Məhkəmə qərarları › İş №2-1(107)-270/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-270/2024

17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-270/2024 17.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Ağdaş rayon Xosrov kənd alma bağı deyilən sahənin şimal hissəsində yola yaxın sahədə 0,17 ha torpaq sahəsinə çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2-1(116)-29/2024 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Ağdaş rayon Xosrov kənd alma bağı deyilən sahənin şimal hissəsində yola yaxın sahədə 0,17 ha torpaq sahəsinə çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Cavabdehin xx.xx.2022-ci il tarixli imtinasının əsaslarına görə Ağdaş rayon Xosrov bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 nömrəli protokoluna əsasən 0,17 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Bələdiyyə tərəfindən 0,17 ha torpaq sahəsinin ayrılması mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı və 8.0.1-ci maddələrinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün təlabat nəzərə alınmaqla fərdi yaşayış evlərinin tikintisi üçün Azərbaycan Respublikasının rayonlarında, qəsəbə və kəndlərdə torpaq sahəsinin ayrılması 0,12 hektar həddində müəyyənləşdirilmişdir. Həmçinin, Ağdaş rayon Xosrov bələdiyyəsi tərəfindən verilmiş qərar əsasında tərtib olunmuş torpaq sahəsinin alqısatqısına dair aktda bələdiyyənin möhürləri də fərqlidirlər.

3. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə iş üzrə sərəncam verilmiş, həmin tarixli 2-1(116)-2079/2022 nömrəli qərardadla Ağdaş rayon Xosrov bələdiyyəsi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia tələbinə dair yazılı münasibətlərini (etirazlarını) məhkəməyə təqdim etmələri tələb olunmuş, həmçinin Ağdaş rayon Dövlət Arxivinə və Ağdaş rayon Xosrov bələdiyyəsinə sorğular verilmişdir.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli **********19 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etməklə iddia tələbinə dair yazılı münasibətini bildirmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubu ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə sorğu edilərək, mübahisəli 0,17 ha torpaq sahəsinə dair (döngə nöqtələri, koordinatları, sahəsi, təyinatı, uqodiyası, rejimi, statusu, mülkiyyətçiləri, istifadəçiləri başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi və sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin eyni olub-olmaması haqqında) məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsi məhkəməyə xx.xx.2022-ci tarixdə daxil olmuş xx.xx.2022-ci il tarixli **********46 nömrəli məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 04 yanvar 2021-ci il tarixli, 02 nömrəli qərarına uyğun olaraq xidmət haqqı (ümumi məbləğ 95 manat) ödənildikdən və ödənişi təsdiq edən sənəd Ərazi İdarəsinə təqdim edildikdən sonra mütəxəssis rəyinin verilməsi təmin olunacaqdır.

6. Birinci instansiya məhkəməsi tərəfindən ödənişin olunacağı bank rekvizitlərinin əks olunduğu müvafiq sənədlər xx.xx.2022-ci il tarixli məktuba əlavə olunaraq iddiaçıya göndərilmiş, xidmət haqqını ödəməyə razı olub-olmadığı barədə məlumatın, ödəməyə razı olduğu halda ödənişi təsdiq edən sənədin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Məktub iddiaçı tərəfindən alınmasına baxmayaraq, münasibət bildirilməmiş, mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün tələb olunan xidmət haqqının ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır.

7. Eyni zamanda iddiaçı tərəfindən məhkəmənin sərəncamı da icra edilməmişdir.

8. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-345/2023 nömrəli qərardadı ilə X4, X1 və X11 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər. Belə ki, iş materiallarına əlavə edilmiş Ağdaş Rayon Məhkəməsinin qətnaməsindən aydın olur ki, JN-0143 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Ağdaş rayon Xosrov kəndi ərazisindən 3,02 ha torpaq sahəsi Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 21 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün X5, X9, X4, X1, X6, X7 və X2 mülkiyyətinə verilmişdir. Lakin sözügedən torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edildiyi qeyd edilmişdir. İddiaçı istifadə etdiyi torpaq sahəsinin Ağdaş rayon Xosrov bələdiyyəsinin xx.xx.2016-cı il tarixli qərarı ilə ona ayrıldığını iddia edir. X5 və X9 vəfat etmişdir. Odur ki, X4, X1 və X2 məhkəmə icraatına cəlb edilməsi zərurəti yaranmışdır.

9. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-345/2023 nömrəli qərardadının surəti həmin tarixli məktubla iş üzrə üçüncü şəxslər X4, X1 və X8 göndərilmiş, iddia tələbinə münasibət bildirmələri təklif olunmuşdur. Lakin iddiaya dair yazılı münasibət məhkəməyə daxil olmamışdır.

10. Üçüncü şəxs Ağdaş rayon Xosrov bələdiyyəsi xx.xx.2023-cü il tarixli 5-32- 15/232/2023 nömrəli məktubunda bələdiyyənin sənəd və materiallarının Ağdaş rayon Dövlət Arxivinə təhvil verilmədiyini bildirmişdir.

11. Birinci instansiya məhkəməsinin Ağdaş Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq Ağdaş Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli 2(014)-50/2022 nömrəli məktubunda qeyd etmişdir ki, iddiaçılar X1 və qeyrilərinin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə cavabdehlər İddiaçı və Məmmədov imran Zakir oğlunun vəkili X3 Ağdaş Rayon Məhkəmənin 06 iyun 2022-ci il tarixli, 2(014)-50/2022 saylı qətnaməsindən verdikləri apellyasiya şikayətləri işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

12. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmənin sərəncamını icrasının təmin olunması məqsədilə iddia ərizəsinə əlavə olunmuş sənədlərin əsllərini məhkəməyə təqdim etmişdir.

13. Ağdaş rayon Xosrov bələdiyyəsi məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq 39 nömrəli xx.xx.2023-cü il tarixli məktubuna Ağdaş rayon Xosrov bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 nömrəli iclasının protokolunun, torpaq sahəsinin yerquruluşu planının, DTXK-nın Ağdaş rayon şöbəsinin rəyinin və torpaqların alqısatqısına dair aktın surətlərini əlavə edərək məhkəməyə təqdim etmişdir.

14. Ağdaş rayon Xosrov bələdiyyəsi məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq 52 nömrəli xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, Xosrov bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 nömrəli iclasının qərarı ilə İddiaçı 0,17 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinin dövlətə ödəniləcək 100 (bir yüz) manat rüsumunun qəbzi bələdiyyəyə aid olan sənədlərin içərisində tapılmamışdır.

15. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli məktub ünvanlanaraq bildirilmişdir ki, məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-2079/2022 nömrəli məktubu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə sorğu edilərək, mübahisəli torpaq sahəsinə dair ətraflı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. xx.xx.2022-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsindən xx.xx.2022-ci il tarixli cavab məktubu məhkəməyə daxil olmuşdur. Həmin məktubda göstərilir ki, tədqiqat obyektinə baxış keçirilərək mütəxəssis rəyi hazırlanmışdır, lakin mütəxəssis rəyinin məhkəməyə göndərilməsi, təqdim olunmuş smetada nəzərdə tutulan 95 manat xidmət haqqının ödəniləcəyi və ödənişin təsdiqi barədə sənəd ərazi idarəsinə təqdim ediləcəyi təqdirdə təmin ediləcək. Məhkəmə tərəfindən ödənişin olunacağı bank rekvizitlərinin əks olunduğu müvafiq sənədlər xx.xx.2022-ci il tarixdə iddiaçıya göndərilmiş, lakin ötən müddət ərzində iddiaçı tərəfindən ödəniş həyata keçirilməmiş, mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün tələb olunan Azərbaycan Respublikası Tarif Şurasının 04 yanvar 2021-ci il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş xidmət haqqının ödənilməsini təsdiq edən müvafiq qəbz məhkəməyə təqdim edilməmiş, bununla bağlı iddiaçı tərəfindən yazılı münasibət bildirilməmişdir.

16. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının nəzərinə çatdırılmışdır ki, iddia tələbinə hüquqi qiymət verilməsi üçün cavabdeh orqandan mütəxəssis rəyinin alınması zəruridir. Müvafiq rəy olmadan tələbdə qeyd olunan torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi, təyinatı, uqodiyası, rejimi, statusu, mülkiyyətçiləri, istifadəçiləri başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi və sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə olunan torpaq sahəsinin eyni olub-olmamasını müəyyən etmək mümkün deyil. Məlumat üçün iddiaçının nəzərinə çatdırılmışdır ki, İPM-in 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Odur ki, işin qeyd olunan halına münasibətdə də məhkəmə tərəfindən analoji qaydanın tətbiq edilməsi yol veriləndir.

17. İş materiallarında olan xəbərnamədən görünür ki, məhkəmənin xx.xx.2023-cü il tarixli məktubu xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən alınmışdır. Lakin ötən müddət ərzində məktubda qeyd olunanlara münasibət bildirilməmiş, mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün tələb olunan Azərbaycan Respublikası Tarif Şurasının 04 yanvar 2021-ci il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş xidmət haqqının ödənilməsini təsdiq edən müvafiq qəbz iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

18. İlkin olaraq iddiaçı ilə iddia ərizəsində göstərilən mobil nömrə vasitəsilə oktyabr ayında əlaqə saxlanılmış, iddiaçı yeni işə başladığını bildirmiş, əmək haqqını aldıqdan sonra mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün tələb olunan xidmət haqqını ödəyəcəyini və ödənişi təsdiq edən müvafiq qəbzi məhkəməyə təqdim edəcəyini bildirmiş, bu səbəblə ona noyabr ayının 7-dək möhlət verilməsini xahiş etmişdir.

19. İddiaçı tərəfindən ödənişi təsdiq edən qəbz məhkəməyə təqdim olunmadığından, iddiaçıya xx.xx.2023-cü il tarixdə məhkəmənin xx.xx.2023-cü il tarixli məktubu ilə eyni məzmunlu məktub yenidən ünvanlanmış, mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün tələb olunan Azərbaycan Respublikası Tarif Şurasının 04 yanvar 2021-ci il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş xidmət haqqının ödənilməsini təsdiq edən müvafiq qəbzin məhkəməyə təqdim olunması, bununla bağlı yazılı münasibət bildirməsi xahiş olunmuş, həmçinin nəzərinə yenidən çatdırılmışdır ki, İPM-nin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Odur ki, işin qeyd olunan halına münasibətdə də məhkəmə tərəfindən analoji qaydanın tətbiq edilməsi yol veriləndir.

20. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu iddiaçı tərəfindən alınsa da, ötən müddət ərzində məktubda qeyd olunanlara münasibət bildirilməmiş, mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün tələb olunan xidmət haqqının ödənilməsini təsdiq edən müvafiq qəbz məhkəməyə təqdim olunmamışdır.

21. Məhkəmənin İddiaçı ünvanladığı məktubların heç birinə iddiaçı tərəfindən yazılı münasibət bildirilmədiyindən, həmçinin mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün tələb olunan xidmət haqqının ödənilməsini təsdiq edən müvafiq qəbz məhkəməyə təqdim olunmadığından smetada tələb olunan ödənişin ödənilib-ödənilməməsi barədə məlumat almaq üçün xx.xx.2024-cü il tarixdə yenidən İddiaçı ilə iddia ərizəsində göstərilən ***-***-**-** nömrəsi ilə əlaqə saxlamağa cəhd olunmuş, lakin nömrə işləməmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunan iddiaçının FİN koduna bağlı digər 050-595-2601 nömrəsi ilə əlaqə saxlanıldıqda cavab verən şəxs özünü iddiaçının oğlu olaraq təqdim etmiş, İddiaçı mobil telefonunda texniki nasazlıq səbəbi ilə əlaqə saxlanıla bilməməsini və atasının hazırda Şuşa şəhərində işlədiyini bildirmişdir. Həmin şəxsə zəngin məqsədi izah olunmuşdur. İddiaçı oğlu olaraq özünü təqdim etmiş şəxs atası ilə əlaqə saxlanılması mümkün olan kimi bu barədə ona məlumat verəcəyini bildirmişdir.

22. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə zəng edərək, mütəxəssis rəyi üçün tələb olunan ödənişi mart ayının 5-dək ödəyəcəyini və müvafiq qəbzi məhkəməyə təqdim edəcəyini bildirmişdir. Lakin ötən müddət ərzində ödənişi təsdiq edən qəbz məhkəməyə daxil olunmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

23. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 12 mart 2024-cü il tarixli 2- 1(116)-29/2024 nömrəli qərardadı ilə iddia geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir.

24. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

25. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddiadan imtina etməmiş, sadəcə olaraq ekspertiza xərci ödəyə bilmədiyi (belə ki Şuşa və Laçın şəhərlərində işlədiyi dövr üzrə əmək haqqını ala bilməmiş və işsiz idi) Şuşa və Laçın şəhərlərinə əməklə təmin olunması üçün elektron portalda qeydiyyatdan keçməsinə baxmayaraq onunla əmək müqaviləsi bağlanmamış və bunun nəticəsi olaraq əmək haqqı almamışdır. Bu səbəbdən mövcud ekspertiza xərcini ödəyə bilməmişdir. Məhkəmə prosesinin ekspertiza rəyi olmadan davam etdirilməsi onun prosessual və konstitusion hüquqlarımın pozulması nəticələnmişdir. Hakim qeyd etmişdir ki, onunla əlaqə saxlanılıb və o, məhkəmə ekpertiza xərcini 5 marta qədər ödəmək öhdəliyi götürmüşdür. Lakin onu da əmək haqqının verilməsi ilə bağlı işəgötürən aldatmışdır. O, əmək haqqını almaq üçün Şuşa və Laçın şəhərlərində qalmağa məcbur olmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2- 1(116)-29/2024 nömrəli qərardadının ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün tələb olunan xidmət haqqının məbləği olan 95 (doxsan beş) manat pulun ödənilməsini təsdiq edən qəbzi təqdim edərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2-1(116)-29/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi.

27. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh DƏDKR PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsi və üçüncü şəxs Ağdaş rayonu Xosrov bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmiş, digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər.

28. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

29. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Maddə 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Maddə 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)- 21/2021 nömrəli inzibati iş üzrə xx.xx.2021-ci il tarixli qərardadında göstərmişdir ki, “...Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3-cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir.

31. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən, “...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X12 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır.... İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...”.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

32. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edərək göstərmişdir ki, mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün tələb olunan xidmət haqqının ödənilməsini təsdiq edən müvafiq qəbz məhkəməyə təqdim olunmamışdır.

34. İddiaçı isə apellyasiya şikayətində qeyd etmişdir ki, o, iddiadan imtina etməmiş, sadəcə olaraq ekspertiza xərcini ödəyə bilməməsinin səbəbi Şuşa və Laçın şəhərlərinə əməklə təmin olunması üçün elektron portalda qeydiyyatdan keçməsinə baxmayaraq onunla əmək müqaviləsi bağlanmaması və bunun nəticəsi olaraq əmək haqqı ala bilməməsi olmuşdur. İddiaçı mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün tələb olunan 95 (doxsan beş) manat xidmət haqqının ödənildiyi qəbzi təqdim edərək, iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

35. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati iş üzrə prossesual normaların tətbiqində səhvə yol verildiyinə görə məhkəmə qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

36. Belə ki, iddiaçı mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün tələb olunan 95 (doxsan beş) manat xidmət haqqının ödənilməsini təsdiq edən xx.xx.2024-cü il tarixli qəbzi məhkəmə kollegiyasına təqdim edərək, Şəki İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2-1(116)-29/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi.

37. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən iş üzrə təyin olunmuş mütəxəsis rəyinin alınması və rəyin verilməsi üçün nəzərdə tutulmuş xidmət haqqı olan 95 (doxsan beş) manat pulun iddiaçı tərəfindən ödənilməsi, onun tərəfindən irəli sürülmüş iddia tələbini müdafiə və iş üzrə icraatın davam etdirilməsində israrlı olmasında marağının olmasına dəlalət edir.

38. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati iş üzrə İPM-in 12-ci və 48-ci maddələrinin tətbiqində səhvə yol verilmişdir.

39. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.

40. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2-1(116)-29/2024 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar