Məhkəmə qərarları › İş №2-1(107)-273/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-273/2025

29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-273/2025 29.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı “Qədirova (Rüstəmova) Afət Şücaət qızına məxsus “Özəlləşdirilmiş ticarət obyektinə aid olan torpaq sahəsinin onun xüsusi mülkiyyətinə verilməsi haqqında Mingəçevir bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 31/6 nömrəli qərarının etibarsız hesab edilməsi” tələbinə dair Şəki İnzibati Məhkəməsinin 22 yanvar 2025-cı il tarixli 2-1(116)-1382/2025 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qədirova (Rüstəmova) Afət Şücaət qızına məxsus “Özəlləşdirilmiş ticarət obyektinə aid olan torpaq sahəsinin onun xüsusi mülkiyyətinə verilməsi haqqında Mingəçevir bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 31/6 nömrəli qərarının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X3 (sonradan Rüstəmova soyadın qəbul etmişdir) müraciəti əsasında Mingəçevir Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 31/6 nömrəli qərarı ilə ünvan 1 ünvanda yerləşən özəlləşdirilmiş mağazanın altı və ətrafındakı 237.5 kv. m torpaq sahəsi alqı-satqı əsasında xüsusi mülkiyyətə verilmişdir. İddiaçı Maraqlı şəxs2 cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mingəçevir şəhəri X12 küçəsi 1/45 ünvanında yerləşən 237.5 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. - Şəki İnzibati Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2-1(116)-177/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir Bələdiyyəsinin 28 noyabr 2002ci il tarixli, 31/6 saylı qərarı ilə iddiaçıya ayrılan Mingəçevir şəhəri X12 küçəsi 1/45 ünvanında yerləşən 72.4 kv.m torpaq sahəsi üzərində Maraqlı şəxs2 mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. - Aşağıdakı səbəblərdən hesab edilir ki, Mingəçevir Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 31/6 nömrəli qərarı əsassızdır və etibarsız hesab edilməlidir. Aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən bələdiyyə qərarı ilə Maraqlı şəxs2 satılmış mübahisə predmeti olan torpaq sahəsi bələdiyyə mülkiyyətində olmamış, dövlət mülkiyyətində olmaqla buna dair dövlət əmlakının Registrində aparılmış müvafiq qeydiyyat mövcuddur. Bununla bağlı bildiririk ki, mübahisə predmeti olan torpaq sahəsində (Mingəçevir şəhəri X12 küçəsi 1/45 ünvanı) yerləşən qeyri-yaşayış sahəsi ilkin olaraq dövlət mülkiyyətində olmuş, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə Qədirova (Rüstəmova) Afət Sücaət qızı arasında bağlanmış 11 fevral 1999-cu il tarixli, 1296 nömrəli icarə müqaviləsi əsasında sonuncunun icarəsinə verilmişdir. - Qeyd olunan dövlət əmlakına dair Afət Qədirovanın adına tərtib edilmiş 02 fevral 1999-cu il tarixli “Texniki pasportda” qeyri-yaşayış binasının yerləşdiyi ümumi torpaq sahəsinin 237.5 kv.m təşkil etdiyi qeyd olunmuşdur. Daha sonra Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə Qədirova (Rüstəmova) Afət Sücaət qızı arasında bağlanmış 27 avqust 1999-cu il tarixli, 1238 nömrəli “İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi” və xx.xx.1999-cu il tarixli, 013060 nömrəli şəhadətnamə əsasında, Mingəçevir şəhəri X12 küçəsi 1/45 ünvanında yerləşən 165.1 kv.m qeyri-yaşayış sahəsi Afət Qədirovanın (Rüstəmova) mülkiyyətinə verilmişdir. Eyni zamanda bildiririk ki, Maraqlı şəxs2 müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, qeyd olunan Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə (baxış) aktına əsasən Mingəçevir şəhəri, X12 küçəsi 1/45 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi mübahisə predmeti olan torpaq sahəsinin faktiki olaraq 244.7 kv.m təşkil etməklə, dövlət mülkiyyətində olması müəyyən olunmuş və akt ərizəçi tərəfindən imzalanmışdır. Daha sonra Əmlak Məsələləri Dövlət Xidməti ilə Maraqlı şəxs2 arasında bağlanmış “Özəlləşdirilmiş dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin icarəyə verilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 6003 №-li icarə müqaviləsinə əsasən, Mingəçevir şəhəri, X12 küçəsi 1/45 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 244.7 kv. m torpaq sahəsi Maraqlı şəxs2 icarəsinə verilmişdir. - Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətindədir. Həmin Məcəllənin 60-cı maddəsinin birinci hissəsinə əsasən dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər. Buna baxmayaraq Maraqlı şəxs2 iddiası əsasında yuxarıda qeyd olunan məhkəmə mübahisələrinə baxılan zaman işin qeyd olunan faktiki halları məhkəmədən gizlədilmiş və dövlət müəssisəsinin yerləşdiyi torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmədiyindən, məhkəmə tərəfindən əsassız olaraq həmin torpaq sahəsinə dair hər hansı bağlılığı müəyyən edilməyən mübahisələndirilən bələdiyyə qərarı əsasında Maraqlı şəxs2 mülkiyyət hüquqlarının qeydə alınması barədə qərar qəbul edilmişdir. - Qeyd olunan bələdiyyə qərarının mübahisəli torpaq sahəsinə aidiyyətinin olmaması yuxarıda qeyd olunan məhkəmə çəkişmələri zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyi ilə sübut olunur. Bildiririk ki, Azərbaycan Respublikasında bələdiyyələr 2000-ci ildən fəaliyyətə başlamışdır və qeyd olunan tarixədək keçmiş sovet dönəmində istismara verilmiş dövlət mülkiyyətində olan qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair bələdiyyə tərəfindən qərar qəbul edilməsi torpaq və mülki qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir.

3. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 22 yanvar 2025-cı il tarixli 2- 1(116)-1382/2025 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehnə qarşı “Qədirova (Rüstəmova) Afət Şücaət qızına məxsus “Özəlləşdirilmiş ticarət obyektinə aid olan torpaq sahəsinin onun xüsusi mülkiyyətinə verilməsi haqqında Mingəçevir bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 31/6 nömrəli qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.

4. Məhkəmə qeyd etmişdir ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Mingəçevir bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 31/6 nömrəli qərarının etibarsız hesab edilməsindən ibarətdir. Məhkəmə iş materiallarını araşdıraraq, aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab etmişdir ki, iddia tələbi mümkün sayılmamalıdır. Şəki İnzibati Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2-1(116)-177/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir Bələdiyyəsinin 28 noyabr 2002-ci il tarixli, 31/6 saylı qərarı ilə iddiaçıya ayrılan Mingəçevir şəhəri X12 küçəsi 1/45 ünvanında yerləşən 72.4 kv.m torpaq sahəsi üzərində Maraqlı şəxs2 mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. - Mingəçevir Bələdiyyəsinin 28 noyabr 2002-ci il tarixli, 31/6 saylı qərarı ilə Maraqlı şəxs2 ayrılan torpaq sahəsinin dövlət mülkiyyətində olan 165.1 kv. m hissədə iddiaçının mülkiyyət hüququnun qeydə alınması barədə tələbi əsassız olduğundan iddia tələbi həmin hissədə rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, bələdiyyə tərəfindən səlahiyyəti olmadığı halda dövlət mülkiyyətində olan torpaq sahəsi özgəninkiləşdirilmişdir. Dolayısı ilə hazırda mübahisələndirilən qərara “İnzibati icraat haqqında” Qanunun 65.1.2ci maddəsinin (müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt) müddəası baxımından hüquqi qiymət verilmişdir. Həmin Qanunun 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Hazırkı iş üzrə iddiaçı Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həmin iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Digər tərəfdən Məhkəmə hesab etmişdir ki, hazırkı mübahisə üzrə iddiaçının hüquqi müdafiəyə ehtiyacı qalmamışdır.

5. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 22 yanvar 2025-cı il tarixli 2-1(116)-1382/2025 nömrəli qərardadının ləğv edilməsini və iddiaya mahiyyəti üzrə baxılması üçün inzibati işin Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, aşağıdakı səbəblərdən hesab edirik ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-1382/2025 nömrəli qərardadı əsassızdır, qərardad ləğv edilməli, iddiaya mahiyyəti üzrə baxılmalıdır. Bildiririk ki, mübahisə predmeti olan torpaq sahəsinə dair registrdə aparılmış qeyd bugünədək mübahisələndirilməmişdir və hazırda qüvvədədir. Həmin torpaq sahələri Maraqlı şəxs2 icarəsinə verilməklə dövlət mülkiyyətində qalmışdır. Lakin Mingəçevir bələdiyyəsi isə öz səlahiyyət hədlərini aşmaqla dövlət mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq Maraqlı şəxs2 satmışdır. - Şəki İnzibati Məhkəməsi hazırkı qərardadında qeyd olunan nəticəyə gələrkən, əsaslandığı məhkəmə qərarı üzrə işin hallarını kifayət qədər araşdırmamışdır. Belə ki, Şəki İnzibati Məhkəməsinin 02 aprel 2024-cü il tarixli qərar qəbul etməsinə əsas kimi bələdiyyə qərarının qüvvədə olmasını qeyd etmişdir. İlk növbədə bildiririk ki, qeyd olunan iş üzrə Əmlak Məsələləri Dövlət Xidməti formal olaraq məhkəmə prosesinə cəlb olunsa da, faktiki olaraq Xidmət elektron kabinetə əlavə olunmamış, Xidmətə hər hansı bildiriş göndərilməmiş, bu səbəbdən birinci və apellyasiya instansiyalarında məhkəmə baxışı Xidmətin iştirakı olmadan keçirilmişdir. X7 Məhkəməsində iş baxılıb yekunlaşdıqdan sonra Xidmətin müraciəti əsasında məhkəmə qərarı Xidmətə təqdim olunmuş, Xidmət tərəfindən apellyasiya instansiya məhkəməsinin qərardadından kassasiya şikayəti verilmiş, eyni zamanda hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. - İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti İnzibati Prosessual Məcəllənin 36-cı maddəsinin tələblərinə uyğun olaraq hazırkı iddianı qaldırmaqda məqsədi mübahisələndirilən sərəncamın qəbulu nəticəsində dövlətin subyektiv hüququna (mülkiyyət hüququna) müdaxilə edildiyini və qanunvericilyə əsasən qeyd olunan torpaq sahəsi ilə bağlı sərəncam vermək səlahiyyətinin iddiaçıya məxsus olduğunu, bələdiyyə sədri tərəfindən qəbul edilmiş qərarların iddianın predmeti olan torpaq sahəsi üzərində hüquqların qeydiyyatı ilə bağlı hər hansı hüquqi nəticəyə səbəb ola bilməyəcəyini sübut etməkdən ibarət olmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinə dair Mingəçevir bələdiyyəsinin sərəncam vermək hüququnun hansı əsaslardan (subyektiv hüquq) yaranmasını araşdırmamış, bununla da dövlətin konstitusiya ilə qorunan mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

8. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X6 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2-1(116)-1382/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

10. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Aidiyyət 4.3. İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

12. ““İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2005-ci il tarixli 345 saylı Fərmanı:

2. Müəyyən edilsin ki: 2.1. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 2.2. həmin Qanunun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

Apellyasiya şikayətinin mümkünlüyü

14. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

17. Bununla belə, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın nəticəsi ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

18. Belə ki, iş materiallarından görünür ki, iddiaçının hüquqi marağı Mingəçevir bələdiyyəsinə qarşı olmaqla “Qədirova (Rüstəmova) Afət Şücaət qızına məxsus “Özəlləşdirilmiş ticarət obyektinə aid olan torpaq sahəsinin onun xüsusi mülkiyyətinə verilməsi haqqında Mingəçevir bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 31/6 nömrəli qərarının etibarsız hesab edilməsindən ibarətdir.

19. İş materiallarından isə müəyyən olunur ki, Şəki İnzibati Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2-1(116)-177/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilərək cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir Bələdiyyəsinin 28 noyabr 2002-ci il tarixli, 31/6 saylı qərarı ilə iddiaçıya ayrılan Mingəçevir şəhəri X12 küçəsi 1/45 ünvanında yerləşən 72.4 kv.m torpaq sahəsi üzərində Maraqlı şəxs2 mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərar qanuni qüvvəsini almışdır.

20. Məhkəmə kollegiyası hesab edir ki, icra hakimiyyətinə mənsub olan inzibati orqanlar arasındakı ixtilaf/mübahisə (o cümlədən, qərar, sərəncam qəbul etmək və ya icra hakimiyyətinin funksiyalarına aid hər hansı məsələni həll etmək səlahiyyəti ilə bağlı) icra hakimiyyəti daxilində baş verdiyindən, bu, ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmələr həmin mübahisəni həll etmək səlahiyyətinə malik deyildir. Belə ki, inzibati məhkəmələrin məqsəd və təyinatı inzibati orqanların öz aralarında yaranan mübahisələri həll etmək deyil, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaq üçün inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələri həll etməkdir.

21. Həmçinin nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatında şəxsi subyektiv hüquqların müdafiəsinə yönəlmiş iddialar mümkün iddialar sayılır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddiaçı şəxsi subyektiv hüquqa malik deyil, həmin hüququn daşıyıcısı qismində iddiaçının təmsil etdiyi icra hakimiyyəti və bunun üzərindən dövlət çıxış edir. Bu qayda cavabdehə münasibətdə də keçərlidir. Bu mənada icra hakimiyyəti özü-özünə qarşı inzibati məhkəmədə mübahisə aça bilməz.

22. "İnzibati icraat haqqında” Qanunun 4.3-cü maddəsinin imperativ göstərişinə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisələrə məhkəmələr tərəfindən baxılması istisna olunur. Həmin mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilməlidir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmalıdır.

23. Həmin normaya əsasən inzibati orqanlar arasında olan inzibati mübahisələrin həlli inzibati mühakimə icraatının predmeti deyildir.

24. Bundan başqa, vurğulamaq lazımdır ki, qanunsuzluğu iddia olunan aktların və ya faktiki xarakterli hərəkətlərin subordinasiya baxımından yuxarı inzibati orqanlar tərəfindən ləğvi üçün qanunvericilikdə mövcud olan mexanizmlərdən təcrübədə tam istifadə olunmur. "Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə və mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında belə hüquqi imkanlar təsbit edilmişdir. Belə ki, "Mərkəzi icra hakimiyyəti orqanlarının nümunəvi Əsasnaməsi”ndə, eləcə də hər bir mərkəzi icra hakimiyyəti orqanının əsasnamələrində mərkəzi icra hakimiyyəti orqanlarının öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərdiyi təsbit edilmişdir. Bundan başqa, həmin Əsasnamələrdə subordinasiya baxımından yuxarı inzibati orqanların öz strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların və onların vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək hüquqları nəzərdə tutulmuşdur. Odur ki, müvafiq əsaslar və ehtiyac yarandıqda, dövlət orqanları icra hakimiyyətinin vahidliyi prinsipini nəzərə almaqla və qarşılıqlı əlaqədə fəaliyyət göstərməklə, qanunsuz inzibati aktların qəbul edilməsi və ya faktiki xarakterli hərəkətlərin edilməsi barədə subordinasiya baxımından yuxarı inzibati orqanlara məlumat verməklə onların ləğvinə nail olmalıdırlar.

25. Həmçinin iddiaçı, Mingəçevir Bələdiyyəsinin 28 noyabr 2002-ci il tarixli, 31/6 saylı qərarının tam şəkildə etibarsız hesab olunmasını tələb edir. Halbuki, həmin qərar ilə iddiaçıya ayrılan Mingəçevir şəhəri X12 küçəsi 1/45 ünvanında yerləşən 72.4 kv.m torpaq sahəsi üzərində Maraqlı şəxs2 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən də mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli Plenum Qərarında qeyd olunur ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir.

27. "C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında formalaşdırdığı mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir.

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırkı mübahisə üzrə iddiaçının hüquqi müdafiəyə ehtiyacı qalmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

29. Eyni zamanda qeyd olunmalıdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Həmçinin, nəzərə almaq lazımdır ki, iddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

30. Məhkəmə kollegiyası əlavə olaraq apelyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir.

31. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2-1(116)-1382/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2-1(116)-1382/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar