Məhkəmə qərarları › İş №2-1(107)-273/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-273/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-273/2024 05.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X13 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan X6 və Koordinasiya Mərkəzinə qarşı “dövlət əmlakının registrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2-1(116)- 461/2024 nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, dövlət əmlakının registrində aparılmış qeydiyyatın ləğv edilməsi, Qax rayon Əmbərçay kəndində yerləşən 5 otaqlı 2 evin,1,5 desyatin fındıq bağının və 1,5 desyatin əkin sahəsinin iddiaçının ulu babası X4 məxsus olmasına dair arayışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, İddiaçı Qax rayon notariat ofisinə müraciət edərək, xx.xx.1931-ci il tarixdə vəfat etmiş ulu babası X2 miras qalmış fərdi yaşayış evinə və torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin, mərhumun adına olan fərdi yaşayış evinin və torpaq sahəsinin hüquqmüəyyən edən sənədlər olmadığına görə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Qax rayon notariat ofisinə təqdim edilmiş xx.xx.1960-cı il tarixli 11-İE seriyalı №006963 saylı doğum haqqında şəhadətnaməyə əsasən, hüquqlarını müdafiə etdiyi İddiaçı atası X9 birinci növbə qanun üzrə vərəsəsi, Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(024)-294/2022 saylı qətnaməsinə görə isə repressiya qurbanı olmuş babası X3 nəvəsidir. Qax rayon notariat ofisinin xüsusi notariusu xx.xx.2022-ci il tarixli 676 saylı məktubla hazırkı inzibati mübahisə üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, hüquqlarını müdafiə etdiyi İddiaçı hüquqi xidmət göstərilməsi üçün mərhum ulu babası X3 vərəsəsi olması nəzərə alınaraq, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün çıxarış və texniki pasportun verilməsini xahiş etmişdir. Bununla bağlı cavabdeh 12 saylı Şəki Ərazi İdarəsi İddiaçı xx.xx.2022-ci il tarixli **********20 saylı cavab məktubunda qeydiyyata alınmasını istədiyi tikilinin köhnə məktəb binası olmaqla, dövlət mülkiyyətində olmasının müəyyən edildiyini, ona görə də Qax rayonu, Əmbərçay kəndində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının mümkün olmadığını bildirmişdir.

3. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazında bildirmişdir ki, ərizəyə baxılması ilə əlaqədar müraciət olunan bina və torpaq sahəsinin elektron baza kadastr xəritə və arxiv məlumatları yoxlanılarkən müəyyən olunmuşdur ki, Qax rayonunun Əmbərçay kəndində yerləşən, 1976-cı ildə istismara verilmiş, ümumi torpaq sahəsi 4801,5 kv.m olan Əmbərçay kənd orta məktəbinin istifadəsiz bina və tikililərinin 23 dekabr 2015-ci il tarixli təhvil-qəbul aktı əsasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “X7 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinə təhvil verilərək dövlət mülkiyyətində olduğu müəyyən edildiyindən və ərizəçi tərəfindən təqdim olunan sənədlər daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların nəzərdə tutulduğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə cavab vermədiyindən ərizəçiyə xx.xx.2022-ci il tarixli **********20 №-li imtina məktubu verilmişdir. Bundan başqa qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinin 3-cü bəndinə əsasən keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən, dövlət mülkiyyətində olan ünvan 1ində yerləşən, 1976-cı ildə istismara verilmiş qeyri yaşayış binası, emalatxana binası, talvar, ərazinin hasarı və 4801,5 kv.m torpaq sahəsinin iddiaçının mərhum babası X4 məxsus olması barədə arayışın və texniki pasportun verilməsi tərəfimizdən qanunamüvafiq hesab olunmamışdır.

4. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan X6 və Koordinasiya Mərkəzi birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazında bildirmişdir ki, ünvan 1ində yerləşən və iddiaçı tərəfindən mübahisənin predmeti kimi təqdim olunan əmlak köhnə Əmbərçay kənd ümumi orta məktəbin köhnə binası olmuşdur Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qax rayon təhsil şöbəsi xx.xx.2015-ci il tarixli 64 nömrəli məktubla Təhsil Nazirliyinə müraciət edərək, Əmbərçay kəndində yeni məktəb binasının tikilib istifadəyə verildiyini nəzərə alaraq, köhnə məktəb binasının şöbənin balansından çıxarılaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Təhsil Nazirliyi bununla əlaqədar xx.xx.2015-ci il tarixli xx-xx-6948/16 nömrəli məktubla Komitəyə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" xx.xx.2007-ci il tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 6.4-cü bəndinə uyğun olaraq bu müraciət nəzərə alınmış və qeyd olunan daşınmaz əmlakın təhvil-qəbulu həyata keçirilmiş, buna dair xx.xx.2015-ci il tarixli akt tərtib edilmişdir. Göstərilənlərə əsasən ünvan 1i ünvanında yerləşən “Əmlak kompleksi” (faydalı sahəsi-440,0 kv.m., torpaq sahəsi-4801,5 kv.m.) Komitənin tabeliyindəki İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2015-ci il tarixli 300 nömrəli əmri ilə dövlət mülkiyyətindəki əmlak qismində balansa qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1382 nömrəli Fərmanının 7.3-cü yarımbəndinə əsasən İXMİM-nin hüquqi varisi Mərkəzdir. İddianın əmlakın qeydiyyatdan silinməsinə dair hissəsi ilə bağlı qeyd edirik ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin 11-ci bəndinə görə Azərbaycan Respublikasında dövlət əmlakının Registrində məlumat (yazılar) daşınmaz dövlət əmlakına münasibətdə əşya hüquqlarına, onun öhdəliklərlə yüklənməsinə və dövlət mülkiyyət hüququna xitam verildikdə silinir. İddiaçı qeyd olunan əsaslardan hansısa birinin mövcudluğu barədə heç bir sübut göstərə bilməmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 12 fevral 2024-cü il tarixli 2- 1(116)-461/2024 nömrəli qərarı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “dövlət əmlakının registrində aparılmış qeydiyyatın ləğv edilməsi, Qax rayon Əmbərçay kəndində yerləşən 5 otaqlı 2 evin, 1,5 desyatin fındıq bağının və 1,5 desyatin əkin sahəsinin iddiaçının ulu babası X4 məxsus olmasına dair arayışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.

9. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayon Əmbərçay kəndində yerləşən 5 otaqlı 2 evin,1,5 desyatin fındıq bağının və 1,5 desyatin əkin sahəsinin iddiaçının ulu babası X4 məxsus olmasına dair arayışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi mümkün sayılmamışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ƏMDX tərəfindən təqdim edilən daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışa həmin daşınmaz əmlakın nə vaxt və necə yaranması yəni, bu əmlakın dövlət mülkiyyətinə hansı hüquqverici sənəd əsasında keçməsinə dair heç bir məlumat daxil edilməmişdir. Halbuki, həmin vaxtlar yəni, 1976-cı illər ərəfəsində qüvvədə olan Dövlət tikinti norma və qaydalarına əsasən, dövlət obyekti olan tikintiyə başlanılması üçün Azərbaycan SSR Nazirlər Soveti və ya yerli XDS İK müvafiq torpaq sahəsinin ayrılması barədə qərar qəbul etməli, tərtib edilmiş layihə-smeta sənədləri təsdiq edilməli, tikinti başa çatandan sonra isə dövlət komissiyası tərəfindən istismara qəbul edilməli və s. tələblərə əməl edilməli idi. Qeyd edilən məlumatlardan heç biri dövlət əmlakının registrindən çıxarışda əksini tapmamışdır. Təəssüf ki, mübahisənin düzgün həlli üçün xüsusi əhəmiyyət kəsb edən bu fakt üzrə məhkəmədə kifayət qədər araşdırılma aparılmamış, iddiaçı tərəf olaraq məhkəməyə təqdim etdiyimiz sübutların isə təkzib edilməsi barədə heç bir mötəbər sübuta istinad edilməmişdir. Belə vəziyyətlə bağlı Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 19.1-ci maddəsində bildirilir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İşin faktiki halları isə ondan ibarətdir ki, İddiaçı Qax rayon notariat ofisinə müraciət edərək, xx.xx.1931-ci il tarixdə repressiya qurbanı olmaqla güllələnmiş ulu babası X2 miras qalmış fərdi yaşayış evinə və torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin, mərhumun adına olan fərdi yaşayış evinin və torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri olmadığına görə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. İddiaçı hüquqi xidmət göstərilməsi üçün mərhum ulu babası X3 vərəsəsi olması nəzərə alınaraq, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün çıxarışın və texniki pasportun verilməsi barədə Qax rayon notariat ofisinin xüsusi notariusu xx.xx.2022-ci il tarixli 676 saylı məktubuna cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şək Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli **********20 saylı cavab məktubunda bundan imtina edilərək, qeydiyyata alınması istənilən tikilinin köhnə məktəb binası olmaqla, ünvan 1ində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində dövlət mülkiyyəti qismində qeydiyyata alındığı bildirilmişdir. Lakin toplanmış arxiv sənədlərindən məlum olmuşdur ki, istintaq qrupunun səlahiyyətli şəxsi Bayramov tərəfindən xx.xx.1931-ci il tarixdə 752 nömrəli cinayət işi üzrə tərtib edilmiş ittiham rəyinə əsasən, ünvan 1 sakini, 80 yaşlı, evli, din xadimi, sosial vəziyyətinə görə molla olan X3 həbs edilən günədək əmlakı 5 otaqlı 2 evdən, 4 baş iribuynuzlu heyvandan, 1,5 desyatin fındıq bağından və 1,5 desyatin əkin sahəsindən ibarət olmuşdur. Arxiv sənədləri ilə həm də müəyyən edilir ki, hüquqlarını müdafiə etdiyim İddiaçı babası Hacı X1 Mahal Fövqəladə Üçlüyünün xx.xx.1931-ci il tarixli qərarı ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 64-cü maddəsi ilə təqsir bilinərək, üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonradan cəzaçəkmə müəssisəsində güllələnmişdir. SSRİ X34 Heyətinin “1930-1940-cı illərdə və 1950-ci ilin əvvələrində yol verilmiş repressiya qurbanları barəsində sosial ədalətin bərpa edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” Fərmanının birinci maddəsinə əsasən, İddiaçı babası X4 bəraət verilmişdir. Azərbaycan Respublikası X26 verilmiş arxiv arayışında göstərilir ki, Zaqatala xəzinədarlığının hesablama kitabındakı 2%-li vergi ödəyicilərinin 1899-cu ilə dair siyahısında Əmbərçay kəndi üzrə İddiaçı babası Mahmud Məhəmməd oğlunun adı qeyd olunmuşdur. Yenə Azərbaycan Respublikası X26 verilmiş arxiv arayışında göstərilir ki, “Zaqafqaziya sünni ruhaniyyə idarəsi” fondunun 1906-cı il sentyabr ayına dair sənədlərinə əsasən, X19 Əmbərçay kənd imamı olmuşdur. Yenə də Azərbaycan Respublikası X26 verilmiş arxiv arayışından görünür ki, “Bakı quberniyası vergi idarəsi” fondunun sənədlərində Zaqatala dairəsi üzrə töycü vergisi və torpaq rüsumu ödəyənlərin 1915- 1917-ci illərə dair torpaq vergisi kitabından məlum olur ki, Qaşqaçay kənd cəmiyyətinə aid olan Əmbərçay kəndi 55 evdən ibarət olmuşdur. Kənddə 3 desyatinə bərabər evə bitişik torpaq sahələri, 12 desyatinə bərabər bağ sahələri, əkin sahələri isə 6 desyatinə bərabər suvarılan, 200 desyatinə bərabər suvarılmayan, 18 desyatinə bərabər biçənək, 398 desyatinə bərabər otlaq və örüş sahələrindən ibarət olmuşdur. Ümumilikdə kənddə 637 desyatin torpa sahəsi olmuşdur. Yenə də Qax Rayon Dövlət Arxivindən verilmş ünvan 1i üzrə 1943-1944-cü illərə dair təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, həmin kənddə hüquqlarını müdafiə etdiyim İddiaçı ulu babasının ailəsinin mülkündə 25 sot həyətyanı torpaq sahəsi, mal-qarası və 1885-ci ildə tikilmiş evi vardır. Qax Rayon Dövlət Arxivindən verilmiş ünvan 1i üzrə 1954-1956-cı illərə dair təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, Malenkov adına kolxozun üzvü Durnisə Hətəmovanın ailə tərkibi özü də daxil 8 nəfərdən ibarətdir. İddiaçı atası Süleyman Hətəmov da onun ailə üzvlərindəndir. Hətəmovlar ailəsinin 2000 kv.m. həyətyanı torpaq sahəsi, 100 kv.m. tikinti altı sahə, mal-qarası və 1923-cü ildə tikilmiş evi vardır. Eyni zamanda qeyd edilməlidir ki, ünvan 1ində yeni ayrılmış ərazidə X32 tərəfindən yeni kənd orta məktəbinin binası inşa edilərək, istifadəyə verilmiş, ona görə də İddiaçı mərhum ulu babasına məxsus ərazidə və evlərdə yerləşən kənd orta məktəbi yeni ünvana köçürülmüşdür. Bundan sonra isə ünvan 1 orta məktəbinin köhnə binası 2015-ci ilin dekabr ayında Azərbaycan Respublikası Təhsi Nazirliyi tərəfindən cavabdeh ƏMDX-nin tabeliyində olan digər cavabdeh “X7 və Koordinasiya Mərkəzi” publik hüquq şəxsinə təhvil verilmiş, sonuncu isə onu balansına qəbul etmişdir. Yuxarıda sadalanan mötəbər sübutlara əhəmiyyət verməyən məhkəmə əsassız olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı həmin əmlakın və torpaq sahəsinin ulu babasına məxsus olduğunu bildirsə də, təqdim edilən sənədlərdə registrin ləğvini zəruriliyi əsaslandıran sübut təqdim edə bilməmişdir. Repressiya qurbanı olmuş X3 mülkiyyətindəki evlər və torpaq sahələri dövlət nəfinə müsadirə edilməsə də, bu daşınmaz əmlaklar heç bir hüquqi əsas olmadan və əvəzsiz olaraq dövlət mülkiyyətinə qəbul edilərək, ünvan 1 orta məktəbi kimi 2015-ci ilədək istifadə edilmişdir. Həmin məktəb binası artıq köhnəmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdür. Belə ki, cavabdeh ƏMDX tərəfindən “X7 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin (qeydiyyat №14922 balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışın “Əmlak haqqında məlumat” bölməsində göstərilənlərə əsasən, ünvan 1ində yerləşən, 1976-cı ildə istismara verilmiş, kod nömrəsi 13173, registr nömrəsi ***-*******7, ümumi sahəsi 327,7 kv.m. olan əmlak kompleksinin qeyri-yaşayış binası, kod nömrəsi 13174, registr nömrəsi ***-*******5,ümumi sahəsi 60,9 kv.m. olan emalatxana binası, kod nömrəsi 13175, registr nömrəsi ***-*******6 olan talvar, kod nömrəsi 13176, registr nömrəsi ***-*******7 olan ərazinin hasarı və kod nömrəsi 13177, registr nömrəsi ***-*******4 olan ərazinin ümumi 4801,5 kv.m. torpaq sahəsi dövlət mülkiyyətindədir. Bundan əlavə, daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışın “Barəsində bağlanmış əqdlər və digər yükləmələr (icarə, girov və s.)” bölməsində heç bir qeyd göstərilməmişdir. Yəni, cavabdeh ƏMDX tərəfindən verilmiş registrdən çıxarışa əsasən, ünvan 1ində 4801,5 kv.m torpaq sahəsində yerləşən və 1976cı ildə istismara verilmiş əmlak kompleksi daşınmaz dövlət əmlakı əmlakı olmaqla, hazırda cavabdeh “X7 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin balansındadır. Registrdən çıxarışa əsasən, ünvan 1ində yerləşən əmlak kompleksi 254 kv.m torpaq sahəsində yerləşən və ümumi sahəsi 372,7 kv.m olan qeyri-yaşayış binasından, 82,4 kv.m torpaq sahəsində yerləşən və ümumi sahəsi 60,9 kv.m olan emalatxanadan, 48,9 kv.m sahəsi olan talvardan və 54,9 kv.m torpaq sahəsində yerləşən ərazinin hasarından ibarətdir. Lakin, məhkəmə nəzərə almamışdır ki, 1851-ci ildə Zaqatala mahalının Əmbərçay kəndində anadan olmuş, 1931-ci ildə X20 xx.xx.1931-ci il tarixli qərarı ilə həbs olunaraq, güllələnmiş ünvan 1 sakini X4 həbs edilən günədək məxsus olmuş həmin kənddə yerləşən 5 otaqlı 2 evdən, 1,5 desyatin fındıq bağından və 1,5 desyatin əkin sahəsindən ibarət əmlakları cavabdeh ƏMDX tərəfindən təqdim edilmiş Registrdən çıxarışda göstərilən ünvan 1ində 4801,5 kv.m torpaq sahəsində yerləşən və 1976-cı ildə istismara verilmiş əmlak kompleksi ilə eyni ünvanda yerləşir. Göründüyü kimi, yuxarıda istinad edilən faktlarla və hallarla təsdiq edilir ki, ünvan 1indəki 5 otaqlı 2 ev, 1,5 desyatin fındıq bağı və 1,5 desyatin əkin sahəsi xx.xx.1931-ci il tarixdə həbs edilənədək İddiaçı ulu babası X4 məxsus olmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2-1(116)-461/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2-1(116)-461/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdilər.

13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehlər DƏDKR PHŞnin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X17 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X21 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2-1(116)-461/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.

14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan X6 və Koordinasiya Mərkəzi nümayəndəsinin iştirakını təmin etməmişdir.

15. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

16. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir.

1. Az-İİ 284327 seriya nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X5 xx.xx.1931-ci il tarixdə vəfat etmişdir.

2. Cavabdeh 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “X6 və Koordinasiya Mərkəzi”nin xx.xx.2023-cü il tarixli etiraz məktubu;

4. Az-İİ 135441 seriya nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X10 xx.xx.1937-ci il tarixdə vəfat etmişdir.

5. ИЕ 392367 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 xx.xx.1936-cı il tarixdə anadan olmuşdur.

6. İ-ИЕ 053649 evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X14 və X18 xx.xx.1958-ci ildə nikah bağlamışdırlar.

7. Qasım İsmayılov rayon İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 12 saylı iclas protokolundan çıxarışın surəti.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

18. Azərbaycan Respublikasının Prezidentinin təsdiq etdiyi 9 dekabr 1999-cu il 226 nömrəli tarixli “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnamə : ...

2. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır.

3. Azərbaycan Respublikasında dövlət əmlakının Registri respublikanın informasiya sisteminin ümumi prinsiplərinə əsaslanan daşınmaz dövlət əmlakının (binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər) qeydiyyatı, onun barəsində bağlanmış əqdlər (icarəyə və ya istifadəyə verilməsi, girov qoyulması və s.) haqqında məlumatların məcmusu olan informasiya sistemidir.

4. Azərbaycan Respublikasının dövlət əmlakının Registri Azərbaycan Respublikasının mülkiyyətidir.

5. Azərbaycan Respublikasında dövlət əmlakının Registri mərkəzi registrdən və yerli registrlərdən ibarətdir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində (bundan sonra– Dövlət Xidməti) dövlət əmlakının mərkəzi registri, onun yerli bölmələrində dövlət əmlakının yerli registrləri aparılır.

10. Azərbaycan Respublikasında dövlət əmlakının Registri kartoteka (sənəd) və maqnit daşıyıcıları vasitəsilə aparılır. Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin aparılması qeydiyyat obyektləri, onların yaradılması barədə məlumatın (yazıların), qeydiyyat obyektlərinin üzərində mülkiyyət hüququnun (əşya hüquqlarının) keçməsi, onların öhdəliklərlə yüklənməsi, onlara xitam verilməsi, o cümlədən dövlət mülkiyyət hüququna xitam verilməsi barəsində məlumatların Registrə daxil olunmasında, bu məlumatlara dair Registrdə olan məlumatın təzələnməsindən və ya silinməsindən ibarətdir.

11. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində məlumat (yazılar) daşınmaz dövlət əmlakına münasibətdə əşya hüquqlarına, onun öhdəliklərlə yüklənməsinə və dövlət mülkiyyət hüququna xitam verildikdə silinir.

19. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçının hüquqi marağı Qax rayon Əmbərçay kəndində yerləşən köhnə məktəb binasına dair dövlət registrinin ləğv edilməsi və həmin tikilin yerləşdiyi torpaq sahəsi ilə birlikdə iddiaçının ulu babası X4 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasndan ibarətdir.

26. Hazırkı iddia tələbi iki hissədən ibarətdir: Birinci tələb üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti olmaqla ümumi sahəsi 433,65 kv.m olan tikilyə dair dövlət registrinin ləğv edilməsindən, ikinci tələb üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsi olmaqla ümumi sahəsi 433,65 kv.m olan tikilin,eləcə də tikilinin yerşəşdiyi torpaq sahəsinin iddiaçının ulu babası X4 məxsus olmasına dair arayışın verilməsindən ibarətdir.

27. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2-1(116)-461/2024 qərarı birinci tələbə münasibətdə əsaslı olduğundan və iddia tələbinin ikinci hissəsi birinci hissəsindən asılı olduğundan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayon Əmbərçay kəndində yerləşən 5 otaqlı 2 evin,1,5 desyatin fındıq bağının və 1,5 desyatin əkin sahəsinin iddiaçının ulu babası X4 məxsus olmasına dair arayışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi mümkün sayılmamışdır.

28. İş materialları ilə müəyyən edilmişdir ki, registr 13173-13177 kodlarında olmaqla 1976-cı ildə istismara verilmiş Qax rayon Əmbərçay kəndində yerləşən köhnə məktəb binasına dair tərtib edilmişdir. Hazırda qeyd olunan əmlak Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “X6 və Koordinasiya Mərkəzi”nin balansında olmaqla dövlət mülkiyyətindədir.

29. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı həmin əmlakın və torpaq sahəsinin ulu babasına məxsus olduğunu bildirsə də təqdim edilən sənədlərdə registrin ləğvinin zəruriliyini əsaslandıran sübut təqdim edə bilməmişdir.

30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

31. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, dövlət əmlakının registrində aparılmış qeydiyyatın ləğv edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi iddia tələbinin həmin hissəsi ilə bağlı gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dövlət əmlakının registrində aparılmış qeydiyyatın ləğv edilməsi hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

32. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2-1(116)-461/2024 nömrəli qərarı dövlət əmlakının registrində aparılmış qeydiyyatın ləğv edilməsi hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar