Məhkəmə qərarları › İş №2-1(107)-274/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-274/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-274/2024 14.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “03 may 2023-cü il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 2-1(116)-533/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “03 may 2023-cü il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-11590/2023 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və inzibati iş xx.xx.2023-cü il tarixində məhkəməyə daxil olmuşdur.

3. İddia ərizəsinə əsasən o, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək "xxxx" QSC-nin Biləcəri yol stansiyasında “yol montyoru”, xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.2012-ci il tarixədək “krandrezin maşinisti” peşəsində çalışmış, nəticədə həmin müəssisədə zərərli peşələr üzrə ümumi iş stajı 21 il 4 ay 2 gün təşkil edir. xx.xx.2012-ci il tarixdən etibarən əmək fəaliyyətini “X7” QSC-in araşdırmalar və təmir şöbəsində “lokomotiv maşiniti” peşəsinə işə qəbul edilməklə əmək fəaliyyətinə davam etmişdir. xx.xx.2015-ci il tarixdən etibarən mexaniklər xidmətində “lokomativ maşinisti” peşəsinə xx.xx.2016-cı il tarixdən etibarən isə Nəqliyyat şöbəsində “lokomativ maşinisti peşəsinə” keçirilməklə həmin peşə əmək fəaliyyətini hazırkı zamanadək davam etdirir. İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ əldə etdiyindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciət etmişdir, lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubla həmin pensiyanın təyin edilməsindən imtina etmişdir.

4. Cavabdeh orqan məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli iddia tələbinə etirazında bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-in 25 noyabr 2021-ci il tarixli 120931 nömrəli arayışında onun xx.xx.1991-xx.xx.1996-cı il, xx.xx.1998xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər ərzində adıçəkilən müəssisədə, kran-drezin maşinisti vəzifəsində, "xxxx" QSC-in xx.xx.2023-cü il tarixli X-Y-2535 nömrəli arayışında isə xx.xx.2012-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin Yükdaşımalar və təmir şöbəsində, xx.xx.2015-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində Mexanikləri xidmətində, xx.xx.2016-cı il tarixindən bugünədək Nəqliyyat şöbəsində lokomotiv maşinisti peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi kran-drezin maşinisti vəzifəsi və "xxxx" QSC-in fəaliyyət sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (2 il 9 ay 28 gün (xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövrləri) təşkil edir. Qeyd olunanlardan da aydın olduğu kimi iddiaçının iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur.

5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 24 yanvar 2024-cü il tarixli 2- 1(116)-533/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin etməklə maddi və prosessual pozuntulara yol vermişdir. Belə ki, məhkəmənin mövqeyinə əsasən iddiaçının iş yerindən verilmiş arayışla birmənalı olaraq müəyyən olunur ki, onun əmək fəaliyyəti ilə məşğul olduğu “ADM maşinisti” və ya “drezin maşinisti" peşəsi istinad olunan qərarda qeyd edilmiş avtomotoristlərin maşınisti qrupuna aid olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aiddir. Belə ki, arayışda "AQV’-nin özüyeriyən xüsusi hərəkət tərkibləri qrupuna aid olan avtomotorisin markalarından biri olması, o cümlədən drezinlərin də sözügedən qrupa aid olmasını bildirir. Odur ki, məhkəmə hesab edir ki, “ADM maşinisti” və ya “drezin maşinisti” peşəsinin yerinə yetirdiyi işin xarakteri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 21.4-cü bəndinin 4-cü abzasında əks olunan motovozların və avtomotoristlərin maşinisti peşəsinə uyğun olduğundan cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Nəqliyyat bölməsinin (21.5) Metropolitenlər, yalnız gecə vaxtı tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr bəndinin 2-ci abzasında drezinaçılar peşəsi nəzərdə tutulmuşdur. Normativ hüquqi aktdan göründüyü kimi drezinaçı vəzifəsi yalnız metropolitendə (tunellərdə və ya yeraltı qurğularda) və yalnız gecə vaxtı işləyən işçilərə şamil edildiyindən 21.4-cü bəndin 4-cü abzasında göstərilən motovozların və avtomotoristlərin maşınisti peşəsi ilə fərqli xüsusiyyətlərə malikdir. Odur ki, iddiaçının əmək kitabçasından və təqdim etdiyi arayışdan məlum olduğu kimi xx.xx.1991-xx.xx.1996-cı il, xx.xx.1998-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" QSC-də işlədiyi kran-drezin maşınisti vəzifəsi (metropoliten) tunel və yeraltı qurğulara aid olmadığından, həmçinin yalnız gecə vaxtı işləyən işçilərə şamil edildiyindən məhkəmə birinci instansiya məhkəməsi tərəfindən sözügedən dövrləri motovozların və avtomotoristlərin maşınisti peşəsi ilə eynilik təşkil etməsi səbəbi ilə onun güzəştli iş stajına daxil edilməsi maddi və prosessual hüquq normalarının pozulmasına gətirib çıxarmışdır. İddiaçının təqdim etdiyi “X7” QSC-nin xx.xx.2023-cü il tarixli X-Y- 2535 nömrəli arayışında isə onun xx.xx.2012-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin Yükdaşımalar və təmir şöbəsində, xx.xx.2015-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində Mexaniklər xidmətində, xx.xx.2016-cı il tarixindən bugünədək Nəqliyyat şöbəsində lokomotiv maşınisti peşəsində işlədiyi göstərilmişdir. Sözügedən dövrlər üzrə iddiaçının işlədiyi lokomotiv maşınisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"da nəzərdə tutulmadığından və dəmir yolu nəqliyyatı sahəsindən fərqli istehsalat sahəsi olduğundan həmin dövrlər güzəştli iş stajına daxil edilməsi qanunun tələblərinə zidd olmaqla güzəştli iş stajına daxil edilməməlidir. Birinci instansiya məhkəməsi isə işə baxan zaman həmin dövrlərə dair heç bir araşdırma aparmamış, iddiaçının üç iş yeri üzrə güzəştli iş stajına daxil edilməli olan dövr 21 il 4 ay 2 gün olduğundan və bu müddət qanunvericilikdə tələb olunan 12 il 06 ay müddətdən artıq olduğundan digər dövrlərə münasibət bildirməmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 2-1(116)-533/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 2-1(116)-533/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 2-1(116)- 533/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

11. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir.

1. ИТ seriyalı ******* nömrəli Əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, iddiaçının ümumi iş stajı 25 ildən çoxdur. İddiaçı 1980-ci ildə əmək fəaliyyətinə başlamış, 1986-cı ilədək müxtəlif müəssisələrdə işləmişdir. Onun 1986-ci ildən sonrakı dövrdə işlədiyi müəssisələr aşağıdakı kimidir: a) xx.xx.1983-cü ildəm xx.xx.1984-cü ilədək Azərbaycan Dəmir Yolları” QSCnin Biləcəri yol stansiyasında “yol montyoru” vəzifəsində işləmişdir. b) xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.2012-ci il tarixədək “kran-drezin maşinisti” vəzifəsində işləmişdir. c) xx.xx.2012-ci il tarixdən “X7” QSC-in araşdırmalar və təmir şöbəsində “lokomotiv maşinisti” vəzifəsində işləmişdir. d) xx.xx.2015-xx.xx.2016-cı il tarixləri arasındakı dövrdə Mexanikləri xidmətində işləmişdir. e) xx.xx.2016-cı il tarixindən bugünədək Nəqliyyat şöbəsində lokomotiv maşinisti vəzifəsində işləyir.

2. "xxxx" QSC-in xx.xx.2021-ci il tarixli 151 nömrəli Arayışı;

3. "xxxx" QSC-in xx.xx.2021-ci il tarixli 120931 nömrəli Arayışı;

4. “X7”-in xx.xx.2023-cü il tarixli X-Y-2535 nömrəli Araşdırıcı Arayışı;

5. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin xx.xx.2021-ci il tarixli 1096 nömrəli Arayışı;

6. iddiaçıya məxsus ЖТ-014671 nömrəli diplom,

7. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu;

8. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq "xxxx" QSC-nin xx.xx.2024cü il tarixli məktubuna əsasən, İddiaçı tərəfimizdən ADY-nin Şəki yol distansiyasında xx.xx.1991-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək və xx.xx.1998-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək işlədiyi kran-drezin maşinisti peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci Nəqliyyat bölməsinin 21.4-cü Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin “motovozların və avtomotoristlərin maşinistləri” peşələrinə tam uyğun olması qeyd edilməklə 25 noyabr 2021-ci il tarixli 120931 nömrəli arayış verilmişdir. Bununla yanaşı, “X7” Qapalı Səhmdar Cəmiyyəti ADY-nin strukturuna daxil olmadığı üçün sözügedən müəssisə tərəfindən verilmiş 18 aprel 2023-cü il tarixli X-Y-2535 nömrəli arayışda qeyd olunmuş İddiaçı işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci Nəqliyyat bölməsinin 21.4-cü Dəmiryol nəqliyyatı, Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” peşələrinə uyğun olub-olmaması, həmçinin işlədiyi vəzifələrə dair vəzifə təlimatları və həmin vəzifələrdə işləməsinə dair ona tətbiq olunan güzəştlər (əlavə məzuniyyət, əlavə əməkhaqqı və s.) barədə məlumatımız olmadığından müvafiq məlumatları təqdim etməyimiz imkan xaricindədir.

9. “X7” QSC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, İddiaçı xx.xx.2012-ci il tarixində “X7” QSC-nin yükdaşımalar və təmir şöbəsinə lokomotiv maşınisti peşəsinə işə qəbul edilmişdir. S.Yusif xx.xx.2015-ci il tarixdən Mexaniklər xidmətinə (dəmiryol sahəsinə) lokomotiv maşınisti peşəsinə, xx.xx.2016-cı il tarixdən isə Nəqliyyat şöbəsinə (dəmiryol sahəsinə) lokomotiv maşınisti peşəsinə keçirilmişdir və hal-hazıradək qeyd edilən sahədə əmək fəaliyyətini davam etdirir. Qeyd edilən “lokomotiv maşınisti” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci Nəqliyyat bölməsinin 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin “teplovoz, elektrovoz maşınistləri və maşınist köməkçiləri” peşəsi ilə eynilik təşkil edir. İddiaçı iş fəaliyyəti idarə etdiyi teplovoz maşını vasitəsi ilə istehsalatın tələbatına uyğun olaraq yük vaqonlarına yığılmış metal qırıntılarını Cəmiyyətin Poladəritmə sexinə daşınmasını həyata keçirməkdən ibarətdir. “X7” QSC Azərbaycan Respublikasında Metallurgiya Sənayesində aparıcı rol oynayan ən böyük poladəritmə müəssisəsidir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir. İddiaçı işlədiyi müddət ərzində bütün iş vaxtını ağır və zərərli iş şəraitində keçirmişdir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərli olduğundan iş yerlərində keçirilmiş attestasiyanın nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin, o cümlədən İddiaçı işlədiyi dövrdə tarif (vəzifə) maaşları artımlar müəyyən edilməklə ödənilmişdir və zərərli iş şəraitinə görə əlavə məzuniyyət günlərinin verilməsi təmin edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

13. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. X5 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

14. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 29-cu maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

15. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

17. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 2-1(116)-533/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

23. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır:

1. iddiaçı 60 yaşına çatmalıdır.

2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır.

3. ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır.

24. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx xxxxxx 1963-cü il doğumludur. Həmçinin, o, tələb olunan 25 ildən ümumi iş stajına malikdir. Cavabdeh tərəfindən bu hal mübahisələndilməmişdir.

25. Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddiaçının 12 il 6 aydan artıq güzəştli iş stajının olmaması ilə bağlıdır.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1998-ci il tarixdən xx.xx.2012-ci il tarixinədək "xxxx" QSC-nin Şəki yol distansiyasında “kran-drezin maşinisti” vəzifəsində işləmişdir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda 2300200a—11448 drezinaların sürücüləri nəzərdə tutulmuşdur.

28. Birinci instansiya məhkəməsinin araşdırması zamanı iddiaçının çalışdığı aşağıdakı peşələr üzrə dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxil olduğu müəyyən edilir. Belə ki, həmin Siyahının 21.4-cü Dəmiryol nəqliyyatı.Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bölməsində “motovozların və avtomotoristlərin maşinistləri”peşəsi göstərilmişdir.

29. Cavabdeh orqan iddiaçının işlədiyi “drezin maşinisti” peşəsinin motovozların və avtomotoristlərin maşinistləri peşəsinə aid olmadığını və həmin bənddə birbaşa nəzərdə tutulmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir.

30. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasında onun yerinə yetirdiyi peşənin adı “kran drezin maşinisti” qeyd edilmişdir.

31. Məhkəmə tərəfindən oxşar işlə bağlı drezin maşinistinin vəzifə funksiyaları və iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrdə yerinə yetirdiyi işin xarakteri, o cümlədən drezin maşinisti peşəsinin Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güşətli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nda 21-ci bölmənin (4-cü yarım bəndində) göstərilən hansı vəzifəyə uyğun olması ilə bağlı "xxxx"QSC-yə sorğu ünvanlanmışdır.

32. Sonuncunun təqdim etdiyi cavab məktubu ilə müəyyən edilmişdir ki, “AQV” özüyeriyən xüsusi hərəkət tərkibləri qrupuna aid olan avtomotorisin markalarından biri hesab edilir. Eyni zamanda sözügedən qrupa drezinlər də daxildir.

33. Drezin maşinisti peşəsi üzrə yerinə yetirilən işlərin əsas xüsusiyyətləri müvafiq olaraq avtomotorisi idarə etməkdən, dəmir yolu infrastrukturunda müvafiq təmir, quraşdırma və bərpa işlərinin aparılmasına texniki dəstək vermək üçün həmin texnikanın üzərində olan avadanlıqların, o cümlədən qaldırıcı qurğu, xüsusi mexanizmlərin idarə olunmasını təmin etməkdən, o cümlədən işçilərin, kiçik həcmli materialların, iş alətlərinin və ehtiyat hissələrinin iş yerlərinə operativ daşınmasının həyata keçirilməsindən ibarət olmaqla, müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 21.4-cü bəndinin 4-cü abzasında əks olunan motovozların və avtomotoristlərin maşinisti qrupuna aiddir.

34. Həmçinin, "xxxx" QSC-də iş yerlərinin attestasiyasının nəticələrinə əsasən hərəkət tərkibinin (avtomotoris) mühərrikinin işlək vəziyyətdə səs-küyünün yüksək olması, fiziki gərgin iş mühiti və işin monoton xüsusiyyətliliyi (əməyin yeknəsəkliyi) amillərinə görə drezin maşinisti peşəsi əmək şəraiti zərərli olan işlərdən hesab edilmişdir.

35. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən "xxxx" QSC-yə sorğu edilmiş və məhkəmə kollegiyasının sorğusuna cavab olaraq "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı tərəfimizdən ADY-nin Şəki yol distansiyasında xx.xx.1991-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək və xx.xx.1998-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək işlədiyi kran-drezin maşinisti peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci Nəqliyyat bölməsinin 21.4-cü Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin “motovozların və avtomotoristlərin maşinistləri” peşələrinə tam uyğun olması qeyd edilməklə 25 noyabr 2021-ci il tarixli 120931 nömrəli arayış verilmişdir.

36. Eyni zamanda məhkəmə kollegiyasına təqdim edilmiş “X7” QSC-nin xx.xx.2024cü il tarixli məktubuna əsasən, İddiaçı xx.xx.2012-ci il tarixində “X7” QSC-nin yükdaşımalar və təmir şöbəsinə lokomotiv maşınisti peşəsinə işə qəbul edilmişdir. S.Yusif xx.xx.2015-ci il tarixdən Mexaniklər xidmətinə (dəmiryol sahəsinə) lokomotiv maşınisti peşəsinə, xx.xx.2016-cı il tarixdən isə Nəqliyyat şöbəsinə (dəmiryol sahəsinə) lokomotiv maşınisti peşəsinə keçirilmişdir və hal-hazıradək qeyd edilən sahədə əmək fəaliyyətini davam etdirir. Qeyd edilən “lokomotiv maşınisti” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci Nəqliyyat bölməsinin 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin “teplovoz, elektrovoz maşınistləri və maşınist köməkçiləri” peşəsi ilə eynilik təşkil edir. İddiaçı iş fəaliyyəti idarə etdiyi teplovoz maşını vasitəsi ilə istehsalatın tələbatına uyğun olaraq yük vaqonlarına yığılmış metal qırıntılarını Cəmiyyətin Poladəritmə sexinə daşınmasını həyata keçirməkdən ibarətdir. “X7” QSC Azərbaycan Respublikasında Metallurgiya Sənayesində aparıcı rol oynayan ən böyük poladəritmə müəssisəsidir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir. İddiaçı işlədiyi müddət ərzində bütün iş vaxtını ağır və zərərli iş şəraitində keçirmişdir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərli olduğundan iş yerlərində keçirilmiş attestasiyanın nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin, o cümlədən İddiaçı işlədiyi dövrdə tarif (vəzifə) maaşları artımlar müəyyən edilməklə ödənilmişdir və zərərli iş şəraitinə görə əlavə məzuniyyət günlərinin verilməsi təmin edilmişdir.

37. Qeyd edilməlidir ki, uyğunluğun müəyyən edilməsi zamanı nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

38. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, onun əmək fəaliyyəti ilə məşğul olduğu “ADM maşinisti” və ya “drezin maşinisti” peşəsi istinad olunan qərarda qeyd edilmiş avtomotoristlərin maşinisti qrupuna aid olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aiddir. Belə ki, arayışda “AQV”nin özüyeriyən xüsusi hərəkət tərkibləri qrupuna aid olan avtomotorisin markalarından biri olması, o cümlədən drezinlərin də sözügedən qrupa aid olması bildirilir.

39. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, “ADM maşinisti” və ya “drezin maşinisti” peşəsinin yerinə yetirdiyi işin xarakteri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 21.4-cü bəndinin 4-cü abzasında əks olunan motovozların və avtomotoristlərin maşinisti peşəsinə uyğun olduğundan cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

40. Yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının üç iş yeri üzrə güzəştli iş stajına daxil edilməli olan dövr 21 il 4 ay 2 gün olduğundan və bu müddət qanunvericilikdə tələb olunan 12 il 06 ay müddətdən artıq olduğundan digər dövrlərə münasibət bildirilməsinə zərurət qalmamışdır.

41. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2023-cü ildən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1963-cü ildə doğulub). Həmçinin, iddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə pensiya yaşına görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən həmin dövr üçün pensiya kapitalı tələbi yoxdur.

42. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının güzəştli şərtlərlə iş stajı tələb olunan minumum dövrdən artıq olduğundan cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ümumi və xüsusi stajını nəzərə alaraq 03 may 2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

44. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 2-1(116)-533/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar