Məhkəmə qərarları › İş №2-1(107)-277/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-277/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-277/2025 24.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X3 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2-1(116)-1071/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (1 il 1 ay) ödənilməmiş əlillik pensiyasının birdəfəlik ödənilməsinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırır ki, 2010-cu ildən başlayaraq əvvəlki dövrlərdə ona əlillik təyin edilmişdir. Sonuncu dəfə 30 dekabr 2021-ci il tarixdə əlillik müddətsiz təyin olunmuşdur. Müddətsiz əlillik təyin ediləndən sonra əvvəlki 1 il 21 gün üzrə pensiya məbləği ödənilməmişdir. Cavabdehə 9 dekabr 2020-ci il tarixdən 30 dekabr 2021-ci il tarixədək olan dövr üzrə pensiya məbləğinin ödənilməsi ilə bağlı müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmişdir.

3. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun 3-cü maddəsinə görə şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti DTSERA tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxs DTSERA tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 25 iyul 2021-ci il tarixdən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən 6 ay keçibsə, əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Şəxsin ötürülmüş müddət də daxil olmaqla əlil hesab edilməsi üçün nəzərdə tutulmuş 6 ay müddət müvafiq Qanuna 2 iyul 2021-ci il tarixdən əlavə edilsə də, iddiaçının əlilik müddəti həmin tarixdən əvvəl, yəni 9 dekabr 2020-ci il tarixdə bitmişdir. İddiaçının əlillik müddətinin bitdiyi 9 dekabr 2020-ci il tarixdə şəxsin əlilliyinin müddətinin bitməsi ilə əlaqədar 6 ay ərzində təkrar qiymətləndirilməsi nəticəsində müəyyən edilməsi halında yeni təyin edilmiş əlilliyin əvvəlki əlillik müddətinin bitdiyi tarixdən bərpa edilməsini nəzərdə tutan «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun 3.3-1-ci maddəsi qüvvədə olmadığından, maddədə nəzərdə tutulan tələblərin iddiaçıya münasibətdə tətbiq olunması, iddiaçıya 9 dekabr 2020-ci il tarixdən 30 dekabr 2021-ci il tarixədək olan dövr üzrə pensiyanın ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkünsüzdür. İddianın təmin olunmaması məhkəmədən xahiş edilir.

4. Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 22 yanvar 2025-ci il tarixli 2- 1(116)-1071/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

5. Məhkəmə qeyd etmişdir ki, iddia mahiyyəti üzrə uğursuzdur, yəni əsassızdır. Məhkəmənin qənaətinə görə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı əlilliyə görə əmək pensiyası məbləğinin 9 dekabr 2020-ci il tarixdən 30 dekabr 2021-ci il tarixədək olan dövr üzrə ödənilməsindən imtinası qanuna zidd sayılmamalı və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. - Məhkəmə qeyd etmişdir ki, iddiaçının əlillik müddətinin 9 dekabr 2020-ci il tarixdə başa çatması və 30 dekabr 2021-cü il tarixdə ona yenidən ömürlük əlillik təyin edilməsi işin mübahisəli hallarına aid deyil. Hazırkı inzibati mübahisə iddiaçıya 9 dekabr 2020-ci il tarixdən 30 dekabr 2021-ci il tarixədək olan dövr üzrə əlilliyə görə əmək pensiyasının məbləğinin ödənilməsi ilə bağlıdır. Göründüyü kimi, 25 iyul 2021-ci il tarixdən qüvvədə olan qanunvericilik normaları şəxsin ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilməsini, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi ilə şərtləndirir. Hazırkı işin hallarına görə isə, İddiaçı əlilliyinin təkrar qiymətləndirilməsi onun əvvəlki son əlilliyinin bitmə vaxtından 1 il 21 gün keçdiyi günə təsadüf edir. Məhkəmənin mövqeyi belədir ki, şəxsin ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs sayılmasını ehtiva edən «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun 3.3-1-ci maddəsinin tələbləri məhz iddiaçının əlilliyinin həmin norma qüvvəyə mindiyi tarixdən əvvəlki dövrdə başa çatması səbəbindən ona münasibətdə tətbiq edilir. Odur ki, iddiaçı 1 il 21 günlük ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilə bilməz. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı 09 dekabr 2020-ci il tarixdən 30 dekabr 2021-ci il tarixədək olan dövr üzrə əlilliyə görə əmək pensiyasının məbləğinin ödənilməsini tələb etməkdə haqlı deyil və iddia əsassızdır.

6. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2-1(116)-1071/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 2010-cu ildən başlayan əlillik müddətinin xx.xx.2020-ci il tarixdə başa çatması ilə müddət ötürmədən, vaxtında cavabdeh quruma müraciət etmiş, cavabdeh qurum isə ancaq, xx.xx.2021-ci il tarixində ona ömürlük əlillik təyin etmişdir ki, iddiaçının, ona əlilliyin təyin edilməsi üzrə müddətin ötürülməsində heç bir xətası yoxdur. İddiaçıya xx.xx.2021-ci il tarixdə yenidən ömürlük əlillik təyin edilməsi isə təsdiq edir ki, ötən müddət ərzində onun əlillik vəziyyəti dəyişməz olaraq qalmış və bu müddət ərzində cavabdeh qurumun xətası ilə o, sosial müdafiədən qanunsuz olaraq məhrum edilmişdir. Halbuki, qanunların tələbi ilə, cavabdeh qurum, iddiaçının təqdimatını maksimum 15 iş günü ərzində qiymətləndirməli idi ki, bunu qanunauyğun vaxt çərçivəsində etməmişdir. O, axırıncı dəfə ömürlük təyin edilməsi ilə 2010-cu ildən əlildir və əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh quruma vaxt ötürmədən müraciət etmişdir ki, məhkəmə işin bu halını düzgün qiymətləndirməmiş və işin bu halını düzgün araşdırmamışdır. İddiaçının pensiya ödənilmədiyi vaxt ərzində əlil olmaması sübut edilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

10. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı iştirak etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

11. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1 İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

13. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun 1.0.1. Əlillik – müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. ... 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.. ...

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. ...

Apellyasiya şikayətinin mümkünlüyü

15. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

17. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

18. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

19. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

20. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı Dövlət-Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 9 dekabr 2015-ci il tarixdən 5 il müddətinə əlillik təyin edilmiş, əlillik müddətinin başa çatdığı vaxta, yəni 2020-ci ilin 9 dekabr tarixinədək həmin əlillik dərəcəsi əsasında ona Dövlət Sosial Müdafiə Fondunun müvafiq qurumu tərəfindən əlilliyə görə əmək pensiyası ödənişi aparılmışdır. Ödəniş əlillik müddətinin başa çatdığı vaxta, yəni 2020-ci ilin 9 dekabr tarixinədək davam etdirilmişdir. Sonradan onun əlilliyi 30 dekabr 2021-ci il tarixdən yenidən təyin edildiyindən, pensiya ödənişi də o tarixdən ödənilmişdir.

21. İddiaçı da apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil edərək əsas dəlili ondan ibarətdir ki, əlilliyə görə əmək pensiyası, əlillik müddətinin başa çatdığı vaxtdan, yəni 9 dekabr 2020-ci il tarixdən - yenidən ömürlük əlillik təyin edildiyi vaxtadək, yəni 30 dekabr 2021-ci il tarixədək olan dövr üzrə ona ödənilməlidir.

22. Əsas olaraq da onu göstərmişdir ki, o, 9 dekabr 2020-ci il tarixdən müddəti ötürmədən Tibbi Sosial Ekspert Komissiyasına müraciət etmiş, həmin müddət ərzində onun əlillik vəziyyəti dəyişməz olaraq qalmış və bu müddət ərzində cavabdeh qurumun xətasının nəticəsi olaraq ona əlillik təyin edilməmiş, nəticədə isə xx.xx.2021-ci il tarixdə ona ömürlük əlillik təyin edilmişdir.

23. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, 25 iyul 2021-ci il tarixdən qüvvədə olan qanunvericilik normaları şəxsin ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilməsini, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi ilə şərtləndirir. Hazırkı işin hallarına görə isə, İddiaçı əlilliyinin təkrar qiymətləndirilməsi onun əvvəlki son əlilliyinin bitmə vaxtından 1 il 21 gün keçdiyi günə təsadüf edir. Şəxsin ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs sayılmasını ehtiva edən «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun 3.3-1-ci maddəsinin tələbləri məhz iddiaçının əlilliyinin həmin norma qüvvəyə mindiyi tarixdən əvvəlki dövrdə başa çatması səbəbindən ona münasibətdə tətbiq edilir.

24. Həmin maddəyə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilir.

25. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı 1 il 21 günlük ötürülmüş müddət daxil olmaqla əlilliyi olan şəxs hesab edilə bilməz.

26. Belə ki, Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentiliyinin 16 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. İddiaçı dair Şəki rayon Mərkəzi Rayon Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixli, 0344003AAKP0 nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2021-ci il tarixində qiymtələndirilmiş və natamam doldurulması səbəbi ilə göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Sonuncu dəfə İddiaçı əlillik vəziyyəti Şəki rayon Mərkəzi Rayon Xəstəxanasının 0344003AAL3D nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır.

27. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, nəzərə almaq lazımdır ki, iddiaçının müddətsiz əlillik dərəcəsi, 9 dekabr 2015-ci il tarixdən 5 il müddətinə təyin edilmiş əlillik dərəcəsinin bitdiyi vaxtdan 6 ay ərzində deyil, 1 ildən çox müddətdə təyin edilmiş və ona qədər əlilliyin təyin edilməsində cavabdehin imtinası müvafiq qaydada mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən, iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

29. Odur ki, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırılmış olduğu iddia tələbində qeyd olunan dövlər üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi tələbi əsaslı sayıla bilməz.

30. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

31. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2-1(116)-1071/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar