Məhkəmə qərarları › İş №2-1(107)-276/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-276/2020

27.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-276/2020 27.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Politexnikumunda əyani təhsil aldığı müddətin və Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 1473 nömrəli arxiv arayışına əsasən 1988-ci ildə qazandığı 100 adam gününün sosial sığorta stajına daxil edilməklə, ona xx.xx.2012-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmaqla ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-692/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X7 Şəki şəhər şöbəsi tərəfindən apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. xx.xx.2012-ci il tarixdən ona xəstəliyi ilə əlaqəli İİİ (üçüncü) qrup əlillik dərəcəsi verilmişdir. Əmək kitabçasına əsasən 1986-1993 və 2009-2011-ci illərdə müxtəlif təşkilatlarda işləmişdir. Həmçinin 2 il hərbi xidmətdə olmuş, 1988-ci ildə Suçma kənd M.F.Axundov adına kolxozda işləmişdir. xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Politexnikumunda əyani təhsil almışdır. Təhsil illəri və kolxozda işlədiyi müddət stajina daxil edilmədiyindən xx.xx.2012ci il tarixdən sosial müavinət almışdır Yenidən sənədlərini toplayıb Şəki Regional «Asan Xidmət» Mərkəzi vasitəsilə DSMFnin Şəki şəhər şöbəsinə müraciət etmiş, lakin şöbə əyani təhsil müddətini və kolxozda işlədiyi müddəti stajina daxil etmədiyindən tələb olunan stajı və pensiya kapitali olmadığını bildirərək iddiaçıya əmək pensiyası təyin etməkdən imtina etmişdir. İddiaçı Əmək pensiyası təyin olunmasını xx.xx.2012-ci il tarixdən tələb edir və həmin vaxt qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci Maddəsinə əsasən ona Əmək pensiyası təyin olunması üçün (48 yaşı tamam olduğundan ) ancaq 11 il sosial sığorta stajı tələb olunur. Onun isə tələb olunan stajı vardır. Dövlət Arxivi Şəki filialı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 1473 nömrəli arxiv arayışına əsasən 1988-ci ildə qazandıği 100 adam günü sosial sığorta stajına daxil edilməlidir. Şöbə tərəfindən ünvanina göndərilmiş məktubda onun əmək kitabçası, hərbi biletinə və fərdi uçot məlumatlarına əsasən 7 il 8 ay sosial sığorta stajinin olduğu bildirilmişdir. 3 il 6 ay əyani təhsil müddəti və 4 ay kolxozdakı iş stajının bu müddətin üzərinə əlavə edildikdə, iddiaçının cəmi 11 il 6 ay sosial sığorta stajı olur ki, bu staj da iddiaçıya Əmək pensiyası təyin olunması üçün yetərlidir. Cavabdehin etirazının dəlilləri: İddiaçı əlliliyə görə əmək pensiyası təyin olunması üçün sənədlərini Şəki Regional “Asan Xidmət” Mərkəzi vasitəsi ilə şöbəyə təqdim etmişdir. Lakin vətəndaşın tələb olunan pensiya kapitalı və sosial sığorta stajı olmadığı üçün onun müraciətindən imtina edilmişdir. Həmçinin vətəndaşın iddia etdiyi tarixdən əmək pensiyası təyin edilməsi, təhsil müddətinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə isdinadən sosial sığorta stajına daxil edilmədiyindən, xx.xx.2006-cı ilədək sosial sığorta stajı Əmək və X3 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1ci bəndinə istinadən əmək kitabçasına əsasən müəyyən edildiyindən, vətəndaşın təqdim etdiyi, əmək kitabçasında müvafiq qeydiyyatın olmadığı 1473 saylı arxiv arayışına əsasən müəyyən olunmuş 5 ayının (100 adam günü) sosial sığorta stajınına daxil edilmədiyindən, qanunvericiliyə uyğun deyildir. Buna görə də vətəndaşın müraciət etdiyi tarixə tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmadığından ona əlilliyə görə əmək pensiyası təyin etmək mümkün deyildir. İddiaçının mübahisələndirilən sosial sığorta stajı xx.xx.1979-cu il tarixindən xx.xx.1983-cü il tarixinədək 3 il 6 ay əyani təhsil müddəti və 1473 saylı arxiv arayışına əsasən müəyyən olunmuş 5 aydır. Mübahisələnməyən sosial sığorta stajı isə 7 il 8 aydır. İddiaçının mübahisələndirilən 3 il 11 ayı sosial sığorta stajına daxil edilərsə, 11 il sosial sığorta stajı tamam olduğu üçün məhkəmə qərarı əsasənda əlilliyə görə əmək pensiyası hüququ yaranır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli, 2-1(116)- 692/2020 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçıxx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Politexnikumunda əyani təhsil aldığı müddətin, Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 1473 nömrəli arxiv arayışına əsasən 1988-ci ildə qazandığı 100 adam gününün (5 ayın) sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2012-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmaqla ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. DSMF-in Şəki şəhər şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, Dövlət X8 Şəki şəhər şöbəsi Şəki İnzibati Məhkəməsinin qərarının ləğv olunmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. İddiaçı xx.xx.2020-cu il tarixdə əlilliyə görə əmək pensiyası təyini üçün müraciət etmişdir. Təqdim olunmuş sənədlərə baxılmış, xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə istinadən tələb olunan stajı və pensiya kapitalı olmadığı üçün əmək pensiyası almaq hüququ olmamışdır. İddiaçının 1988-ci ildə kolxozda işlədiyi müddət əmək kitabçasına qeyd olunmamışdır. Məhkəmə tərəfindən bunun səbəbi araşdırılmamışdır. Lakin mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olan Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinin 1-ci və 22-ci abzaslarına əsasən, əmək kitabçası fəhlə və ya qulliqçuların əmək fəaliyyəti haqqında əsas sənəddir. Əmək kitabçaları müəssisədə, idarədə, təşkilatda 5 gündən artıq işləyən bütün fəhlələr və ya qulluqçular üçün açılır. Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinin Kollegiyasının 2017-ci il tarixli 11 dekabr tarixli 17 №li qərarı ilə təsdiq olunmuş «Əmək Pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının sosial sığorta stajının hesablanması prosedurunun 3.1.1 bəndinə istinadən Qanunun qüvvəyə mindiyi günədək, xx.xx.2006- cı il tarixədək, sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyən edilir. Həmçinin Məhkəmə Qərarında əmək pensiyasının xx.xx.2012-ci il tarixdən təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi qoyulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsində deyilir: Bu maddəyə əsasən iddiaçının əmək pensiyasının məbləği müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmalı olduğu halda, Məhkəmə qərarında 01.01,2014-cü il tarixdən qeyd olunmuşdur. Bu isə yuxarıdakı maddənin tələblərinin pozulmasıdır. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tsfrixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmçinin Məhkəmə iddiaçıya hesablanmamış pensiyanın birdəfəlik ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla, sosial təminat hüququ olan digər vətəndaşların sosial təminat hüququnu pozmuş olur. Belə ki, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunun xərclər maddəsinin alt hissələrində əmək pensiyalarının ödənilməsi xərcləri analitik hesablamalara əsaslanmış konkret rəqəmlərlə əks edildiyindən pensiya xərcləri ilə bağlı əlavə yaranmış öhdəliklər bu sahədə maliyyələşdirmənin vaxtında aparılmasını şübhə altına qoymuş olur. Birdəfəlik ödəmələrin məbləği xeyli miqdarda olduqda pensiya almaq hüququ olan digər vətəndaşların pensiya təminatı hüququ pozulmuş olur. Azərbaycan Respublikası Konstitusiyanın 7-ci maddəsinin 3-cü hissəsində qeyd olunmuşdur ki, dövlət hakimiyyətinin təşkili hakimiyyətin bölgüsü prinsipi əsasında həyata keçirilir. Həmin maddənin 4-cü hissəsinə əsasən - Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010-cu il tarixli Qərarı) Odur ki, yuxarıda qeyd edilənləri rəhbər tutaraq Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-692/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin apellyasiya şikayətində qeyd olunanları nəzərə alaraq apelyasiya instansiyasında yeni qərar qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-692/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-692/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: Onlara AZE seriyalı ******** nömrəli X1 təsdiqlənmiş surəti, Cavabdeh xx.xx.2020-ci il tarixli **********6 nömrəli imtina məktubu və xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubu, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika Dövlət X5 xx.xx.2016-cı il tarixli 1473 nömrəli arxiv arayışının təsdiqlənmiş surəti, Sosial arayış, Şəki 17 saylı TSEK-in 04799 nömrəli və 1016 nömrəli Müayinə aktından çıxarışı, ET seriyalı 016254 nömrəli diplomun təsdiqlənmiş surəti, НЗ seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, ИТ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti daxildir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-692/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçılar onların müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Politexnikumunda əyani təhsil aldığı müddətin, Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 1473 nömrəli arxiv arayışına əsasən 1988-ci ildə qazandığı 100 adam gününün (5 ayın) sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2012-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmaqla ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği fərqinin birdəfəlik ödənilməsi öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb cavabdehin nümayəndəsinin izahatını dinləyib iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş iş materiallarından müəyyən edilir ki, iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Politexnikumunda təhsil alması, 1988-ci ildə Suçma kənd M.F.Axundov adına kolxozda işləməsi ET seriyalı 016254 nömrəli diplomun təsdiqlənmiş surəti və Dövlət X5 xx.xx.2016-cı il tarixli 1473 nömrəli arxiv arayışının təsdiqlənmiş surəti ilə öz təsdiqini tapır. İddiaçı təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubla bundan imtina edərək Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə istinadən tələb olunan stajı və pensiya kapitalı olmadığı üçün əmək pensiyası almaq hüququnun olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə görə, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin i) yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli 1044 saylı Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu bəndində ali və orta ixtisas təhsili məktəblərində təhsil dövrü iş stajına daxil edilirdi. xx xxxxxxxx 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İstinad olunan maddi hüquq normalarının tələbindən görünür ki, ali, orta ixtisas, texniki peşə məktəblərində təhsil müddəti iş stajına daxil edilməlidir. Qanunvericilikdə qeyd edilən dövrün əmək stajına daxil edilməsi barədə konkret göstəriş olduğundan o, bu hüquqdan məhrum edilə bilməz. Habelə, şəxsin təhsil aldığı dövrün qanunvericiliyinə görə həmin dövr artıq onun əmək stajı hesab edilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən, hazırda qüvvədə olan qanunvericiliyi həmin dövrə tətbiq etmək mümkün deyildir. Çünki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Göründüyü kimi, cavabdehin ağırlaşdırıcı hallara istinad edərək təhsil müddətini sosial sığorta stajına daxil etməməsi konstitusion normanın pozulmasıdır. Bundan başqa, iddiaçının təhsil aldığı müddət onun artıq qazanılmış hüququdur. Ona görə də “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli qanunla 12.1-ci maddə yeni redaksiyada - “12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.” Əvvəlki redaksiyada deyilirdi: 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Belə ki, iddiaçının əlilliyə görə pensiya almaq hüququ xx xxxx 2017-ci il tarixdə yarandığından (həmin tarixə tələb olunan stajı toplandığından) mübahisəyə xx xxxx 2017- ci il tarixdə qüvvədə olan Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməlidir. Əmək Pensiyaları haqqında Qanununun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Brinci instansiya məhkəmə araşdırması apararkən doğru olaraq müəyyən etmişdir ki, iddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuş, onun hüququ yarandığı xx xxxxxxxx 2012-ci il tarixdə 48 yaşı olmuş və həmin tarixdən ona əlilliyə görə pensiya təyin edilməsi üçün 11 il sosial sığorta stajı tələb olunur (48 il - 15 il = 33x4ay /12 = 11 il). İddiaçının məhkəməyə təqdim etdiyi arxiv arayışı və diplomuna əsasən isə iddiaçının həmin tarixə tələb olunan 11 il sosial sığorta stajı tamamlanır. (mübahisələndirilməyən 7 il 8 ay və mübahisələndirilən 3 il 11 ay, cəmi 11 il 7 ay) İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinin redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan birinci instansiya məhkəməsinin DSMF-nin şəki şəhər şöbəsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-692/2020 saylı sorğusuna DSMF-nin şəki şəhər şöbəsi tərəfindən verilmiş cavabda qeyd edilmişdir ki, “Vətəndaş İddiaçı əlliliyə görə əmək pensiyası təyin olunması üçün sənədlərini Şəki Regional “Asan Xidmət” Mərkəzi vasitəsi ilə şöbəmizə təqdim etmişdir. Lakin vətəndaşın tələb olunan pensiya kapitalı və sosial sığorta stajı olmadığı üçün onun müraciətindən imtina edilmişdir. Həmçinin vətəndaşın iddia etdiyi tarixdən əmək pensiyası təyin edilməsi, təhsil müddətinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə isdinadən sosial sığorta stajına daxil edilmədiyindən, xx.xx.2006-cı ilədək sosial sığorta stajı Əmək və X3 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi,yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1 bəndinə istinadən əmək kitabçasına əsasən müəyyən edildiyindən, vətəndaşın təqdim etdiyi,əmək kitabçasında müvafiq qeydiyyatın olmadığı 1473 saylı arxiv arayışına əsasən müəyyən olunmuş 5 ayının (100 adam günü) sosial sığorta stajınına daxil edilmədiyindən, Qanunvericiliyə uyğun deyildir. Buna görə də vətəndaşın müraciət etdiyi tarixə tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmadığından ona əlilliyə görə əmək pensiyası təyin etmək mümkün deyildir. İddiaçı mübahisələndirilən sosial sığorta stajı xx.xx.1979-cu il tarixindən xx.xx.1983-cü il tarixinədək 3 il 6 ay əyani təhsil müddəti və 1473 saylı arxiv arayışına əsasən müəyyən olunmuş 5 aydır. Mübahisələnməyən sosial sığorta stajı isə 7 il 8 aydır. İddiaçının mübahisələndirilən 3 il 11 ayı sosial sığorta stajına daxil edilərsə, 11 il sosial sığorta stajı tamam olduğu üçün Məhkəmə qərarı əsasında əlilliyə görə əmək pensiyası hüququ yaranar”. Apelyasiya şikayətində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsində deyilir: Bu maddəyə əsasən iddiaçının əmək pensiyasının məbləği müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmalı olduğu halda, Məhkəmə qərarında 01.01,2014-cü il tarixdən hesablanması ilə baglı dəliləri ilə məhkəmə kollegiyası razılşmayaraq qeyd edir ki, iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Yuxarıda qeyd olunan işin hallarını məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1983- cü il tarixədək Bakı Politexnikumunda əyani təhsil aldığı müddətin və Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 1473 nömrəli arxiv arayışına əsasən 1988- ci ildə qazandığı 100 adam gününün (5 ayın) sosial sığorta stajına daxil edilməsi, ona xx.xx.2012-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmaqla ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği fərqinin birdəfəlik ödənilməs öhdəliyi qoyulmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya verilmiş xx.xx.2020-cu il tarixli **********6 nömrəli imtina məktubunda inzibati orqan tərəfindən vətəndaşa həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələrinin istifadə müddətini və həmçinin də şəxsin şikayət və ya iddia verəcəyi orqanlara, o cümlədən məhkəməyə şikayət verilməsi haqqında izahat verilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası DSMF-in Şəki şəhər şöbəsi rəhbərliyinin nəzərinə çatdırır ki, maraqlı şəxs hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə hər hansı bir inzibati orqanın qərarından, hərəkət və hərəkətsizliyindən yuxarı inzibati orqana yazılı müraciət formasında şikayət və ya məhkəməyə şikayət edə bilər. AR Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. AR Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Bundan başqa «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Qanunun 2-ci maddəsinə əsasən vətəndaş onun hüquq və azadlıqlarını pozan qərarlar və hərəkətlər (hərəkətsizlik) barəsində birbaşa məhkəməyə və ya tabelik qaydasında yuxarı dövlət orqanlarına və yerli özünüidarə orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara, ictimai birliklərə, vəzifəli şəxslərə şikayətlə müraciət edə bilər. “İnzibati icraat haqqında” Qanunun 57.1-ci maddəsinə əsasən başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 59.1.5-ci maddəsinə əsaəsn həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bunula bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cumlədən məhkəmə) haqqında məlumat. Həmin Qanunun 90.1-ci maddəsinə görə inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Göründüyü kimi dövlət orqanları vətəndaşlarla münasibətləri dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanuna əsasən qurmalıdır. Belə ki, hüquqi və demokratik dövlətdə dövlət idarəçilik orqanları ilə vətəndaşlar arasında münasibətlərin bütün prosedur qaydaları inzibati icraat haqqında qanunlarla müəyyən olunur. Heç bir dövlət orqanı, özünüidarə orqanı və ya onların vəzifəli şəxsləri bu və ya digər məsələni qanunla müəyən edilmiş qaydalardan kənar, özünün şəxsi mülahizələri ilə həll edə bilməz. Qanunun müddəalarının pozulmasına görə inzibati orqanların vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki,DSMF-in Şəki şəhər şöbəsinin iddiaçının iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1983- cü il tarixədək Bakı Politexnikumunda əyani təhsil aldığı müddətin və Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 1473 nömrəli arxiv arayışına əsasən 1988- ci ildə qazandığı 100 adam gününün (5 ayın) sosial sığorta stajına daxil edilməsi, ona xx.xx.2012-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmaqla ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği fərqinin birdəfəlik ödənilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Ona görə də İPM-in 87.6-cı maddəsinə əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-692/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-692/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar