Məhkəmə qərarları › İş №2-1(107)-272/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-272/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-272/2023 01.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialina qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-ci il tarixli, 2-1(116)-150/2023 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X5 Filialı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-ci il tarixli, 2-1(116)-150/2023 nömrəli saylı qərarı ilə (hаkim Vüqar Musayev) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialinın üzərinə İddiaçı xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-ci il tarixli, 2-1(116)-150/2023 saylı qərarından apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclası 01 iyun 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən ərizənin icraata qəbul edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 bildirmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən (hüququnun yarandığı tarixdən) yaşa görə əmək pensiyası təyin olunmuş, inzbati orqan tərəfindən mübahisə aradan qaldırılmışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi əmək pensiyasının təyin edilməsi haqqında qərarın surətini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikasının İnzibаti Prosessuаl Məcəlləsinin 67-ci mаddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Təqdim edilmiş əmək pensiyasının təyin edilməsi haqqında qərarın surətindən görünür ki, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərar ilə İddiaçı xx.xx.2023-cü il tarixdən (hüququnun yarandığı tarixdən) yaşa görə əmək pensiyası təyin olunmuşdur. Məhkəmə kollegiyası işdə olan sənədlərə baxaraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası ilə bağlı inzibati iş üzrə tərəflər arasında mübahisə məhkəməyə qədər həll edildiyindən məhkəmədə baxılmalı deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1.maddəsinin tələbinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası işdə olаn sənədləri tədqiq edərək, cavabdehin xahişini dinləyərək belə qənаətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessal Məcəlləsinin 55 və 87.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar