Məhkəmə qərarları › İş №2-1(107)-280/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-280/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-280/2024 16.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı ünvan 1 ünvanında fərdi yaşayış evinin mansard hissəsində yerləşən 168,38 kv.metr qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2- 1(116)-776/2024 nömrəli qərarından iş üzrə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki Şəhər İcra Hakimiyyətinin 01 mart 2006-cı il tarixli, 1/47 nömrəli sərəncamına əsasən Şəki şəhəri, S.Mümtaz küçəsinin qərb hissəsindən sxemdə göstərilən yerdə ayrılmış 200 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsinin onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək “Şəki şəhər M.Ə.Rəsulzadə prospekti ev 91 ünvanında fərdi yaşayış evinin mansard hissəsində yerləşən 168,38 kv.metr qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir..

4. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Şəki Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 115 nömrəli Sərəncamı ilə iddiaçının ünvan 2 ünvanında mülkiyyətində olan yaşayış evinin mansard hissəsində yerləşən 168,37 kv.metr hissəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilmiş, icazənin verilməsi üçün Şəki şəhər İcra Hakimiyyətinin bildirişi icra edilmişdir. Daha sonra isə komissiyanın xx.xx.2023-cü il tarixli Aktı ilə qeyd edilən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi Bildirişin tələbi icra edildiyi və lazım olan xüsusi lisenziyalar alındığı üçün məqsədəmüvafiq hesab edilmişdir. Mülkiyyətində olan fərdi yaşayış evinin 168,37 kv.metr hissəsi "X4" MMC tərəfindən tərtib edilmiş və şəhərin baş memarı tərəfindən təsdiqlənmiş memarlıq sənədinə uyğun olaraq tikildikdən sonra reyestrdə qeydə alınması üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan iddiaçının tələbindən xx.xx.2023-cü iİ tarixli məktubla imtina etmiş və bunun səbəbi kimi də mansardın yan divarının hündürlüyünün 1,06 metr təşkil etdiyini və fərdi yaşayış evinin bir hissəsinin qeyri-yaşayış binası kimi istifadə edildiyini göstərmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur.

5. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, İddiaçı 03 avqust 2023-cü il tarixli ərizə ilə DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi idarəsinə müraciət edərək mansardın fərdi-yaşayış evi ilə bağlı qeydiyyata alınmasım xahiş etmişdir. Bildirilmişdir ki, ərazi idarəsinin mütəxəssisi tərəfindən sözügedən fərdi yaşayış evinə baxış keçirilmiş və fərdi yaşayış evinin damının çardaq hissəsində inşa edilmiş mansardın yan divarlarının hündürlüyünün 1,06 metr təşkil edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15. maddəsində (mansarda mərtəbəsi - binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahə) göstərilmişdir. Həmçinin həmin məcəllənin 59.5-ci maddəsində mansardın ölçülərinin nə qədər olması göstərilmişdir (Mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır). Sözügedən mübahisəli fərdiyaşayış evinin mansardı müayinə olunarkən ölçülərin bayır divarlar boyunca hündürlüyünün 1,06 metr, yüksək hissəsində hündürlüyün 3 metr olduğu müəyyən edilmişdir. Yuxanda qeyd olunanları nəzərə alaraq vətəndaşın müraciətinin icrası mümkün olmamışdır.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 12 fevral 2024-cü il tarixli 2- 1(116)-776/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

9. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbini təmin edərkən fərdi-yaşayış evinin çardaq hissəsində yerləşən həmin sahənin ümumiyyətlə fərdi yaşayış evinin nə çıxarışında, nə də texniki pasportunda öz əksini tapmadığını nəzərə almamışdır. Belə ki, ərazi idarəsinin mütəxəssisi tərəfindən sözügedən fərdi yaşayış evinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, fərdi yaşayış evinin damının çardaq hissəsində inşa edilmiş mansardın yan divarlarının hündürlüyü 1.06 metr təşkil edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsində.mansarda mərtəbəsi– binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyriyaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahə göstərilmişdir. Həmçinin həmin Məcəllənin 59.5-ci maddəsində mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyünün 1,6 metrdən, yüksək hissəsində hündürlüyünün 2,7 metrdən az olmamalı olduğu qeyd edilmişdir. Sözügedən maübahisəli fərdi-yaşayış evinin çardağı müayinə olunarkən ölçülərin bayır divarlar boyunca hündürlüyünün 1,06 metr, yüksək hissəsində hündürlüyünün 3 metr olduğu müəyyən edilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2-1(116)-776/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2-1(116)-776/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2-1(116)-776/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 115 nömrəli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhər sakini İddiaçı ünvan 3 ünvanında mülkiyyətində olan yaşayış evinin mansard hissəsində ümumi sahəsi 168,37 kv.metr olan yaşayış sahəsi, onun tərəfindən “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildiriş“də irəli sürülmüş şərtlər yerinə yetirildikdən sonra qeyriyaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. - Şəki şəhər sakini İddiaçı şəhərin M.Ə.Rəsulzadə prospekti, ev 91 ünvanında mülkiyyətində olan 211,45 kv.metr yaşayış sahəsinin mansarda hissəsində yerləşən 176,02 kv.metr hissənin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında rəydə qeyd edilmişdir ki, ünvan 5 ünvanında yerləşən 1 mərtəbəli, 5 otaqlı yaşayış evinin ümumi sahəsi 211,45 m2-dir. Yaşayış evinin mansarda hissəsində yerləşən və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş, yaşayış evinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkündür və M.Ə.Rəsulzadə prospektinə ayrıca çıxışı vardır. Yaşayış sahəsinin mövcud vəziyyəti onun mülkiyyət sənədlərinə uyğundur. Yaşayış evinin mansarda hissəsinin qeyri-yaşayış məqsədləri üçün istifadə olunmasından ötrü tələb olunan sanitar-gigiyenik normalara uyğun işlər İddiaçı tərəfindən yerinə yetirilməli, yanğın təhlükəsizliyi məqsədilə yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilən sahədə yanğın siqnalizasiya sistemləri quraşdırılmalı və yanğın söndürmək üçün alət və avadanlıqlarla təchiz edilməlidir. Həmçinin tərəfimizdən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 20.2-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırma aparılmış və İddiaçı yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirmək istədiyi həmin yaşayış sahəsindən istifadə etmədiyi müəyyənləşmiş və ailənin yaşayış sahəsinə olan ehtiyacı heç bir halda məhdudlaşdırılmır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş sənədlərə əsasən yaşayış evinin mansarda hissəsinin yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilməsi bu sərəncama əlavə edilmiş "Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında BİLDİRİŞ-də irəli sürülmüş şərtlərin İddiaçı tərəfindən yerinə yetirilməsi şərti ilə məqsədəmüvafiqdir - Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.8-ci maddəsinə əsasən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün həmin sahədə aparılması nəzərdə tutulan yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən komissiyanın xx.xx.2023-cü il tarixli aktından (Şəki ŞİHBA-nın memarlıq və tikinti şöbəsinin müdiri tərəfindən təsdiqlənmiş) görünür ki, “yaşayış sahəsinin (qeyri-yaşayış sahəsinin) qeyri-yaşayış sahəsinə (yaşayış sahəsinə) keçirilməsi (keçirilməsindən imtina) haqqında xx.xx.2022-ci il tarixli bildiriş”də qeyd edilmiş, aparılması zəruri olan yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin tam olaraq vətəndaş İddiaçı tərəfindən yerinə yetirildiyini nəzərə alaraq, ünvan 6 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan yaşayış evinin çardaq hissəsində yenidənqurma işləri aparılmaqla yaradılmış, ümumi sahəsi 176,02 kv.metr olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir. - MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində 0,0818 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 120,36 kv.metr yaşayış, 109,7 kv.metr qeyri-yaşayış, 90,09 kv.metr köməkçi sahədən ibarət 91 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

16. Mənzil Məcəlləsi: 20.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2-ci maddəsinə əsasən, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 21.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.3-cü maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.6-cı maddəsinə əsasən keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7-ci maddəsinə əsasən əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 22.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə; 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. 22.2-ci maddəsinə əsasən sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır.

17. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

18. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 24 may 2010-cu il tarixli, 272 nömrəli Fərmanın 1.2-ci bəndində qeyd edilmişdir ki, həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır.

25. Həmin Qanunun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir..

26. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində 0,0818 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 120,36 kv.metr yaşayış, 109,7 kv.metr qeyri-yaşayış, 90,09 kv.metr köməkçi sahədən ibarət 91 nömrəli fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ Daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış və MH seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir.

27. Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 115 nömrəli Sərəncamına əsasən, Şəki şəhər sakini İddiaçı ünvan 3 ünvanında mülkiyyətində olan yaşayış evinin mansard hissəsində ümumi sahəsi 168,37 kv.metr olan yaşayış sahəsi, onun tərəfindən “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildiriş“də irəli sürülmüş şərtlər yerinə yetirildikdən sonra qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır.

28. Nəzərə alınmalıdır ki, aparılan icraat çərçivəsində tərtib edilmiş rəydə Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq yaşayış evinin mansarda hissəsində yerləşən və qeyri-yaşayış sahəsinə keçirilən sahəyə yaşayış evinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən gediş-gəlişin mümkünlüyü, yaşayış sahəsinin mövcud vəziyyətinin onun mülkiyyət sənədlərinə uyğunluğu, qeyri-yaşayış sahəsinə keçirilməsi istənilən sahədən iddiaçının istifadə etməməsi və ailənin yaşayış sahəsinə olan ehtiyacını heç bir halda məhdudlaşdırmaması yoxlanılmış, sözügedən sahənin M.Ə.Rəsulzadə prospektinə ayrıca çıxışının olması müəyyən edilərək yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi bu sərəncama əlavə edilmiş "Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında BİLDİRİŞ-də irəli sürülmüş şərtlərin iddiaçı tərəfindən yerinə yetirilməsi şərti ilə məqsədəmüvafiq olması qeyd edilmişdir.

29. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildiriş“də irəli sürülmüş şərtlər isə yanğın-siqnalizasiya sistemlərinin quraşdırılması, obyektin yanğına qarşı istifadə edilən avadanlıqlarla təchiz edilməsindən ibarət olmuşdur.

30. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.8-ci maddəsinə əsasən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün həmin sahədə aparılması nəzərdə tutulan yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən komissiyanın xx.xx.2023-cü il tarixli aktında “yaşayış sahəsinin (qeyri-yaşayış sahəsinin) qeyri-yaşayış sahəsinə (yaşayış sahəsinə) keçirilməsi (keçirilməsindən imtina) haqqında xx.xx.2022-ci il tarixli bildiriş”də qeyd edilmiş, aparılması zəruri olan yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin tam olaraq iddiaçı tərəfindən yerinə yetirilməsi öz əksini tapmış və ümumi sahəsi 176,02 kv.metr olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir.

31. Bununla da “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” ilə bağlı Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilmiş inzibati icraat başa çatmışdır.

32. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində əks olunmuş maddi hüquq normalarının tələbinə görə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Həmin normalara əsasən, hazırkı mübahisəyə münasibətdə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir.

33. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 3.9.6-cı bəndinə əsasən, yerli icra hakimiyyətinin başçısı dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Həmin Əsasnamənin 3.11.1-ci bəndinə əsasən, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək yerli icra hakimiyyəti başçısının vəzifəsi kimi təsbit edilmişdir.

34. İşin kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, istinad olunan normalarda yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi ilə bağlı təsbit olunmuş sənədlər keçirilən sahə üzərində hüquqları təsdiq edən çıxarış, onun texniki pasportu, keçirilən sahənin yerləşdiyi tikilinin planı həmin sahənin mülkiyyətçisi olan iddiaçı tərəfindən keçirilməni həyata keçirən orqana, yəni müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuşdur.

35. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalar baxımından keçirilən sahənin bəyan edilmiş məqsədlərə, eləcə də həmin məqsədlər üçün istifadə üzrə tələblərə uyğun və istismara yararlı olması yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə (qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə) keçirilməsi proseduru çərçivəsində yoxlanılmalı olan məsələlərdir və rayon icra hakimiyyətinin məsuliyyət sferasına və səlahiyyətinə aiddir.

36. Odur ki, cavabdeh orqanın imtina dəlilinə münasibətdə (fərdi yaşayış evinin damının çardaq hissəsində inşa edilmiş mansardın yan divarlarının hündürlüyünün 1,06 metr təşkil etməsi ilə bağlı) məhkəmə qeyd edir ki, həmin məsələlər keçirilmə haqqında qərarın qəbulunadək həllini tapmalıdır və keçirilmə barədə qərarın qəbul olunması keçirilən sahənin qeyd edilən tələblərə uyğunluğunun müəyyən edilməsi anlamında qiymətləndirilməlidir. Bununla bağlı qeyd olunmalıdır ki, səlahiyyətli dövlət orqanı tərəfindən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı qərarın qəbulu həmçinin keçirilən sahənin istismara hazırlığı ilə bağlı tələblərin də, yoxlanıldığını və nəzərə alındığını ehtiva edir.

37. Əks təqdirdə, yaşayış sahəsinin həmin tələblərə cavab verməyən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərar qəbul edilməsi istisna olunardı. Belə yanaşma həm də Şəhərsalma və Tikinti Məcəlləsinin 101-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə görə, tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Bu mənada keçirilməyə dair qərarda müəyyən edilmiş şərtlərin həyata keçirilməsi barədə tərtib edilmiş akt yekun qərar anlamında qəbul olunmalı və keçirilmiş sahə üzərində hüququn reyestrdə qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi üçün hüquqmüəyyənedici sənəd qismində qiymətləndirilməlidir.

38. Belə ki, Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 115 nömrəli Sərəncamında irəli sürülmüş şərtlərin yerinə yetirilməsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.8-ci maddəsinə əsasən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün həmin sahədə aparılması nəzərdə tutulan yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən komissiyanın xx.xx.2023-cü il tarixli aktı ilə təsdiq edilmişdir.

39. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqan keçirilmə haqqında səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş qərara bağlıdır və həmin qərarın məzmununa uyğun davranmağa borcludur. Cavabdeh tərəfindən həmin qərar məzmun baxımından təftiş edilə və onun qüvvədə olduğu müddətdə həmin qərarın icrasından imtina oluna bilməz.

40. Hazırkı mübahisəyə münasibətdə iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən yuxarıda istinad olunan normalara uyğun qaydada sərəncam verildiyi və həmin sərəncamın qüvvədə olduğu nəzərə alınmalı, iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair cavabdehə təqdim etdiyi həmin sənədlər hüququn dövlət qeydiyyatı üçün əsas qismində qiymətləndirilməli və yetərli sayılmalıdır. (Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-263/2023 nömrəli, xx.xx.2023 nömrəli qərarında yuxarıda qeyd olunmuş hüquqi mövqe öz əksini tapmışdır).

41. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuş, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

42. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı ünvan 1 ünvanında fərdi yaşayış evinin mansard hissəsində yerləşən 168,38 kv.metr qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi” tələbinə dair birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

43. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2-1(116)-776/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar