Məhkəmə qərarları › İş №2-1(107)-27/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-27/2024

31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-27/2024 31.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “06 aprel 2016-cı il tarixli alqı-satqı müqaviləsi əldə edilmiş Şəki rayonu Qayabaşı kəndində yerləşən torpaq sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 9 avqust 2023-cü il tarixli 2-1(116)- 1505/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “06 aprel 2016-cı il tarixli alqı-satqı müqaviləsi əldə edilmiş Şəki rayonu Qayabaşı kəndində yerləşən torpaq sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə Şəki rayonu Qayabaşı kənd sakinləri X3, X4 və X5 ilə aralarında bağlanmış 06 aprel 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən JN-262 seriyalı, kod 40402048 nömrəli dövlət aktına əsasən onların birgə mülkiyyətində olan Şəki rayonu Qayabaşı kəndində yerləşən ümumi sahəsi 10.91 ha torpaq sahəsinin ¾ hissəsi ona satılmışdır. Həmin torpaq sahəsini sənədləşdirmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmiş və ona həmin idarənin xx.xx.2023-cü il tarixli məktubu ilə rədd cavabı verilmişdir.

3. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, işə əlavə edilən sənədlərin yoxlanılması zamanı Şəki rayonu Qayabaşı kənd yerli aqrar islahatı komissiyasının 02 iyun 1999-cu il tarixli iclasında sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan əkinə yararlı torpaq sahəsi ilə dəyişdirilməsinin qərara alınması barədə 5 nömrəli protokolundan çıxarışın əlavə edildiyi müəyyən edilsə də, həmin torpaq payının bələdiyyənin mülkiyyətində əkinə yararlı torpaqla dəyişdirilməsi barədə yerli aqrar islahat komissiyasının qərarının təsdiq edilməsi barədə Şəki rayon Aqrar İslahat Komissiyasının qərarının, dəyişdirilmış torpaq sahəsinin bələdiyyə tərəfindən tərtib olunmuş sxematik planının, torpaq sahəsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsi tərəfindən təsdiqlənmiş yerləşmə sxeminin olmadığı müəyyən edildiyindən vətəndaşa xx.xx.2023-cü il tarixli, **********13 saylı məktubu ilə cavab verilmişdir. Torpağa mülkiyyət hüququna dair dövlət aktına əlavə edilməsi tərəfimizdən mümkün olmamışdır. Bütün bunlara əsasən Şəki rayonu Qayabaşı kəndində yerləşən 10.91 ha torpaq sahəsinin dörddə üç hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün deyildir.

4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 9 avqust 2023-cü il tarixli 2- 1(116)-1505/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin verilməsi qərara alınmış, mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssislərinə həvalə edilmişdir.

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə X3, X5, X4, X7 iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki rayonu Qayabaşı YAİK-nin 02 iyul 1999-cu il tarixli 5 nömrəli qərarı ilə JN-262 kod 40402048 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən X3 və qeyrilərinə verilmiş torpaq sahəsinin 8 ha hissəsi dəyişdirilmiş və həmin vaxtdan da onların istifadəsində olmuşdur. Bundan sonra isə həmin torpaq sahəsi 06 aprel 2016-cı il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi ilə ona satılmış və həmin vaxtdan da sözügdən torpaq sahəsi mənim istifadə və sahibliyimdə olmuş, torpağı əkib-becərmişəm. Göründüyü kimi həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququ formalaşmışdır. Şəki rayonu Qayabaşı YAİK-nin qərarının Şəki RAİK tərəfindən təsdiq edilməməsi və inzibati icraatın başa çatmaması isə vətəndaşın təqsiri deyil. Bu səbəblə də çıxarışın verilməsindən imtina edilməsi yolverilməzdir. Bu dövlət orqanının səhvidir, belə səhvlərə görə isə məsuliyyəti həmin dövlət orqanı daşıyır və belə səhvlər vətəndaşın hesabına düzəldilə bilməz. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 9 avqust 2023-cü il tarixli 2-1(116)-1505/2023 nömrəli qərarının ləğv edilməsini, yenidən araşdırılması üçün işin Şəki İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 9 avqust 2023-cü il tarixli 2-1(116)- 1505/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 9 avqust 2023-cü il tarixli 2-1(116)-1505/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdir.

14. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

15. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: JN-262 KOD 40402048 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X3 və ailə üzvlərinin mülkiyyətinə 10.91 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, Şəki rayonu 1 saylı notariat ofisində 2016-cı ildə rəsmiləşdirilmiş notariat sənədləri arxivə təhvil verilməmişdir. 06 aprel 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 10.91 ha torpaq sahəsinin ¾ hissəsini iddiaçıya satmışdır. Şəki rayon Qayabaşı YAİK-in xx.xx.1999-cu il tarixli qərarı ilə Dövlət Aktına əsasən mülkiyyətə verilən torpaq sahəsinin 8 ha hissəsinin dəyişdirilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilən mütəxəssis rəyinə əsasən, torpaq sahəsi faktiki olaraq 9.23 ha olub döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi TEKUİS məlumatlarında kənd təsərrüfatı təyinatlı, xüsusi mülkiyyətə aid, əkin torpaqları kimi, DWG (təsərrüfatın kompleks yerquruluşu layihə xəritəsi) məlumatlarında isə xüsusi təyinatlı ərazilər kimi göstərilmişdir. Başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmə aşkar olunmamışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.

18. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir.

19. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında 10,91 ha torpaq sahəsinin ¾ hissəsini əldə etmişdir. Satıcılar tərəfindən alqı-satqı predmeti olan torpaq sahəsinin üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd JN- 262 KOD 40402048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı olmuşdur. X12 əsasında iddiaçının bir hissəsini əldə etdiyi torpaq sahəsi satıcıların mülkiyyətinə verilmiş, Aktda torpaq sahəsinin koordinatları təsbit edilmişdir. Lakin sonradan Şəki rayon Qayabaşı YAİK-in qərarı ilə Dövlət Aktına əsasən mülkiyyətə verilən torpaq sahəsinin 8 ha hissəsinin dəyişdirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarın hüquqi qüvvəsini alaraq naturada istifadə edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün sözügedən qərar Şəki RAİK-ə tərəfindən təsdiq edilməli olduğu halda bu baş verməmiş, inzibati icraat başa çatmamışdır. Bu isə o deməkdir ki, X3 və qeyrilərinin iddiaçıya satdığı torpaq sahəsi onlara dövlət aktına əsasən verilmiş torpaq sahəsidir. Belə ki, naturada istifadə edilən torpaq sahəsi satıcıların mülkiyyətində olmadığından alıcının da həmin torpağa deyil, Akt əsasında mülkiyyətə verilmiş torpaq sahəsinin ¾ hissəsi üzərində mülkiyyət hüququ yarana bilərdi.

27. Bundan əlavə məhkəmə kollegiyasına təqdim edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən, torpaq sahəsi faktiki olaraq 9.23 ha olub döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi TEKUİS məlumatlarında kənd təsərrüfatı təyinatlı, xüsusi mülkiyyətə aid, əkin torpaqları kimi, DWG (təsərrüfatın kompleks yerquruluşu layihə xəritəsi) məlumatlarında isə xüsusi təyinatlı ərazilər kimi göstərilmişdir. Başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmə aşkar olunmamışdır.

28. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirir ki, X3 və qeyrilərinin iddiaçıya satdığı torpaq sahəsi onlara dövlət aktına əsasən verilmiş torpaq sahəsi olduğundan və naturada istifadə edilən torpaq sahəsi satıcıların mülkiyyətində olmadığından alıcının da həmin torpağa deyil, Akt əsasında mülkiyyətə verilmiş torpaq sahəsinin ¾ hissəsi üzərində mülkiyyət hüququnun yaranma ehtimalı olduğundan, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur.

29. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

30. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, 06 aprel 2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə əldə edilmiş Şəki rayonu Qayabaşı kəndində yerləşən torpaq sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

31. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 9 avqust 2023-cü il tarixli 2-1(116)-1505/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar