Məhkəmə qərarları › İş №2-1(107)-271/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-271/2024

22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-271/2024 22.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X3 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayon Hənifə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarına əsasən satılmış A seriyalı 100137 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0.12 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2-1(116)- 516/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Balakən rayon Hənifə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarına əsasən satılmış A seriyalı 100137 nömrəi torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0.12 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2784/2023 nömrəli qərardadı ilə Balakən rayonu Hənifə bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

3. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Hənifə bələdiyyəsi tərəfindən 2007-ci il tarixli, 04 nömrəli qərarı, 24 aprel 2007-ci il tarixli 91 nömrəli sərəncamı ilə bələdiyyə mülkiyyətinə aid olan kənddaxili ərazidən, alqı-satqı yolu ilə 0.12 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Həmin torpaq sahəsinin iddiaçıya satılmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin müvafiq rəyi alınmışdır. İddiaçı 16 may 2007-ci il tarixdə həmin torpaq sahəsinin dəyəri olan 462 manat pul vəsaitini AQS nömrəli 079044 nömrəli qəbzlə bələdiyyənin hesabına ödəmiş, həmin vaxtdan torpaq sahəsi naturada iddiaçıya təhvil verilmiş, torpaq sahəsinə 1:1000 miqyasda sxematik plan və situasiya planı hazırlanmış, Şəhərin baş memarı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi, bələdiyyə, Balakən GEM, Balakən rayon DYTX ilə razılaşdırılmış, həmin orqanlar tərəfindən situasiya planı öz möhürləri ilə təsdiq olunmuşdur. Bundan sonra iddiaçı ilə bələdiyyə arasında 28 oktyabr 2008-ci il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib olunmuş, həmin akt tərəflərin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin müdiri tərəfindən imzalanmaqla, həmin orqanların möhürü ilə təsdiq olunmuş, 249 nömrə ilə DTXK-nin Balakən rayon şöbəsində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə A seriyalı 100137 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmış, 283 nömrə ilə X5 kitabında uçota alınmışdır. Həmin torpaq sahəsinə olan hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün cavabdeh ƏMDK yanında DƏDRX nin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət edilmişdir. DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixdə imtina məktubunda vermişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab etdiyi üçün məhkəyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, sözügedən 0,12 ha torpaq sahəsinə dair təqdim edilmiş sənədlər qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin təqdim etdiyi arxiv fondunda sözügedən 0,12 ha torpaq sahəsinə dair “Torpaqların alqı-satqısına dair Akt” sənədi 28 oktyabr 2008-ci il tarixində qeydiyyata alınmışdır. Bundan başqa həmin 0,12 ha torpaq sahəsinin ayrıldığı sahə ərazi idarəsinin xidməti istifadəsində olan “Torpaqların elektron kadastr uçotu informasiya sistemi”ndə mülkiyyət növü bələdiyyə, uqodiyası “Təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar” kimi göstərilib. Buna görə də onun ərizəsinin icrası tərəfindən mümkün olmamışdır.

5. Cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 20 fevral 2024-cü il tarixli 2- 1(116)-516/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

7. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının arzu etdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid ictimai tikililər üçün nəzərdə tutulan torpaq sahəsi olduğundan və bu torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi qanunda birmənalı qadağan edilmişdir. Eləcə də oxşar (analoji) işlər üzrə yuxarı instansiya məhkəmələrinin qərarlarında formalaşdığı hüquqi mövqeyə görə, torpaq sahəsinin hüquqi rejimi ilə bağlı olan məsələlərdə uyğunsuzluq olduğu təqdirdə imtina edilməsi qanunidir. Belə olan halda, müvafiq məhkəmə iddiaçıya qeyd olunan torpaq sahəsinin onun xüsusi mülkiyyətinə verilməsinin mümkün olmamasını və məhkəmə işinin perspektivdə uğurlu olmayacağını bildirməli idi və bu istiqamətdə iddiaçıya xidməti vəzifəsinə görə yardım etməyə borclu idi. İddiaçıya ayrılmış 0,12 ha torpaq sahəsinin naturada ölçüləri 0,10 hektardır. Lakin məhkəmə qərarında torpaq sahəsinin 0,12 ha ölçüdə qeydiyyata alınması öhdəliyi qoyulmuşdur. Qərarın torpaq sahəsinin 0,02 ha hissədə qeydiyyata alınması mümkün deyildir. Belə ki, həmin hissədə torpaq sahəsi qeydiyyata alınmış başqa torpaq sahəsi ilə üst-üstə düşür. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2-1(116)-516/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2-1(116)-516/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir.

11. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

12. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur - Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı Balakən rayon Hənifə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarı ilə İddiaçı Balakən Rayonu Hənifə Bələdiyyəsi ərazisindən 0.12 ha torpaq sahəsi ayrılmış, iddiaçı 462 manat bələdiyyənin hesabına ödəmişdir. - xx.xx.2007-cı il tarixli ödəniş qəbzindən görünür ki, 462 manat məbləğində torpağın dəyəri Balakən rayonu Hənifə bələdiyyəsinin hesabına ödənilmişdir. - Balakən rayonu Hənifə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 91 nömrəli sərəncamı ilə bələdiyyənin 0.12 ha torpaq sahəsinin iddiaçıya verilməsi rəsmiləşdirilmişdir. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin rəyindən görünür ki, mövcud qanunvericiliyə əsasən alqı-satqı yolu ilə sahibkarlıq fəaliyyəti üçün 0.12 ha torpaq sahəsinin Hənifə kənd sakini İddiaçı verilməsi məqsədəmüvafiq hesab edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-4226/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı Balakən rayon Hənifə bələdiyyəsinin 23 04.2007-ci il tarixli, 04 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0.12 ha həyətyanı torpaq sahəsinin naturada ölçüləri 0.10 ha olmaqla idarəmizin xidməti istifadəsində elektron məlumat bazasına əsasən həmin torpaq sahəsi Balakən rayonu Hənifə bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqlarına aid Təhsil, Səhiyyə, Mədəniyyət, Nəqliyyat, Rabitə və Digər Sosial və İctimai Tikinti altında olan torpaqlara aiddir. İddia olunan torpaq sahəsinin faktiki istifadəçisi X1r. Torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, yerləşmə vəziyyəti, ölçüləri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi A seriyalı 100137 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən verilmiş 0.12 ha torpaq sahəsi ilə qismən ust-üstə düşür. "Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən verilmiş 0.12 ha torpaq sahəsi və ya faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. - Mütəxəssis rəyinə əlavədən görünür ki, İddiaçı Balakən rayon Hənifə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0.12 ha həyətyanı torpaq sahəsinə bitişik torpaq sahələrinə dair sənədlər tərtib edilməmişdir. Həmin torpaq sahələri üzərində mülkiyyət hüququ qeydə alınmamışdır. TEKUİS məlumat bazasına əsasən qonşu torpaq sahələrinin və ərazinin təyinatı nədən ibarət olması ilə bağlı bildiririk ki, iddiaçıya ayrılmış 0.12 ha həyətyanı torpaq sahəsi Balakən rayonu Hənifə bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqlarına aid Təhsil, Səhiyyə, Mədəniyyət, Nəqliyyat, Rabitə və Digər Sosial və İctimai Tikinti altında olan torpaqlara aiddir. İddia olunan torpaq sahəsinə bitişik o an torpaq sahələri tərtib edilmiş yerquruluşu planında göründüyü kimi döngə nöqtələri 1-dən 3-ə kimi ümumi istifadədə olan, Balakən rayonu Hənifə bələdiyyəsinin mülkiyyətinə aid yol, Balakən rayonu Hənifə bələdiyyəsinin mülkiyyətinə aid yol ərazisi ilə, 3-dən 4-ə kimi yaşayış məntəqələri torpaqlarına aid həyətyanı sahələrin altında olan torpaqlarla, 4-dən 1 ə kimi isə Balakən rayonu Hənifə bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqlarına aid Təhsil, Səhiyyə, Mədəniyyət, Nəqliyyat, Rabitə və Digər Sosial və İctimai Tikinti altında olan torpaqlarla həmsərhəddir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

16. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.

17. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.

18. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

19. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi mahiyyət etibarilə əsaslı olduğundan təmin edilməlidir.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. İş materialları ilə müəyyən edilir ki, Balakən rayonu Hənifə bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli 04 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilən 0,12 ha torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri Balakən rayonu Hənifə bələdiyyəsinin hesabına ödənilmişdir.

26. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, həmin dövrdə səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin rəyindən görünür ki, mövcud qanunvericiliyə əsasən alqı-satqı yolu ilə sahibkarlıq fəaliyyəti üçün 0.12 ha torpaq sahəsinin Hənifə kənd sakini İddiaçı verilməsi məqsədəmüvafiq hesab edilmişdir.

27. Göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na əsasən həmin torpaq sahəsinin “Torpaqların yeni normativ qiymətinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 saylı qərarına müvafiq olaraq sahibkarlığın inkişafı məqsədilə iddiaçının mülkiyyətinə verilməsini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon məqsədə müvafiq hesab etmişdir.

28. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan, mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətinə aid olması səbəbi ilə əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.

29. Beləliklə, qeyd olunanlardan da göründüyü kimi, cavabdeh mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid ictimai tikililər üçün nəzərdə tutulan torpaq sahəsi olduğunu bildirsə də, bununla əlaqədar hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir.

30. Bundan başqa hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.

31. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

32. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe).

33. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

34. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Balakən rayon Hənifə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarına əsasən satılmış A seriyalı 100137 nömrəi torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0.12 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

35. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2-1(116)-516/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar