Məhkəmə qərarları › İş №2-1(107)-280/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-280/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-280/2020 20.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X4 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Cavabdehnə qarşı “ona 5 il sosial sığorta stajının tamam olduğu, yəni xx.xx.2014-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməklə, həmin tarixdən ödəniləcək əmək pensiyası ilə ödənilmiş sosial müavinət məbləği fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-550/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.2009-cu ildə X10 İstismar İdarəsində başlamışdır. İddiaçıya xx.xx.1990-cı il tarixdə ümumi xəstəliyinə görə əlillik təyin edilmişdir. İddiaçının xx.xx.2006-cı il tarixdə təkrar müayinədən sonra ümumi xəstəliyinə görə üçüncü dərəcəli əlilliyi təsdiq olunmuşdur. Halhazıradək üçüncü dərəcəli əlilliyinə görə müddətsiz müvinət alır. İddiaçı xx.xx.2019-cu il tarixində əlilliyə görə əmək pensiyası təyin olunması üçün Şəki Regional “Asan Xidmət” Mərkəzi vasitəsi ilə müvafiq sənədləri Cavabdehnə təqdim etmişdir. Sözügedən orqan xx.xx.2019cu il tarixli **********9 nömrəli cavab məktubu ilə sosial sığorta stajının tamam olduğunu, lakin tələb olunan minimum pensiya kapitalının olmadığını əsas gətirərək müraciətə rədd cavabı vermişdir. Odur ki, iddiaçı “5 il sosial sığorta stajının tamam olduğu, yəni xx.xx.2015-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməklə müraciətdən əvvəlki 3 ilin xx.xx.2017-ci il tarixdən ödənilməsi öhdəliyinin cabavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2020-ci il tarixli ərizə göndərərək “5 il sosial sığorta stajının tamam olduğu, yəni xx.xx.2014-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməklə,həmin tarixdən ödəniləcək əmək pensiyası ilə ödənilmiş sosial müavinət məbləği fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazı: xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası təyin olunması üçün vətəndaşın yaşına uyğun sosial sığorta stajı ilə bərabər pensiya kapitalı tələb olunur. Təqdim olunan sənədlərə və fərdi uçot məlumatlarına əsasən tələb olunan 6 il 7 ay sosial sığorta stajı tamam olmasına baxmayaraq tələb olunan minimum pensiya kapitalı olmadığına görə müraciətdən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, ******* saylı əmək kitabçasının təsdiqlənmiş surəti, Şəki 19 saylı Zona TSEK tərəfindən verilmiş 207571 nömrəli arayış, Elektron Hökümət Portalından əldə edilmiş xx.xx.2019-cu il tarixli məlumat vərəqələri, Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında TSEK-in sonuncu müayinəyə dair xx.xx.2020-cil tarixli məlumat vərəqəsi, Şəki 17 saylı TSEK” tərəfindən verilmiş təsdiq olunmuş 44793 nömrəli müayinə aktından çıxarışın surəti, Şəki 17 saylı TSEK tərəfindən verilmiş və təsdiq olunmuş 3366 nömrəli, xx.xx.2015-ci il tarixli müayinə aktından çıxarışın surəti, Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Cavabdeh xx.xx.2019-cu il tarixli **********9 nömrəli imtina məktubu və xx.xx.2020-ci il tarixli **********0 saylı məktubu, “Müavinət və təqaüd təyinatı üzrə X1 Mərkəzi”nin xx.xx.2011 və xx.xx.2012-ci il tarixdəki qərarları, Şəki 17 saylı TSEK-nın 145776 nömrəli müayinə aktından çıxarışının surəti, Şəki 17 saylı TSEK 054180 nömrəli müayinə aktından çıxarışın surəti, X7 Sistemindən çıxarışın surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli 2-1(116)- 550/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Əmək və X1 Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı 5 il sosial sığorta stajının tamam olduğu, yəni xx.xx.2014-cü il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödəniləcək əmək pensiyası ilə ödənilmiş sosial müavinət məbləği fərqinin birdəfəlik ödənilməsi öhdəliyi qoyulmasını qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Cavabdeh Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-550/2020nömrəli qərarından apelyasiya şikayəti vermişdir. Apelyаsiyа şikаyətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsi xx.xx.2020-ci il tarixli 2-1(116)-550/2020 saylı qərarı ilə İddiaçı iddia tələbini təmin etmiş və «Cavabdeh Əmək və X3 Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı 5 il sosial sığorta stajının tamam olduğu, yəni xx.xx.2014-cü il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödəniləcək əmək pensiyası ilə ödənilmiş sosial müavinət məbləği fərqinin birdəfəlik birdəfəlik ödənilməsi öhdəliyi»ni qoymuşdur. Aşağıdakı səbəblərdən Dövlət X8 Şəki şəhər şöbəsi Şəki İnzibati Məhkəməsinin yuxarıdakı qərarının ləğv olunmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. İddiaçı xx.xx.2019-cu il tarixdə əlilliyə görə əmək pensiyası təyini üçün müraciət etmişdir. Təqdim olunmuş sənədlərə baxılmış, xx.xx.2017ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə istinadən tələb olunan pensiya kapitalı olmadığı üçün əmək pensiyası almaq hüququ olmamışdır. Həmçinin Məhkəmə Qərarında əmək pensiyasının xx.xx.2014-cü il tarixdən təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi qoyulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsində deyilir: 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bu maddəyə əsasən iddiaçının əmək pensiyasının məbləği müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmalı olduğu halda, Məhkəmə qərarında xx.xx.2014-cü il tarixdən qeyd olunmuşdur. Bu isə yuxarıdakı maddənin tələblərinin pozulmasıdır. Həmçinin Məhkəmə iddiaçıya hesablanmamış pensiyanın birdəfəlik ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla, sosial təminat hüququ olan digər vətəndaşların sosial təminat hüququnu pozmuş olur. Belə ki, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunun xərclər maddəsinin alt hissələrində əmək pensiyalarının ödənilməsi xərcləri analitik hesablamalara əsaslanmış konkret rəqəmlərlə əks edildiyindən pensiya xərcləri ilə bağlı əlavə yaranmış öhdəliklər bu sahədə maliyyələşdirmənin vaxtında aparılmasını şübhə altına qoymuş olur. Birdəfəlik ödəmələrin məbləği xeyli miqdarda olduqda pensiya almaq hüququ olan digər vətəndaşların pensiya təminatı hüququ pozulmuş olur. Azərbaycan Respublikası Konstitusiyanın 7-ci maddəsinin 3-cü hissəsində qeyd olunmuşdur ki, dövlət hakimiyyətinin təşkili hakimiyyətin bölgüsü prinsipi əsasında həyata keçirilir. Həmin maddənin 4-cü hissəsinə əsasən - Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010-cu il tarixli Qərarı). Odur ki, yuxarıda qeyd edilənləri rəhbər tutaraq Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-550/2020 nömrəli iş üzrə qərarın ləğv edilməsini və iddia tələbinin apelyasiya şikayətində qeyd olunanları nəzərə alaraq apelyasiya instansiyasında yeni qərar qəbul etməyinizi xahiş edirik. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X4 nümayəndəsi X6 apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)- 550/2020nömrəli qərarının ləğv edilməsini, apelyasiya şikayətində qeyd olunanları nəzərə alaraq yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X8 X5 Şəki şəhər filialının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apelyasiya şikayəti qismən uğurlu olacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2ci maddəsi). Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə tam razılaşmır və belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin inzibati iş üzrə qərarı qismən ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilərək iddia tələbi qismən təmin edilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fizi-ki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Cavabdehin apelyasiya şikayətindən görünür ki, o, pensiyanın xx.xx.2014-cü il tarixdən hesablanaraq birdəfəlik ödənilməsindən narazıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli qanunla 12.1-ci maddə yeni redaksiyada - “12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.” Əvvəlki redaksiyada deyilirdi: 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Göründüyü kimi pensiya hüququn yaranması zamanı qüvvədə olan 12.1-ci maddədə pensiya kapitalı da tələb olunmurdu. Cavabdehin istinad etdiyi “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi xx.xx.2017-ci il tarixli 543 VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əlavə edilmişdir. Həmin maddə iddiaçının pensiya hüququ yarandığı zaman qüvvədə olmamışdır və iddiaçının vəziyyətini pisləşdirdiyi üçün geriyə şamil oluna bilməz. İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə görə (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx xxxxxxx 2020-ci il tarixli qərarında “pensiyanın yenidən hesablanması” tələbinə dair işlər üzrə hüququn tələbi üzrə məhkəmə təcrübəsinin vahidliyini təmin edilməsi məqsədlə qərara alınmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Həmin maddəyə əsasən iddiaçının əmək pensiyasının məbləği müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün yenidən hesablanmalı olduğu halda, birinci instansiya məhkəməsin qərarında xx.xx.2014-cü il tarixdən hesablanaraq yaranmış fərqin birdəfəlik ödənilməsini qərara almışdır. Bu isə yuxarıdakı maddənin tələblərinin pozulmasıdır. Həmçinin Məhkəmə iddiaçıya hesablanmamış pensiyanın birdəfəlik ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla, sosial təminat hüququ olan digər vətəndaşların sosial təminat hüququnu pozmuş olur. Belə ki, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsi haqqında” Azərbaycan Respublikasının qanunun xərclər maddəsinin alt hissələrində əmək pensiyalarının ödənilməsi xərcləri analitik hesablamalara əsaslanmış konkret rəqəmlərlə əks edildiyindən pensiya xərcləri ilə bağlı əlavə yaranmış öhdəliklər bu sahədə maliyyələşdirmənin vaxtında aparılmasını şübhə altına qoymuş olur. Birdəfəlik ödəmələrin məbləği xeyli miqdarda olduqda pensiya almaq hüququ olan digər vətəndaşların pensiya təminatı hüququ pozulmuş olur. Azərbaycan Respublikası Konstitusiyanın 7-ci maddəsinin 3-cü hissəsində qeyd olunmuşdur ki, dövlət hakimiyyətinin təşkili hakimiyyətin bölgüsü prinsipi əsasında həyata keçirilir. Həmin maddənin 4-cü hissəsinə əsasən - Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010- cu il tarixli Qərarı). İşdə olan İddiaçı ərizəsindən görünür ki, o, əlilliyə görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh orqana xx.xx.2019-cu ildə müraciət etmişdir. Belə olan halda, cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-550/2020saylı qərarı qismən- yəni həmin tarixdən ödənilən əmək pensiyası ilə ödənilmiş sosial müavinət məbləğin fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması hissəsində ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, cavabdeh Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı xx.xx.2016-cı il tarixdən müraciət etdiyi xx.xx.2019-cu il tarixə kimi yaranmış və ödənilməmiş fərqini ödənilməsi öhdəliyi qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmasıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apelyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-550/2020saylı qərarı qismən- yəni həmin tarixdən ödənilən əmək pensiyası ilə ödənilmiş sosial müavinət məbləğin fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı xx.xx.2016-cı il tarixdən müraciət etdiyi xx.xx.2019-cu il tarixə kimi yaranmış və ödənilməmiş fərqinin ödənilməsi öhdəliyi qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar