Məhkəmə qərarları › İş №2-1(107)-275/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-275/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-275/2024 15.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X2rşı “təyin edilən üçüncü dərəcə əlillik dərəcəsinin əlillik səbəbinin “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” olaraq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2-1(116)-616/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Birinci Qarabağ müharibəsi zamanı aldığı hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması səbəbinə görə iddiaçıya 2-ci qrup Qarabağ müharibəsi əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2024-cü il tarixində birinci instansiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “təyin edilən üçüncü dərəcə əlillik dərəcəsinin əlillik səbəbinin “ Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” olaraq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Kəlbəcər rayon hərbi komissarlığı tərəfindən xx.xx.1991-ci ildə hərbi xidmətə çağrılaraq xx.xx.1994-cü ilədək N saylı hərbi hissədə hərbi xidmət keçmiş və döyüş zonasında hərbi xidmət edərkən 1992-ci ilin avqust ayında yaralanmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komisiyasının xx.xx.2018-ci il tarixli 106 saylı rəyi ilə alığı xəsarət” hərbi travma olmaqla Azərbaycan Respublasının Müdafiəsi zamanı alınması” qeyd edilmişdir. İddiaçı Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin Tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək aldığı hərbi travma ilə əlaqədar əlilliyin qiymətləndirilməsini xahiş etmiş, xx.xx.2023-cü il tarixli 3-17-4/2-Z-20277/2023 saylı məktubla xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən 5 il müddətinə yəni xx.xx.2026-ci ilədək 3-cü dərəcə əlillik müəyyən edilməsi barədə qərar qəbul edilmişdir. Həmin məktubda həmçinin göstərilmişdir ki, tibbi sənədlər və əyani göstərilən səbəb və diaqnoz öz təsdiqini tapmamışdır. Bu səbəbdən ümumi xəstəlik üzrə 5 il müddətinə 3-cü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanmışdır.İddiaçı əlilliyin səbəbinin dəyisşirilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən əliliyin səbəbinin dəyişdirlməsindən imtina edilmişdir.

4. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018ci il tarixli 322 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah qəlpə yaralanmalarından sonra başın sol təpə nahiyyəsində bir ədəd, başın orta təpə nahiyyəsində bir ədəd, başın arxa aşağı ənsə nahiyyəsində bir ədəd, başın sol alın qabarında bir ədəd, döş qəfəsinin saq ön səthində bir ədəd, sol dirsək oynağının arxa səthində bir ədəd, sol əlin arxa səthində bir ədəd köhnə çapıq toxumaları'' diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı bədənin müxtəlif nahiyyələrində köhnə çapıq toxumaları müşahidə olunmuşdur. Sol əlin İİ barmağında hərəki məhdudiyyət qeyd olunmuşdur. Dediyinə görə, “tutmalar” ancaq gecə vaxtı olur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2021- ci il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Mülayim beyin atrofiyası. Hər iki hemisferdə alın və təpə paylarında 3-4 ədəd keçirilmiş hadisəyə bağlı 2-3 m m ölçülü qliotik-angiopatik ocaqlar. Arxa kəllə çuxurunda ekstra aksial likvor məsafələrində orta xətdə 25x60x16 mm ölçülü genişlənmə izlənildi (subaraxnoidal kist)" kimi və xx.xx.2021-ci il tarixli EEQ müayinəsinin nəticəsi “Tez-tez paroksizmal aktivlik və spayk ləng dalğa kompleksləri İzlənildi. Tipik paroksizmal aktivlik və epifokus izlənildi” kimi müəyyənləşdirilmişdir.

5. AR Milli Məclisinin “Hərbi cinayətlər törətmiş şəxslərin amnistiyası haqqında” xx.xx.1997-ci il tarixli qərarına əsasən vətəndaşın Hərbi xidməti ləğv edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’nin 2.3.4 bəndinə müvafiq olaraq Ümumi xəstəliklə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Çiyin nahiyələrində çapıq toxuma, qarının ön divarında *10-11 sm ölçüdə göbəkdən yuxarı və aşağını əhatə edən orta orta laporotomiya kəsiyinə və *6-7 sm ölçüdə pararektal kəsiklərə müvafiq çapıq toxumalar izlənilmişdir. Təqdim olunmuş EEQ müayinəsinin nəticəsi (dalğalar) təqdim edilməmiş, həmçinin xx.xx.2021 -ci il tarixində təqdim etdiyi hərbi qərarda kəllə-beyin travması haqqında məlumat öz əksini tapmamışdır. Vətəndaşın ailəsində çoxsaylı itkilər (şəhid) baş verdiyindən güclü emosional gərginlik keçirdiyi nəzərə alınmışdır. 5 saylı Şəhər Klinik Xəstəxanasının xx.xx.2020-xx.xx.2020-ci il tarixli 6969/383 nömrəli Çıxarışda diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Kəllə daxili hipertenziya və tez-tez təkrarlanan qıcolmalarla (ayda 8-9 dəfə)" kimi qeyd olunmuşdur. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli 781 nömrəli Tibbi Rəyində diaqnoz “Keçirilmiş (1992-ci il) başın sol təpə, orta təpə, arxa aşağı ənsə, sol alın nahiyələrində qəlpə yaralanmasından sonrakı vəziyyət' kimi qeyd olunmuşdur.

6. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 62059 nömrəli protokol Beyin KT müayinəsinin nəticəsi “Mülayim beyin atrofiyası" kimi qeyd edilmişdir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli EEQ müayinəsinin nəticəsi “Xəstəyə 1 saatlıq EEQ çəkilib. Çəkiliş boyu tez-tez paroksizmal aktivlik və spayk ləng dalğa kompleksləri izləndi. Tipik paroksizmal aktivlik" kimi qeyd edilmişdir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 62059 nömrəli protokol Beyin MRT müayinəsinin nəticəsi “Mülayim beyin atrofiyası. Hər iki hemisferdə alın və təpə paylarında 3-4 ədəd keçirilmiş hadisəyə bağlı 2-3 mm ölçülü qliotik- anqiopatik ocaqlar. Arxa kəllə çuxurunda ekstra aksial likvor məsafələrində orta xətdə -25x60x16 mm ölçülü genişlənmə izlənildi (subaraxnoidal kist)" kimi qeyd edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015- ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.4 bəndinə müvafiq olaraq xx.xx.2021-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 28 fevral 2024-cü il tarixli, 2- 1(116)-616/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2-1(116)-616/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2- 1(116)-616/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

13. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

14. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2018ci il tarixdə müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir. - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2021ci il tarixdə müayinə olunmuş və ona 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2023cü il tarixdə müayinə olunmuş və xx.xx.2021-ci il tarixli qərar qüvvədə saxlanılmışdır. - Mərkəzi Həkim Komissiyasının 322 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEK-in xx.xx.2023-cü il tarixli 3-17-4/3-3- 4002/2023 nömrəli Qərarı. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEK-in xx.xx.2022-ci il tarixli, **********6 nömrəli Qərarı. - Tərtər Hərbi Məhkəməsinin 6(098)-6/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qərarı. - xx.xx.2023-cü il tarixli 000041 nömrəli Qərar.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə 3. Əlilliyin müəyyən edilməsi. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır.

17. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmişdir); (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə ləğv edilmişdir)

1. Ümumi müddəalar 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

19. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2-1(116)-616/2024 nömrəli nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

20. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.2 və 33.1-ci maddələri) aid olan məcburetmə haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Hazırkı iş üzrə cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə inzibati aktın iddiaçıya hansı tarixdə verilməsinə dair sübut təqdim edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün iddia müddəti ötürülməmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. Məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya xx.xx.2021-ci il tarixində ümumi xəstəlik səbəbi ilə İİİ dərəcəli əlilik təyin edilmişdir. Həmin əlillik təyin edilərkən “Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri.Dəqiqləşdirilməmiş ensefalopatiya. Posttravmatik ensefalopatiya İİ mərhələ.Epilektik sindrom, tez-tez təkrarlanan qıcolmalarla (ayda 8-9 dəfə) diaqnozu qoyulmuşdur.

25. İddiaçı barəsində MN-in Mərkəzi Həkim Komissiyasının 322 nömrəli, xx.xx.2018ci il tarixli qərarında müxtəlif nahiyələrdə köhnə çapıq toxumaların aşkar olunduğu göstərilmişdir.İddiaçı hazıkı tələblə əliliyin səbəbinin həmin xəsarətlər nəticəsində yarandığını iddia edir,cavabdehin imtinasının əsasını iddiaçının hazıkı sağlamlıq vəziyyətinin həmin xəsarətlərlə əlaqədar olmadığı və ümumi xəstəliklə əlaqədar olduğu təşkil edir.

26. Yuxarıda qeyd olunan sənədlərin qarşılıqlı müqayisəsi və təhlili zamanı iddiaçıya əliliyin təyin olunmasına əsas verən diaqnoz ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçıya verilmiş Şəhadətnamədə göstərilən diaqnozun eyni olmadığını müəyyən edilmişdir.Həmçinin,şəhadətləndirmə aparılarkən əsas götürülən iddiaçı barəsində “Bədən xəsarətlərinin təyininə dair” aktda qeyd olunan xəsarətlər nəzərdən keçirilmişdir.Cavabdeh iddiaçıya əlillik təyin edərkən onu əyani müayinəyə cəlb etmiş, Şəhadətnamədə göstərilən xəsarətləri aşkar etmişdir.Sağlamlıq vəziyyətinin qiymətləndirilməsi zamanı əlilliyin səbəbi kimi həmin xəsarətlərin deyil,vətəndaşın ailəsində baş vermiş çoxsaylı itkilər baş verdiyindən güclü emosional gərginlik keçirdiyi nəzərə alınmışdır.Nəticə etibarı ilə iddiaçının sağlamlıq vəziyyəti ilə Şəhadətnamədə qeyd olunan xəsarətlərin səbəbli əlaqəsi öz təsdiqini tapmamışdır.

27. İddiaçıya əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə o halda təyin oluna bilər ki, əlilliyin müəyyən edilməsinin meyarı kimi çıxış edən xəstəliyin, travmanın Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə səbəb əlaqəsi Hərbi Həkim Komissiyası tərəfindən müəyyən edilmiş olsun. Buna görə də, iddianın əsaslılığı barədə nəticəyə gələrkən iddiaçıya “ümumi xəstəlik” səbəbi ilə təyin edilmiş əlilliyin meyarı kimi çıxış edən xəstəliyin (diaqnozun) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçıya verilmiş Şəhadətnamədə göstərilən diaqnozun “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirildiyinə əmin olmalı, bunun üçün isə həmin sənədi bilavasitə tədqiq etməli və qiymətləndirməlidir. Azərbaycan Respublikasının Ali məhkəməsinin 2-1(102)-2437/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe).

28. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X2rşı “təyin edilən üçüncü dərəcə əlillik dərəcəsinin əlillik səbəbinin “ Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” olaraq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

29. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2-1(116)-616/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar