Məhkəmə qərarları › İş №2-1(107)-273/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-273/2022

25.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-273/2022 25.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "X2 adına xx.xx.2021-ci il tarixə olan vəziyyətə əsasən tərtib olunmuş 3348 inventar nömrəli **********97-06301 reyestr nömrəli texniki pasportun "3. Torpaq sahəsinin planı M 1:200" və "4. Torpaq sahəsinin təsnifatı" hissəsinin ləğv edilərək, xx.xx.2014cü il tarixə olan vəziyyətə əsasən tərtib olunmuş 3348 inventar nömrəli texniki pasporta uyğun "3. Torpaq sahəsinin planı M 1:200" hissəsində ümumi torpaq sahəsinin 58,7 kv.m, "4. Torpaq sahəsinin təsnifatı" hissəsində faktiki istifadədə olan torpaq sahəsinin 58,7 kv.m, əsas tikili altında olan torpaq sahəsinin 58,7 kv.m kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli 2-1(116)-195/2022 nömrəli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Balakən şəhəri M.Müşfiq küçəsi 2/4 nömrəli yaşayış evi xx.xx.1997-ci ildə şəxsi mülkiyyət hüququ əsasında İddiaçı2 adına qeydə alınmış və ona bu barədə "Qeydiyyat vəsiqəsi" verilmişdir. Hazırda həmin mənzilin yeni ünvanı Balakən şəhəri M.Müşfiq küçəsi ev 5 mənzil 36-dır və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 göstərilən ünvanda yaşayış yeri üzrə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi Balakən Bələdiyyəsinin müraciəti ilə bağlı xx.xx.2004-cü il tarixli 49 nömrəli rəy verərək bildirmişdir ki, X3 alqı-satqı yolu ilə mağaza binası tikmək üçün verilməsi nəzərdə tutulmuş 40 kv.m torpaq sahəsi Balakən Bələdiyyəsinin mülkiyyətində olan ərazidir və DTXK-nin Balakən rayon şöbəsi həmin 40 kv.m torpaq sahəsinin mağaza binası tikmək üçün alqı-satqı yolu ilə X3 verilməsini məqsədə müvafiq hesab edir. Balakən Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 nömrəli qərarı ilə Balakən şəhəri M.Müşfiq küçəsində mağaza tikmək üçün 4x10 metr ölçüdə 40 kv.m torpaq sahəsinin X1 qərara alınmışdır. Balakən Bələdiyyəsi ilə X4 arasında 40 kv.m torpaq sahəsi ilə bağlı xx.xx.2006-cı il tarixli "Torpaqların alqı-satqısına dair akt" tərtib edilmiş və bu akt eyni tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsində 540 nömrəsi ilə qeydiyyata alınmışdır. Eyni zamanda, Balakən Bələdiyyəsinin sədri tərəfindən həmin 40 kv.m torpaq sahəsinin yerquruluşu planı tərtib edilmiş və bu sənəd Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir. Bundan sonra Balakən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 56 nömrəli sərəncamına əsasən, Balakən şəhəri M.Müşfiq küçəsində X3 məxsus 40 kv.m torpaq sahəsində yerləşən mağaza binasının ikinci mərtəbəsinin tikintisinin təsdiq edilmiş layihə əsasında aparılması qərara alınmışdır. "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu Zaqatala rayon filialı tərəfindən "Balakən rayonu Mikayıl Müşfiq küçəsində X2 mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş mağaza binasının eskiz layihəsi" tərtib edilmiş, həmin sənəd Balakən rayonunun baş memarı ilə razılaşdırılaraq onun imzası və Balakən Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiq edilmişdir. Sənədin titul vərəqində "Zaqatala-2011" yazılmışdır. "Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı" ilə Balakən şəhəri M.Müşfiq küçəsində yerləşən və X4 tərəfindən inşa edilmiş mağaza binası xx.xx.2014-cü ildə istismara qəbul edilmişdir. Həmin sənədə əsasən, obyektin ümumi sahəsi 94 kv.m olmuşdur. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası ilə bağlı cavabdeh tərəfindən X2 adına xx.xx.2014-cü il tarixli 3348 inventar nömrəli Texniki pasport tərtib edilmişdir. Həmin sənəddə torpaq sahəsinin ölçüsü həm faktiki istifadədə, həm də əsas tikili altında 58,70 kv.m göstərilmişdir. Eyni zamanda ünvan 2 ünvanında yerləşən 94 kv.m sahəsi olan 2 mərtəbəli qeyriyaşayış binasına (mağaza) X2 mülkiyyət hüququ xx.xx.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Həmin sənəddə tikintialtı sahənin 58,70 kv.m olması, torpaq sahəsinin mülkiyyət növü dövlət, torpaq sahəsinə hüququn növü isə istifadə göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsi cavabdeh 18 saylı Zaqatala Ərazi İdarəsinə məktubla müraciət edərək, X2 istifadəsində olan 421 kv.m torpaq sahəsinin özəlləşdirilməsi məqsədilə texniki pasportun dürüstləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Bundan sonra cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası ilə bağlı X2 adına xx.xx.2021-ci il tarixli 3348 inventar nömrəli yeni Texniki pasport tərtib edilmişdir. Həmin sənəddə torpaq sahəsinin ölçüsü faktiki istifadədə 393,30 kv.m, əsas tikili altında 58,70 kv.m, digər tikili və qurğular altında 57 kv.m olmaqla ümumi tikilialtı sahə 115,70 kv.m, sərbəst (örtüksüz) torpaq 277,60 kv.m göstərilmişdir. İddiaçılar cavabdehə ərizə ilə müraciət edərək, Balakən şəhəri M.Müşfiq küçəsi 5 ünvanında yerləşən yaşayış binasının ümumi istifadəsində olan torpaq sahəsinə dair X2 adına verilmiş texniki pasporta düzəliş edərək ilkin qeydiyyata uyğun yeni pasport tərtib olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, qeyd olunan Texniki pasportun tərtibi üçün əsas olmuş sənədlərdə düzəliş və ya həmin sənədlər ləğv olunmadığı təqdirdə həmin sənədlər əsasında tərtib edilmiş Texniki pasportda düzəlişin edilməsi Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. İddiaçılar bununla razılaşmayaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "üçüncü şəxs X2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* nömrəli xx.xx.2014-cü il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, 17 iyun 2020-ci ilə olan vəziyyətə əsasən, tərtib olunmuş 3348 inventar nömrəli **********97-06301 reyestr nömrəli texniki pasportun bina sakinlərinin ümumi istifadəsində olan 353,3 kv.m hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişlər. Birinci instansiya məhkəməsinin yardım məktubundan sonra iddiaçılar yenidən cavabdehə ərizə ilə müraciət edərək, texniki pasportun bina sakinlərinin ümumi istifadəsində olan 353,3 kv.m hissədə ləğv olunmasını da xahiş etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixli məktubla bundan da imtina edərək qeyd olunan məsələ ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etməyi tövsiyə etmişdir. Bundan sonra iddiaçıların nümayəndəsi Vəkil birinci instansiya məhkəməsinə iddianın dəyişdirilməsi barədə xx.xx.2021-ci il tarixli ərizə verərək, iddia tələbini "üçüncü şəxs X2 adına xx.xx.2021-ci il tarixə olan vəziyyətə əsasən tərtib olunmuş 3348 inventar nömrəli **********97-06301 reyestr nömrəli texniki pasportun "3. Torpaq sahəsinin planı M 1:200" və "4. Torpaq sahəsinin təsnifatı" hissəsinin ləğv edilərək, xx.xx.2014-cü il tarixə olan vəziyyətə əsasən tərtib olunmuş 3348 inventar nömrəli texniki pasporta uyğun "3. Torpaq sahəsinin planı M 1:200" hissəsində ümumi torpaq sahəsinin 58,7 kv.m, "4. Torpaq sahəsinin təsnifatı" hissəsində faktiki istifadədə olan torpaq sahəsinin 58,7 kv.m, əsas tikili altında olan torpaq sahəsinin 58,7 kv.m kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçıların nümayəndəsi Vəkil iddianı dəyişdirməsi qəbul edilmişdir. Daha sonra iddiaçıların nümayəndəsi cavabdehin həmin tələblə bağlı xx.xx.2022-ci il tarixli imtina məktubunu məhkəməyə təqdim etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X4 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmiş, eləcə də cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçılar öz tələblərini belə əsaslandırmışlar ki, bina sakinlərinin ümumi istifadəsində olan mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən verilmiş 3348 inventar nömrəli Texniki pasportda X2 istifadəsində göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlər mövcud olmadan ümumi istifadədə olan həmin torpaq sahəsi üçüncü şəxsə aid Texniki pasporta daxil edilmişdir. Həmin Texniki pasportda üçüncü şəxsin istifadəsində olan torpaq sahəsinin ümumi sahəsi 393,3 kv.m kimi qeyd olunmuş, lakin qeyd olunan ərazidə üçüncü şəxsə sənəd üzrə yalnız 40 kv.m torpaq sahəsi ayrılmışdır. Üçüncü şəxs özünə məxsus sənədlərin itirilməsi ilə bağlı prosedur başladaraq adına olan sənədlər etibarsız hesab edilmiş və dublikat verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh təqdim edilmiş saxta cizgi əsasında sənədin dublikatını vermək əvəzinə hüquqların dövlət qeydiyyatını həyata keçirmiş, qanunsuz olaraq ümumi istifadədə olan torpaq sahəsini hüquqi və texniki sənədlərə daxil etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi iddiaya qarşı xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli etirazlarında, eləcə də məhkəmənin sorğularına verdiyi xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli cavablarda iddianı qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, X2 3348 inventar nömrəli Texniki pasporta əsasən istifadəsində göstərilmiş və onun faktiki (naturada) bağlı hasar daxilində istifadəsində olan 393,3 kv.m torpaq sahəsi Ərazi İdarəsinin xidməti istifadəsində olan elektron baza məlumatlarında dövlət mülkiyyətinə aid olduğunu nəzərə alaraq, həmin torpaq sahəsinin 40 kv.m hissəsinin səlahiyyətsiz şəxs olan Balakən Bələdiyyəsi tərəfindən satılması ilə bağlı hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində əməliyyatların aparılması mümkün olmamış və X3 təqdim olunan çıxarışda torpaq sahəsinin mülkiyyət növü "Dövlət" yazılmışdır. Elektron baza məlumatlarında həmin 393,3 kv.m (334,6 kv.m daxil) torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir, lakin sözügedən torpaq sahəsinin təyinatı və uqodiyası göstərilməmişdir. Göstərilən 393,3 kv.m (334,6 kv.m daxil) torpaq sahəsinin Balakən şəhəri M.Müşfiq küçəsi 5 nömrəli çoxmənzilli yaşayış evinin torpaq sahəsi kimi nəzərdə tutulması ilə bağlı elektron bazada məlumat aşkar edilməmişdir. Üçüncü şəxs X4 iddiaya qarşı etirazında bildirmişdir ki, sözügedən mübahisəli torpaq sahəsi Mənzil İstismar İdarəsinin balansında deyil, o, həmin torpaq sahəsindən 30 ildir ki, fasiləsiz istifadə etməkdədir. Həmin torpaq sahəsinə dair çıxarış və texniki pasport almış, həmin çıxarış bugünə qədər ləğv olunmamış və etibarsız hesab edilməmişdir. Bundan başqa, sözügedən torpaq sahəsi Balakən şəhəri M.Müşfiq küçəsi 5 nömrəli evdən aralı olmaqla, iddiaçıların iddia etdiyi həmin çoxmənzilli evin istifadəsində deyildir. Buna dair iddiaçılar məhkəməyə hər hansı sübut, ekspert rəyi və mütəxəssis rəyi təqdim etməmişlər. Şəki İnzibаti Məhkəməsinin (hakim Vidadi Qasımov) 19 iyul 2022-ci il tarixli 2- 1(116)-195/2022 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "X2 adına xx.xx.2021-ci il tarixə olan vəziyyətə əsasən tərtib olunmuş 3348 inventar nömrəli **********97-06301 reyestr nömrəli texniki pasportun "3. Torpaq sahəsinin planı M 1:200" və "4. Torpaq sahəsinin təsnifatı" hissəsinin ləğv edilərək, xx.xx.2014-cü il tarixə olan vəziyyətə əsasən tərtib olunmuş 3348 inventar nömrəli texniki pasporta uyğun "3. Torpaq sahəsinin planı M 1:200" hissəsində ümumi torpaq sahəsinin 58,7 kv.m, "4. Torpaq sahəsinin təsnifatı" hissəsində faktiki istifadədə olan torpaq sahəsinin 58,7 kv.m, əsas tikili altında olan torpaq sahəsinin 58,7 kv.m kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 аpеllyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli 2-1(116)-195/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 аpеllyаsiyа şikаyətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli 2-1(116)-195/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası iddiaçıların tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında deyilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. (1.1-ci bənd) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.(3.3cü bənd) İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. (5.1-ci bənd) Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. (5.2-ci bənd) İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. (6.1-ci bənd) İddiaçılar hüquqlarının pozulmasını və iddia tələbi üzrə subyektiv hüquqlarının olmasını bununla əsaslandırırlar ki, üçüncü şəxs X2 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli 3348 inventar nömrəli Texniki pasportda göstərilmiş 393,30 kv.m torpaq sahəsinin bir hissəsi onların yaşadığı, Balakən şəhəri M.Müşfiq küçəsindəki 5 nömrəli çoxmənzilli yaşayış evinə aid olan torpaq sahəsi ilə üst-üstə düşür. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə iddiaçıların subyektiv hüququnun olmasını iddia etmək üçün sözügedən Texniki pasportda göstərilmiş torpaq sahəsinin ən azı bir hissəsinin iddiaçıların yaşadığı çox mənzilli yaşayış evinə aid olan torpaq sahəsi ilə üstüstə düşməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq, məhkəmə proses iştirakçılarının təqdim etdikləri sübutlarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları, o cümlədən yuxarıda göstərilən məsələni xidməti vəzifəsinə görə özü araşdırdı. Birinci instansiya məhkəməsi tərəfindən Balakən Rayon İcra Hakimiyyətinə sorğu edilərək alınmış xx.xx.2021-ci il tarixli 02-1867 nömrəli arayışda göstərilmişdir ki, Balakən şəhəri M.Müşfiq küçəsi 5 nömrəli çoxmənzilli binanın dəqiq ölçüsü və döngə nöqtələri "xxxx" MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən verilə bilər. Bu ünvanda yerləşən çoxmənzilli binanın texniki göstəriciləri və torpaq sahəsi barədə məlumat DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin reyestr bazasında mövcuddur. Həmin məlumatın verilməsi Balakən Rayon İcra Hakimiyyətinin imkanı xaricindədir. Bundan başqa Balakən Mənzil İstismar Müəssisəsinə sorğu edilərək alınmış xx.xx.2022-ci il tarixli 08 nömrəli arayışda göstərilmişdir ki, X2 adına olan xx.xx.2021-ci il tarixli Texniki pasportun olmasına baxmayaraq, hasara alınmış torpaq sahəsi dövlət torpağıdır və Mənzil İstismar Müəssisəsinin balansındadır. "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin beşinci hissəsində deyilir ki, dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin Qanunun 6-cı maddəsinin dördüncü bəndinə görə, dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında" Əsasnamənin 2-ci bəndinə görə, fond Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamındadır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək, aşağıdakı sual ilə bağlı arayış tələb edilmişdir: - X2 adına olan xx.xx.2021-ci il tarixli texniki pasportda göstərilmiş və onun tərəfindən hasara alınmış torpaq sahəsi Balakən şəhəri M.Müşfiq küçəsi 5 nömrəli çoxmənzilli yaşayış evinin sakinlərinin ümumi istifadəsinə verilmiş torpaq sahəsi ilə üstüstə düşürmü? Düşürsə ölçüsü və koordinatları göstərilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmənin sorğusunu baxılması üçün cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə göndərmiş, həmin Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə bildirmişdir ki, mübahisəli torpaq sahəsinə tərəflərin iştirakı ilə yerli baxış keçirilmiş, zəruri texniki inventarlaşdırma işləri aparılmış və həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları yerdə (naturada) müəyyən edilərək elektron daşıyıcılara daxil edilmiş, həmçinin qeyd olunan məlumatları özündə əks etdirən sxem və digər zəruri məlumatlar hazırlanmışdır. Smetada nəzərdə tutulmuş 295 manat xidmət haqqı iddiaçılar tərəfindən ödənildikdən sonra sorğuda qeyd olunan məlumatlar məhkəməyə təqdim olunacaq. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubu ilə 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu, smeta və bank rekvizitlərini əks etdirən sənəd iddiaçılara göndərilərək xidmət haqqını ödəmələri onlara təklif edilmişdir. Lakin iddiaçıların nümayəndəsi Vəkil məhkəməyə yazdığı xx.xx.2022ci il tarixli cavabda cavabdehin hazırkı işin nəticəsində maraqlı olmasını nəzərə alaraq qeyd olunan məsələnin məhz cavabdeh tərəfindən araşdırılmasının məqsədə uyğun olmadığını, cavabdeh orqanın hər hansı məlumatı məhkəməyə təqdim etməsi üçün 295 manat ödəniş tələb etməsinin yolverilməz olmasını, iddiaçıların xidmət haqqını ödəməkdən imtina etdiyini bildirmiş və qeyd olunan məsələlərin işin nəticəsində maraqlı olmayan ekspertə və ya mütəxəssisə həvalə edilməsini, əks təqdirdə, iş materiallarında olan mövcud sübutlar əsasında iddiaya mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əvvəla, məhkəmə sorğunu cavabdehə deyil, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlamışdır. Məhkəmənin sorğusu baxılması üçün 18 saylı Zaqatala Ərazi İdarəsinə ona görə göndərilmişdir ki, həmin İdarə Əmlak Məsələləri Dövlət Xidmətinin strukturuna daxildir. Digər tərəfdən isə, məhkəmənin sorğusunda tələb edilən məlumat dövlət torpaq kadastrının məlumatlarına aiddir və dövlət torpaq kadastrı fondu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamındadır. Belə olan halda, məhkəmənin qeyd olunan məlumatı əldə edə biləcəyi başqa bir orqan, ekspert, mütəxəssis yoxdur. Ona görə də iddiaçıların nümayəndəsinin qeyd olunan məsələlərin işin nəticəsində maraqlı olmayan ekspertə və ya mütəxəssisə həvalə edilməsi barədə vəsatəti təmin edilə bilməz. Həm də cavabdehin işin nəticəsində maraqlı olması onun təqdim etdiyi məlumatların həqiqiliyini şübhə altına almaq üçün kifayət etmir. Eyni zamanda birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Balakən Mənzil İstismar Müəssisəsinin xx.xx.2022-ci il tarixli 08 nömrəli arayışında X2 adına olan xx.xx.2021-ci il tarixli Texniki pasportunda göstərilmiş torpaq sahəsinin Mənzil İstismar Müəssisəsinin balansında olması barədə arayışı dövlət torpaq kadastrının məlumatları ilə təsdiq edilmədiyinə görə sübut kimi qəbul oluna bilməz. Bununla yanaşı, iddiaçılar xidmət haqqını ödəmədiyinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat əldə etmək mümkün olmasa da, məhkəmə tərəfindən əvvəlcədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə sorğu edilərək alınmış xx.xx.2021-ci il tarixli **********16 nömrəli arayış vardır və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə verilmiş sorğunun cavablandırılması həmin Xidmət tərəfindən məhz 18 saylı Zaqatala Ərazi İdarəsinə həvalə edildiyinə görə məhkəmə bu qənaətə gəldi ki, işdə olan həmin arayışa istinad edilməlidir. Həmin arayışda deyilir ki, X2 adına olan 3348 inventar nömrəli Texniki pasportda göstərilmiş 393,3 kv.m (334,6 kv.m daxil) torpaq sahəsi elektron baza məlumatlarında dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir, lakin sözügedən torpaq sahəsinin təyinatı və uqodiyası göstərilməmiş, həmçinin, göstərilən 393,3 kv.m (334,6 kv.m daxil) torpaq sahəsinin Balakən şəhəri M.Müşfiq küçəsi 5 nömrəli çoxmənzilli yaşayış evinin torpaq sahəsi kimi nəzərdə tutulması ilə bağlı elektron bazada məlumat aşkar edilməmişdir. Göründüyü kimi, üçüncü şəxs X2 adına olan Texniki pasportda göstərilmiş torpaq sahəsinin iddiaçıların yaşadığı çoxmənzilli yaşayış binasına aid torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Ona görə də məhkəmə iddiaçıların hazırkı iddia ilə bağlı subyektiv hüququnun mövcud olmaması və bu səbəbdən iddianın mümkün olmaması qənaətinə gəlmişdir. İddianın mümkün sayılmamasına səbəb olan hallar şifahi məhkəmə baxışı zamanı iddiaçıların nümayəndəsi Vəkil diqqətinə çatdırılaraq onunla müzakirə edilmişdir. Nümayəndə məhkəməyə təqdim edə biləcəyi başqa bir sübutun olmadığını söyləmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəf üçüncü şəxs X2 adına olan Texniki pasportda göstərilmiş torpaq sahəsinin iddiaçıların yaşadığı çoxmənzilli yaşayış binasına aid torpaq sahəsi ilə üst-üstə düşməsini sübut edə bilməsələr də, cavabdeh də bunun əksini sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qısa,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iş üzrə iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli 2-1(116)-195/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli 2-1(116)-195/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar