Məhkəmə qərarları › İş №2-1(107)-27/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-27/2025

08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-27/2025 08.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının işlədiyi və əmək kitabçası əsasında öz təsdiqini tapan xx.xx.2006-cı il tarixədək olan bütün dövrlərin əmək stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən əmək pensiyasının təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli 2-1(116)-593/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı “iddiaçının işlədiyi və əmək kitabçası əsasında öz təsdiqini tapan xx.xx.2006-cı il tarixədək olan bütün dövrlərin əmək stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən əmək pensiyasının təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinə əsasən iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar müraciət etmişdir.Göndərilmiş imtinada qeyd olunur ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1992-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Qax "xxxx" filialında olan dövrün sığorta stajına daxil edilməsinin qanunvericilikdə nəzərdə tutulmadığı qeyd edilmişdir. İddiaçıya məlum olmayan səbəblərdən xx.xx.2006-cı il tarixdən sonra fərdi uçot məlumatlarının olmaması, yəni fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması səbəbindən həmin dövrün sosial sığorta stajının müəyyən edilməsi zamanı nəzərə alınmasının qanunvericiliyin tələbinə uyğun olmadığını bildirir. Lakin cavabdehin imtina məktubunda qeyd edilən xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müddətin əmək stajının hesablanması zamanı hansı səbəbdən nəzərə alınmamasına heç bir aydınlıq gətirilməmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edərək, məhkəməyə müraciət etmişdir.

3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, imtinanın əsasları kimi İddiaçı ümumi stajının 25 ildən az (15 il 11 ay 1 gün) olduğu qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qeyd: İddiaçı 65 yaşını xx.xx.2023-cü il tarixdə tamamlamışdır. Bildiririk ki, İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının, hərbi biletinin və təhsil haqqında diplomunun surətlərinə əsasən onun mübahisələndirilməyən sığorta stajı 15 il 11 ay 1 gün təşkil edir (xx.xx.1974cü il tarixdən xx.xx.1977-ci il tarixədək təhsil aldığı dövr və xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla). Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya" altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövrlərdə iddiaçının xeyrinə sosial sığorta haqları ödənilmədiyindən əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Qax "xxxx" filialında olan əmək fəaliyyəti dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyə əsasən mümkün hesab edilməmişdir.

4. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

5. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 21 may 2024-cü il tarixli 2- 1(116)-593/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçı mübahisələndirilən sosial sığorta stajı xx.xx.1992-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 21 il 6 ay 11 gündən ibarət olmaqla Qax "xxxx" filialında olan əmək fəaliyyəti dövrüdür. Qeyd edirik ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövrlərdə iddiaçının xeyrinə sosial sığorta haqları ödənilmədiyindən əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Qax "xxxx" filialında olan əmək fəaliyyəti dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyə əsasən mümkün hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən və ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd edirik ki, İddiaçı xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş və hazırda ödənişi davam etdirilir. Şəki İnzibati Məhkəməsi qərarında iddiaçı tərəfindən təqdim edilən xx.xx.1994-cü il tarixli müqaviləyə və 01-31 dekabr 1997-ci il tarixlərini əhatə edən 16 nömrəli yol vərəqinə əsaslanaraq xx.xx.2006-cı il tarixədək iddiaçının sözgedən müəssisədə işləməsi qənaətinə gəlmişdir. Belə ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixədək 6 ildən çox bir müddətdə iddiaçının xeyrinə MDSS haqlarının ödənilməməsi, müəssisənin hesabatlarının olub- olmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Bildiririk ki, tərəfimizdən müəssisənin faəliyyəti, hüquq varisi araşdırılsa da müəssisənin arxiv sənədləri əldə edilə bilməmişdir. Məhkəmənin istinad etdiyi sənədlər iddiaçı tərəfindən iclas zamanı təqdim edilmiş, tərəfimizdən yazılı münasibət bildirilməsi mümkün olmamışdır. Məhkəmə iddiaçının əmək kitabçasını mübahisəli dövrlərə münasibətdə mötəbər saysa da hesab edirik ki, xx.xx.1992-ci il tarixdən sonra müəssisənin fəaliyyətinin olub-olmaması məsələsinə yalnış qiymət vermişdir. İddiaçı tərəfindən təqdim edilən sənədlər 1994 və 1997-ci illərə aid sənədlərdir. Məhkəmənin bu sənədlərə əsaslanaraq xx.xx.2006-cı il tarixədək iddiaçının sözügedən müəssisədə əmək fəaliyyəti ilə məşğul olması qənaətinə gəlməsi formamlaşmış məhkəmə təcrübəsinə ziddir. Belə ki, oxşar işlə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(1021)- 1055/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2-1(102)-2700/2023 nömrəli qərarında əks olunmuş mövqeyə əsasən məhkəmənin xx.xx.1997-xx.xx.2006-cı il tarixədək olan müddəti heç bir sübut olmadan iddiaçının sosial sığorta stajına daxil etməsi qanuna və məhkəmə təcrübəsinə ziddir. Hazırki iş üzrə hesab edirik ki, məhkəmə xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrə və xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrə ayrıca münasibət bildirməli idi. Belə ki, müvafiq sənədlər mötəbər sayılaraq iddiaçının stajına daxil edilməli olsa belə bu yalnız xx.xx.1997-ci il tarixədək ola bilərdi ki, bu halda da iddiaçının sosial sığorta stajı 25 il olmayacaqdır. Yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərindən irəli gələrək İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2013-cü il tarixədək əmək fəaliyəti mübahisələndirilən dövr kimi onun sosial sığorta stajına daxil edilməmişdir. Beləliklə, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən 25 il sosial sığorta stajına qarşı 15 il 11 ay 1 gündən sosial sığorta stajına malik olduğundan inzibati orqan haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən və iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulan dövrdən (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli 2-1(116)-593/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli 2-1(116)-593/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli 2-1(116)- 593/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

11. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir.

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.

3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Qax rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 141 nömrəli arayışı.

4. İddiaçıya məxsus ИT-İ ******* nömrəli Əmək kitabçası.

5. İddiaçıya məxsus Щ 306552 nömrəli diplomun təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 1974-cü il tarixdən 1977-ci il tarixdə qədər təhsil almışdır.

6. 9 saylı Ərazi Nəqliyyat Kontorunun xx.xx.1988-ci il tarixli arayışı.

7. xx.xx.1994-cü il tarixli müqavilə.

8. 9 nömrəli Təsərrüfatlararası “Aqrosənayetikinti” tresti tərəfindən verilmiş forma 4.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

13. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

14. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.

16. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

17. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

18. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli 2-1(116)-593/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının 25 ildən artıq sığorta stajı olduğu təsdiq olunduğundan iddia tələbi təmin edilməlidir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

27. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 63 yaşda, yəni xx.xx.2023-cü tarixində yaranır (iddiaçı xx.xx.1958-ci ildə doğulub).

28. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edilir ki, iddiaçının ümumi sosial sığorta stajı 25 ildən çoxdur. Bu iddiaçıya məxsus ИT ******* nömrəli əmək kitabçasına və iş materiallarına əsasən aşağıdakı qaydada hesablanmışdır :

1. xx.xx.1974-cü il tarixdən xx.xx.1977-ci il tarixədək təhsil aldığı dövr (2 il 10 ay 19 gün)

2. xx.xx.1977-xx.xx.1979 –hərbi xidmət dövrü (2 il 1 ay 29 gün)

3. 12.01.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Zaqatala 5 nömrəli SMDdə (1 il 9 ay 16 gün)

4. 02.04.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Gürcüstan SSR Tbilisi şəhəri İri panelli mənzil tikintisi zavodunda (3 ay 29 gün)

5. 02.03.1983-cü il tarxdən xx.xx.1986-cı il tarixədək Qax rayonu 95 nömrəli TSMD-də (3 il 7 ay 9 gün)

6. xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək “Azəraqrarsənayetikinti” Respublika Kooperativ Dövlət Birliyi Ərazi Nəqliyyat kontorunda (2 il 7 ay 1 gün)

7. xx.xx.1989-cu il tarixdən xx.xx.2005-ci il tarixədək Qax rayonu 95 nömrəli TSMD-də və Azərbaycan "xxxx" ASC-nin Qax "xxxx" filialında (16 il 7 ay 19 gün)

29. Cavabdehin apellyasiya şikayətinin dəlili əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.2013-cü il tarixinədək Qax "xxxx" filialında olan əmək fəaliyyəti dövrlərinin sığorta stajına daxil edilməsinin qanunvericiliyə əsasən mümkün hesab edilməməsidir.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının xx.xx.1989-cu il tarixdən 2006-cı ilədək işləməsi barədə əmək kitabçasında məlumat mövcuddur. Həmin qeydin mötəbərliyini istisna edən sübut cavabdeh tərəfindən təqdim edilməmiş, məhkəmə araşdırması zamanı belə hal aşkar edilməmişdir. Həmçinin, təqdim edilən xx.xx.1994-cü il tarixli müqavilədən görünür ki, iddiaçı Qax rayonu 95 nömrəli TSMD-yə aylıq ödəniş etməyi üzərinə götürmüşdür. İddiaçının mübahisələndirilən dövrdə əmək fəaliyyətini davam etdirdiyini təsdiq edən digər bir sənəd 1-31 dekabr 1997-ci il tarixlərini əhatə edən 16 nömrəli “yol vərəqi”dir.

31. Göründüyü kimi cavabdehin mübahisələndirilən dövrlə bağlı imtinası əsassızdır. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək olan sosial sığorta satjı 25 ildən çox olduğundan digər dövrə münasibət bildirilməsinə prosessual qənaət prinsipi baxımından zərurət qalmamışdır. Həmin tarixədək iddiaçının 27 il 2 gün sosial sığorta stajı vardır.

32. İddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2021-ci il tarixli 2-1(102)- 1737/2021 nömrəli nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir.

34. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

35. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli 2-1(116)-593/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar