Məhkəmə qərarları › İş №2-1(107)-28/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-28/2020

15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-28/2020 15.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinə (bundan sonra cavabdeh və ya DSMF-un Balakən rayon şöbəsi) qarşı “xx.xx.1974-cü ildən xx.xx.1977-ci ilədək əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1423/2019 nömrəli qərarından DSMF-un Balakən rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx xxxx 1954-cü ildə Balakən rayonu Püştətala kəndində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır və Balakən rayonu Katex kəndində yaşayır. O, xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilədək hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.1974-ci il tarixdə X3 daxil olmuş, “faydalı qazıntı yerlərinin kəşfiyyat texnikası” ixtasası üzrə tam kursu bitirmiş və Dövlət İxtisas Komissiyasının xx.xx.1977-ci il tarixli qərarı ilə ona kəşfiyyatçı texnik ixtisası verilərək adına YU seriyalı 007150 nömrəli diplom hazırlanmışdır. İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1997-ci ilədək Türkmənistan Respublikasının Büzmeyin Tikinti materialları kombinatında işləmişdir. O, xx.xx.2018-ci ildə pensiya yaşına çatdıqdan sonra yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh özünün xx.xx.2019-cu il tarixli 242 nömrəli məktubu ilə bundan imtina edərək bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 21-ci maddəsində sığorta stajına daxil edilən müddətlərin tərkibində əyani təhsil müddəti nəzərdə tutulmadığına görə onun əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi qanunauyğun deyil. Bununla razılaşmayan iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, təhsil aldığı zaman qüvvədə olmuş qanunvericiliyə görə təhsil müddəti sosial sığorta stajına daxil edilməlidir, əgər bu müddət nəzərə alınarsa, ona yaşa görə əmək pensiyası təyin edilə bilər. Cavabdeh inzibati orqan iddia tələbi ilə bağlı xx.xx.2019-cu il tarixli 380 nömrəli arayışında bildirmişdir ki, iddiaçı xx.xx.2018-ci ildə pensiya yaşına çatmışdır. İddiaçının qəbul edilən sığorta stajı əmək kitabçası üzrə xx.xx.1977-ci ildən xx.xx.1997-ci ilədək 20 il 1 ay 12 gün, hərbi xidmət dövrü isə 2 il olmaqla, cəmi 22 il 29 gün, pensiya kapitalı (701,47 manat x 22 il 29 gün) 16110,42 manat təşkil edir. İddiaçının əyani təhsil müddəti 2 il 6 aydır. Əgər əyani təhsil müddəti nəzərə alınarsa, cəmi sığorta stajı 24 il 6 ay, pensiya kapitalı (701,47 manat x 24 il 6 ay) 17256,16 manat təşkil edər. Bu da iddiaçıya hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası hüququ yaradar. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya hüququnun yarandığı tarixə 16742 manat kapital tələb olunur. Birinci instansiya məhkəməsinin iclasında izahat verən cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında imtina məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1423/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilərək DSMF-un Balakən rayon şöbəsinin üzərinə İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1977-ci ilədək X1 təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. DSMF-un Balakən rayon şöbəsi apellyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1423/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti imtina məktubunun dəlillərinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən DSMF-un Balakən rayon şöbəsinin nümayəndələri X4 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1423/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 78-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş" hazırda qüvvədədir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1423/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: İddiaçıya məxsus НZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus PT-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, xx.xx.1977-ci ildən xx.xx.1997-ci ilədək Türkmənistan Respublikasının Büzmeyin Tikinti materialları kombinatında işləmişdir. X2 verdiyi xx xxxx 1977-ci ildə 870 nömrə ilə qeyd edilmiş YU seriyalı 007150 nömrəli diplomdan görünür ki, İddiaçı “faydalı qazıntı yerlərinin kəşfiyyat texnikası” ixtasası üzrə tam kursu bitirmiş və Dövlət İxtisas Komissiyasının xx.xx.1977-ci il tarixli qərarı ilə ona kəşfiyyatçı texnik ixtisası verilmişdir. DSMF-un Balakən rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli 242 nömrəli imtina məktubunda bildirilir ki, "Əmək pensiyaları haqqında" Qanunun 21-ci maddəsində sığorta stajına daxil edilən müddətlərin tərkibində əyani təhsil müddəti nəzərdə tutulmadığına görə onun əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi qanunauyğun deyil. DSMF-un Balakən rayon şöbəsinin Şəki İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı xx.xx.2019-cu il tarixli 380 nömrəli arayışında qeyd olunmuşdur ki, iddiaçı xx.xx.2018-ci ildə pensiya yaşına çatmışdır. İddiaçının qəbul edilən sığorta stajı əmək kitabçası üzrə xx.xx.1977-ci ildən xx.xx.1997-ci ilədək 20 il 1 ay 12 gün, hərbi xidmət dövrü isə 2 il olmaqla, cəmi 22 il 29 gün, pensiya kapitalı (701,47 manat x 22 il 29 gün) 16110,42 manat təşkil edir. İddiaçının əyani təhsil müddəti 2 il 6 aydır. Əgər əyani təhsil müddəti nəzərə alınarsa, cəmi sığorta stajı 24 il 6 ay, pensiya kapitalı (701,47 manat x 24 il 6 ay) 17256,16 manat təşkil edər. Bu da iddiaçıya hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası hüququ yaradar. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya hüququnun yarandığı tarixə 16742 manat kapital tələb olunur. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1423/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçılar onların müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək DSMF-un Balakən rayon şöbəsinin üzərinə İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1977-ci ilədək X1 təhsil aldığı illərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1974-cü ildən xx.xx.1977-ci ilədək X1 “faydalı qazıntı yerlərinin kəşfiyyat texnikası” ixtasası üzrə tam kursu bitirmiş və Dövlət İxtisas Komissiyasının xx.xx.1977-ci il tarixli qərarı ilə ona kəşfiyyatçı texnik ixtisası verilərək adına YU seriyalı 007150 nömrəli diplom hazırlanmışdır. İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1997-ci ilədək Türkmənistan Respublikasının Büzmeyin Tikinti materialları kombinatında işləmişdir. O, xx.xx.2018-ci ildə pensiya yaşına çatdıqdan sonra yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli 242 nömrəli məktubla təhsil müddətinin sığorta stajına daxil edilməsinin mümkün olmadığını bildirmiş və bu səbəbdən də təhsil müddətini sığorta stajına daxil etməmişdir. İddiaçının təhsil aldığı illərin onun sosial sığorta stajına daxil edilməsində hüquqi marağı vardır, belə ki, iddiaçının əyani təhsil müddəti 2 il 6 aydır. Əgər əyani təhsil müddəti nəzərə alınarsa, cəmi sığorta stajı 24 il 6 ay, pensiya kapitalı (701,47 manat x 24 il 6 ay) 17256,16 manat təşkil edər. Bu da iddiaçıya hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası hüququ yaradar. İddiaçıya isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya hüququnun yarandığı tarixə 16742 manat kapital tələb olunur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 23.1-ci maddəsində deyilir ki, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsində isə deyilir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 78-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş"in 1-ci maddəsində deyilir ki, Sazişin 6 və 7-ci maddələrində nəzərdə tutulan hallardan başqa, Tərəflərin vətəndaşlarının, vətəndaşlığı olmayan şəxslərin, həmçinin onların ailə üzvlərinin pensiya təminatı onların ərazisində daimi yaşadıqları Tərəflərin vəsaiti hesabına və qanunvericiliyinə əsasən səlahiyyətli idarələri Tərəfindən həyata keçirilir. Göründüyü kimi, iddiaçının xx.xx.1977-ci ildən xx.xx.1992-ci ilədək Türkmənistan Respublikasının ərazisində işlədiyi müddət "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq, onun sosial sığorta stajına daxil edilir. Onun xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilədək Türkmənistan Respublikasının ərazisində işlədiyi müddətin isə sosial sığorta stajına daxil edilməsi məsələsi həmin Qanunun 23.1-ci maddəsi və "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş"in 1-ci maddəsi ilə tənzimlənir. Həmin normalara əsasən, iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilədək Türkmənistan Respublikasının ərazisində işlədiyi müddət də onun sosial sığorta stajına daxil edilir. Yuxarıda qeyd olunanlar işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə görə, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin i) yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli 1044 saylı Qərarı ilə təsdiq edilmiş və iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nında təsbit edilmişdi ki, ali, orta ixtisas və texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının xx xxxxxxxx 1992-ci il tarixli 305 nömrəli Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə” xx.xx.2018-ci il tarixli 2-159/18 saylı icmal məktubunun 4.1 və 4.2-ci bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının xx xxxxxxxx 1992-ci il tarixli 305 nömrəli Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Odur ki, hansı vaxtdan pensiya təyin edilməsindən və pensiua hüququ yaranmasından asılı olmayaraq “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə əldə edilmiş Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndində sadalanan təhsil müddəti şəxsin iş stajına daxil edilir. İstinad olunan maddi hüquq normalarının tələbindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-159/18 saylı icmal məktubunda ifadə olunan hüquqi mövqeyindən görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx xxxxxx 2006-cı il tarixinə kimi ali, orta ixtisas, texniki peşə məktəblərində təhsil müddəti iş stajına daxil edilməlidir. Qanunvericilikdə qeyd edilən dövrün əmək stajına daxil edilməsi barədə konkret göstəriş olduğundan o, bu hüquqdan məhrum edilə bilməz. Habelə, şəxsin təhsil aldığı dövrün qanunvericiliyinə görə həmin dövr artıq onun əmək stajı hesab edilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən, hazırda qüvvədə olan qanunvericiliyi həmin dövrə tətbiq etmək mümkün deyildir. Çünki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Göründüyü kimi, cavabdehin ağırlaşdırıcı hallara istinad edərək təhsil müddətini sosial sığorta stajına daxil etməməsi konstitusion normanın pozulmasıdır. Bundan başqa, iddiaçının təhsil aldığı müddət onun artıq qazanılmış hüququdur. Qeyd edilməlidir ki, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında təhsil müddətinin əmək stajına daxil edilməməsi pensiya hüququ yaranmış şəxsə deyil, hazırda təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. Beləliklə, məhkəmə hesab edir ki, “əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. Apellyasiya şikayətinin xx xxxxxx 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda əyani təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulmaması ilə bağlı dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, təhsil müddətinin sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olduğu dövrdə yox, 1977-1982-ci illərdə əldə etdiyindən və bu hüquq onun qazanılmış hüququ olduğundan yuxarıda qeyd olunan maddi hüquq norması hazırkı mübahisəyə tətbiq oluna bilməz. Odur ki, apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası bir çox qərarlarında, o cümlədən xx xxxxxx 2019-cu il tarixli 2-1(102)-543/2019 nömrəli, xx xxxxx 2019-cu il tarixli 2-1(102)-804/2019 nömrəli, xx xxxxx 2019-cu il tarixli 2-1(102)-797/2019 nömrəli və xx xxxxx 2019-cu il tarixli 2-1(102)-989/2019 nömrəli qərarlarında eyni hüquqi mövqeni sərgiləmişdir. Belə ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası xx xxxxxx 2019-cu il tarixli 2- 1(102)-543/2019 nömrəli qərarında göstərmişdir ki, “şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta (iş) stajı bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s.dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” Kollegiya qeyd edir ki, fiziki və ya hüquqi şəxslərin ərizələri əsasında inzibati orqanlar tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun İnzibati icraat adlanan 4-cü fəslində nəzərdə tutulmuş qaydada inzibati icraat başlanılmalı və aparılmalıdır. İnzibati orqan kimi cavabdeh DSMF-un Balakən rayon şöbəsi iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə qanunauyğun nəticəyə gəlməli, yekunda müvafiq qərar qəbul etməli, həmin qərardan qanunda nəzərdə tutulmuş qaydada şikayət vermə qaydasını və müddətini göstərməli idi. Cavabdeh inzibati orqan olan DSMF-un Balakən rayon şöbəsi qeyd edilən normalara əməl etməmiş, İddiaçının müraciətindən sonra “İnzibati icraat haqqında” Qanunun tələbinə uyğun olaraq inzibati icraat aparmamış, inzibati icraatın nəticəsində qərar qəbul etməmiş, yalnız xx.xx.2019-cu il tarixli 242 nömrəli məktubla iddiaçıya cəmi iki cümlədən ibarət olan formal məktubla cavab verərək onun müraciətinə imtina vermiş, iddiaçıya şikayət vermə qaydasını və müddətini göstərməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun “Qanunçuluq prinsipi” adlanan 11.1-ci maddəsinə görə, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə görə, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qeyd olunanlar onu göstərir ki, inzibati orqan olanDSMF-un Balakən rayon şöbəsi tərəfindən iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş qanunçuluq prinsipi pozulmuşdur. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, DSMF-un Balakən rayon şöbəsinin iddiaçının xx.xx.1974-cü ildən xx.xx.1977-ci ilədək X1 əyani təhsil aldığı illərin onun sosial sığorta stajına daxil edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Ona görə də İPM-in 87.6-cı maddəsinə əsasən Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1423/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1423/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar