Məhkəmə qərarları › İş №2-1(107)-275/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-275/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-275/2022 15.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinin nümayəndəsi Hacı-X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsindən ibarət həyatyanı sahədə tikilən fərdi yaşayış evinin arxa hissəsindəki torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun tanınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-1(116)-1033/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri Nəriman Nərimanov küçəsi ev 60 B ünvanında yerləşən 0,06 ha torpaq sahəsindən ibarət həyatyanı sahədə tikilən fərdi yaşayış evinin arxa hissəsindəki torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun tanınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 1955-ci ildə Şəki şəhərində doğulmuş və Şəki şəhəri, N.Nərimanov küçəsi 60 “B” saylı fərdi yaşayış evində ailəsi ilə yaşayır. İddiaçı ailədə beş qardaş olmuş və həmin küçədəki evlərinin düzülüşünə əsasən 1-ci ev həyətyanı torpaq sahəsi ilə birgə iddiaçının, 2-ci ev iddiaçının qardaşı Azərin, 3-cü ev iddiaçının qardaşı Adilin, 4-cü ev iddiaçının qardaşı Bəhərçinin, 5-ci ev isə iddiaçının qardaşı Teymurçinin evidir. İddiaçının evinin arxa və qabaq hissəsi gediş-gəliş üçün ümumi istifadə etdiyi yol olub və evinin həyətinə giriş darvazası da lap əvvəldən, yəni təxminən 40 ildən artıq bir vaxtdır ki, evinin arxa hissəsindən olub. Həmin fərdi yaşayış evinin arxa hissəsindəki torpaq sahəsi olan yoldan iddiaçı 40 ildən artıq bir müddətdir ki, mübahisəsiz istifadə edir, bu sahəyə sahiblik edir və ərazinin təmiz, səliqəli saxlanmasını təmin edir. İddiaçının istər qardaşı Bəhərçinin və övladlarının yaşadığı həmin küçədəki evinə, istərsə də digərlərinin evinə gediş-gəliş üçün evlərinin ön tərəfindən rahat və geniş yol vardır. İddiaçı evinin arxa hissəsindəki torpaq sahəsinin üzərində özünün mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********38 nömrəli məktubu ilə iddiaçıya imtina cavabı vermişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********03 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən 0?06 ha torpaq sahəsindən ibarət həyətyanı sahədə olan fərdi yaşayış evinin arxa hissəsindəki torpaq sahəsinin 40 ildir ki istifadəsində və sahibliyində olması nəzərə alınıb çıxarış verilməsi məqsədilə xx.xx/2022-ci il tarixdə ********** nömrəli ərizə ilə ərazi idarəsinə müraciət etmişdir. Bildiririk ki, ərazi idarəsinin arxiv materiallarında Şəki şəhəri, Nəriman Nərimanov küçəsi 60B saylı fərdi yaşayış evinə X1 adına 12 noyabr 2007-ci il tarixli, 8231 inventar nömrəli texniki pasport və 15 noyabr 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə məlumat mövcuddur. Ərazi idarəsində mövcud olan elektron baza məlumatlarına əsasən X1, X3 və X4 mülkiyyətində olan fərdi yaşayış evlərinin arxa hissəsi ümumi istifadədə olan yol olduğundan və müraciətə daşınmaz əmlakın qeydiyyatı üçün tələb olunan sənədlər təqdim edilmədiyindən vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsi iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı istifadə etdiyinə görə adına qeydə alınmasını tələb etdiyi torpaq sahəsinə münasibətdə heç bir hüquqmüəyyənedici sənədə malik deyildir. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 29 iyun 2022-ci il tarixli, 2- 1(116)-1033/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsindən ibarət həyatyanı sahədə tikilən fərdi yaşayış evinin arxa hissəsindəki torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun tanınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2- 1(116)-1033/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətin də qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərar onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısf’nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab olunur. Birinci instansiya məhkəməsinin araşdırması nəticəsində müəyyən edilmişdir ki, onun hüquqi marağı fərdi yaşayış evinin arxasında yerləşən və istifadə etdiyi torpaq sahəsinin özünün adına qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Lakin iş materialları ilə iddia edilən torpaq sahəsinə dair onun hüquqmüəyyənedici sənədlərə malik olmadığı müəyyən olunmuşdur. Həmçinin birinci instansiya məhkəməsinin araşdırması ilə də iddia olunan torpaq sahəsinin ona verilməsini göstərən hüquqi və texniki sənədlər aşkar edilməmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, o, dövlət reyestrində qeydiyyata aldırmaq istədiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərə, bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması barədə qərara malik deyildir. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin onun müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, onun öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, onun tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinası əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və onun hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında" AR Qanununun 13.2 və 17-ci maddələri)”. Şəki İnzibatı Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1033/2022 saylı qərarı qanunsuz, əsassız və ədalətsiz olduğundan aşağıdakılara görə ləğv edilməlidir. Belə ki, o, 1955-ci ildə Şəki şəhərində doğulmuş və Şəki şəhəri, N.Nərimanov küçəsi 60 “B” saylı fərdi yaşayış evində ailəsi ilə yaşayırlar. Onlar ailədə beş qardaş olmuşlar və həmin küçədəki evlərimizin düzülüşünə əsasən 1-ci ev həyətyanı torpaq sahəsi ilə birgə onun (Çingizin), 2-ci ev qardaşı Azərin, 3-cü ev qardaşı Adilin, 4-cü ev qardaşı Bəhərçinin, 5-ci ev isə qardaşı Teymurçinin evidir. Onun evinin arxa və qabaq hissəsi gediş-gəliş üçün ümumi istifadə etdiyi yol olub və evin həyətinə giriş darvazası da lap əvvəldən, yəni təxminən 40 ildən aıtıq bir vaxtdır ki, evin arxa hissəsindən olub. Həmin fərdi yaşayış evimin arxa hissəsindəki torpaq sahəsi olan yoldan o, 40 ildən aıtıq bir müddətdir ki, mübahisəsiz istifadə edir, bu sahəyə sahiblik edir və ərazinin təmiz, səliqəli saxlanmasını təmin edir. İstər qardaşı Bəhərçinin və övladlarının yaşadığı həmin küçədəki evinə, istərsə də digərlərinin evinə gediş-gəliş üçün evlərinin ön tərəfindən rahat və geniş yol vardır. Onun qeyd etdikləri ərizədə əlavə etdiyi sənədlər, fotoşəkillər də təsdiq edir. O, mövcud Qanunvericiliyə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət hüququnu əldə etmə müddətinə əsaslanaraq 1981-ci ildən hazırkı dövrədək olan 40 illik sahiblik müddətinə əsasən mülkiyyətçi kimi haqqımı tələb etməkdə haqlıdır. Odur ki, ona məxsus olan ünvan 4 ünvanında yerləşən 0,06 ha torpaq sahəsindən ibarət həyətyanı sahədə tikdirdiyi fərdi yaşayış evin arxa hissəsindəki eni 01 metr, uzunluğu 25 metrə qədər olan torpaq sahəsinin 40 ildir ki, istifadəsin də və sahibliyində olmasını nəzərə alıb, həmin torpaq sahəsinə dair adına çıxarış verilməsini ədalətli və qanuni hesab edir. Hesab edir ki, sözügedən torpaq sahəsinə dair ona mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədiçıxarışı verməməklə DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi ona qarşı haqsızlığa, ədalətsizliyə və qanunsuzluğa yol verir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsinin onun istifadəsin də olan həmin torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqdan və ona çıxarış verməkdən imtina etməsi tamamilə qanunsuzdur. DƏDRX-nin Şəki Ərazi İdarəsinin ona müsbət cavab verməklə bağlı üzərinə düşən bu vəzifəni yerinə yetirməməklə uzun müddətdir ki, onun və ailə üzvlərinin hüquqlarını kobud şəkildə pozur. Ona görə də Şəki İnzibati Məhkəməsinin sözü gedən qərarını qanunsuz, ədalətsiz və əsassız hesab edir. Çünki, sözügedən torpaq sahəsi onun həyətyanı torpaq sahəsinə daxildir və daxil də olmalıdır. Həm də istər Bəhərçin, istərsə də Teymurçin həmin oxşar ərazini öz həyətlərinə birləşdirərək ərazini hasarlamışlar. Şəki İnzibati Məhkəməsinin qeyd edilən qərarı qəbul edilərkən Azərbaycan Respublikasının Qanunvericilik aktlarının müddəaları düzgün tətbiq edilməmiş, hüququn tətbiqində səhv buraxılmış, qanun səhv təfsir edilmiş və bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386-cı maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Şəki İnzibati Məhkəməsi iddia tələbi ilə əlaqədar hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırma aparmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, bununla da Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərini pozmuşdur. Ona görə də Şəki İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-1(116)-1033/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-1(116)-1033/2022 nömrəli iş üzrə qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinin nümayəndəsi X5 oğlu apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-1(116)-1033/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.10.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 3.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı iə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab olunur: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 12.4-cü maddəsinə əsasən kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir; 13.1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir; 13.3-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir; 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı fərdi yaşayış evinin arxasında yerləşən və istifadə etdiyi torpaq sahəsinin özünün adına qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Lakin iş materialları ilə iddia edilən torpaq sahəsinə dair iddiaçının hüquqmüəyyənedici sənədlərə malik olmadığı müəyyən olunmuşdur. Həmçinin məhkəmə araşdırması ilə də iddia olunan torpaq sahəsinin iddiaçıya verilməsinə göstərən hüquqi və texniki sənədlər aşkar edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə iddiaçı apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-1(116)-1033/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar