Məhkəmə qərarları › İş №2-1(107)-279/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-279/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-279/2025 16.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X7 və X4 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı subsidiyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 5 fevral 2025-ci il tarixli 2-1(116)-1149/2025 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar X3, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddiaçıların torpaq sahəsinə ümumi birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli 59 nömrəli qərarı ilə Şəki rayonunun Qozlubulaq kəndində yerləşən 7,34 ha torpaq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X2 və iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinə 05 aprel 1999-cu il tarixdə JN-102 (kod ********) “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmişdir. Bundan sonra X3, İddiaçı1, İddiaçı2 və İddiaçı3 həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etsələr də, adıçəkilən qurum həmin məsələnin həllindən imtina etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-483/2024 saylı iş üzrə 26 yanvar 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Şəki Rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli 59 nömrəli qərarı ilə İddiaçı2, İddiaçı1, İddiaçı3 və X1 təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 7,35 ha torpaq sahəsinin faktiki istifadədə olan 73464 kv.m hissəsi üzərində iddiaçıların ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Şəki İnzibati Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra onun icrası qaydasında iddiaçıların torpaq sahəsinə ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 3 aprel 2024-cü il tarixdə qeydiyyata alınmışdır. Hazırkı iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hazırkı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət edərək, onlara məxsus torpaq sahəsi üçün əkin üzrə subsidiyanın verilməsini xahiş etmişlər. Cavabdeh əkin sahəsinə görə digər illər üzrə subsidiyanın verilməsini təmin etsə də, 2022 – 2023-cü il üzrə həmin məsələnin həllindən imtina etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı «2022-2023-cü illər üzrə əkinə görə subsidiyanın ödənilməsi» tələbini irəli sürərək iddia qaldırmışlar. Cavabdeh qurumun imtinası tam qanunsuz və əsassızdır, müvafiq dövr üzrə subsidiyanın ödənilməməsi onların hüquqlarını kobud şəkildə pozmaqla mülkiyyətlərində olan torpaq sahəsindən səmərəli istifadəyə müəyyən çətinliklər törədir. Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası»nın 2.8.3 və 2.8.4-cü bəndlərində nəzərdə tutulmuş subsidiyaların verilməsinin və Subsidiya informasiya sisteminin istifadəsi ilə bağlı məlumatlandırmanın həyata keçirilməsini, habelə subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemlərin araşdırılmasını və onların həlli barədə Agentliyə təkliflərin verilməsini təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən iddiaçılara təqdim edilməmişdir. İddiaçılara 2022 – 2023-cü illər üzrə əkinə görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur.

3. Cavabdeh iddiaya etiraz edir və onun təmin olunmamasını məhkəmədən xahiş edir. Cavabdeh tərəf hesab edir ki (iddiaya qarşı yazılı etiraza əsasən), iddia əsassız olduğundan təmin edilə bilməz. 2020-ci il 2 yanvar tarixindən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası»na uyğun olaraq X5 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) EKTİSə daxil etməlidirlər. Qaydanın 5.1-ci bəndinə əsasən subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, bu Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq məlumatların üzləşdirilməsi həyata keçirilir. Qaydanın 3.17-ci bəndinə əsasən təqvim ili üzrə ayrılmış subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır. Bütün bunları nəzərə alaraq, 7,3464 ha torpaq sahəsindən istifadə hüququna dair məlumatlar təsdiqlənmədiyi üçün həmin məhsula görə həmin torpaq sahələri üzrə əkin subsidiyaları ödənilməməlidir.

4. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı3 iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 05 fevral 2025-ci il tarixli 2- 1(116)-1149/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

7. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qeyd olunan dəlili ilə razılaşmayaraq bildiririk ki, məhkəmənin mövqeyi tamamilə əsassız və qanunsuz olduğuna görə məhkəmənin qərarı ləğv edilərək iddianın təmin edilməməsi haqqında yeni qərar çıxarılmalıdır. 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Qaydaya uyğun olaraq “X5” informasiya sistemi (bundan sonra - EKTİS) vasitəsilə həyata keçirilir. Qaydanın3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr, habelə dincə qoyulmuş torpaqlar barədə elektron bəyannaməni (müraciəti) və digər aidiyyəti sənədləri EKTİS-ə daxil edirlər. Bildiririk ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Torpaqların elektron kadastr uçotu informasiya sistemi” və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemlərinin EKTİS-ə inteqrasiyası təmin edilməklə torpaq sahələrinə dair məlumatların yoxlanılması zamanı torpaq məlumatlarının müvafiq məlumat bazalarında aşkar edilməməsi, sənədlərdə əks olunan məlumatlarla qeyd edilən məlumat bazaları arasında uyğunsuzluqlar aşkar edildikdə fermerlərə subsidiya ödənilmir və əlavə araşdırmaların aparılmasına ehtiyac yaranır. Eyni zamanda, Qaydanın 5.1-ci bəndinə əsasən subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə bu Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq məlumatların üzləşdirilməsi həyata keçirilir. Qaydanın 3.17-ci bəndinə əsasən təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. Məhkəmə qərarında qeyd etmişdir ki, Qaydanın 3.8.2-ci yarımbəndində "sənədi” sözündən sonra "(2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı)" sözləri əlavə edilmişdir. Göründüyü kimi, 4 mart 2022-ci il tarixədək qüvvədə olan qanunvericilik normaları fermerlər tərəfindən bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün müvafiq müddətlərdə SİS-ə daxil edilməli sənədlər və məlumatların sırasında torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi nəzərdə tutsa da, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təqdim olunması şərtini yalnız 2025-ci ilin yanvar ayının 1-dən tələb edir. Hazırkı iş üzrə iddiaçıların mülkiyyətində olan torpaq sahəsi ilə bağlı aidiyyəti səlahiyyətli orqan tərəfindən verilən dövlət aktı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 4.1-ci maddəsinə görə öz qüvvəsini saxlayan mötəbər sənəddir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, 2022-2023-cü əkin ili üzrə əkin subsidiyasının ödənilməsi üçün müəyyən edilən bəyan dövründə İddiaçı2 7,3464 hektar torpaq sahəsindən istifadə hüququna dair EKTİS-ə daxil edilən dövlət aktı (JN 0102, kod ********) sənədi barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya edilmiş məlumat bazaları ilə Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq aparılan yoxlamalar nəticəsində təsdiqlənmədiyi üçün həyata keçirilən əkinə görə ona subsidiya hesablanmamış və təqvim ili üzrə ayrılmış subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır. Qaydanın 2.1-ci bəndinə əsasən fermerlərə subsidiyaların verilməsinin təşkili bu Qaydaya və xidmət reqlamentlərinə müvafiq həyata keçirilir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyiüzrə 2019-cu il 30 dekabr tarixli, 05Q nömrəli Qərar ilə təsdiq edilmiş “Əkin subsidiyasının verilməsi” xidmətinə dair Reqlamentin 16-cı hissəsinə əsasən də fermer Qaydanın tələblərini pozduqda, habelə subsidiya üçün müraciət etmədikdə ona subsidiya ödənilmir və təqvim ili ərzində büdcədən ayrılan subsidiya məbləği büdcəyə geri qaytarılır (Dövlət Xidmətləri Portalı keçid linki https://www.dxr.az/xidmet/22295). Göründüyü kimi, iddiaçı yanlış məlumatları qeyd etmiş və bu yanlışlığı düzəltməyə vaxtında cəhd etməmişdir. Məhkəmə tərəfindən subsidiyanın verilməsi öhdəliyinin Agentliyin üzərinə qoyulması əsassız olduğuna görə qərar ləğv edilməlidir. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-1149/2025 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin olunmamasına dair yeni qərarın çıxarılması xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsini 05 fevral 2025-ci il tarixli 2-1(116)-1149/2025 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

11. Məhkəmə kollegiyası digər iddiaçılar və cavabdehin nümayəndəsi iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

12. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Şəki İnzibati Məhkəməsinin 2-1(116)-483/2024 saylı iş üzrə 26 yanvar 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Şəki Rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli 59 nömrəli qərarı ilə İddiaçı2, İddiaçı1, İddiaçı3 və X1 təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 7,35 ha torpaq sahəsinin faktiki istifadədə olan 73464 kv.m hissəsi üzərində iddiaçıların ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Şəki İnzibati Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra onun icrası qaydasında iddiaçıların torpaq sahəsinə ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 3 aprel 2024-cü il tarixdə qeydiyyata alınmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2 Təqdimolunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

15. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanununun: 4.1-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.

16. Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası»nın 1.2.9-cu bəndinə görə əkin subsidiyası – fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, aqrotexniki xidmətlərdən istifadə edilməsinə, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərzlən sahənin hər hektarına görə verilən subsidiyadır. 2.6. fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. 2.9. fermerlər, tədarükçülər və təchizatçılar Subsidiya informasiya sistemində aşağıdakıları həyata keçirirlər: (2.9.1) qeydiyyatdan keçməni; (2.9.2) kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti və istehsal etdikləri kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatı istehsal vasitələri ilə bağlı apardıqları əməliyyatlar barədə məlumatların verilməsini; (2.9.3) subsidiyanın alınması üçün müraciətlərin edilməsi və ərizələrin elektron formada tərtibi, subsidiya ilə bağlı sənədlərin Subsidiya informasiya sisteminə daxil edilməsini; (2.9.4) subsidiyalarla bağlı məlumatların əldə edilməsini. 3.8. fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları Subsidiya informasiya sisteminə daxil edirlər: (3.8.1) proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr, habelə dincə qoyulmuş torpaqlar barədə elektron bəyannaməni (müraciəti); (3.8.2) «İnzibati icraat haqqında» Qanunun 30.5-ci maddəsinə əsasən X5 İnformasiya Sistemi ilə inteqrasiya edilən İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı); (3.8.2-1) kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədləri; (3.8.3) əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri, sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini; (3.8.4) məhsul subsidiyası üçün kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil verilməsini, toxum subsidiyası üçün toxum və tingin satışını təsdiq edən sənədləri; (3.8.5) kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini tənzimləyən sənədləri.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

17. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 2-1(116)-351/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 4 mart 2022-ci il tarixli 1622 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası»nın 3.8.2-ci yarımbəndində “sənədi” sözündən sonra “(2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı)” sözləri əlavə edilmişdir. Göründüyü kimi, 4 mart 2022-ci il tarixədək qüvvədə olan qanunvericilik normaları fermerlər tərəfindən bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün müvafiq müddətlərdə Subsidiya informasiya sisteminə daxil edilməli sənədlər və məlumatların sırasında torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi nəzərdə tutsa da, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təqdim olunması şərtini yalnız 2025-ci ilin yanvar ayının 1-dən tələb edir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçıların mülkiyyətində olan torpaq sahəsi ilə bağlı aidiyyəti səlahiyyətli orqan tərəfindən verilən dövlət aktı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 4.1-ci maddəsinə görə öz qüvvəsini saxlayan mötəbər sənəddir. Bundan belə nəticə çıxır ki, fermerlərə əkinə görə subsidiyanın verilməsi üçün 2025-ci ilin yanvar ayının 1-dək torpaq sahəsinin məqsədli təyinatını təsdiq edən sənədin təqdim edilməsi yetərli sayılmışdır. Məhkəmə diqqətə çəkir ki, iddiaçılar hər hansı zəruri sənədləşmə öhdəliyini öz iradələrindən asılı olmayaraq pozmamışlar. 2023-cü ildə onların mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə aidiyyəti orqan tərəfindən imtina cavabı verilsə də, müvafiq məhkəmə icraatında məsələ öz müsbət həllini tapmışdır.

24. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların müvafiq subsidiya məbləğini almaq üçün müəyyənləşdirilmiş müddət meyarlarına riayət etməmələri barədə cavabdeh inzibati orqan dəlil bildirmədiyindən, belə hal işin mübahisəıli xüsusatı kimi qəbul olunmur. Odur ki, məhkəmənin qənaətinə görə inzibati orqan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddiaçıların müraciəti üzrə onlara 2022 – 2023-cü illər üzrə əkinə görə subsidiya məbləğinin ödənilməsindən imtina etməkdə haqlı olmamışdır. Cavabdehin imtinası «İnzibati icraat haqqında» Qanunun 13, 15, 19 və 24-cü maddələri ilə uzlaşmır. Bundan başqa kollegiya hesab edir ki, müvafiq torpaq sahəsi 4 şəxsin ümumi birgə mülkiyyətindədir və hazırkı iddianı onlardan 3-cü qaldırsa da, subsidiya həmin ötən dövr üzrə inzibati praktika, həm də mütənasiblik prinsipi nəzərə alınmaqla ödənilməlidir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

26. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

27. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli 2-1(116)-1149/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ( bir ) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar