Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-275/2020 27.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əliyev Rafail Eyyub oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə İddiaçı cavabdeh Dövlət X3 Ağdaş rayon şöbəsinə qarşı “xx.xx.2020-ci il tarixli 01 nömrəli arxiv arayışında qeyd olunan 1973-1998-ci illərdə Ağdaş rayon sabiq “Kirov” kolxozunda işlədiyi 24 ilin sosial sığorta stajına daxil edilməsi və pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-620/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi yanında Dövlət X4 Ağdaş rayon şöbəsi tərəfindən apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1955-ci il tarixində Ağdaş rayonu Tofiqi kəndində anadan olmuşdur. 1974-1976-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. İlk dəfə iş fəaliyyətinə 1973-cü ildə Ağdaş rayonunda fəaliyyət göstərən sabiq “Kirov” kolxozunda kolxozçu kimi başlamış və 1998-ci ilə qədər kolxozçu işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasına çıxmaq üçün bütün sənədləri topalayaraq ərizə ilə Dövlət X2 Ağdaş rayon şöbəsinə müraciət etmişdir. Sənədləri qəbul olunmuş və ona bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respulikası qanununa əsasən 1973-1998-ci illərdə “Kirov” kolxozunda kolxozçu kimi işlədi dövrün Arxiv çıxarışı verilməsinə baxmayaraq həmin illər əmək kitabçasında qeyd olunmadığı üçün imtina olunmuşdur. Odur ki, məhkəməyə müraciət edərək, “xx.xx.2020-ci il tarixli 01 nömrəli arxiv arayışında qeyd olunan 1973-1998-ci illərdə Ağdaş rayon sabiq “Kirov” kolxozunda işlədiyi dövrün sosial sığorta stajı kimi hesablanması və pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.2020-ci il tarixli 01 nömrəli arxiv arayışında qeyd olunan 1973-1998-ci illərdə Ağdaş rayon sabiq “Kirov” kolxozunda işlədiyi 24 ilin sosial sığorta stajına daxil edilməsi və pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdehin münasibəti: İddiaçının kolxozda işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığı üçün sosial sığorta stajına daxil edilməsi qanuna ziddir. İddiaçının 1974-1976cı illərdə hərbi xidmətdə olduğu 2 il mübahisələndirilməyən sosial sığorta stajı var. İddiaçının arxiv arayışında qeyd olunan 24 il mübahisələndirilən və hərbi xidmətdə olduğu 2 il sosial sığorta stajına daxil ediləcəyi təqdirdə 26 il sosial sığorta stajı yaranır ki, xx.xx.2020-ci il tarixindən yaşa görə əmək pensiyası almaq hüququ yaranacaqdır. Məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli, 2- 1(116)-620/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, Cavabdeh Əmək və X1 Nazirliyi yanında Dövlət X3 Ağdaş rayon şöbəsinin üzərinə İddiaçı xx.xx.2020-ci il tarixli 01 nömrəli arxiv arayışında qeyd olunan 1973-1998-ci illərdə Ağdaş rayon sabiq “Kirov” kolxozunda işlədiyi 24 ilin sosial sığorta stajına daxil edilməsi və ona pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən pensiya təyin edilməsiöhdəliyininqoyulması qərara alınmışdır. DSMF-in Ağdaş rayon şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X3 Ağdaş rayon şöbəsi Şəki İnzibati Məhkəməsinin 2020-ci il 5 iyun tarixli 2-1(116)-620/2020 nömrəli qərarının ləğv edilməsini zəruri hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qaununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Vətəndaş İddiaçı təqdim etidyi arxiv arayışında işlədiyi müddət əmək kitabçasında qeyd olunmadığı üçün yaşa görə əmək pensiyası təyin olunması qaydalara ziddir. Göründüyü kimi birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir və qanunun tələblərinə zidd qərar qəbul etmişdir. İddiaçı oğlunun 1973-1998-ci illərdə Ağdaş rayon sabiq ‘Kirov' kolxozunda işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi Azarbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X5 Ağdaş rayon şöbəsinin üzərinə qoyulmuşdur. Qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 2020-ci il 5 iyun tarixli 2-1(116)-620/2020 nömrəli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, xx.xx.1974-cü il tarixli əmək kitabçası, DSMF-nun Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli imtina məktubu, xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubu, xx.xx.2020-ci il tarixli **********6 nömrəli etirazı, Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 01 nömrəli arxiv arayışı, SHXÇDX-nin Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 4 nömrəli arayışı, Ağdaş RİH başçısının Tofiqi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 06 nömrəli arayışı, xx.xx.2020-ci il tarixli akt aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-620/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək cavabdeh Əmək və X1 Nazirliyi yanında Dövlət X3 Ağdaş rayon şöbəsinin üzərinə İddiaçı xx.xx.2020-ci il tarixli 01 nömrəli arxiv arayışında qeyd olunan 1973-1998-ci illərdə Ağdaş rayon sabiq “Kirov” kolxozunda işlədiyi 24 ilin sosial sığorta stajına daxil edilməsi və ona pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən pensiya təyin edilməsi öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddiaçı 1973-1998-ci illərdə Ağdaş rayon sabiq “Kirov” kolxozunda əmək fəaliyyəti ilə məşğul olmuşdur və arxiv arayışına əsasən onun 24 il stajı var. (DSMF-nin Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubu) x xxxxxx 2006-ci il tarixindək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: - 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi,əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar nəzərə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3-cü maddəsinə görə, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. İş stajını təsdiq edən sənəd kimi Arayışlar nəzərə alınır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, 1973-1998-ci illərdə Ağdaş rayon sabiq “Kirov” kolxozunda əmək fəaliyyəti ilə məşğul olmuşdur və arxiv arayışına əsasən onun 24 il stajı var. Arxiv arayışları isə iş stajını təsdiq edən sənəd olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. Bundan başqa, iddiaçı iddia tələbində yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2020-ci ildə yaranmışdır. Qeyd olunan tarixə onun hərbi xidmət, əmək kitabçasında qeyd olunan işlər və arxiv arayışlarına əsasən tələb olunan 25 il sığorta stajının olması müəyyən edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən DSMFnin Ağdaş rayon Şöbəsinə ünvanlanmış sorğuta cavab olaraq DSMF-nin Ağdaş rayon Şöbəsi cavab olaraq bildirmişdir ki,“Sizin xx.xx.2020-ci il tarixli 2-1(116)-620/2020 saylı sorğunuza cavab olaraq bildirirk ki, İddiaçı pensiyaçı deyildir və 1974-1976- cı illərdə həqiqi hərbi xidmətdə olduğu 2 il mübahisələndirilməyən sosial sığorta stajı vardır, İddiaçı Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 01 saylı arayışına əsasən 1973-1998-ci illərdə Ağdaş rayonu Şəmsabad kənd sabiq “Kirov” kolxozunda işlədiyi mübahisələndirilən illər 24 il və həqiqi hərbi xidmətdə olduğu 2 il sosial sığorta stajına daxil ediləcəyi təqdirdə 26 il ay sosial sığorta stajı və ya 19274 manat pensiya kapitalı yaranır ki, xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası almaq hüququna malik olacaqdır. Məlumat üçün bildiririk ki, Ağdaş rayonu Şəmsabad kənd sabiq “Kirov” kolxozunda kişilər üçün minimum əmək iştirakı norması (adam günü) 1973-1982-ci illərdə 240 gün, 1983-1998-ci illərdə isə 200 gün təşkil etmişdir” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Kollegiya cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, İddiaçı 1973-1998-ci illərdə Ağdaş rayon sabiq “Kirov” kolxozunda işləməsi Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 01 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapmışdır. Arxiv arayışları isə iş stajını təsdiq edən sənəd olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X3 Ağdaş rayon şöbəsinin apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-620/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-275/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-275/2020
27.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver