Məhkəmə qərarları › İş №2-1(107)-28/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-28/2022

01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-28/2022 01.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir bələdiyyəsinin 19.03.2007-ci il tarixli 33/5 saylı qərarı ilə Mingəçevir şəhəri Az.DRES qəsəbəsi “Yeni Həyat” yaşayış massivindən baş planda göstərilən yerdən fərdi yaşayış evi tikintisi üçün alqı-satqı yolu ilə onun xüsusi mülkiyyətinə verilmiş 500 m2 torpaq sahəsinin daşınmaz əmalkın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 аvqust 2021-ci il tаrixli, 2-1(116)-937/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mingəçevir bələdiyyəsinin 19.03.2007-ci il tarixli 33/5 saylı qərarı ilə İddiaçı Mingəçevir şəhəri Az.DRES qəsəbəsi “Yeni Həyat” yaşayış massivindən baş planda göstərilən yerdən fərdi yaşayış evi tikintisi üçün alqı-satqı yolu ilə 500 m2 torpaq sahəsi xüsusi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsinin dəyərini iddiaçı bələdiyyənin hesabına ödəmişdir. Qeyd edilən torpaq sahəsinin cizgisi bələdiyyə tərəfindən təsdiq edilmiş, torpaq sahəsi iddiaçıya 13.03.2012-ci il tarixli Aktla tanıdılaraq təhvil verilmişdir. Torpaq sahəsinin alqı-satqı aktı tərtib edilsə də, bələdiyyə və iddiaçı tərəfindən imzalanmış, bələdiyyə tərəfindən təsdiq edilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, 0.05 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 06.04.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının sənədləşdirmək istədiyi Mingəçevir Bələdiyyəsinin 19.03.2007-cı il tarixli, 33/5 nömrəli qərarı ilə şəhərin Az.DRES qəsəbəsi “Yeni həyat” adlanan ərazisindən fərdi mənzil tikintisi üçün onun mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsidir. Təqdim edilən sənədlərdə torpaq sahəsinin ayrılmasına dair DT və XK-nin Mingəçevir şəhər şöbəsinin və Mingəçevir ŞİH Memarlıq və tikinti şöbəsinin müvafiq rəyi mövcud deyildir. Torpaqların alqı-satqısına dair Akt DT və XK-nin Mingəçevir şəhər şöbəsində qeydə alınmamış, həmçinin sxematik yerquruluşu planı eyni zamanda həmin orqan ilə razılaşdırılaraq təsdiqlənməli idi. Təqdim edilən sənədlər natamam olduğu üçün iddiaçıya məxsus 0.05 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması idarənin imkanı xaricindədir. Hal-hazırda həmin orqan ləğv edildiyi üçün “Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında” Əsasnamənin 3.0.10-cu və 3.0.12-ci maddələrinə əsasən fiziki və hüquqi şəxslərin istifadəsində, icarəsində və ya mülkiyyətində olan torpaq sahələrinə dair yerquruluşu işlərinin aparılması və müvafiq sənədlərin hazırlanması onların səlahiyyətinə aid olduğuna görə həmin torpaq sahəsinə dair yerquruluşu planının hazırlanması üçün ilkin torpaqayırma sənədlərinin əsli ilə birlikdə "xxxx" MMC-nin Mingəçevir şəhər Layihə Tədqiqat İdarəsinə müraciət etməsi iddiaçıya tövsiyə olunur Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mingəçevir bələdiyyəsinin 19.03.2007-ci il tarixli 33/5 saylı qərarı ilə Mingəçevir şəhəri Az.DRES qəsəbəsi “Yeni Həyat” yaşayış massivindən baş planda göstərilən yerdən fərdi yaşayış evi tikintisi üçün alqı-satqı yolu ilə onun xüsusi mülkiyyətinə verilmiş 500 m2 torpaq sahəsinin daşınmaz əmalkın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 07.06.2021-ci il tarixli etiraz məktubunda qeyd edilir ki, vətəndaşın ərazi idarəsinə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün təqdim etdiyi sənədlər hüquqların dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilə bilmədiyi üçün ona bu barədə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsdində və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması haqqında” Əsasnamənin 1, 13-1, və 23-cü bəndlərinin tələbləri izah olunmuşdur. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələri, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə əsas kimi müəyyən edilmiş sənədlər əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Eyni zamanda, iddiaçının ərizəsinə qoşma etdiyi sənədlərdən göründüyü kimi Mingəçevir bələdiyyəsindən satın aldığı torpaq sahəsinə dair tərtib edilmiş texniki sənədlər “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması haqqında” Əsasnamənin tələblərinə uyğun deyildir. Şəki İnzibati Məhkəməsinin (hаkim İlqar Cabbarov) 31 аvqust 2021-ci il tаrixli, 2- 1(116)-937/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir bələdiyyəsinin 19.03.2007-ci il tarixli 33/5 saylı qərarı ilə Mingəçevir şəhəri Az.DRES qəsəbəsi “Yeni Həyat” yaşayış massivindən baş planda göstərilən yerdən fərdi yaşayış evi tikintisi üçün alqı-satqı yolu ilə onun xüsusi mülkiyyətinə verilmiş 500 m2 torpaq sahəsinin daşınmaz əmalkın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Şəki İnzibаti Məhkəməsinin 31 аvqust 2021-ci il tаrixli, 2-1(116)-937/2021 saylı qərarından İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mingəçevir Bələdiyyəsinin 19.03.2007-ci il tarixli 33/5 nömrəli qərarı ilə mənə ev tikmək üçün ayrılmiş torpaq sahəsinin alqı-satqı aktının DT və XK-nin Mingəçevir şəhər şöbəsinin müdiri tərəfindən imzalanmadığını və iş üzrə həmin idarənin və yerli icra hakimiyyəti orqanının rəyi və razılığının olmamasını əsas tutaraq iddia tələbini rədd etmişdir. Qərar aşağıdakı əsaslara görə qanunsuz və əsasızdır. Belə ki, onun torpaq sahəsi almaq üçün torpağı ona satan aidiyyəti bələdiyyənin hesabına tələb edilən vəsaiti ödəmişdir, əgər alqı-satqı yoxdursa onda niyə hesaba pul ödəməlidir? Alqı-satqı aktına bələdiyyə və özü imza etmişlər, həmin aktı qeydə aldırmaq onun vəzifəsi deyil, aktla ona tanıdılan torpaq sahəsində ev tikmişdir. Vətəndaş olaraq üzərinə düşən öhdəliyi yerinə yetirmişdir, satıcı bələdiyyə orqanı öz vəzifəsini yerinə yetirməyibsə onun günahı yoxdur. Məhkəmə iş üzrə bələdiyyə orqanını da işə cəlb edərək ətraflı araşdırma aparmaq əvəzinə işi hərtərəfli araşdırmadan qərar qəbul etmişdir. Cavabdeh orqan qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin alqı-satqı aktının təqdim edilməməsi əsas alaraq tələbini yerinə yetirməkdən imtina etmiş, lakin bələdiyyənin təsdiqlədiyi alqı-satqı aktından başqa bələdiyyə qərarını, planı, torpaq sahəsinə görə pul ödədiyini, torpağın istifadəsində və sahibliyində olmaqla yanaşı həmin yerə kənar şəxslərin hər hansı bir iddialarının olmamasını nəzərə almamışdır. Göstərilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin 31 аvqust 2021-ci il tаrixli, 2-1(116)-937/2021 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini və Şəki İnzibаti Məhkəməsinin 31 аvqust 2021-ci il tаrixli, 2-1(116)-937/2021 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barəədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Əsaslandırma hissəsi: İddiaçının apellyasiya şikayəti uğurlu sayılır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. İddia mümkün iddia olduğuna görə birinci instansiya məhkəməsi iddiaya mahiyyət üzrə baxmışdır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı Azərbaycan Respublikası İPM-in 2.2.3 və 34.1-ci maddələrinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2-ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir. İddiaçının tələbi 0.05 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh 06.04.2021-ci il tarixli **********00 nömrəli məktubla imtina edərək bildirmişdir ki, iddiaçının sənədləşdirmək istədiyi Mingəçevir bələdiyyəsinin 19.03.2007-cı il tarixli, 33/5 nömrəli qərarı ilə şəhərin Az.DRES qəsəbəsi “Yeni həyat” adlanan ərazisindən fərdi mənzil tikintisi üçün onun mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsidir. Təqdim edilən sənədlərdə torpaq sahəsinin ayrılmasına dair DT və XK-nin Mingəçevir şəhər şöbəsinin və Mingəçevir ŞİH Memarlıq və tikinti şöbəsinin müvafiq rəyi mövcud deyildir. Torpaqların alqı-satqısına dair Akt DT və XK-nin Mingəçevir şəhər şöbəsində qeydə alınmamış, həmçinin sxematik yerquruluşu planı eyni zamanda həmin orqan ilə razılaşdırılaraq təsdiqlənməli idi. İddia, mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə, yəni inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara aiddir ki, bu iddia növləri üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (İPMin 14.2-maddəsi). Kollegiyanın iclasında işə əlvə edilmiş və tədqiq edilmiş: İş materiallarında olan 13.10.2006 və 19.02.2007-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı torpaq sahəsinin alınmasına görə 90 və 210 manat məbləğində pulu Mingəçevir bələdiyyəsinin “Kapital Bank”dakı hesabına ödəmişdir. İş materiallarında olan Mingəçevir bələdiyyəsinin 19.03.2007-ci il tarixli, 33/5 nömrəli qərarından görünür ki, həmin qərarla C.Əliyev küçəsi ev 12 mənzil 11-də yaşayan şəhər sakini İddiaçı Az.DRES qəsəbəsi "Yeni həyat" yaşayış massivindəki ərazidən baş planda göstərilən yerdən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 500 (beş yüz) m2 topaq sahəsinin onun xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır. İş materiallarında olan “Torpaqların alqı-satqısına dair” 19.03.2007-ci il tarixli aktdan görünür ki, Mingəçevir bələdiyyəsinin nümayəndəsi X3 ilə İddiaçı arasında müqavilə bağlanmış, müqaviləyə əsasən Mingəçevir bələdiyyəsinin 19.03.2007-ci il tarixli, 33/5 nömrəli qərarı ilə 0.05 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Aktda Mingəçevir şəhər Torpaq şöbəsinin müdiri X1 da adı qeyd edilmiş, lakin sözügedən şəxsin imzası və Torpaq şöbəsinin möhürü sənəddə öz əksini tapmamışdır. X5 şöbəsində qeydiyyatının aparılmasına dair müvafiq qeydlər aparılmamışdır. İş materiallarında olan 13.03.2012-ci il tarixli “verilmiş torpaq sahəsinin hüdudlarının yerində (naturada) müəyyənləşdirilməsi” aktında görünür ki, iddiaçıya bələdiyyə qərarı ilə ayrılan torpaq sahəsi naturada müəyənləşdirilmiş və torpaq sahəsi başqa torpaq sahələrindən sərhəd nişanları ilə ayrılmışdır. - "xxxx" MMC-nin 28.01.2022-ci il tarixli, **********02 nömrəli məktubuna əlavə edilmiş arayışda qeyd olunur ki, istifadə etdiyi, üzərində fərdi yaşayış evi olan, hasar daxilində yerləşən 458 kv.m. torpaq sahəsi, Mingəçevir bələdiyyəsi ərazisindən bələdiyyə mülkiyyətinə verilən torpaqların yerquluşu planında bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Yaşayış məntəqələri torpaqları kateqoriyalıdır. Sahəsi və koordinatları arayışa əlavə olunmuş yer quruluşu planında göstərilmişdir. - 01.11.2021-cı il tarixli 12126 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən iş üzrə mübahisəli torpaq sahəsinin inventarlaşmasına dair ekspertiza xərci ilə bağlı 311 manat pul ödənilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsi Mingəçevir Bələdiyyəsinin 19.03.2007-cü il tarixli, 33/5 nömrəli qərarı ilə iddiaçıya verilmişdir. Lakin torpaq sahəsinə dair alqı-satqı aktı Mingəçevir şəhər Torpaq şöbəsinin müdiri tərəfindən imzalanmamış, X5 şöbəsində qeydiyyatının aparılmasına dair müvafiq qeydlər aparılmamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, iş materiallarında olan torpaq sahəsinin cizgisi də yanlız bələdiyyə tərəfindən təsdiqlənmişdir. İddiaçıya torpaq sahəsinin ayrılması barədə müvafiq icra hakimiyyəti orqanlarının (DT və XK-nın yerli şöbəsinin və yerli icra hakimiyyəti orqanının) razılıq və rəyləri mövcud deyil. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İnzibati orqan tərəfindən aparılan inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh orqan iddiaçıya bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qeydə alınmasına imtinasını torpaq sahəsinin ayrılmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin və Mingəçevir ŞİH-nin Memarlıq və tikinti şöbəsinin müvafiq rəylərinin olmaması ilə şərtləndirməsi özü-özlüyündə yolverilməzdir. Digər tərəfdən, torpağın alqı-satqısının mövcudluğu mötəbər sübutlarla öz təsdiqini tapsa da, cavabdeh DT və XK-nin Mingəçevir şəhər şöbəsində qeydə alınmamasını göstərməklə formal mülahizələrə əsasən iddianın təmin edilməməsini xahiş etmiş olsa da, mübahisə predmeti olan torpaq sahəsinin yaşayış evi tikilməsi üçün bütün zəruri sənədlərin əldə olunmaqla iddiaçıya bələdiyyənin qərarı ilə ayrılaraq satılması, iddiaçı tərəfindən torpaq sahəsinin dəyərinin bələdiyyəyə ödənilməsi, həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmaması halının mövcudluğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır. Sözü gedən torpaq sahəsinin cizgisinin Mingəçvir bələdiyyəsi tərəfindən təsdiqlənməsi də həmin bələdiyyənin 19 mart 2007-ci il tarixli 33/5 saylı qərarı olmuşdur. Kollegiya hesab edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinin tələblərinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin səlahiyyətli orqanlar tərəfindən rəy verilmədən vətəndaşlara satılması və bununla əlaqədar iddiaçı tərəfindən 13 oktyabr 2006-cı il tarixdə 90 (doxsan) manat və 19 fevral 2007-ci il tarixdə 210 (iki yüz on) manat olmaqla cəmi 300 (üç yüz) məbləğində torpağın satışına görə pulun Mingeçevir bələdiyyəsinin hesabına ödənilməsi özü-özlüyündə torpaq sahəsinin alq-satqısına dair aktın mövcudluğunu. (torpaq sahəsinin alqı-satqısının lazımi qaydada rəsmiləşdirilməsini) ehtiva edir. Digər tərəfdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları, o cümlədən həmin qanunun hansı hallarda “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilməsini” özündə ehtiva edən 15.1-ci maddəsinin tələbləri ona dəlalət edir ki, hazırkı iddia tələbinin rədd edilməsi qanuni, əsaslı və ədalətli hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının 29.06.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28.10.2008-ci il tarixli 709-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərə qədər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının 29.06.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun 6.5-ci maddəsinin qüvvədə olmuş mətninə görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23.10.2007-ci il tarixli 466-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərə qədər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının 29.06.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun 9.6-cı maddəsinin qüvvədə olmuş mətninə görə bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqısatqı aktı tərtib edilir. Həmçinin Azəbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 4-cü bəndinə görə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir; 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər; 13-1-ci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğısatqı qaydasında verilir; 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir; 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir; 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir; 23-cü bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir; 25-ci bəndinə görə bələdiyyələr ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin hazırlanması üçün öz qərarından və torpaq sahəsinin planından (cizgisindən) çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərir; 26-cı bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları dövlət torpaq kadastrında, dövlət torpaq reyestrində qeydiyyata alır və müvafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə təqdim edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, fiziki və ya hüquqi şəxslərin etimadı iki halda qorunur ki, bunlardan birincisi, inzibati orqanların inzibati praktikası, ikincisi isə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədləri və bəyanatlarıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bir daha cavabdeh inzibati orqanın diqqətinə çatdırır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş qaydada ayrıldığından və torpaq sahəsinə dair qərar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Belə ki, yuxarıda şərh olunan qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmuşdur. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh İddiaçı Mingəçevir bələdiyyəsinin 19 mart 2007-ci il tarixli 33/5 saylı qərarı ilə Mingəçevir şəhəri Az.DRES qəsəbəsi “Yeni Həyat” yaşayış massivindən baş planda göstərilən yerdən fərdi yaşayış evi tikintisi üçün alqı-satqı yolu ilə onun xüsusi mülkiyyətinə verilmiş 500 m2 torpaq sahəsinin daşınmaz əmalkın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarış verilməsindən imtina etməklə düzgün nəticəyə gəlməmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilərək, birinci instаnsiyа məhkəməsinin qərаrı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 31 аvqust 2021-ci il tаrixli, 2-1(116)-937/2021 saylı qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir bələdiyyəsinin 19.03.2007-ci il tarixli 33/5 saylı qərarı ilə Mingəçevir şəhəri Az.DRES qəsəbəsi “Yeni Həyat” yaşayış massivindən baş planda göstərilən yerdən fərdi yaşayış evi tikintisi üçün alqı-satqı yolu ilə onun xüsusi mülkiyyətinə verilmiş 500 m2 torpaq sahəsinin daşınmaz əmalkın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi qoyulsun. Qərardan 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ- 1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar