Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-277/2021 05.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “onun 16.05.1994-cü il tarixdən 25.10.1998-ci il tarixə kimi X3 zavodunda işləməsinin əmək pensiyasına çıxmaq üçün ümumi sosial sığorta stajına daxil olunması və pensiya hüququnun yarandığı vaxtdan ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(116)-141/2021 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 16.05.1994-cü il tarixdən 25.10.1998-ci il tarixə kimi X3 zavodunda işləməsi, 02.11.1974-cü il tarixdən 11.11.1976-cı il tarixə kimi Sovet Ordusunda hərbi xidmətdə olması və ümumilikdə 08.05.1974-cü il tarixdən 01.02.2006-cı il tarixə kimi əmək kitabçasında göstərilən tarixlərdə müxtəlif dövlət orqan və təşkilatlarında işləməsi – 27 il iş stajının əmək pensiyasına çıxmaq üçün ümumi sosial sığorta stajına daxil olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia belə əsaslandırmışdır ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İddiaçı İsmayıllı rayonu, Quşencə kəndində yerləşmiş “İnqilab” adına sovxozda 08.05.1974-cü il tarixdən 26.10.1974-cü il tarixinə kimi traktorçu işləmişdir. 02.11.1974-cü il tarixdən 11.11.1976-cı il tarixə kimi Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 10.01.1977-ci il tarixdən 09.04.1980-cı il tarixə kimi Quşencə kəndində yerləşmiş “İnqilab” adına sovxozda müxtəlif işlərdə işləmişdir. Həmin tarixli əmrlə İsmayıllı rayon avtonəqliyyat təsərrüfatına traktorçu vəzifəsinə keçirilmişdir. 23 mart 1982-ci il tarixdə İsmayıllı rayon avtonəqliyyat təsərrüfatında öz ərizəsi ilə işdən azad olunaraq yenidən, 05.04.1982-ci il tarixdən Quşencə kəndində yerləşmiş “İnqilab” adına sovxozda işə düzəlmişdir. 11.12.1990-cı il tarixdə “İnqilab” adına sovxozdan işdən azad olunaraq 05.01.1991-ci il tarixdə X3 zavoduna işə düzəlmişdir. Həmin müəssisədə 25.10.1998-ci il tarixinə kimi müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı 01.06.2001-ci il tarixdən 01.05.2002-ci il tarixinə kimi 10 saylı Yol-İstismar İdarəsində traktorçu işləmişdir. İddiaçı 04.11.2004-ci il tarixdən 01.02.2006-cı il tarixə kimi yenidən 10 saylı Yol-İstismar İdarəsində sürücü işləmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, ona pensiya təyin edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinə 01.02.2021-ci il tarixdə daxil olan ərizəsində iddia tələbində dəqiqləşmə aparmış və onun 16.05.1994-cü il tarixdən 25.10.1998-ci il tarixə kimi X3 zavodunda işləməsinin əmək pensiyasına çıxmaq üçün ümumi sosial sığorta stajına daxil olunması və pensiya hüququnun yarandığı vaxtdan ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh orqanın birinci instansiya məhkəməsinə ünvanladığı məktubunda imtinanı belə əsaslandırmışdır ki, İddiaçı yaşa görə əmək pensiyası təyin olunması ilə əlaqədar 08.06.2020-ci il tarixdə Nazirlik tabeliyində DSMF publik hüquqi şəxsin yanında İsmayıllı rayon filialına ərizə ilə müraciət etmişdir. Əmək kitabçasındakı “16.05.1994-cü il tarixdən 25.10.1998-ci il tarixə kimi X3 zavodundakı iş stajının yoxlanılması zərurəti yaranmışdır. 16.05.1994-cü il tarixdən 25.10.1998-ci il tarixə kimi X3 zavodunun arxiv sənədləri rayon Dövlət Arxivinə təhvil verilmədiyi və harada olması barədə hər hansı məlumat olmadığı üçün həmin dövrün iş stajını yoxlamaq mümkün olmamışdır. İddiaçı əmək kitabçasındakı 16.05.1994-cü il tarixdən 25.10.1998-ci il tarixə kimi X3 zavodunda işləməsinə dair qeydlərin saxtalaşdırıldığına dair əsaslı şübhələr olduğu üçün pensiya təyin edən komissiya həmin dövrlərin ümumi sığorta stajının tərkibinə daxil edilməsini mümkün hesab etməmiş və pensiya təyin edən komissiyanın 11.06.2019-cu il tarixli qərarı ilə 25 il ümumi iş stajı olmadığı üçün İddiaçı yaşa görə pensiya təyin olunmasından imtina edilmişdir. İddiaçı adına olan İT-İ 146065 nömrəli əmək kitabçasında onun 16.05.1994cü il tarixdən 25.10.1998-ci il tarixə kimi X3 zavodunda işləməsinə dair qeydlərin eyni ruçka və eyni xətlə yazılması sübut edir ki, həmin qeydlər 25.10.1998-ci il tarixdən sonrakı dövrdə yazılmışdır. 1994-1998-ci illərdə X3 zavodunun direktoru olmuş X1 adına olan 130232 nömrəli pensiyaçının uçot vərəqində mövcud olan əmək kitabçasının surətində X.Bağırov Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 16.05.1994-cü il tarixli 213 nömrəli əmri ilə X3 zavoduna Direktor təyin olunmuş, Azərbaycan Respublikası Prezidentinin 19.05.1998-ci il tarixli 804 saylı sərəncamına əsasən müəssisə Respublika Dövlət Əmlak Komitəsinin tabeliyinə keçirildiyi üçün 19 may 1998-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. X.Bağırov 19 may 1998ci il tarixdən işdən azad olunmasına baxmayaraq müəssisəyə aid möhürü qanunvericiliyə uyğun qaydada təhvil verməyərək özündə saxlamaqda davam etmişdir. Hesab edirik ki, İddiaçı 16.05.1994-cü il tarixdən 25.10.1998ci il tarixə kimi X3 zavodunda işləməsi barədəki qeydlər müəssisə rəhbərinin işdən azad edildiyi 19 may 1998-ci il tarixdən 5 aydan çox müddət sonra hüququ olmayan şəxs tərəfindən yazlıb təsdiq olunması əmək kitabçasının saxtalaşdırılması anlamına gəlir və həmin dövrün ümumi iş stajının tərkibinə daxil edilməsi qanuna ziddir. İddiaçı Sovet ordusunda hərbi xidmətdə olduğu və əmək kitabçası üzrə müxtəlif təşkilatlarda işlədiyi digər illərin ümumi iş stajının tərkibinə daxil edilməsinə hər hansı maneə olmadığı üçün həmin dövrlər mübahisə predmeti deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq cavabdeh hesab etmişdir ki, iddia tələbi iddiaçının 16.05.1994-cü il tarixdən 25.10.1998-ci il tarixə kimi X3 zavodundakı işləməsinə dair qeydlər əmək kitabçasının saxtalaşdırılması səbəbindən qəbul edilə bilməz. Birinci instansiya məhkəməsinin 25.02.2021-ci il tarixli iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edlmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının vəkili iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilən X9 filialının 18.05.2020-ci il tarixli, 23 nömrəli arxiv arayışında qeyd edilir ki, zavodun əmək haqqı cədvəlləri və şəxsi hesab kitabları Filiala təhvil verilməmişdir. İş materiallarında olan ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 02.11.1974-cü ildən 11.11.1976-cı ilədək Sovet ordusunda hərbi xidmətdə olmuşdur. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 16.05.1994-cü il tarixdən 25.10.1998-ci il tarixədək X3 zavodunda sex rəisi vəzifəsində işləmişdir. İş materiallarında olan İsmayıllı Rayon Dövlət Arxivinin 08.06.2020-ci il tarixli, 66 nömrəli məktubundan müəyyən edilir ki, zavodun əmək haqqı üzrə hesablaşma kitab və cədvəlləri arxiv fonduna təhvil verilməmişdir. İş materiallarında olan 10 saylı Ərazi Vergilər İdarəsinin 07.12.2020-ci il tarixli, **********605700 nömrəli məktubunda qeyd edilmişdir ki, məktubda adı qeyd olunan hüquqi şəxs X3 Zavodu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 17.08.1994cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. X3 Zavodunun fəaliyyət sahəsi haqqında qeydiyyata alınmış nizamnaməsinin 1.4-cü bəndində qeyd edilmişdir: “X3 zavodunun əsas funksiyası meyvə, giləmeyvə, tərəvəz və digər yabanı bitkilərdən konserv məhsulları, şirələr istehsal etmək və satmaqdan ibarətdir. Bu məqsədlə müəssisə meyvə, giləmeyvə və digər yabanı bitkiləri kolxozlardan sovxozlardan, birliklərdən, kooperativlərdən, fərdi təsərrüfatlardan və digər müəssisələrdən tədarük edir. Qazlı bulaq sularının şüşə qablara doldurulması və satışını təşkil edir. Zavod eyni zamanda konserv məhsullarının istehsalının yeni texnologiyasını işləyib hazırlayır və həyata keçirir.” X3 Zavodunun dövlət qeydiyyatına alınan zaman rəhbəri X. Bağırov olmuşdur. X3 Zavodu 10 rəqəmli şəhadətnamə almaq üçün vergi orqanına müraciət etməmişdir. X3 Zavodu vergi orqanında uçotda olmadığı üçün məlumat bazasında fəaliyyət göstəricilərinə aid digər məlumatların aşkar edilməsi mümkün olmamışdır. Vergi ödəyicilərinin inventarlaşdırılması və onlara yeni eyniləşdirmə nömrələrinin verilməsi ilə əlaqədar olaraq "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 169 nömrəli Fərmanının 1.4- cü bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 2005-ci il tarixli 91 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinə yeni 10 (on) rəqəmli eyniləşdirmə nömrələrinin verilməsi işinin başa çatması ilə əlaqədar "Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 21 dekabr tarixli 222 nömrəli qərarının 3-cü bəndi 2005-ci il 1 iyul tarixdən qüvvədən düşmüş hesab edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin 15.12.2020-ci i l tarixli məktubunda qeyd edilir ki, İsmayıllı rayonu, Quşencə kəndi ünvanında yerləşən X3 Zavodu 2003-cü ildə özəlləşdirilmişdir. Müəssisənin rəhbəri 1992ci ilə qədər X11, 1992- 2003-cü illərdə isə X6 olmuşdur. Müəssisə 1998-ci ilə qədər meyvə şirələri istehsalı sahəsində fəaliyyət göstərmişdir, hal-hazırda fəaliyyəti yoxdur və adı dəyişdirilməmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 25 fevral 2021-ci il tarixli, 2- 1(116)-141/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı 16.05.1994-cü il tarixdən 25.10.1998-ci il tarixə kimi X3 zavodunda işləməsinin əmək pensiyasına çıxmaq üçün ümumi sosial sığorta stajına daxil olunması və pensiya hüququnun yarandığı vaxtdan – 17.05.2020-ci il tarixindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(116)-141/2021 nömrəli qərarının ləğv edilməsi və tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-141/2021 saylı iş üzrə 25 fevral 2021 -ci il tarixli həmin qərarı qanuna zidd və əsassız olduğundan ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. İşin halları üzrə qeyd edilməlidir ki, qanunvericiliyə uyğun olaraq cavabdeh tərəfindən İddiaçı 16.05.1994-cü il tarixdən 25.10.1998-ci il tarixədək X4 zavodunda işlədiyi illər üzrə qarşılıqlı yoxlama apararkən müəyyən edilmişdir ki, şəxsin həmin müəssisədə işləməsinə dair əsaslı şübhələr var. Əmək kitabçasında həmin illərə dair qeydlərə baxılarkən görünür ki, onlar yeni tarixlə yazılmışdır. Əmək kitabçasının neçənci ildə doldurulmasına dair şübhələr olduğu və ekspertiza təyin edilməli olduğu halda, bu məsələyə toxunulmayaraq və hüquq normaları pozularaq qərar qəbul edilmişdir. İnzibati Məhkəmə cavabdeh İsmayıllı rayon Filialını əsl cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə dəyişmişdir. Lakin cavabdehin yerləşdiyi yerin Bakı şəhəri, Nərimanov rayonu olmasına baxmayaraq, aidiyyət qaydalarını pozaraq işi Bakı İnzibati Məhkəməsinə göndərmədən özü baxaraq qərar qəbul etmişdir. Bu isə maddi və prosessual hüquq normalarının pozulması deməkdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(116)-141/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etməyinizi xahiş edirik. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(116)-141/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(116)-141/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. İddiaçı yaşa görə əmək pensiyası hüququ yarandıqdan sonra cavabdeh orqana müraciət etmiş və ona pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaçının əmək kitabçasında 16.05.1994-cü il tarixdən 25.10.1998-ci illərə dair aparılan qeydləri mübahisələndirmişdir. Bu səbəblə tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Cavabdeh inzibati orqanın həmin illərə dair qeydləri qəbul etməməsinin səbəbi X3 zavodunun arxiv sənədlərinin rayon Dövlət Arxivinə təhvil verilməməsi və harada olması barədə hər hansı məlumat olmaması üçün həmin dövrün iş stajını yoxlamağın mümkün olmaması, İddiaçı adına olan İT-İ 146065 nömrəli əmək kitabçasında onun 16.05.1994-cü il tarixdən 25.10.1998-ci il tarixə kimi X3 zavodunda işləməsinə dair qeydlərin eyni ruçka və eyni xətlə yazılması, iddiaçının X3 zavodunda işləməsi barədəki qeydlər müəssisə rəhbərinin işdən azad edildiyi 19 may 1998-ci il tarixdən 5 aydan çox müddət sonra hüququ olmayan şəxs tərəfindən yazlıb təsdiq olunmasıdır. Birinci instansiya məhkəməsi cavabdehin “X3 zavodunun arxiv sənədlərinin rayon Dövlət Arxivinə təhvil verilməməsi və harada olması barədə hər hansı məlumat olmaması üçün həmin dövrün iş stajını yoxlamağın mümkün olmaması” dəlilini əsassız hesab edir. Müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi iddiaçının təqsiri olmadığından ona münasibətdə hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz. Birinci instansiya məhkəməsi cavabdehin “İddiaçı adına olan İT-İ 146065 nömrəli əmək kitabçasında onun 16.05.1994-cü il tarixdən 25.10.1998-ci il tarixə kimi X3 zavodunda işləməsinə dair qeydlərin eyni ruçka və eyni xətlə yazılması” barədə dəlilini də əsassız hesab edir. İnzbati orqan həmin qeydlərin “eyni ruçka və eyni xətlə yazılması” nəticəsinə necə gəldiyini ümumiyyətlə əsaslandırmamışdır. Cavabdehin “iddiaçının X3 zavodunda işləməsi barədəki qeydlər müəssisə rəhbərinin işdən azad edildiyi 19 may 1998-ci il tarixdən 5 aydan çox müddət sonra hüququ olmayan şəxs tərəfindən yazlıb təsdiq olunması” barədə dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin 15.12.2020-ci il tarixli məktubundan görünür ki, İsmayıllı rayonu, Quşencə kəndi ünvanında yerləşən X3 Zavodu 2003-cü ildə özəlləşdirilmişdir. Müəssisənin rəhbəri 1992-ci ilə qədər X11, 1992-2003cü illərdə isə X6 olmuşdur. Birinci instansiya məhkəməsinin 11.11.2020-ci il tarixində keçirilən iclasında X6 şahid kimi verdiyi ifadəsində iddiaçını 1994-cü ildə sex rəisi kimi işə götürdüyünü, 1998-ci ildə işdən azad etdiyini, əmr kitablarının özündə olmadığını, əmək kitabçasını kadrlar üzrə mütəxəssisin doldurduğunu, özünün isə yanlız imza çəkib möhürlədiyini bildirmişdir. Göründüyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı ondan ibarətdir ki, cavabdeh orqan tərəfindən mübahisələndirilən əmək fəaliyyəti dövrləri onun stajına daxil ediləcəyi təqdirdə tələb olunan 25 il müddət tamamlanacaq və onun 17.05.2020-ci il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ reallaşacaqdır. (Cavabdeh tərəfindən mübahisələndirilməyən 21 il 10 ay 24 gün + mübahisələndirilən 4 il 5 ay 9 gün = 26 il 04 ay 03 gün) 1 yanvar 2006-ci il tarixinədək qüvvədə olmuş “X2 haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyasısənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası;.. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, 23 sentyabr 1992-ci il tarixli “X2 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 8-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə, cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı 16.05.1994-cü il tarixdən 25.10.1998-ci il tarixə kimi X3 zavodunda işləməsinin əmək pensiyasına çıxmaq üçün ümumi sosial sığorta stajına daxil olunması və pensiya hüququnun yarandığı vaxtdan – 17.05.2020-ci il tarixindən ona yaşa görə əmək pensiyasının təyin edilməs öhdəliyini qoymaqla düzgün nəticə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(116)-141/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-277/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-277/2021
05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver