Məhkəmə qərarları › İş №2-1(107)-281/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-281/2024

16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-281/2024 16.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “X7, X1 və X2 adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin (JN-252 F, kod ********) qismən ləğv edilməsinə, adları qanunsuz olaraq işlənmiş X1 və X2 adlarının siyahıdan çıxarılmasına, 1998-ci il-də Ağdaş rayon AİK-i sədrinin imzası və möhürü ilə təsdiqlənmiş “Ağdaş RİHB-nın Dəhnəxəlil k.ə.n üzrə islahat ilə əlaqədar Dəhnəxəlil kəndində torpaq torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı” adlı sənədə əsasən 242 saylı təsərrüfatın qaytanlanmış kitab üzrə 0.10 ha, faktiki istifadədə olan mülkiyyətinə verilməli olan torpaq sahəsi 0.28 ha torpaq sahəsinin həmin vaxt təsərrüfatın üzvləri kimi adları qeyd olunmuş 1966-cı il doğumlu X11 özü ailə başçısı olmaqla, 1969-cu il doğumlu arvadı X3 və 1995-ci il doğumlu İddiaçı2 mülkiyyətinə verilməsi və adlarının müvafiq elektron baza məlumatlarında yerləşdirilməsi vəzifəsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 2- 1(116)-978/2024 nömrəli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X7, X1 və X2 adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin (JN-252 F, kod ********) qismən ləğv edilməsi, adları qanunsuz olaraq işlənmiş X1 və X2 adlarının siyahıdan çıxarılmasına, 1998-ci il-də Ağdaş rayon AİK-i sədrinin imzası və möhürü ilə təsdiqlənmiş “Ağdaş RİHBnın Dəhnəxəlil k.ə.n üzrə islahat ilə əlaqədar Dəhnəxəlil kəndində torpaq torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı” adlı sənədə əsasən 242 saylı təsərrüfatın qaytanlanmış kitab üzrə 0.10 ha, faktiki istifadədə olan mülkiyyətinə verilməli olan torpaq sahəsi 0.28 ha torpaq sahəsinin həmin vaxt təsərrüfatın üzvləri kimi adları qeyd olunmuş 1966-cı il doğumlu X11 özü ailə başçısı olmaqla, 1969-cu il doğumlu arvadı X3 və 1995-ci il doğumlu İddiaçı2 mülkiyyətinə verilməsi və adlarının müvafiq elektron baza məlumatlarında yerləşdirilməsi vəzifəsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-978/2024 nömrəli qərardadı ilə X8 və X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş lər.

3. İddiaçıların cavabdeh orqana ilkin müraciətində yuxarıda qeyd olunan tələblə müarciət etmiş, cavabdeh tərəfindən tələb icra olunmamışdır.

4. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya münasibətində bildirmişdir ki, Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən torpaq sahəsinə dair verilmiş JN-252F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Ağdaş rayonu Aqrar İslahat Komissiyasının qərarına əsasən DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən tərtib edilmişdir. Şəhadətnamə tərtib edilən zaman hüquq subyektlərinin ümumibirgə mülkiyyətinə verilmişdir. İddiaçıya bildirilmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq başqa-başqa subyektlərin mülkiyyətində olan sənəddə hər hansı bir düzəlişin və ya hər hansı hüquq sahibinin ləğv edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil.

5. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddia ərizəsini və iş materiallarını araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 27 fevral 2024-cü il tarixli 2- 1(116)-978/2024 nömrəli qərardadı ilə iddia ərizəsi mümkün sayılmamışdır.

9. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qərardaddan apellyasiya şikayəti vermişlər.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, adına qanunsuz olaraq şəhadətnamə işlənmiş X5 və X6 2005-ci ildən “müvafiq əsasları olmasına baxmayaraq” 2022-ci ilədək hər hansı iddia ilə məhkəməyə müraciət etməmişlər. Vüsalə Cavadovanın ölümündən sonra X6 və qeyrisi 2022-ci ilin avqustunda Ağdaş rayon məhkəməsində həmin həyətlə bağlı həyətin faktiki sahiblərinə və qeyrilərinə qarşı süni maneələrin aradan qaldırılmasına dair iddia tələbindən sonra hüquqlarının pozulduğunu bilmişlər və həmin vaxtdan müvafiq iddialarla pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməkdədirlər. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 2-1(116)-978/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də iddiaçılar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

12. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - xx.xx.1996-cı il tarixli nikahın bağlanması haqqında akt qeydinin surəti. - xx.xx.1999-cu il tarixli boşanmaz haqqında akt qeydinin surəti. - xx.xx.1996-cı il tarixli doğum haqqında akt qeydinin surəti. - xx.xx.1999-cu il tarixli nikahın bağlanması haqqında akt qeydinin surəti. - xx.xx.2002-cı il tarixli doğum haqqında akt qeydinin surəti. - xx.xx.2001-cı il tarixli doğum haqqında akt qeydinin surəti. - xx.xx.2006-cı il tarixli ölüm haqqında akt qeydinin surəti. - Torpağın mülkiyyət hüququna dair JN 0070 nömrəli Dövlət Aktının surəti. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X16 filialının xx.xx.2022-ci il tarixli 129 nömrəli arayışının surəti. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X16 filialının xx.xx.2022-ci il tarixli 70 nömrəli məktubu. - Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2-134/2024 nömrəli məktubuna əlavə olunmuş, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 nömrəli qərarına əsasən verilmiş JN252F nömrəli Şəhadətnamənin surətindən və Ağdaş rayonu Dəhnəxəlil kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlər siyahısından görünür ki, X9 və ailə üzvləri ilə birlikdə torpaq sahəsinin verilməsi barədə məlumat qeyd olunmuşdur.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

16. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

18. İddiaçıların cavabdeh orqana ilkin müraciətindən görünür ki, onların iddia tələbi aşağıdakı hissələrdən ibarətdir: 1. X11,X1 və X2 adına verilmiş JN-252 F kod 90306018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin qismən ləğv edilməsi; 2. Həmin şəxslərin adlarının subyektlər siyahısından çıxarılması; 3. İddia olunan torpaq sahəsinin qaytanlanmış kitaba əsasən ümumi birgə mülkiyyətə verilməsi.

19. İddia tələbindən və iş materiallarından göründüyü kimi iddia olunan torpaq sahəsi JN-252 F kod 90306018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X11 və digərlərinin mülkiyyətinə verilmişdir. İddiaçılardan İddiaçı1 mərhum X11 ilə nikahda olmuş, tərəflər arasında nikah xx.xx.1999-cu il tarixində pozulmuşdur. Bundan sonra mərhum M.Cavadov xx.xx.1999-cu il tarixində X5 ilə nikaha daxil olmuşdur. Mübahisələndirilən Şəhadətnamə də sonuncuların adına qeydə alınmışdır. İddiaçı tərəfindən qeyd olunan Şəhadətnamə mübahisələndirilməmişdir. Həmin Şəhadətnamənin iddiaçılara məlum olma tarixi konkret müəyyən olunmasa da, iddia olunan torpaq sahəsinin üçüncü şəxslərin istifadəsində olması barədə məlumatsız olması mümkün deyildir. Belə ki mülki qaydada da bu barədə hər hansı mübahisə olduğuna dair məlumat təqdim edilməmişdir.

20. İddia tələbinin ikinci hissəsi də birinci hissəsi ilə bağlıdır. Nəticə etibarı ilə iddiaçılar üçüncü şəxslərin adlarının torpaq sahəsinin mülkiyyətə verilməsinə dair subyektlər siyahısı və mülkiyyət sənədini mübahisələndirirlər.İddia həmin hissədə mümkün olmadığından,iddia olunan torpaq sahəsi üzərində qeydə alınmış mülkiyyət hüququ qüvvədə olduğundan iddiaçıların mülkiyyət hüququnun qeydə alınması iddiası da özlüyündə mümkün tələb deyildir.

21. Məhkəmə kollegiyası bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.

22. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

23. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

24. İddiаçının öz hüququnun pozulduğunu bildiyi vаxt qüvvədə olаn və ümumi (publik) hüquq münаsibətlərindən əmələ gələn işlər üzrə icrааtı tənzimləyən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin İİ yаrımbölməsinin müddəаlаrınа görə, mаrаqlı şəxs müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrı, hərəkəti (hərəkətsizliyi) ilə əlаqədаr mübаhisə qаldırа bilər (296.1-ci mаddə).

25. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. Həmin normanın tələbinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.

26. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrının, hərəkətinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də, mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-1286/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe.

28. İddia ərizəsində iddiaçı sözügedən torpaq sahəsinin rəsmi sənədlə mülkiyyətində olmasını bildirsə də, ərizəyə müvafiq hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. Həmçinin iddiaçı sözügedən torpaq sahəsinin onun faktiki istifadəsində (mülkiyyətində) olduğunu bildirir. Belə olan halda iddiaçı, sözügedən torpaq sahəsinə dair hüquqi sənədlərin tərtib edilib-edilməməsindən məlumatlı olmalı, müvafiq sənədlər tərtib edilmədiyi halda isə yuxarıda qeyd edildiyi kimi cavabdeh orqanın hərəkətlərini mübahisələndirməli idi. İddiaçılar 25 ildən artıq müddət keçdikdən sonra hazırkı tələblə cavabdeh orqana, daha sonra isə məhkəməyə müraciət etmiş, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.

29. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.

30. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir.

31. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1149/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında yuxarıda qeyd edilmiş hüquqi mövqe öz əksini tapmışdır.

32. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

33. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

34. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 2-1(116)- 978/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 2-1(116)-978/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar