Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-280/2021 16.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-1(116)- 509/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı iddia ərizəsində bildirir ki, o, 10.02.1992-ci ildən Şəki şəhər Hərbi Komissarlığından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün çağırılmışdır. N saylı hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı döyüşmüş, 1993-cü ilin mart ayında yaralanmışdır. Qospitalda müalicə edildikdən sonra yenidən döyüşlərə qayıtmış, ikinci dəfə 1994-cü ilin fevral ayında ağır yaralanaraq qospitala göndərilmişdir. İddiaçı bildirir ki, onun döyüşlərdə iştirakı Hərbi Həkim Komissiyasının 04.05.2017-ci il tarixli qərarı ilə təsdiqlənir və həmin xəsarətləri döyüşlərdə aldığı sübut olunur. İddiaçı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 08.02.2021-ci il tarixli, 11/514 nömrəli etirazında qeyd etmişdir ki, Müdafiə Nazirliyi iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 №li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən “1988ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxşi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanların təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Müdafiə nazirinin 06.01.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, “Müharibə Veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatların aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteram” adı verilə bilməz. Araşdırmanın nəticəsində müəyyən olundu ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 28 sentyabr 2018-ci il tarixli 9/2-14967 nömrəli arayışına əsasən X1 N nömrəli hərbi hissə komandirinin fevral-may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat aşkar edilməmişdir. Həmçinin, iddiaçının döyüş əməliyyatları aparılan zaman qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, istər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. Həmçinin formalaşmış məhkəmə təcrübəsinə istinad edərək qeyd edirik ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 26 avqust 2020-ci il tarixli 2-1 (102)-1618/2020 nömrəli qərarı ilə də iddiaçıların qanuni əsaslarla hərbi xidmətdən tərxis olunması aidiyyəti dövlət orqanının arayışı və əmri ilə birgə təsdiq olunmaması səbəbi ilə onların kassasiya şikayətləri təmin edilməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçı X2 müharibə veteranı adı və vəsiqəsi verilməsindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsaslı və qanuni olaraq imtina etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı yaralandıqdan sonra evdə müalicə aldığını və hərbi hissəyə qayıtmadığını bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan MHHK-nın 04.05.2017-ci il tarixli, 853 nömrəli qərarında qeyd olunur ki, Şəki RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Hərbi Prokurorluğunda və Tərtər Hərbi Prokurorluğunda barəsində təqsirləndirici material və ya cinayət işi olmadığıqeyd edilmiş, iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən 28.03.1993-cü ildə aldığı və 30.03.1993-cü ildən 30.04.1993-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanmanın diaqnozu “sağ bazunun yuxarı 1/3-nin yumşaq toxumasının dəlib keçən güllə yarası” və 14.02.1994-cü ildə aldığı və 15.02.1994-cü ildən 15.03.1994-cü ilə kimi Şəmkir rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanmanın diaqnozu “sol sağrı nahiyyəsinin yuxarı 1/3-nin dəlib keçən güllə yarası”, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İş materiallarında olan iddiaçıya məxsus ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətində 6-cı səhifədə qeyd edilir ki, iddiaçı Şəki RHK tərəfindən 10.02.1992-ci il tarixdə hərbi xidmətə səfərbər edilib, 1994-cü ilin fevral ayında yaralanmış, müalicədən sonra xidmət yerinə geri qayıtmamışdır. Tərtər və Respublika HP-da barəsində cinayət işi yoxdur. İş materiallarında olan Tərtər Hərbi Prokurorluğunun 03.02.2021-ci il tarixli 22HP566 nömrəli məktubunda qeyd edilir ki, 1970-ci il təvəllüdlü, N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməmiş, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmiş və ya amtistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. İş materiallarında olan Qarabağ Hərbi Prokurorluğunun 08.02.2021-ci il tarixli, 18/555 nömrəli məktubunda qeyd edilir ki, N nömrəli hərbi hissədə xidmət etmiş vətəndaş İddiaçı barəsində hər hansı bir cinayət işi və ya araşdırma materialı olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 05.02.2021-ci il tarixli, HP02/367 nömrəli məktubundan müəyyən edilir ki, iddiaçı barəsində 1992-ci ildən hal-hazıradək cinayət işi və ya araşdırma materialı olmamışdır. İş materiallarında olan Füzuli Hərbi Prokurorluğunun 05.03.2021-ci il tarixli 16/1150 nömrəli məktubunda qeyd edilir ki, Prokurorluqda iddiaçı barəsində təqsirləndirici material və ya cinayət işi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki Şəhər (Rayon) Polis Şöbəsinin 22.02.2021-ci il tarixli 189-5204-1221 nömrəli məktubuna əlavə edilmiş 9 nömrəli Əlavədən müəyyən edilir ki, iddiaçı barəsində AR DİN BƏSİİ Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 13 aprel 2021-ci il tarixli, 2- 1(116)-509/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-1(116)-509/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-1(116)-509/2021 saylı qərarının ləğv edilməsi və yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-1(116)-509/2021 nömrəli qərarının ləğv edilməsi və yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyin nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-1(116)-509/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Müdafiə nazirinin 06 yanvar 1998-ci il tarixli, 4 nömrəli əmri ilə təsdiq edilmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı və Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Göründüyü kimi, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar, və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. 25.12.1991-ci il tarixli Azərbaycan Respublikasının “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları könülü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Göründüyü kimi, çağırışla Silahlı Qüvvələrdə xidmətə daxil olan şəxslər hərbi qulluqçu statusunu əldə edir və bununla da onların hərbi xidmət keçmə müddəti başlanılır. Müəyyən edilmiş xidmət müddəti başa çatdığı halda, həmin şəxslər ehtiyata və ya istefaya buraxılırlar. 03 noyabr 1992-ci il tarixli Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” Qanunun 2-ci maddəsinə əsasən hərbi xidmət həmçinin müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir. Həmin Qanunun 14-cü maddəyə əsasən çağırışçılar üçün-hərbi hissəyə göndərilməkdən ötrü hərbi komissarlığa gəldikləri gün hərbi xidmətin başlanğıcı sayılır. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Həmin Qanunun 17-ci maddəyə əsasən ali zabit heyəti və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Hərbi qulluqçuların qalan heyətləri “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada həqiqi hərbi xidmətdən müvafiq icra hakimiyyəti orqanları tərəfindən buraxılırlar. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı 23 yanvar 1996-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı 23 iyun 1996-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı Fərmanı 29 sentyabr 1996-cı il tarixində qəbul edilmişdir. Göründüyü kimi, müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə, hərbi qulluqçunun xidmət keçmənin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikasının Prezidenti müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikası Prezidentinin tərxis etmə barədə qəbul etdiyi qərardan sonra hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir ki, yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir ki, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması 1996-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər. Habelə, belə fərman qəbul ediləndən sonra müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Müdafiə Naziri və müvafiq olaraq hərbi hissələrin komandirləri) hərbi heyətin ehtiyata və ya istefaya buraxılması barədə əmr qəbul edirlər. Döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir ki, məhkəmə iş materiallarını nəzərdən keçirərək onlarda iddiaçının N saylı hərbi hissənin tərkibində döyüş bölgəsində olmasını öz əksini tapdığı, lakin iddiaçı tərəfindən hərbi hissədən qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla tərxis olunmasını təsdiq edən hər hansı bir mötəbər sübutun işə əlavə edilmədiyini müəyyən etmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-1(116)-509/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-280/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-280/2021
16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver