Məhkəmə qərarları › İş №2-1(107)-274/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-274/2023

10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-274/2023 10.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və fərq məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2-1(116)-614/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “güzəştli şərtlərlə xx.xx.2014-cü il tarixdən əmək pensiyası təyin edilərək, bu günədək olan fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-12527/2022 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

3. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı ümumi və xüsusi əmək stajını nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

4. Cavabdeh orqan iddia tələbinə etirazını iddiaçının xx.xx.2011-xx.xx.2020-ci il tarixlərində "xxxx" ASC-nin X5 İdarəsində quraşdırıcı çilingər vəzifəsində işlədiyi müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr aid olmaması, ümumi güzəştli iş stajının 12 il 6 aydan az, yəni 5 il 7 ay 9 gün (xx.xx.2006xx.xx.2008, xx.xx.2008-xx.xx.2010, xx.xx.2010- xx.xx.2010, xx.xx.2020-xx.xx.2022) olması ilə əsaslandırmışdır.

5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 23 yanvar 2023-cü il tarixli 2- 1(116)-614/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmişdir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etdiyi sənədlərdə onun xx.xx.2011xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin X1 İdarəsində quraşdırıcı çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi vəzifə yuxarıda qeyd olunan vəzifələrə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 7 ay 9 gün (xx.xx.2006-xx.xx.2008-ci il, xx.xx.2008-xx.xx.2010-cu il, xx.xx.2010-xx.xx.2010-cu il və xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bununla yanaşı iddiaçının Türkmənistanda işlədiyi dövrlərin güzəştli iş stajı kimi qəbul edilməsi üçün Nazirlər Kabinetinin müvafiq qərarına əsasən həmin müəssisələrdən güzəştli arayış təqdim edilməli idi. Lakin birinci instansiya məhkəməsinin qərarında arxiv arayışlarına əsasən iddia təmin edilmiş və həmin dövrlər qanusuz şəkildə güzəştli iş stajına daxil edilmişdir. Bununla yanaşı həmin illərin sosial sığorta stajına daxil edilməsi üçün dövlətlərarası bağlanmış müqavilə hər iki dövlər tərəfindən ratifikasiya edilməlidir. Azərbaycan Respublikası və Türkmənistanla arasındakı müqavilə mövcud olsa da sözügedən müqavilə Türkmənistan tərəfindən ratifikasiya edilməmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2-1(116)-614/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2-1(116)-614/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, onun nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmişdir.

11. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

12. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, iddiaçı ilk dəfə həmin tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AZEMİS məlumatlarından görünür ki, iddiaçı xx.xx.1957-ci ildə doğulmuşdur. - HT ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1975 – xx.xx.1977-ci illərdə hərbi xidmətdə olmuşdur. - xx.xx.1974-cü il tarixdə tərtib edilmiş əmək kitabçasından görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1974 - xx.xx.1975, xx.xx.1981 – xx.xx.1984, xx.xx.1977 - xx.xx.1978, xx.xx.1984 – xx.xx.1993, xx.xx.1978 - xx.xx.1981, xx.xx.1993 – xx.xx.2006 - Türkmənistan energetika nazirliyinin “Turkmenenerqo” Türkmənistan Dövlət elektroenergetika korporasiyasının "xxxx" X2 xx.xx.2016-cı il tarixli arxiv arayışında aşağıda göstərilmiş məlumatlar qeyd edilmişdir: Verilir 1957-ci ildə anadan olmuş İddiaçı ondan ötrü ki, o həqiqətən “Turkmenenerqoabatlayış” X3 işləmişdir. "xxxx" İstehsalat Müəssisəsinin xx.xx.1974-cü il tarixli 1086 saylı əmri ilə İddiaçı xx.xx.1974-cü ildə eksperimental-mexanika sexinə tornaçı şagirdi olaraq qəbul edilmişdir. Siyahı 1-n, səh. 202. "xxxx" İstehsalat Müəssisəsinin xx.xx.1974-cü il tarixli 1163 saylı əmri ilə İddiaçı xx.xx.1974-cü ildən elektrik sexinə çilingər şagirdi olaraq keçirilmişdir. Siyahı 1-n, səh. 279. "xxxx" İstehsalat Müəssisəsinin xx.xx.1974-cü il tarixli 146-k saylı əmri ilə İddiaçı xx.xx.1974-cü ildən elektrik sexində İ dərəcəli elektrik - çilingər ixtisası verilmişdir. Siyahı 1-n, iş №462, səh. 206. "xxxx" İstehsalat Müəssisəsinin xx.xx.1975-ci il tarixli 162-k saylı əmri ilə ETKS uyğun olaraq İddiaçı xx.xx.1975-ci ildən transformator təmiri üzrə İ dərəcəli elektrik çilingər olaraq elektrik sexinə keçirilmişdir. Siyahı 1-n, iş №527, səh. 17. "xxxx" İstehsalat Müəssisəsinin xx.xx.1975-ci il tarixli 251-k saylı əmri ilə İddiaçı 04.10.975-ci ildən transformator təmiri üzrə İİ dərəcəli elektrik - çilingər ixtisası verilmişdir. Siyahı 1-n, iş №527, səh. 232. "xxxx" İstehsalat Müəssisəsinin xx.xx.1975-ci il tarixli 261-k saylı əmri ilə İddiaçı xx.xx.1975-ci ildən hərbi xidmətə çağırışla əlaqədar olaraq işdən azad edilmişdir. Siyahı 1ci, iş №527, səh. 257. "xxxx" İstehsalat Müəssisəsinin xx.xx.1978-ci il tarixli 823 saylı əmri ilə İddiaçı xx.xx.1978-ci ildən istilik elektrik stansiyalarının maşın sexləri avadanlığının təmiri üzrə İİ dərəcəli çilingər olaraq turbin sexinə qəbul edilmişdir. Siyahı 1-n, iş №650, səh. 359. "xxxx" İstehsalat Müəssisəsinin xx.xx.1980-ci il tarixli 78-k saylı əmri ilə İddiaçı xx.xx.1980-ci ildən istilik elektrik stansiyalarının maşın sexləri avadanlığının təmiri üzrə turbin sexində İİİ dərəcəli çilingər ixtisası verilmişdir. Siyahı 1-n, iş №730, səh. 106. "xxxx" İstehsalat Müəssisəsinin xx.xx.1980-ci il tarixli 227-k saylı əmri ilə İddiaçı xx.xx.1980-ci il ildən istilik elektrik stansiyalarının maşın sexləri avadanlığının təmiri üzrə turbin sexində İV dərəcəli çilingər ixtisası verilmişdir. Siyahı 1-n, iş №731, səh. 99. "xxxx" İxtisaslaşdırılmış Müəssisəsinin xx.xx.1981-ci il tarixli 148 saylı əmri ilə İ. Şahsöynov xx.xx.1981-ci ildən öz xahişi ilə işdən azad olunmuşdur (TSSR ƏMQM 31-ci maddəsi). Siyahı 1-n, iş №858, səh. 176. "xxxx" İxtisaslaşdırılmış Müəssisəsinin xx.xx.1984-cü il tarixli 306 saylı əmri ilə İddiaçı xx.xx.1984-cü ildən istilik elektrik stansiyalarının maşın sexləri avadanlığının təmiri üzrə İİİ dərəcəli çilingər olaraq turbin sexinə qəbul olunmuşdur. Siyahı 1-n, iş №876, səh. 179. "xxxx" İxtisaslaşdırılmış Müəssisəsinin xx.xx.1984-cü il tarixli 133-k saylı əmri ilə İddiaçı xx.xx.1984-cü ildən istilik elektrik stansiyalarının maşın sexlərinin elektrik avadanlığının təmiri üzrə İV dərəcəli çilingər ixtisası verilmişdir. Siyahı 1- n, iş №874, səh. 170. "xxxx" İxtisaslaşdırılmış Müəssisəsinin xx.xx.1985-ci il tarixli 70-k saylı əmri ilə İddiaçı xx.xx.1985-ci ildən istilik elektrik stansiyalarının maşın sexlərinin elektrik avadanlığının təmiri üzrə V dərəcəli çilingər ixtisası verilmişdir. "xxxx" İxtisaslaşdırılmış Müəssisəsinin xx.xx.1987-ci il tarixli 367 saylı əmri ilə yeni əmək haqqı ödənişi şərtlərinə keçidlə əlaqədar olaraq İddiaçı xx.xx.1987-ci ildən elektrik stansiyalarının turbin sexinin buxar - qaz - turbin avadanlığının təmiri üzrə V dərəcəli çilingər ixtisası verilmişdir. Siyahı 1-n, səh. 121. "xxxx" İxtisaslaşdırılmış Müəssisəsinin xx.xx.1990-cı iltarixli 41-k saylı əmri ilə İddiaçı xx.xx.1990-cı ildən elektrik stansiyalarının turbin sexinin buxar - qaz - turbin avadanlığının təmiri üzrə Vİ dərəcəli çilingər ixtisası verilmişdir. Siyahı 1-n, iş №1330, səh. 211. "xxxx" İxtisaslaşdırılmış Müəssisəsinin xx.xx.1993-cü il tarixli 480 saylı əmri ilə İddiaçı öz xahişi ilə işdən azad olunmuşdur (TSSR ƏMQM 31-ci maddəsi). Siyahı 1-n, iş №41, səh. 149. SSRİ E və EN xx.xx.1980-ci il tarixli 77-a saylı əmri ilə "xxxx" İstehsalat Müəssisəsinin adı dəyişdirilib "xxxx" İxtisaslaşdırılmış Müəssisəsi adlandırılmışdır. SSRİ E və EN xx.xx.1991-ci il tarixli 10-a saylı əmri ilə "xxxx" İxtisaslaşdırılmış Müəssisəsinin adı dəyişdirilib "xxxx" İxtisaslaşdırılmış Müəssisəsi adlandırılmışdır. “Kuvvat” Türkmənistan Dövlət elektrotexnologiya korporasiyasının xx.xx.1992-ci il tarixli 59 saylı əmri ilə "xxxx" İxtisaslaşdırılmış Müəssisəsinin adı dəyişdirilib "xxxx" X4 adlandırılmışdır. "xxxx" X2 xx.xx.2003-cü il tarixli 113/1 saylı əmri ilə "xxxx" X2 adı dəyişdirilib Türkmənistan energetika və sənaye nazirliyinin “Kuvvat” Türkmənistan Dövlət elektrotexnologiya korporasiyasının “Turkmenenerqoabatlayış” yoriteleşdirilen onumçilik birleşigi X7 adlandırılmışdır. Türkmənistan Energetika və Sənaye Nazirliyinin xx.xx.2005-ci il tarixli 124 saylı əmri və “Kuvvat” Türkmənistan Dövlət elektrotexnologiya korporasiyasının xx.xx.2005-ci il tarixli 194 saylı əmri ilə “Kuvvat” Türkmənistan Dövlət elektrotexnologiya korporasiyasının adı dəyişdirilib “Turkmenenerqo” Türkmənistan Dövlət elektroenergetika korporasiyası adlandırılmışdır. Türkmənistan Prezidentinin xx.xx.2012-ci il tarixli PP-6101 saylı Fərmanı və Türkmənistan energetika nazirliyinin xx.xx.2012-ci il tarixli 1 saylı əmri ilə Türkmənistan energetika və sənaye nazirliyinin adı dəyişdirilib Türkmənistan energetika nazirliyi adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli 01-ZP/836 nömrəli işin xarakteri haqqında arayışdan görünür ki, verilir, 1957-ci il təvəllüdlü İddiaçı Mövlam oğluna ondan ötrü ki, o həqiqətən xx.xx.2006-cı ildən (əmr № 202-kş xx.xx.2006-cı il) xx.xx.2008-ci ilədək (əmr № 04/11-kş, xx.xx.2008-ci il) "xxxx" MMC-nin X6 və Təmiri İdarəsinin Turbin Avadanlıqlarının Təmiri və Sazlanması sexində 6-cı dərəcəli çilingər işləyib və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən işdən azad edilib. xx.xx.2010-cu ildən (əmr № 14/17-kş, xx.xx.2010-cu il) "xxxx" ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir sahəsinin Turbin və Köməkçi Avadanlıqlarının Təmiri sexində 6-cı dərəcəli çilingər vəzifəsinə təyin edilib və xx.xx.2010cu ildə (əmr №101/17-kş, xx.xx.2010-cu il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilib. xx.xx.2011-ci ildə (əmr №-06/14-kş, xx.xx.2011-ci il) "xxxx" ASC-nin X1 İdarəsinin sahəsinin Turbin Quraşdırılma sahəsində 6-cı dərəcəli quraşdırıcı çilingər peşəsinə işə qəbul edilmiş, xx.xx.2011-ci ildə (ATÜ/63№-li əmr, xx.xx.2011-ci il) “Cənub Layihəsi”nin Mexaniki Avadanlıqların və Metal Konstruksiyaların quraşdırılması sahəsinə keçirilmiş, xx.xx.2014-cü ildə (əmr №- 17/8-kş, xx.xx.2014-cü il) “Şimal-2” X9 Tikinti layihəsinə 6-cı dərəcəli quraşdırıcı çilingər peşəsinə peşəsinə keçirilmişdir. xx.xx.2014-cü ildə (əmr №-22/32-kş, xx.xx.2014-cü il) dərəcə və vəzifəsi saxlanılmaqla X1 sahəsinə keçirilib və hal-hazırkı dövrədək həmin sahədə və vəzifədə işləyir. Göstərilən peşələr, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü fəslinə əsasən Elektrik Stansiyalarında avadanlıqlarının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən çilingərin işi bilavasitə zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 11 il, 05 ay, 08 gün təşkil edir. "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli 01-xn/2903 nömrəli güzəştli arayışından görünür ki, verilir xx.xx.1957-ci il təvəllüdlü İddiaçı, ondan ötrü ki, o həqiqətən "xxxx" ASC, "xxxx" MMC-nin X6 və Təmiri İdarəsinin Turbin Avadanlıqlarının Təmiri və Sazlanması sexində xx.xx.2006-cı il tarixindən (Əmr № 202-kş, xx.xx.2006) xx.xx.2008-ci il tarixinə kimi (Əmr № 04/11-kş, xx.xx.2008) çilingər, "xxxx" ASC-nin "xxxx" MMC-nin Qazan-Turbin Avadanlıqlarının Təmir və Sazlama İdarəsinin Turbin Avadanlıqlarının Təmiri və Sazlanması sexində xx.xx.2008-ci il tarixindən (Əmr № 01/k, xx.xx.2008) xx.xx.2010-cu il tarixinə kimi (Əmr № 01/k, xx.xx.2010) çilingər, "xxxx" ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir Təmir sahəsinin Turbin və köməkçi avadanlıqların təmiri sexində xx.xx.2010-cu il tarixindən (Əmr № 14/17-kş, xx.xx.2010) xx.xx.2010-cu il tarixinə kimi (Əmr № 101/17-kş, xx.xx.2010) çilingər, "xxxx" ASC-nin X5 İdarəsinin Turbin quraşdırma sahəsində xx.xx.2011-ci il tarixindən (Əmr № 06/14-kş, xx.xx.2011) xx.xx.2011-ci il tarixinə kimi quraşdırıcı çilingər, “Cənub Layihəsinin” Mexaniki avadanlıqların və metal konstruksiyaların quraşdırılması sahəsində xx.xx.2011-ci il tarixindən (Əmr № ATÜ/63, xx.xx.2011) xx.xx.2014-cü il tarixinə kimi quraşdırıcı çilingər, “Şimal-2 X11 Tikinti Layihəsinin Turbin və köməkçi avadanlıqlarının quraşdırılması sahəsində xx.xx.2014-cü il tarixindən (Əmr № 17/8-kş, xx.xx.2014) xx.xx.2014-cü il tarixinə kimi quraşdırıcı çilingər, həmin layihənin X5 sahəsində xx.xx.2014-cü il (Əmr № 22/32-kş, xx.xx.2014) tarixindən hal-hazıra kimi quraşdırıcı çilingər peşəsində işləyir. Göstərilən peşə bilavasitə zərərli sahə hesab edilir, buna görə də İddiaçı AR NK-nin 320 saylı xx.xx.1993-cü il tarixli 2№-li əlavəsində Xİİİ fəsil “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” 2140000a -18455 kodlarına əsasən güzəştli pensiyaya çıxmaq hüququna malikdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır

15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

16. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

17. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla)

18. Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş (Azərbaycan Respublikasının 1996-cı il 21 may tarixli 78-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir): Maddə 1. Sazişin 6 və 7-ci maddələrində nəzərdə tutulan hallardan başqa, Tərəflərin vətəndaşlarının, vətəndaşlığı olmayan şəxslərin, həmçinin onların ailə üzvlərinin pensiya təminatı onların ərazisində daimi yaşadıqları Tərəflərin vəsaiti hesabına və qanunvericiliyinə əsasən səlahiyyətli idarələri Tərəfindən həyata keçirilir. Maddə 3. Pensiya hüququnun, o cümlədən güzəştli şərtlərlə və xidmət illərinə görə pensiya hüququnun müəyyən edilməsi üçün Azərbaycan Respublikasının və ya Türkmənistanın ərazisində qazanılmış iş stajı, həmçinin keçmiş SSRİ tərkibinə daxil olan digər dövlətlərin ərazisində 1992-ci il yanvarın 1-nə qədər qazanılmış iş stajı da nəzərə alınır.

19. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2-1(116)-614/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının hərbi xidmətdə olduğu və xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu müddətin cəmi 29 il 10 ay 6 günə bərabərdir. Yəni, iddiaçının xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajı mövcuddur. İddiaçının xüsusi iş stajına münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh orqan xx.xx.2006-cı ildən sonrakı dövrə münasibətdə güzəştli əmək fəaliyyəti müddəti üzrə qiymətləndirmə aparsa da, həmin tarixədək hazırda Türkmənistan energetika nazirliyinin “Turkmenenerqo” Türkmənistan Dövlət elektroenergetika korporasiyasının "xxxx" X7 kimi fəaliyyət göstərən müəssisədə iddiaçının əmək fəaliyyəti müddətini, yerinə yetirdiyi vəzifələri araşdırmadan müraciətin təmin edilməsindən imtina etmişdir. İş materiallarından görünür ki, sözügedən müəssisədə iddiaçı xx.xx.1974- xx.xx.1975-ci illərdə elektrik sexində çilingər şagirdi, 1-ci dərəcəli transformator təmiri üzrə elektrik - çilingəri, 2-ci dərəcəli transformator təmiri üzrə elektrik çilingəri, xx.xx.1978- xx.xx.1981-ci illərdə istilik elektrik stansiyalarının maşın sexləri avadanlığının təmiri üzrə 2-ci, 3-cü və 4-cü dərəcəli çilingər olaraq turbin sexində, xx.xx.1984-xx.xx.1993-cü illərdə istilik elektrik stansiyalarının maşın sexləri avadanlığının təmiri üzrə 3-cü, 4-cü və 5-ci dərəcəli çilingər, istilik elektrik stansiyalarının turbin sexinin buxar qaz turbin avadanlıqlarının təmiri üzrə 5-ci və 6-cı dərəcəli çilingər vəzifəsində çalışmışdır. Sadalanan müddətlərin cəmi 12 il 10 ay 20 günə bərabərdir.

26. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

27. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən müəssisədə əmək fəaliyyəti ilə bağlı iddiaçı tərəfindən güzəştli arayış təqdim edilməsə də nəzərə alınmalıdır ki, formalaşmış məhkəmə təcrübəsi və iddiaçının fəaliyyət göstərdiyi müəssisənin xarakterinə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının yuxarıda qeyd edilən vəzifələrdə həyata keçirdiyi fəaliyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı” adlanan Xİİİ bölmədə 2140000a - a) fəhlələr - 2140000a-18455 - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” kodunda nəzərdə tutulmuşdur. Odur ki, həmin müddət xüsusi iş stajı kimi nəzərə alınmalıdır.

28. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, pensiya təminatı sahəsində Azərbaycan Respublikası Türkmənistan Respublikası ilə ikitərəfli sazişlər imzalamış və bu saziş Azərbaycan Respublikası tərəflər ratifikasiya etmişdir. Vətəndaşların Azərbaycan Respublikasının Saziş bağladığı dövlətlərlə qazandığı sığorta stajı həmin Sazişlərdə nəzərdə tutulan qaydada hesablanır.

29. Bundan başqa məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin "xxxx" ASC-nin X1 İdarəsində quraşdırıcı çilingər vəzifəsində işlədiyi vəzifənin güzəştli iş stajı kimi nəzərə alına bilməməsi ilə bağlı dəlilini də əsassız sayaraq qeyd edir ki, "xxxx" ASCnin xx.xx.2014-cü il tarixli 01-xn/2903 nömrəli güzəştli arayışından da göründüyü kimi, göstərilən peşə bilavasitə zərərli sahə hesab edilir, buna görə də iddiaçı AR NK-nin 320 saylı xx.xx.1993-cü il tarixli 2№-li əlavəsində Xİİİ fəsil “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” 2140000a -18455 kodlarına əsasən güzəştli pensiyaya çıxmaq hüququna malik olmuşdur.

30. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin tələb olunan yaş həddinə çatması müəyyən edilir.

31. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının 57 yaşdan yəni, xx.xx.2014-cü ildən “Əmək pensiyaları haqqında” Qanunun 9.8ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığından (iddiaçı xx.xx.1957-cı ildə doğulub) xx.xx.2020-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etdiyindən, müraciət edilən tarixdən əvvəlki üç il müddət, xx.xx.2017-ci il tarixdən hesablamaqla düzgün nəticəyə gəlmişdir.

32. Yuxarıda qeyd olunan işin hallarını nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və fərq məbləğinin ödənilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

34. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2-1(116)-614/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar