Məhkəmə qərarları › İş №2-1(107)-272/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-272/2020

27.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-272/2020 27.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan sosial müavinətinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-837/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi yanında Cavabdeh tərəfindən apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçıya xx.xx.2019-cu il tarixdə müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Cavabdehnə müraciət etdikdən sonra o, xx.xx.2019-cu il tarixdən etibarən Prezident təqaüdü ilə təmin olunmuşdur. Azərbacan Respublikası Müharibə veteranlarına 2005-ci ilin avqust ayından etibarən müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət verilir. O, müharibə veteranları üçün nəzərdə tutulmuş müavinəti almaq üçün DSMF-nin Ucar rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh orqan xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubla bundan imtina etmişdir. Cavabdehin etirazı: Ucar rayonu, Alpı kənd sakini İddiaçı xx.xx.2019-cu il tarixli müraciəti əsasında ona xx.xx.2019-cu il tarixdən Prezident təqaüdü təyin olunmuşdur. Vətəndaş əmək pensiyası almır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxx 2020-ci il tarixli, 2-1(116)- 837/2020 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, avabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş və xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək ödənilməmiş müavinətin bir dəfəyə ödənilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. DSMF-in Ucar rayon şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyаsiyа şikаyətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki İnzibati-İqtisadi məhkəməsi işə baxarkən bir sıra normaları səhv təfsir etmiş və nəticədə əsassız bir qərar çıxarmışdır. Belə ki, Məhkəmə hesab etmişdir ki, veteranların müavinət almaq hüququ “Veteranlar haqqında” Azərbaycan Azərbaycan Respublikasının qanununun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət etməzdən əvvəlki, üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayarq bu qanun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranangündən təyin edilir. Məhz buna görədə məhkəmə bu normanı səhv təfsir edərək iddiaçının iddiasını hüququ yaranmadığı halda ona əvvəlki dövrlər üçün müavinət hesablamışdır. Məhkəmənin gəldiyi bu nəticə ilə bağlı diqqətə çatdırmaq istəyir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təqdim edildikdə veteranlar üçün nəzərdə tutulmuş güzəştlər həyata keçirilir. Yəni normanın açıqlamasına görə vəsiqə verilməmiş şəxslərə qeyd olunan güzəştlər tətbiq olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı,silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında əsasnamənin 1-ci bəndinə əsasən müharibə veteanı adı və vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi,Daxili İşlər Nazirliyi,Milli Təhlükəsizlik Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Yuxarıda qeyd etdiyimiz kimi, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət etməzdən əvvəlki, üç il üçün ödənilməklə,aylıq müavinətlər müraciət edilmə vaxtından aslı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Qanunun şərhinə görə müavinət şəxsin müraciət etdiyi dövrdə verilməlidir. Belə ki, Qanunun 9.1 maddəsinin müraciət edilmə vaxtından asılı olmayaraq əvvəlki üç il üçün müavinət almaq hüququ iki müddətlə, bu qanun qəbul edildiyi günlə və hüququ yarandığı günləməhdudlaşdırılır. Hüququn yarandığı gün Qanunun qəbul edildiyi gündən əvvələ təsadüf edirsə o zaman müavinət hüququ qanun qəbul edildiyi vaxtdan, yox əgər qanun qəbul edildikdən sonra yaranmışsa o zaman hüququ yarandığı andan müəyyən edilir. İddiaçının hüququ iş materiallarından göründüyü kimi, xx.xx.2016-cı il tarixdə “ Müharibə veteram” adı və vəsiqəsi verilməklə yaranmışdır. Beləliklə onun müavinət almaq hüququ olmamış, Prezident təqaüdü isə xx.xx.2019-cu il tarixdən təyin olunmuşdur. Məhz buna görədə ona əvvəlki dövrlər üçün müavinət təyin edilməsi üçün heç bir əsas mövcud deyildir. Lakin bu qeyd olunanlar, İddiaçı xx.xx.2019-cu il tarixli rəsmimüraciətinə və X1nin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Sərəncamı ilə xx.xx.2019-cu il tarixdən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirkaçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikasının Prezident təqaüdü ilə əvəz edildiyi üçün, Əmək və X1 Nazirliyi yanında Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdən etibarən 970140 şəxsi iş nömrəsi ilə sosial müavinət təyin olunması və Azərbaycan Respublikası Ali Məhkəməsinin bu tip işlər üzrə vahid fikir forması (yuxarıda qeyd edilə formada) mövcud olmasına baxmayaraq məhkəmə əsassız bir qərar vermişdir. Qeyd edilənlərə əsasən Şəki İnzibati məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)- 837/2020 saylı qərarını ləğv edib, iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı ******** nömrəli Şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, xx.xx.2019-cu il tarixli M/V seriyalı 085907 nömrəli veteran vəsiqəsinin təsdiqlənmiş surəti, DSMF-nin Ucar rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********0 nömrəli imtina məktubu, xx.xx.2020-ci il tarixli **********1 nömrəli etiraz məktubu aiddir. Əsaslandırma hissəsi: DSMF-in Ucar rayon şöbəsinin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apelyasiya şikayəti uğurlu olacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2ci maddəsi). Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və bu səbəbdən ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli M/V seriyalı 085907 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. DSMF-in Ucar rayon şöbəsinə müraciət etdikdən sonra o, xx.xx.2019-cu il tarixdən etibarən təqaüdlə təmin olunmuşdur. O, müharibə veteranları üçün nəzərdə tutulmuş müavinəti almaq üçün DSMF-in Ucar rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh orqan xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubla bundan imtina etmişdir. Məhkəmə kollegiyası ilk öncə olaraq onu qeyd edir ki, iddiaçıya müharibə veteranı vəsiqəsinin verildiyi xx.xx.2019-cu il tarixdən etibarən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanı ilə təsis edilən və müharibə veteranları üçün nəzərdə tutulan 80 manat məbləğində təqaüdün cavabdeh tərəfindən təyin olunmaqla ödənilməsi həyata keçirilir. Lakin hazırkı mübahisə isə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanı qəbul olunanadək qanunvericilikdə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin iddiaçıya əvvəlki üç il üzrə ödənilməsinin mümkünlüyü ilə bağlıdır. Birinci instansiya məhkəməsi bununla bağlı özünün hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, li M/V seriyalı 085907nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.2019-cu il tarixində verilsə də, onun müharibə veteranı olması faktı həmin müddətdən əvvəldə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müəyyən edilmişdir. Belə ki, Azərbaycanın Dağlıq Qarabağ vilayətinin və daha 7 rayonun erməni işğalçılarından azad edilməsi ilə və aparılan döyüş əməliyyatları ilə bağlı 1994-cü il may ayından tərəflər arasında atəşkəs razılaşması əldə edilməsi hamıya bəlli olan haldır. İddiaçılar da məhz həmin tarixədək olan döyüşlərdə iştiraklarına görə müharibə veteranı adı və vəsiqəsi almışlar. Bu halda iddiaçının yuxarıda istinad edilmiş qanunvericiliyin müddəalarına əsasən, cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün müavinətin hesablanıb ödənilməsi hüququ yaranmış olur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşmır və belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin inzibati iş üzrə qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməməldir. Belə ki, Azərbaycan Respubliası Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il 1 aprel tarixədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Azərbaycan Respubliası Prezidentinin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respubliası Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman 2019-cu il 1 aprel tarixdən tətbiq edilir. Beləliklə, 2019-cu il 1 aprel tarixdən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması istisna edilir. Belə ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 2019-cu il 1 aprel tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı normayaradıcı tərəfindən yeni hüquq qaydası müəyyən edilmişdir. Buna uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, 2019-cu il 1 aprel tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. 2019-cu il 1 aprel tarixdən əvvəl müharibə veteranı vəsiqəsi və statusu almış şəxslərə münasibətdə isə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq olunmaqla müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. Yuxarıda sadalanan hüquq normalarını nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən müəyyən olunmuş faktiki hallara hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının 3.2-ci bəndinə əsasən, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi qərara alınmışdır. Bununla bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx xxxx 2020-ci il tarixli, 2-1(102)-754/2020 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Məhkəmə kollegiyası iddiaçının nəzərinə çatdırır ki, belə olan vəziyyətdə iddiaçının tələbinin təmin edilməsi üçün heç bir hüquqi və faktiki əsas yoxdur. Belə ki, müraciət edilməzdən əvvəlki üç il üçün ödənilmə o halda tətbiq edilə bilər ki, şəxsə veteran vəsiqəsi xx xxxxx 2019-cu il tarixdən əvvəl verilsin. Belə ki, 2019-cu il 1 aprel tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. 2019-cu il 1 aprel tarixdən əvvəl müharibə veteranı vəsiqəsi və statusu almış şəxslərə münasibətdə isə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq olunmaqla müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini qismən təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apelyasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan təmin edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apelyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi yanında Dövlət X3 Ucar rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-837/2020 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan sosial müavinətinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair dair iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar