Məhkəmə qərarları › İş №2-1(107)-274/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-274/2021

11.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-274/2021 11.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Məhyəddinov İlkin Aydın oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25.09.2003cü il tarixli 110 nömrəli qərarı ilə A-276855 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" əsasında verilmiş 1499,01 kv.m həyətyanı torpaq sahəsinə X3, X1, İddiaçı, X6, X4, X9 adlarına, A-276856 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" əsasında verilmiş 1676,3 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X3, X1, X2, X6, X4, X9 adlarına qeydiyyata alınaraq "Torpaq sahəsinin planı və ölçüsü"nün, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 mart 2021ci il tarixli, 2-1(116)-260/2021 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin və üçüncü şəxs X19 tərəfindən verilmiş аpellyаsiyа şikаyətlərinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Zaqatala rayonunun Gözbarax kəndində yaşayır. X14, X10 onun valideynləri, X11 onun bacısı, üçüncü şəxslər X18, X15 və X19 isə qardaşlarıdır. X14, X10 və X11 vəfat etmişlər. Torpaq islahatı zamanı 1999-cu ildə tərtib edilmiş "Zaqatala rayonunun Gözbarax kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"də 290-cı sırada X3, X1, İddiaçı, X6, X4, X9 adları göstərilmiş, onların qanuni istifadəsində olan torpaq sahəsi kimi 0,15 ha qeyd olunmuşdur. Bundan başqa, torpaq islahatı zamanı mülkiyyətinə torpaq payı verilən şəxslərin siyahısında 254-cü sırada X3, X1, X2, X6, X4, X9 adları göstərilmişdir. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK) 25.09.2003-cü il tarixli 110 nömrəli qərarına istinadən, Zaqatala rayonu Gözbarax kəndində yerləşən 1499,01 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı X3 adına A-276855 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilərək dövlət torpaq kadastrı kitabında 01.07.2010-cu ildə 200 nömrə ilə uçota alınmışdır. Bundan başqa, Zaqatala Rayon AİK-in həmin qərarına istinadən, Zaqatala rayonu Gözbarax kəndində yerləşən 1676,3 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı X3 adına A276856 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilərək dövlət torpaq kadastrı kitabında 01.07.2010-cu ildə 201 nömrə ilə uçota alınmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, 0,1499 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə və 0,1676 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh bundan imtina edərək 18.09.2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, mülkiyyət hüququnun qeydə alınması nəzərdə tutulmuş torpaq sahəsi və fərdi yaşayış evi üzrə mübahisə olduğundan ərizənin icrası mümkün deyildir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq "Zaqatala Rayon AİK-in 25.09.2003-cü il tarixli 110 nömrəli qərarı ilə verilmiş A-276855 nömrəli və A276856 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" əsasında torpaq sahələrinin qeydiyyata alınaraq "Torpaq sahəsinin planı və ölçüsü"nün, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Cavabdeh iddiaya qarşı 22.10.2020-ci il tarixli **********82 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmiş, əlavə olaraq bildirmişdir ki, qeyd olunan torpaq sahələrində müvafiq ölçmə işləri aparılarkən mülkiyyətçilərdən X19 tərəfindən buna icazə verilməmişdir. Bundan başqa, Zaqatala Rayon AİK-in 25.09.2003-cü il tarixli 110 nömrəli qərarı ilə X14 və onun ailə üzvlərinə 0,1499 ha həyətyanı və 0,1676 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələri ilə bağlı A- 276856 nömrəli və A-276855 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri tərtib edilmişdir. İddiaçının iddia etdiyi hər iki torpaq sahəsinin elektron baza məlumatlarında X7, X5, İddiaçı, X12, X8, X16 məxsus olduğu göstərilmişdir. Bundan sonra iddiaçı 11.12.2020-ci ildə məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə göndərərək "Zaqatala Rayon AİK-in 25.09.2003-cü il tarixli 110 nömrəli qərarı ilə verilmiş A-276855 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" əsasında X3 adına, A- 276856 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" əsasında X3, X1, X2, X6, X4, X9 adlarına qeydiyyata alınaraq "Torpaq sahəsinin planı və ölçüsü"nün, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 22.02.2021-ci il tarixli 2-1(116)-260/2021 nömrəli qərardadı ilə X18, X15 və X19 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. Üçüncü şəxs X19 10.03.2021-ci ildə məhkəməyə iddiaya qarşı etiraz göndərərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı zamanı iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək iddianın A-276855 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən 1499,01 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı hissəsini dəyişdirmiş, həmin torpaq sahəsinə X3, X1, İddiaçı, X6, X4, X9 adlarına qeydiyyata alınaraq "Torpaq sahəsinin planı və ölçüsü"nün, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edildi. Üçüncü şəxslər X18 və X19 iddianın təmin olunmasına etiraz etmədiklərini bildirdilər. Cavabdeh 29.03.2021-ci il tarixli məktubunda işə nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmiş, bu səbəbdən də birinci instansiya məhkəməsi işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, 1999-cu ildə tərtib edilmiş "Zaqatala rayonunun Gözbarax kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"dən görünür ki, cədvəldə 290-cı sırada X3, X1, İddiaçı, X6, X4, X9 adları göstərilmiş, onların qanuni istifadəsində olan torpaq sahəsi kimi 0,15 ha qeyd olunmuşdur. - İşdə olan, mülkiyyətinə torpaq payı verilən şəxslərin siyahısından görünür ki, cədvəldə 254-cü sırada X3, X1, X2, X6, X4, X9 adları göstərilmişdir. - İşdə olan, A-276855 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd Zaqatala Rayon AİK-in 25.09.2003-cü il tarixli 110 nömrəli qərarına istinadən, Zaqatala rayonu Gözbarax kəndində yerləşən 1499,01 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı X3 adına tərtib edilərək dövlət torpaq kadastrı kitabında 01.07.2010-cu ildə 200 nömrə ilə uçota alınmışdır. - İşdə olan, A-276856 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd Zaqatala Rayon AİK-in həmin qərarına istinadən, Zaqatala rayonu Gözbarax kəndində yerləşən 1676,3 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı X3 adına tərtib edilərək dövlət torpaq kadastrı kitabında 01.07.2010-cu ildə 201 nömrə ilə uçota alınmışdır. Şəki İnzibati Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2-1(116)-260/2021 nömrəli qərarı ilə, iddia təmin edilmiş, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25.09.2003-cü il tarixli 110 nömrəli qərarı ilə A-276855 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" əsasında verilmiş 1499,01 kv.m həyətyanı torpaq sahəsinə X3, X1, İddiaçı, X6, X4, X9, A-276856 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" əsasında verilmiş 1676,3 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X3, X1, X2, X6, X4, X9 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq "Torpaq sahəsinin planı və ölçüsü"nün, reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi və üçüncü şəxs X19 apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi apellyasiya şikayətini onunla əsaslandırılmışlar ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, İddiaçı Zaqatala rayou, Gözbaxar kəndində yerləşən 0,1499 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin və 0,1676 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi məsələsi ilə bağlı 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Ərizənin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşı qeyd olunan torpaq sahələrinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq həmin əmlaklar üzərində mübahisə olduğu səbəbindən müvafiq ölçmə işlərinin aparılmasına mülkiyyətçilərdən X20 tərəfindən icazə verilməmişdir. Daşınmaz əmlaklarla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması mümkün olmadığından qeyd olunan əmlaklar üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamış və bu barədə ərizəçiyə 18.09.2020-ci il tarixli, **********09 nömrəli imtina bildirişi göndərilmişdir. Tərəfimizdən verilmiş imtinanın əsası X13 müvafiq ölçmə işlərinin aparılmasına maneələr törətməsi olmuşdur. Belə olan halda, iddiaçı X17 qarşı ölçmə işlərinin aparılmasına yaradılmış maneələrin aradan qaldırılmasına dair iddia tələbi ilə ümumi məhkəməyə müraciət etməli və hazırki işə baxan məhkəmə iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul etməli idi. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(116)-260/2021 saylı qərarının ləğv edilməsini xahiş etmişdir Üçüncü şəxs X19 apellyasiya şikayətini onunla əsaslandırılmışlar ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, qardaşı İddiaçı 1992-ci ildə İ Qarabağ müharibəsinin qızğın vaxtında ölkəni tərk edərək Rusiya Federasiyasına getmiş 2019-cu il tarixdə deportasiya olunanadək orada yaşamışdır. O müddət ərzində cəmi 3 dəfə ölkəyə gəlmiş hər dəfəsində də 7 maksimum 10 gün qalaraq yenidən Rusiya Federasiyasına qayıtmışdır. Gəldiyi zamanda bir dəfə özünə toy etmək üçün iki dəfə isə sadəcə gəzmək üçün gəlmişdir. Ailəmizlə birlikdə təsərüffat aparılmasında onun heçbir rolu olmamış, hətta atamız 3 il yataq xəstəsi olduğu dövrdə belə o atama baş çəkməyə gəlməmişdir. Günü bugün isə torpaqdan pay tələb edir. Möhtərəm hakim sözügedən qərarın əsaslandırma hissəsində “Torpaq İslahatı haqqında” qanunun 12-ci maddəsinin birinci hissəsinə istinad etmişdir. Həmin maddənin 5 bəndində sovxoz və koxozların özəlləşdirilən torpaqlarında pay almaq hüququ olan subyektlərin dəqiq dairəsi göstərilmişdir. Həmin bəndlərdə isə qardaşının torpaqdan pay istəmək hüququ verəcək heçbir əsası yoxdur. Beləki qardaşı 1992-ci ildən 2019-cu ilədək Rusiya Federasiyasında yaşadığından sovxoz və kolxozda işləməmiş, “Torpaq İslahatı haqqında” qanun qüvvəyə minənədək yəni 1996-cı ilədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisi olmamış, sovxoz və kolxozdan təqaüdə çıxmamış, sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmamış, “Torpaq İslahatı haqqında” qanun qüvvəyə minənədək iş yeri sovxozun və ya kolxozun ərazisində yaradılmış təsərrüfatlararası müəssisəslərdə, kooperativlərdə, kiçik müəssisələrdə, kəndli fermer təsərrüfatlarında olmamışdır. Təkrarən qeyd etmişdir ki, qardaşı 1992-2019-cu illərdə Rusiya Federasiyasında yaşadığı üçün hörmətli hakim Vidadi Qasımovun istinad etdiyi “Torpaq İslahatı haqqında” qanunun 12-ci maddəsinin birinci hissəsində göstərilən bəndlərin heçbiri onun qardaşına həmin torpaqdan pay verilməsi üçün əsas deyildir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(116)-260/2021 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(116)-260/2021 saylı qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X27 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(116)-260/2021 saylı qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi İddiaçıların apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Mülkiyyətinə həyətyanı torpaq sahələri və torpaq payı verilən şəxslərin siyahılarından görünür ki, İddiaçı həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmiş şəxslərdən biridir. Torpaq payı verilən şəxslərin siyahısında isə onun adı olmasa da, onun mərhum valideynlərinin adı var və o, gələcəkdə vərəsəlik məsələlərinin həll edilməsi üçün torpaq sahəsinə mülkiyyətçilərin mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb edə bilər. Ona görə də məhkəmə iddianı mümkün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində deyilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsində deyilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsində deyilir ki, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qalib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Həmin Qanunun 13-cü maddəsinə görə, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Kollegiyanın iclasında işə əlavə edilmiş sənədlərdən aydın oldu ki, torpaq islahatı zamanı 1499,01 kv.m həyətyanı torpaq sahəsinin X3, X1, İddiaçı, X6, X4, X9 mülkiyyətinə, 1676,3 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin isə X3, X1, X2, X6, X4, X9 mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Bu torpaq sahələri ilə bağlı mülkiyyətçilərin adına "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" və "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilməsə də, ailə başçısı olan X3 adına 01.07.2010- cu ildə 1499,01 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı A-276855 nömrəli, 1676,3 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı isə A- 276856 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Həmin sənədləri iddiaçı məhkəməyə təqdim edə bilməsə də, onların surəti cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Belə olan halda kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq təqdim edilmiş sənədlərə istinad edərək hesab etmişdir ki, 1499,01 kv.m həyətyanı torpaq sahəsi X3, X1, İddiaçı, X6, X4, X9 mülkiyyətinə, 1676,3 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə X3, X1, X2, X6, X4, X9 mülkiyyətinə verildiyinə görə iddiaçı həmin şəxslərin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Apellyasiya şikayətlərində göstərilən dəlillərlə razılaşmayan kollegiya qeyd edir ki, Gözbaxar kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışda İddiaçı 1992-2019-cu illərdə Rusiya Federasiyasında yaşaması öz əksini tapsa da, onun və digər ailə üzvləri ilə birlikdə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25.09.2003-cü il tarixli 110 nömrəli qərarına əsasən subyektlərin adlı siyahısında torpaq sahəsinin onların birgə mülkiyyətinə verilməsi qeyd edilmişdir. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının həmin qərarı qüvvədədir. Bundan başqa kollegiya cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillərə münasibətdə bildirir ki, İddiaçı tələbi torpaq sahəsində ölçmə işlərinin aparılmasından deyil,Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25.09.2003-cü il tarixli 110 nömrəli qərarı əsasında verilmiş torpaq sahələrinə dair "Torpaq sahəsinin planı və ölçüsü"nün və çıxarışın verilməsindən ibarət olmuşdur, Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(116)-260/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iş üzrə üçüncü şəxs X19 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi və üçüncü şəxs X19 tərəfindən verilmiş аpellyаsiyа şikаyətləri təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(116)-260/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar