Məhkəmə qərarları › İş №2-1(107)-275/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-275/2021

22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-275/2021 22.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “hüququnun yarandığı 23.03.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(116)-144/2021 nömrəli qərarından iş üzrə cavabdeh DSMF publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1974-1983-cü illərdə Zaqatala rayon “Nizami” adına kolxozda kolxozçu, 17.09.1983-22.02.1999-cu illərdə X1 dərzi işlədiyi müddətin əmək fəaliyyətinin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.1958-ci il tarixdə Zaqatala rayonunda anadan olmuşdur. O, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçıya ünvanlanan imtina məktubunda cavabdeh orqan qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi iş stajına dair sənədlərdə 01.07.2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı və 25 il sığorta stajı olmadığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbində dəqiqləşdirmə aparmış və hüququnun yarandığı 23.03.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı etiraz məktubunda qeyd edilir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, İddiaçı yaşa görə əmək pensiyası təyin olunması tələbi ilə Zaqatala rayon filialına 05.03.2020-ci il tarixdə ərizə ilə müraciət etmişdir. İddiaçının qanunda nəzərdə tutulmuş 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində minimum pensiya təminatına imkan verən pensiya kapitalı olmadığı üçün iddiaçıya Zaqatala rayon filialı tərəfindən rəsmi surətdə imtina verilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yasına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2-1(116)-144/2021 saylı qərarı ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı hüququnun yarandığı 23.03.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsi öz qərarını maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyətli halların tam, hərtərəfli, obyektiv araşdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarılmışdır. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi arxiv arayışı məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməməlidir. Çünki iddiaçının qeyd etdiyi yerlərdə işlədiyini təsdiq edən əmək kitabçası olmadığı və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edildiyi üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunamüvafiq deyildir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. İşin mübahisələndirilən birinci halı ilə bağlı qeyd olunmalıdır ki, İddiaçı 1974-1983-cü illərdə “Nizamı adında kolxoz”da işləməsi barədə əmək kitabçasında qeydlərin olmaması səbəbindən müvafiq filial tərəfindən bu müddət sosial sığorta stajı kimi nəzərə alınmamasıdır. İş materiallarında olan arxiv arayışına əsasən İddiaçı 1974-1983-cü il tarixlərində Zaqatala rayon “Nizami adına kolxoz”da işlədiyi görünür. Həmin iş illəri ərzində İddiaçı 1980-ci ildə əmək günü norması tələbini verinə yetirmədiyi görünür (107 gün). Digər illər ərzində İddiaçı əmək günü normasını qazanmış və sözgedən 1980-ci il ilə birlikdə İddiaçı “Nizami adına kolxoz”da 9 il 3 ay stajı yaranmışdır. İddiaçının digər mübahisələndirilən iş illəri isə X1 dərzi işlədiyi dövrdür. Bununla bağlı olaraq iş materiallarına əlavə edilən iddiaçının həmin iş stajını yoxlamaq üçün Zaqatala rayon fililalı əməkdaşları və Zaqatala rayon Dövlət Arxivinin müdirinin iştirakı ilə tərtib olunmuş müayinə aktında qeyd olunur ki, İddiaçı 1983-cü ildə işə daxil olduğu görünür (17.11.1983). Lakin 1999-cu illərin əmr kitablarında İddiaçı işdən çıxma əmri aşkar edilməmişdir. İddiaçı hesablanmış son əmək haqqı 1995-ci ilin fevral ayında olmuşdur. Yoxlama aktı Zaqatala rayon Dövlət Arxivində, Zaqatala rayon Tikiş fabrikinin əmr kitabları və əmək haqqı cədvəlləri əsasında aparılmışdır. Bu səbəbdən İddiaçı əmək kitabçasında qeyd edilmiş 17.09.1983-22.02.1999-cu illər ərzində X1 dərzi işlədiyi dövrün 01.03.1995 - 22.02.1999-cu illəri əhatə edən hissəsi mübahisələndirilir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2-1(116)-144/2021 saylı qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2-1(116)-144/2021 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2-1(116)-144/2021 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma hissəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2-1(116)-144/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş sübutlardan görünür ki,arxiv arayışına əsasən iddiaçının 1974-1983-cü il tarixlərində Zaqatala rayon “Nizami” adına kolxozda işlədiyi görünür. Həmin iş illəri ərzində iddiaçının 1980-ci ildə əmək günü norması tələbini yerinə yetirmədiyi görünür (107 gün). Digər illər ərzində iddiaçı əmək günü normasını qazanmış və sözgüdən 1980-ci il ilə birlikdə iddiaçının “Nizami” adına kolxozda 9 il 3 ay stajı yaranmışdır. İddiaçının digər mübahisələndirilən iş illəri isə X1 dərzi işlədiyi dövrdür. Bununla bağlı olaraq iş materiallarına əlavə edilən iddiaçının həmin iş stajını yoxlamaq üçün Zaqatala rayon fililalı əməkdaşları və Zaqatala rayon Dövlət Arxivinin müdirinin iştirakı ilə tərtib olunmuş müayinə aktında qeyd olunur ki, İddiaçı 1983-cü ildə işə daxil olduğu görünür (17.11.1983). Lakin 1999- cu illərin əmr kitablarında İddiaçı işdən çıxma əmri aşkar edilməmişdir. İddiaçı hesablanmış son əmək haqqı 1995-ci ilin fevral ayında olmuşdur. Yoxlama aktı Zaqatala rayon Dövlət Arxivində, Zaqatala rayon Tikiş fabrikinin əmr kitabları və əmək haqqı cədvəlləri əsasında aparılmışdır. İş materiallarında olan ******* nömrəli, 31.10.1985-ci il tarixdə tərtib edilən əmək kitabçasının təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı 17.09.1983-cü il tarixdən 22.02.1999-cu il tarixədək X1 dərzi işləmişdir. İş materiallarında olan DSMF publik hüquqi şəxsin Zaqatala rayon filialının 25.08.2020-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd edilir ki, iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ 23.03.2019-cu il tarixində yaranmışdır. İddiaçının mübahisələndirilən sığorta stajı 01.03.1995-ci il tarixdən 22.02.1999-cu il tarixədək X1 dərzi işlədiyi (3 il 11 ay 21 gün) və əmək kitabçasında qeydiyyatı olmadığına görə 01.01.1974-cü il tarixdən 17.09.1983-cü il tarixədək Zaqatala rayon keçmiş “Nizami” adına kolxozda kolxozçu işlədiyi (9 il 3 ay) olmaqla cəmi 13 il 2 ay 21 gün təkil edir. İddiaçının mübahisələndirilməyən sığorta stajı əmək kitabçasının surətində qeyd edildiyi 17.09.1983cü il tarixdən 01.03.1995-ci il tarixədək X1 (11 il 5 ay 14 gün) və 01.10.2002-ci il tarixdən 01.04.2003-cü il tarixədək işsizlik müavinətinin təyin edildiyi (6 ay) müddət olmaqla cəmi 11 il 11 ay 14 gün təşkil edir. İş materiallarında olan 06.03.2020-ci il tarixli ikinci aktın təsdiq edilmiş surətində qeyd edilir ki, iddiaçının tikiş fabrikində iş stajı arxivlə qarşılıqlı yoxlanılmış və müəyyən edilmişdir ki, iddiaçı 1983-cü il tarixli, 224 nömrəli əmrlə tikiş fabrikinə işə qəbul edilmiş, lakin onun işdən azad olunması barədə müvafiq əmrlər 1999-cu ilin əmr kitablarında qeyd edilməmişdir. Həmçinin iddiaçının son əmək haqqı 1995-ci ilin fevral ayında hesablanmışdır. Beləliklə iş materiallarına əlavə olunan sənədlərə əsasən iddiaçının mübahisələndirilən 1983-1999-cu illərdə X1 işlədiyi dövrlər (1983-1995-ci illər) 11 il 5 ay 14 gün təşkil edir. İddiaçının 01.10.2002-ci il tarixdən 01.04.2003-cü ilədək işsizlik müavinəti aldığı dövr (6 ay) mübahisələndirilmir. İddiaçı mübahisələndirdiyi illərə dair sığorta stajı iş materiallarına əsasən ümumilikdə 21 il 2 ay 14 gün təşkil edir. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz." Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017- ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1958-ci ildə doğulmuş və onun 61 yaşı 23.03.2019-cu il tarixdə tamam olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Artıq formalaşmış məhkəmə təcrübəsinə əsasən də arxiv arayışlarının stajı təsdiq edən sənəd kimi qəbul olunması müəyyən olunduğu halda cavabdeh inzibati orqanın israrla əmək kitabçasının olmamasına əsaslanaraq vətəndaşın pensiya hüququnun reallaşmasına imkan verməməsinin səbəbi məhkəməyə aydın deyil. Cavabdeh inzibati orqan özü həmin arxiv arayışında qeyd olunan məlumatların mötəbərliyini aktlaşdırmaqla təsdiq etmiş, bunula belə yenə də əsassız olaraq iddiaçının “Nizami” adına kolxozda işlədiyi müddətin sığorta stajına daxil edilməsi hissəsində müraciətinin təmin olunmasından imtina etmişdir. Bundan başqa cavabdehin imtinasının və etirazının digər dəlili iddiaçının 01.03.1995ci il tarixdən 22.02.1999-cu il tarixlərində X1 çalışdığı dövrlə bağlıdır. Əsas da o qeyd olunmuşdur ki, 1999-cu illərin əmr kitablarında İddiaçı işdən çıxma əmri aşkar edilməmişdir. İddiaçı hesablanmış son əmək haqqı 1995-ci ilin fevral ayında olmuşdur. Bununla baglı məhkəmə kollegiyas qeyd edir ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.1.1-ci bəndinə əsasən isə Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə ilk növbədə nəzərə alınmalıdır ki, mübahisəli məsələ 1995- 1999-cu illərdəki əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqlənir. Qanunvericiliyin yuxarıda istinad olunan müddəaları isə sözügedən dövrün iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməli olduğunu təsbit edir. Bununla bağlı yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. İnzibati orqan əmək kitabçasında və arayışda göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bununla yanaşı qeyd edilməlidir ki, hazırkı işdə bu məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarına görə həll edilməlidir. Çünki iddiaçının əmək fəaliyyəti (1995-ci ildən 1999-cu ilədək) məhz həmin qanunun qüvvədə olduğu dövrə aiddir və müvafiq olaraq onların pensiya hüququ verən sosial sığorta stajına daxil edilməsi məsələsi də həmin Qanunun tələblərinə görə həll olunmalıdır. Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Qeyd olunan maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 1995-1999-cu illərdə işlədiyi dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. Belə olduqda iddiaçının tələb olunan 25 il stajı tamamlanır. (01.03.1995-ci il tarixdən 22.02.1999-cu il tarixədək X1 dərzi işlədiyi 3 il 11 ay 21 gün + 01.01.1974-cü il tarixdən 17.09.1983-cü il tarixədək Zaqatala rayon keçmiş “Nizami” adına kolxozda kolxozçu işlədiyi 9 il 3 ay, cəmi 13 il 2 ay 21 gün + mübahisələndirilməyən 11 il 11 ay 14 gün = 25 il 02 ay 05 gün). Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının 01.07.1994-cü il tarixində X2 və 25.03.1996-cı ildə X3 adlı övladları anadan olmuşdur. (XVİİİ-ЖГ seriyalı 395104 nömrəli və XİX- ЖГ seriyalı 385802 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiqlənmiş surətlərinə əsasən) "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin e) yarımbəndində qeyd olunmuşdur ki, iş stajına işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq daxil edilir. Göründüyü kimi, iş stajına bunlardan başqa işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət daxil edilir, bir şərtlə ki, həmin müddət hər uşaq 3 yaşına çatanadək və üstüstə 6 ildən çox olmasın. Göründüyü kimi hətta belə iddiaçı 1995-ci ilin fevralından sonra əməkhaqqı almasa da onun 01.03.1995-ci ildən 25.03.1996-ci ilə qədər və 25.03.1996-cı ildən 25.03.1999-cu ilə qədər körpə uşaqlara qulluq etdiyi müddət onun stajına daxil edilməlidir ki, bu zaman da iddiaçının tələb olunan 25 il stajı tamamlanacaqdır. (mübahisələndirilməyən 11 il 11 ay 14 gün + 01.01.1974-cü il tarixdən 17.09.1983-cü il tarixədək Zaqatala rayon keçmiş “Nizami” adına kolxozda kolxozçu işlədiyi 9 il 3 ay + 4 il 24 gün körpə uşaqlara qulluq etdiyi müddət = 25 il 3 ay 8 gün) Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2-1(116)-144/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdeh DSMF publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh DSMF publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2-1(116)-144/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar