Məhkəmə qərarları › İş №2-1(107)-274/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-274/2022

25.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-274/2022 25.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayonu Kəlbənd kəndində olan onun ailəsinə düşən pay torpaq sahələrinin şəhadətnamələrinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 04 may 2022-ci il tarixli 2-1(116)-690/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İsmayıllı rayonu Kəlbənd kəndində olan onun ailəsinə düşən pay torpaq sahələrinin şəhadətnamələrinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbində göstərmişdir ki, o, Qazaxıstan Respublikasından 1991-ci ildə Azərbaycan Respublikasına köçüb gələrək İsmayıllı rayonu Kəlbənd kəndində məskunlaşmışdır. Torpaq islahat aparılan zaman onun ailəsinə də İsmayıllı rayonu Kəlbənd kəndində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İslahat zamanı anasına, qardaş və bacılarına kənd təsərrüfatı təyinatlı torpaq sahələri düşmüşdür. Lakin, həmin torpaq sahələrinin harada yerləşməsi barədə sənəd yoxdur. Buna görə də müvafiq tələblə cavabdeh orqana, daha sonra isə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazda qeyd etmişdir ki, iddiaçı İsmayıllı rayonu Kəlbənd kəndində ailəsinə düşən pay torpaqlarına dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquq müəyyənedici sənədlər təqdim etməmişdir. İşdə olan cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İsmayıllı rayonu Kəlbənd kəndi üzrə pay torpağı alacaq subyektlər siyahısında iddiaçının adı aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə iddiaçıya hüquqi yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Şəki İnzibаti Məhkəməsinin (hakim Vüqar Musayev) 04 may 2022-ci il tarixli 2- 1(116)-690/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayonu Kəlbənd kəndində olan onun ailəsinə düşən pay torpaq sahələrinin şəhadətnamələrinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı аpеllyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin 04 may 2022-ci il tarixli 2-1(116)-690/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı аpеllyаsiyа şikаyətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 04 may 2022-ci il tarixli 2-1(116)-690/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İsmayıllı rayon Kəlbənd kəndi üzrə pay torpağı alacaq subyektlər siyahısında iddiaçının adı yoxdur. İddiaçının adının torpaq payı alacaq subyektlər siyahısında olmaması, ona torpaq islahatı aparılan zaman müvafiq torpaq sahəsinin ayrılmadığını göstərir ki, belə olan halda iddiaçının ailəsinə düşən hansı pay torpaq sahəsinə dair şəhadətnamələrin verilməsini tələb etməsi aydın deyil. İddiaçı tələbini “şəhadətnamələrinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində ifadə etsə də, iş materialları ilə müəyyən olunur ki, hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağı islahat zamanı verilməmiş torpaq sahəsinin verilməsindən ibarətdir. Lakin, iş üzrə cavabdehin Aqrar İslahat Komissiyasının qərarını dəyişdirmək, torpaq payı almamış şəxslərin adlarını torpaq payı alacaq subyektlərin siyahısına daxil etmək və bununla da torpaq sahəsini ayırmaqla vətəndaşın mülkiyyətinə vermək səlahiyyəti yoxdur. Yəni, iddiaçı, cavabdehdən onda olmayan sənədləri tələb etməklə ona aid olmayan məsələnin həllini tələb edir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X1 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X3 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X1 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Həmçinin iddiaçıya izah olunur ki, hazırki iddia ərizəsində qeyd olunan tələblərin üzərinə qoyulması mümkün olan cavabdeh inzibati orqan mövcud deyil. Odur ki, torpaq islahatı zamanı iddiaçıya pay torpaq sahəsinin ayrılması müəyyən edilmədiyindən cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmir. Bu isə iddianın mümkünsüz sayılması üçün əsasdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qeyd olunan nöqsanlara münasibət bildirilməsi üçün iddiaçıya 10 (on) gün müddətində vaxt təyin edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin hüquqi mövqeyinə münasibət bildirməmiş, xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməysi ünvanladığı teleqramda işə onun iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qısa,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iş üzrə iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 04 may 2022-ci il tarixli 2-1(116)-690/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 04 may 2022-ci il tarixli 2-1(116)-690/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar