Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-271/2020 27.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-645/2020 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1993-cü il dekabr ayının 12-sindən Müdafiə Nazirliyinin əmrinə əsasən Azərbaycan Respublikasının ərazisi bütövlüyünün qorunması və erməni silahlı birləşmələrinin hücumlarnın qarşısının alınması məqsədi ilə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandasının xx.xx.1993-cü il tarixli 01 nömrəli əmri ilə döyüş bölgəsində xidmət etmişdir. İddiaçı Fizuli ərazisi vahidləri üzrə gedən döyüşlərdə iştirak etmişdir. Hərbi zirehli tank vasitəsi ilə ağır döyüşlərdə fəaliyət göstərmişdir. Onunla birlikdə hal-hazırda Qarabağ və Müharibə Veteranı statusuna malik döyüşçü yoldaşları 2-ci qrup Qarabağ veteranı, X4, X2, Bəkirov Möhsün Zamoy oğlu və bir çox digər şəxslər həmin döyüşlərdə iştirak etmişdir. Lakin iddiaçı indiyə qədər Müharibə veteranı adını və vəsiqəsini ala bilməmişdir. Həmən şəxslər şahid qismində izahat verməklədə göstərdiyi faktları təsdiqləyə bilərlər. N saylı hərbi hissədən verilmiş xx.xx.1993-cü il tarixli arayışlarından görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixindən N saylı hərbi hissədə xidmət etmişdir. Yevlax rayon hərbi komissarlığından verilən məlumatdan aydın olur ki, İddiaçı torpaqlarımız uğrunda gedən döyüşlərdə xx.xx.1994-cü il tərixədək xidmət etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müharibə veteranı kimi tanınması və müharibə vəsiqəsinin verilməsi üçün ünvanlanmış müraciətinə Nazirliyinin cavabında bildirilmişdir ki, döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən arxiv arayışların olmadığından sizə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə uyğun deyildir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin bu cavabı qanunvericiliyin kobud surətdə pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi arxivinin xx.xx.2019-cu il tarixli ***-**** saylı arayışında və təkrarən xx.xx.2019-cu il tarixli 912-11339 saylı arayışında onun N saylı hərbi hissədə xidməti yazılsada, xx.xx.1994-cü il tarixli 67 nömrəli əmri ilə ərzaq təminatından azad alunmağı barədə məlumat aşkar edilməmişdir. Qərarın birində soyadı Əliyev olduğu atasının adı yazılmadığı bildirilir digərində isə bu barədə heçnə yazılmamışdır. Lakin hərbi biletindədə vurulmuş möhür təsdiq edir ki, xx.xx.1994-cü ildə xidmətdən təxris olunmuşdur. Məhz bu sənəd onun döyüş əməliyyatlarında iştirak etməyi təsdiq edir. İddiaçı iddia tələbini təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx xxxxxx 2019-cu il tarixli 9/2-11339 nömrəli arayışına əsasən İddiaçı xx xxxxxx 1994-cü il tarixdən sonra hərbi xidməti barədə məlumat aşkar olunmamışdır ve eyni zamanda iddiaçı qanuni əsaslarla hərbi hissədən tərxis olunması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsaslı və qanuni olaraq imtina etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-645/2020 nömrəli qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahıdan çıxarılması barədə sübut olmadığı üçün inzibati orqanın qəbul etdiyi qərar qanuni və əsaslıdır. Lakin bu absurd bir yanaşmadır və o, bunu qəbul edə bilmir. Belə ki, ona məxsus olan hərbi biletə vurulmuş olan möhür onun xx xxxxxx 1994- cü ildə hərbi hissədən tərxis olunmağını təsdiq edir. Əgər tərxis olunmağı barədə möhür vurulmuşdursa, bu o deməkdir ki, o qanuni əsaslarla tərxis olunmuşdur. Çünki qanunsuz əsaslarla tərxis olunma halları hərbi biletdə öz əksini tapmır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxxx 1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən, 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə Müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər əsasında verilir. «Veteranlar» haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütüvlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Hesab edir ki, hazırda ona veteran adının və müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə mövcud iddia tələbi ilə müraciət etməkdə haqlıdır və bu haqlı tələbi təmin edilməlidir. Ona görə də məhkəmə tərəfindən o, İddiaçı “müharibə veteranı adı və vəsiqəsinin” verilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Ona görə də hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və yeni qərar çıxarılaraq iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən Apellyasiya şikayəti təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)- 645/2020 №-li qərarı ləğv edilməsini, yeni qərar qəbul edilməsini, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlara AZE seriyalı ******** nömrəli ş/v-nin təsdiqlənmiş surəti, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019-cu il tarixli 1/A-15658 nömrəli imtina məktubu, Müdafiə Nazirliyi İşlər X3 xx.xx.2019-cu il tarixli 9/2-6277 nömrəli arxiv arayışı, НЗ seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli 189-4494-1220 nömrəli məktubu, Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 16/658 nömrəli məktubu, Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2020-ci il tarixli etiraz məktubu, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 17/956 nömrəli məktubu aiddir. Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2018-ci il tarixli 422 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 may tarixli 53 nömrəli qərarı; 1998, № 5, maddə 351; 1999, № 9, maddə 558; 2001, № 2, maddə 116; 2002, № 10, maddə 635; 2003, № 6, maddə 342; 2004, № 10, maddə 871; 2006, № 7, maddə 641, №11, maddə 993; 2007, № 5, maddə 544; 2008, № 6, maddə 584; 2010, № 12, maddə 1116; 2015, № 5, maddə 668; 2016, № 9, maddə 1585, № 11, maddə 1926; 2017, № 4, maddə 620) ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözlərivə “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. İşdə olan, xx.xx.2019-cu il tarixli 912-11339 nömrəli Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv arayışından görünür ki, iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onu qeyd etməyi zəruri hesab edir ki, həqiqtən də qeyd edilən sənədlər özündə faktı təsdiq etmə baxımından konkretlik əks etdirmədiyindən, ən əsası bütün bunlar şəxsin hərbi xidmətdən ehtiyata buraxılmasının qanuniliyini təsdiq etmədiyindən tələbin təmin edilməsi üçün yetərli sübut hesab edilməməlidir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından, iddiaçının belə bir mötəbər sübut kimi istinad etdiyi hərbi biletdə əks olunan məlumatlar rəsmi aktları ilə dəstəklənmədiyindən, iddia sübüta yetirilmiş sayıla bilməz. İddiaçı hər bir halda, cavabdehin onun qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələbinə görə, Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Normanın məzmunundan da göründüyü kimi müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir. “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında sərgilədiyi hüquqi mövqe ondan ibarət olmuşdur ki, hərbi qanunvericiliyin tələblərinin yerinə yetirməsini sübut etmədən hərbi qulluqçunun müəyyən dövr ərzində hərbi hissədə qalması və vəzifəsinin icrası zamanı hərbi xidmət keçməsi və hərbi qulluqçu statusu daşıdığı kimi qiymətləndirilməsi mümkün deyildir. Kollegiya qeyd edir ki, iddiaçının hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata və istefaya buraxıldığına dair sübut yoxdur. Sadalananlardan göründüyü kimi, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi işin faktiki halları ilə təsdiqini tapsa da, ehtiyata və ya istefaya buraxılmasını təsdiq edən sübut mövcud deyildir. Həmin hallar iddiaçının tələbinin təmin edilməməsi üçün əsaslardandır. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina barədə cavabdehin hərəkəti qanunauyğun olmuşdır. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-645/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-271/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-271/2020
27.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver