstərmiş, iddia tələbini isə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "Zaqatala rayonu "Muxax" kolxozu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 02 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş mal damına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin həmin cavabdehin üzərinə qoyulması" və cavabdeh Zaqatala Rayonu Muxax Bələdiyyəsinə qarşı "mal damının yerləşdiyi torpaq sahəsinin ona satılması öhdəliyinin həmin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir.
10. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli şifahi məhkəmə baxışı iclasının protokol qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir.
11. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi iddiaya qarşı xx.xx.2021-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı Əliyev X1 rayonu “Muxax kolxozunun Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 02 nömrəli qərarına əsasən, mülkiyyətinə verilmiş mal damının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavandehin üzərinə qoyulmasını xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Şəki İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2-1(116)-440/2021 nömrəli qərardadı ilə iddia cavabdeh Zaqatala rayonu Muxax Bələdiyyəsinə qarşı “mal damının yerləşdiyi torpaq sahəsinin ona satılması öhdəliyinin həmin cavabdehin üzərinə qoyulması” tələbinə aid hissədə mümkün sayılmamışdır.
15. Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmiş, qərardad qanuni qüvvəsini almışdır.
16. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 17 may 2021-ci il tarixli, 2- 1(116)-440/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "Zaqatala rayonu "Muxax" kolxozu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 02 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş mal damına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin həmin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməməsi qərara alınmışdır.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş həm “Əmlakdan pay haqqının verilməsi barədə akt”, həm də “Əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə” həmin maddədə nəzərdə tutulmuş vaxtda (2006-cı il iyulun 6-dək) deyil, bundan sonra, yəni 14 oktyabr 2009-cu ildə verilmişdir. Belə olan halda, həmin sənədlər mal damına iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilə bilməz. Eyni zamanda, mal damına iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş digər əsaslar da mövcud deyil.
18. Şəki İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2-1(116)-440/2021 saylı qərarından İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Əvvəlki apellyasiya instansiya məhkəməsində icraat
19. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il tarixli, 2- 1(107)-10/2022 saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2-1(116)-440/2021 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilmiş, iddiaçının Zaqatala rayonu Muxax kolxozu Aqrar İslahat Komissiyasının 17 may 1998-ci il tarixli, 2 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş mal damına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
20. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Zaqatala rayonu Muxax kolxozunun Aqrar İslahat Komissiyasının 17 may 1998-ci il tarixli, 2 nömrəli qərarının tələbindən irəli gələrək kolxozun əmlakı olmuş mal damı iddiaçıya pay olaraq verilmiş, Zaqatala rayon Aqrar İslahat Komissiyasının fəaliyyət göstərdiyi 2009-cu ildə ona Zaqatala rayonu Muxax kolxozu YAİK-nın 14 oktyabr 2009-cu il tarixli əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Hal-hazırda həmin şəhadətnamə yalnız verilmə tarixinə görə mübahisələndirilir. Cavabdeh inzibati orqanın imtinası və birinci instansiya məhkəməsinin iddianı rədd edilməsi üçün əsas olaraq istinad etdikləri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq İcra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlakın üzərində hüquqları təsdiq edən şəhadətnamənin dövlət qeydiyyatı üçün əsas sayılmasını göstərməklə heç də həmin tarixdən sonra verilmiş şəhadətnamənin dövlət qeydiyyatı üçün əsas olmasını istisna etmir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün qiymət verməmiş və istinad etdiyi normanın mənasını düzgün tətbiq etməmişdir.
21. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi və Vəkil2 həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.
Kassasiya instansiya məhkəməsində icraat
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2-1(102)-1543/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2021-ci il tarixli, 2- 1(107)-221/2021 saylı qərarı ləğv edilmiş və iş təkrar apellyasiya baxışına qaytarılmışdır.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
23. Aşağıdakı səbəblərə görə birinci instansiya məhkəməsinin qərarı ilə razı deyil və iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Zaqatala rayon “Muxax” kolxozunun 17 may 1998-ci il tarixli 02 №-li qərarına əsasən kolxozun fəaliyyəti dayandırılmış, onun səlahiyyətləri YAİK-na verilmiş, torpaq və əmlakın dəqiq inventarlaşdırılması, əmlakın qiymətləndirilməsi aparılmış, əmlakın pay almaq hüququ olan subyektlərin sayı dəqiqləşdirilmişdir. Zaqatala rayon Muxax kənd YAİK-nin 04 may 2000-ci il tarixli 17 №-li qərarı ilə camış fermasında olan mal damını xüsusi mülkiyyətə paylamaq üçün ayrılması qərara alınmışdır. Zaqatala rayonu Muxax YAİK tərəfindən xx.xx.2009-cü il tarixli, əmlakdan pay haqqının verilməsi barədə akt tərtib edilməklə mal damı ona verilmişdir. Bu proses faktiki surətdə islahat vaxtı həyata keçirilmiş. Lakin mal damı mülkiyyətçilərinin sayı çox olduğu üçün onlardan həmin payı almaq üçün imza etdirərək, akt tərtib edən müddətədək davam etmişdir. Ona görə də həmin akt 2009-cü ildə tərtib edilmişdir. Məhkəmə bunlara heç bir əhəmiyyət verməmiş və iddia təmin edilməmişdir. Muxax kolxozunun hüquqi varisi Muxax bələdiyyəsi “Torpaq islahatı haqqında” Qanun qəbul edilərkən faktiki surətdə bələdiyyələr mövcud olmamuş və onların səlahiyyətlərinə aid olan bütün məsələlər həmin qanunun 25-ci maddəsinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilmişdir. Məhkəmə bütün bunlara heç bir əhəmiyyət verməmiş və iddam əsasız olaraq rədd edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən kənddə torpaq islahatı həyata keçirilərkən mal damının yerləşdiyi torpaq sahəsi AİK-nın qərarına əsasən bələdiyyə mülkiyyəti kimi ayrılmış, lakin Zaqatala RİH həmin qanunun 25-ci maddəsini rəhbər tutaraq həmin torpaq sahəsi üzərində sərəncam vermiş və sonralar da həmin torpaq sahəsi də dövlət mülkiyyətində olması kimi qeydiyyata alınmışdır. Məhkəmə bütün bunları araşdırmamış və qanunsuz qərar çıxarmaqla onun hüquqlarını pozmuşdur. Mülkiyyətinə verilmiş mal damının qonşuluğunda yerləşən 7 ha torpaq sahəsi olan Quşçuluq ferması və 18 ha ərazisi olan inək fermasının ərazisindən əmlakçılar özləri istifadə edirlər və həmin torpaq sahələri bilavasitə bələdiyyə mülkiyyətindədir. Lakin onun mülkiyyətimə verilmiş mal damının yerləşdiyi torpaq sahəsi saxtakarlıq edilərək, güya ki, dövlət torpağı kimi qanunsuz olaraq başqa şəxslərə verilmişdir. Hətta 2017-ci ildə Muxax bələdiyyəsi tərəfındəın mal damının ətrafında olan 5 ha torpaq sahəsi də başqa vətəndaşa 49 illik icarə müqaviləsi ilə verilmişdir. Necə ola bilər ki, dövlət mülkiyyətində olan torpaq sahəsinə bələdiyyə qərar versin. Odur ki, Şəki İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2-1(116)-440/2021 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni məhkəmə qərar qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
25. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
26. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X3pellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2-1(116)-440/2021 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
27. Məhkəmə kollegiyasının əvvəlki iclasında üçüncü şəxs Zaqatala rayonu Muxax Bələdiyyəsinin nümayəndəsi X2 izahatında hazırkı mübahisənin obyektiv araşdırılmasını və işin faktiki hallarına uyğun qanuni qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
28. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq proses iştirakçıları hazırkı məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
29. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2-ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir.
V. Tətbiq edilən hüquq
30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... 8.0.8. Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; ... 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuni olmuşdur. İddia mümkün iddiadır.
33. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1 və 2.2.3cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır.
34. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda şərh olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şəki İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2-1(116)-440/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
35. İddia mümkün iddia olsa da, əsassız olduğundan təmin oluna bilməz.
36. Belə ki, iş materialında olan Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 211 nömrəli arxiv arayışından görünür ki, Zaqatala rayonu "Muxax" kolxozunun xx.xx.1998-ci il tarixli 02 nömrəli qərarına əsasən, kolxozun fəaliyyəti dayandırılmış, kolxozun səlahiyyətləri yerli aqrar islahat komissiyasına (YAİK-ə) verilmiş, torpaq və əmlakın dəqiq inventarlaşdırılması, əmlakın qiymətləndirilməsi aparılmış, əmlakdan pay almaq hüququ olan subyektlərin sayı dəqiqləşdirilmiş və ümumi iclasda təsdiq edilmişdir. Lakin xx.xx.1998-ci il tarixli 2 nömrəli ümumi yığıncağın protokolu protokollar kitabında aşkar edilməmişdir.
37. İş materialında olan Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 211 nömrəli arxiv arayışından görünür ki, Zaqatala rayonu Muxax kənd YAİK-in xx.xx.2000-ci il tarixli 17 nömrəli qərarı ilə camış fermasında yerləşən mal damının xüsusi mülkiyyətə paylamaq üçün ayrılması qərara alınmışdır.
38. İş materialında olan Zaqatala rayonu Muxax YAİK tərəfindən xx.xx.2009-cu il tarixli "Əmlakdan pay haqqının verilməsi barədə akt"dan görünür ki, mal damı İddiaçı verilmişdir.
39. İş materialında olan Zaqatala rayonu Muxax YAİK tərəfindən təsdiq edilmiş xx.xx.2009-cu il tarixli 26 nömrəli qaimədən görünür ki, camış fermasında yerləşən mal damı İddiaçı verilmişdir.
40. İş materialında olan xx.xx.2009-cu il tarixli "Əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə"dən görünür ki, həmin sənəd Zaqatala rayonu Muxax kolxozunun YAİK tərəfindən İddiaçı adına camış fermasında yerləşən mal damı ilə əlaqədar verilmişdir.
41. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 01 iyul 2023-cü il tarixli müşayət məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Zaqatala rayon Zəyəm kənd sakini İddiaçı mülkiyyətinə verilmiş Zaqatala rayonunun Muxax kəndində yerləşən mal damının sahəsi, ölçüləri, naturada yerləşmə vəziyyəti və koordinatları tərtib edilmiş yer quruluşu planında (əlavə olunur) göstərilmişdir.
42. Qeyd edildiyi kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsinə dair qərarı apellyasiya kollegiyası tərəfindən ləğv edilmiş, Ali Məhkəmənin İnzibati Kollegiyası isə cavabdehin kassasiya şikayəti əsasında apellyasiya kollegiyasının qərarını ləğv edərək işi təkrar apellyasiya baxışına qaytarmışdır.
43. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
44. Apellyasiya şikayətinin başlıca dəlili Zaqatala rayonu X7 İslahat Komissiyasının tərəfindən xx.xx.2009-cü il tarixli, əmlakdan pay haqqının verilməsi barədə akt və həmin tarixli "Əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə" tərtib edilməklə mal damının iddiaçıya verilməsinə baxmayaraq cavabdeh inzibati orqanının iddiaçının mülkiyyət hüquqlarının qeydə almamasından ibarətdir.
45. Lakin fəaliyyəti 2002-ci ildə dayandırılmış X7 İslahat Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixdə yuxarıda adı çəkilən sənədlərin verilməsi qəbul edilməzdir.
46. İddiaçı qeyd olunan sənədlərin vaxtında (YAİK-nin fəaliyyətdə olduğu vaxt) verilməməsinin səbəbini mal damı mülkiyyətçilərinin sayınin çox olması və onlardan həmin payı almaq üçün uzun müddətin lazım olması ilə əlaqələndirir.
47. İddiaçının həmin dəlili ilə razılaşmaq olmaz. Belə ki, iddiaçı fəaliyyəti dayandırılmış (ləğv edilmiş) və buna görə də səlahiyyətsiz qurum tərəfindən verilmiş sənədlərə istinad etməsinin ağlabatan izahını verə bilməmişdir.
48. Hazırkı iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2-1(102)-1543/2022 saylı qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hazırkı qərarın 26-cı bəndinin “a” yarımbəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən və hazırkı qərarın 25-ci bəndində qeyd olunan maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, apellyasiya instansiya məhkəməsi iddianı təmin edərkən öz mövqeyini əsaslandırmışdır ki, Zaqatala rayonu Muxax kolxozunun Aqrar İslahat Komissiyasının 17 may 1998-ci il tarixli, 2 nömrəli qərarının tələbindən irəli gələrək kolxozun əmlakı olmuş mal damı iddiaçıya pay olaraq verilmiş, Zaqatala rayon Aqrar İslahat Komissiyasının fəaliyyət göstərdiyi 2009-cu ildə ona Zaqatala rayonu Muxax kolxozu YAİK-nın 14 oktyabr 2009-cu il tarixli əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Hal-hazırda həmin şəhadətnamə yalnız verilmə tarixinə görə mübahisələndirilir. Hazırkı iş üzrə iddia tələbini təmin edərkən apellyasiya instansiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə istinad etmiş və bildirmişdir ki, həmin norma 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlakın üzərində hüquqları təsdiq edən şəhadətnamənin dövlət qeydiyyatı üçün əsas sayılmasını göstərməklə heç də həmin tarixdən sonra verilmiş şəhadətnamənin dövlət qeydiyyatı üçün əsas olmasını istisna etmir. Yəni apellyasiya məhkəməsi Zaqatala rayonu Muxax kolxozunun YAİK tərəfindən iddiaçının adına verilmiş 14 oktyabr 2009-cu il tarixli “Əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə”yə istinad edərək camış fermasında yerləşən mal damı üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasına dair nəticəyə gəlmiş, lakin gəldiyi nəticə ilə bağlı müvafiq maddi hüquq normasına istinad etməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsində birmənalı şəkildə göstərilmişdir ki, yalnız 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Apellyasiya məhkəməsi isə iddianı təmin edərkən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan halın konkret olaraq hansı norma ilə tənzimləndiyinə istinad etməmiş, ümumi şəkildə, 2006-cı il iyulun 6dan sonra verilmiş şəhadətnamənin dövlət qeydiyyatı üçün əsas olmasının istisna edilmədiyini qeyd etmişdir.
48. İş üzrə müəyyən edilən hallardan göründüyü kimi, 14 oktyabr 2009-cu il tarixli “Əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə” məhz Zaqatala rayonu Muxax kolxozunun YAİK tərəfindən həmin komissiyanın 17 may 1998-ci il tarixli 2 nömrəli qərarı əsasında verilmişdir.
49. Məhkəmə baxışı zamanı sorğu əsasında əldə edilmiş (iş vərəqi 137) Zaqatala rayonu Muxax kolxozunun YAİK-nın 17 may 1998-ci il tarixli 2 nömrəli qərarından görünür ki, həmin qərarla aqrar islahatların həyata keçirilməsinə dair kolxozun islahat proqramı təsdiq edilmiş, 17 may 1998-ci il tarixdən kolxozun fəaliyyəti dayandırılmış, idarə heyətinin bütün səlahiyyətləri Aqrar İslahat Komissiyasına verilmişdir.
50. Bundan başqa, iş materialında olan Zaqatala Rayon Dövlət Arxivinin 30 mart 2022-ci il tarixli, 26 nömrəli məktubunda qeyd olunmuşdur ki, Zaqatala rayon Muxax kolxozunun YAİK 2002-ci ildə fəaliyyətini dayandırmışdır.
51. Eyni zamanda Zaqatala Rayon İcra Hakimiyyətinin 15 mart 2022-ci il, 4/380 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə “X5 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 02 mart tarixli 250 nömrəli Fərmanı və “Azərbaycan Respublikası X5 Komissiyası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel 313 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, Aqrar İslahat Komissiyası ləğv edilmişdir.
52. Qeyd olunanlar onu deməyə əsas verir ki, İddiaçı tərəfindən təqdim edilmiş həm “Əmlakdan pay haqqının verilməsi barədə akt”, həm də “Əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə” həmin maddədə nəzərdə tutulmuş vaxtda (2006-cı il iyulun 6dək) deyil, bundan sonra, yəni xx.xx.2009-cu ildə verilmişdir. Həm də ləğv edilmiş qurum tərəfindən verilmişdir.
53. Eyni zamanda yuxarıda da qeyd edildiyi kimi, Zaqatala rayon Muxax kolxozunun YAİK 2002-ci ildə fəaliyyətini dayandırdığı halda, sonuncu tərəfindən xx.xx.2009-cu ildə “Əmlakdan pay haqqının verilməsi barədə akt” və “Əmlak payına mülkiyyət hüququ haqqında Şəhadətnamə”nin verilməsi də ağlabatan deyildir. Yəni qeyd olunan sənədlər mövcud olmayan qurum tərəfindən verildiyindən onların hüquqi qüvvəsi yoxdur.
54. Belə olan halda, həmin sənədlər mal damına iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilə bilməz.
55. Ona görə də qeydiyyat orqanın sözügedən daşınmaz əmlakın (mal damının) dövlət qeydiyyatından imtinası qanuni olmuşdur.
56. Həmçinin, mal damına İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş digər əsaslar da mövcud deyil.
57. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi mal damına iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Ona görə də iddia təmin edilməməlidir.
58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsassızdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2-1(116)-440/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Elçin Hüseynov