Məhkəmə qərarları › İş №2-1(107)-282/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-282/2023

14.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-282/2023 14.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X2 ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair JN-212A saylı Şəhadətnaməyə əsasən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 fevral 2023-ci il tarixli, 2-1(116)-93/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-212A saylı Şəhadətnaməyə əsasən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, keçmiş “S.Vurğun” adına kolxozun torpaq sahələrində islahat aparılmamışdan əvvəl, 1995-ci ildə kolxoz idarə heyyətinin qərarı ilə iddiaçıya 0,12 ha torpaq sahəsi verilmişdir. İslahat aparılan zaman isə həmin torpaq sahəsi komissiyanın 28 avqust 1998-ci il tarixli 41 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş və bu barədə ona torpağın mülkiyyətə verilməsinə dair 212 A saylı Şəhadətnamə də verilmişdir. İddiaçı həmin torpaq sahəsini 1995-ci ildən 2016-cı il tarixə kimi istifadə etmiş, hər il də həmin 0,12 ha torpaq sahəsinin vergi və digər xərclərini də ödəmişdir. 2017-ci ildə Göyçay Rayon Məhkəməsində qaldırılmış iddia nəticəsində iddiaçının həmin torpaq sahəsindən çıxarılması haqqında Qətnamə olsa da, Şəki Apellyasiya Məhkəməsi ekspert təyin etmiş, ekspertin rəyinə əsasən Göyçay Rayon Məhkəməsinin məlum Qətnaməsinin iddiaçıya aid olan hissəsini ləğv etmiş və həmin qətnamə hüquqi qüvvəsini almışdır.

3. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli, **********94 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Göyçay rayonu, Qarabağlar kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış və mülkiyyətində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi elektron baza məlumatları ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları digər mülkiyyətçiyə məxsus JN-67A nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə üstüstə düşməsi və elektron baza məlumatlarının fərqli olması müəyyən edilmişdir. Bu səbəbdən də ərizənin icası mümkün olmamışdır.

4. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-370/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə JN-212A KOD 40814048 nömrəli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.

5. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-370/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)-256/2021 nömrəli qərarı ilə təmin olunmamış, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(116)370/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

6. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(107)-256/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-1608/2021 nömrəli qərarı ilə qismən təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)-256/2021 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin iş üzrə qərarının 39, 41 və 42-ci bəndlərində qeyd edilmişdir ki, “... həmin qətnamə ilə X4 iddia tələbinin İddiaçı münasibətdə rədd edilməsinə əsas sonuncu tərəfindən torpaq sahəsinin zəbt edilməsinin öz təsdiqini tapmaması olmuşdur. Lakin həmin qətnamədə onlara məxsus torpaq sahələrinin üst-üstə düşməsi öz təsdiqini tapmışdır... Beləliklə, sözügedən qətnamə hazırkı iş üzrə preyudisial əhəmiyyət daşımasa da, qətnamədə istinad edilmiş ekspert rəyi torpaq sahələrinin üstüstə düşmə faktını göstərdiyindən hazırkı işə baxan məhkəmə öz xidməti vəzifəsindən irəli gələrək bu halı araşdırmalı idi... X11 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməli və mübahisəli hallar onun iştirakı ilə araşdırılmalı idi...”.

7. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(107)-480/2021 nömrəli qərarı ilə X11 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.

8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(107)-52/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-370/2021 nömrəli qərarı ləğv edilmiş və inzibati iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

9. Sözügedən inzibati iş xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur.

10. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1041/2022 nömrəli sərəncamının icrasının təmin olunması məqsədilə məhkəməyə cavabdeh tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********84 nömrəli etiraz məktubunda qeyd olunmuşdur ki, Göyçay rayonu, Qarabağlar kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış və vətəndaşın mülkiyyətində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir.

11. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi elektron baza məlumatlarında vətəndaşın göstərdiyi torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları digər mülkiyyətçi X6 məxsus **********36 və **********06 reyestr nömrəsilə qeydiyyata alınmış torpaq sahələrinin koordinatları ilə üst-üstə düşməsi və elektron baza məlumatlarının qismən fərqli olması müəyyən edilmişdir.

12. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

13. Birinci instansiya məhkəməsinə cavabdeh tərəfindən təqdim edilmiş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, İddiaçı göstərdiyi torpaq sahəsindən götürülmüş koordinatları DWG baza məlumatlarında yoxlanan zaman məlum olmuşdur ki, sözügedən torpaq sahəsi JN-67A nömrəli pay torpaq sahəsinin üzərinə düşür.

14. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubu iddiaçıya ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, işə baxılması ilə əlaqədar olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə Şəhadətnamələrdə və çıxarışda göstərilən, həmçinin faktiki istifadədə olan torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinin aydınlaşdırılması məqsədilə müvafiq sorğu verilmişdir. Məhkəmənin sorğusu cavablandırılanadək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra- “İPM”) 13-cü maddəsinə müvafiq olaraq Məhkəmə proses iştirakçısı qismində yardım etmə məqsədindən çıxarış edərək iddiaçının nəzərinə çatdırmışdır ki, işin faktiki hallarının tədqiqi nəticəsində JN-212A (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən torpaq sahəsinin və ya onun faktiki istifadə etdiyi torpaq sahəsinin üçüncü şəxs A.Məmmədovun adına rəsmiləşdirilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat nömrəsi: **********) çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşməsi faktının müəyyən ediləcəyi təqdirdə, iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranacaqdır. Belə olan halda, iddiaçı ilk öncə mübahisəli torpaq sahəsinə digər şəxslərin adına verilmiş hüquq müəyyənedici sənədlərin ləğvi tələbi ilə çıxış etməli, daha sonra həmin torpaq sahəsinin adına rəsmiləşdirilməsini tələb etməlidir.

15. Hüquqi yardım məktubunda iddiaçıya məktubda qeyd olunanlarla bağlı münasibət bildirilməsi təklif olunmuş, lakin iddia tərəfi münasibət bildirməmişdir.

16. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1041/2022 nömrəli qərardadı ilə X3, Məmmədova (Seyidova) Turanə Namiq qızı və X7 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşlar.

17. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1041/2022 nömrəli qərardadı ilə X4 hazırkı iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində cəlb edilməsi zəruri cəlbetməyə dəyişdirilmişdir.

18. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********16 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında təsbit edilib göstərilən JN-67A nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 0,40 ha torpaq sahəsinin koordinatları ilə iddiaçının naturada göstərdiyi 0,3945 ha torpaq sahəsinin koordinatları üst-üstə düşür. Kəndin kompleks yerquruluşu islahat layihəsində göstərilən JN-212A (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə iddiaçının mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin koordinatları ilə iddiaçının naturada göstərdiyi 0,3945 ha torpaq sahəsi, o cümlədən üçüncü şəxs Anar Məmmədovun adına rəsmiləşdirilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat nömrəsi **********) çıxarışla verilmiş 0,40 ha torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq, konfiqurasiya və bucaq fərqləri mövcud olduğu üçün suallara cavab vermək mümkün olmadı. Lakin iddiaçının naturada göstərdiyi 0,3945 ha torpaq sahəsi ilə üçüncü şəxs Anar Məmmədovun adına rəsmiləşdirilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat nömrəsi **********) çıxarışla verilmiş 0,40 ha torpaq sahəsinin 0,2486 ha hissəsi üst-üstə düşür.

19. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

20. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

21. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 16 fevral 2023-ci il tarixli, 2-1(116)-93/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

22. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

23. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinə müraciət etməzdən daha öncə İddiaçı cavabdeh orqana mübahisələndirilən torpaq sahəsinə çıxarış almaq üçün müraciət etmiş, qanunvericilikdə müəyyən edilmiş formada ərizə-anketi doldurmuş və dövlət rüsumunu ödəmişdir. Şəxsə dövlət orqanları tərəfindən təqdim edilmiş JN-212A saylı Şəhadətnamə İddiaçı mübahisə edilən torpaq sahəsi üzərində mülkiyyət hüququna dair legitim gözlənti yaratmışdır. Şəxs 1995-ci ildən həmin torpaq sahəsini öz torpaq sahəsi kimi qəbul etmiş və bu müddət ərzində heç bir dövlət orqanı tərəfindən ona hər hansı bir irad bildirilməmişdir. Bunun əksi olaraq, İddiaçı torpaq sahəsinə mülkiyyətçi kimi qanunvericilikdə nəzərdə tutulan öhdəlikləri icra etmiş, iş üzrə məhkəmələrə təqdim edilən sənədlərdən də görsəndiyi kimi həmin torpaq sahəsinə görə zəruri vergiləri ödəmiş və torpaq sahəsinin digər xərclərini qarşılamışdır. İş üzrə üçüncü şəxs kimi cəlb edilmiş Anar Məmmədov isə yalnız 2014-cü ildə torpaq sahəsinə çıxarış almışdır. Bu o deməkdir ki, cavabdeh orqan Anar Məmmədova çıxarış təqdim edərkən, torpaq sahəsi legitim gözlənti əsasında mülkiyyət hüququnu həyata keçirirdi. Anar Məmmədovun məhkəməyə təqdim etdiyi çıxarış və alqı-satqı müqaviləsindən də görsənir ki, cavabdeh orqan ona torpaq üzərində hüquqlarının qeydiyyatı barədə çıxarış təqdim edərkən, ciddi hüquqi qüsurlara yol vermişdilər. Belə ki, sənədlərdən də görsənir ki, Anar Məmmədov həmin torpaq sahəsinin xx.xx.2014-cü il alqı-satqı müqaviləsi ilə əldə etmişdir. O, torpaq sahəsinə çıxarışı isə xx.xx.2014-cü il tarixdə əldə etmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının qanunun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydasını tənzimləyir. Həmin maddənin tələblərinə əsasən müraciət edənin Dövlət orqanına ərizə təqdim etdikdən sonra daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılmasını təmin etməli bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməlidir. Sözü gedən əməliyyatların keçirilməsi praktiki olaraq 3- 4 gün ərzində mümkün deyil. Bundan başqa əgər cavabdeh orqan həqiqətən həmin ərazini yoxlasa idi, həmin əraziyə İddiaçı hüquqlarını təsdiq edən Şəhadətnaməsinin olduğunu bilərdi. Anar Məmmədovun bağladığı alqı-satqı müqaviləsi isə öncədən bu torpağı satmağa hüququ olmayan şəxs tərəfindən satıldığı üçün bu alqı-satqı müqaviləsi öncədən əhəmiyyətsizdir və bu səbəbdən də bu nüans məhkəmənin diqqətinə çatdırılmadan da İddiaçı hüquqlarının pozulması aşkardır. Mülki Məcəllənin 337.3-cu maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin məcəllənin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Göründüyü kimi Anar Məmmədova öncədən əhəmiyyətsiz əqd əsasında çıxarış verildiyi üçün, həmin sənəd də hər hansı hüquqi qüvvəsinin olması özlüyündə hüququn ruhuna zidd sayılmalıdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 fevral 2023-ci il tarixli, 2-1(116)-93/2023 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 fevral 2023-ci il tarixli, 2-1(116)-93/2023 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

25. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

26. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2-ci bəndinə əsasən hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

27. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, ilk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.

30. Kollegiya tərəfindən işin hallarının araşdırılması zamanı, cavabdehin etiraz məktubu və mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, iddiaçının naturada göstərdiyi 0,3945 ha torpaq sahəsi ilə üçüncü şəxs Anar Məmmədovun adına rəsmiləşdirilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat nömrəsi **********) çıxarışla verilmiş 0,40 ha torpaq sahəsinin 0,2486 ha hissəsi üst-üstə düşür. Belə olan halda iddiaçı ilkin olaraq mübahisəli torpaq sahəsinə Anar Məmmədovun adına rəsmiləşdirilmiş RX seriyalı ******* nömrəli çıxarış və onun verilməsinə əsas olmuş sənədlərin ləğvi tələbi ilə məhkəmədə iddia qaldırmalı, daha sonra həmin torpaq sahəsinin adına rəsmiləşdirilməsini tələb etməlidir.

31. Qeyd olunanlarla bağlı birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım edilmiş, həmçinin məhkəmə iclasında bir daha qanunvericiliyin tələbləri izah olunaraq dinlənilməsi təmin edilmişdir.

32. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək düzgün hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı arzuladığı məqsədə nail olmaq üçün ilk növbədə mübahisəli torpaq sahəsinə Anar Məmmədovun adına rəsmiləşdirilmiş RX seriyalı ******* nömrəli çıxarış və onun verilməsinə əsas olmuş sənədlərin ləğvi tələbi ilə məhkəmədə iddia qaldırmalı, daha sonra həmin torpaq sahəsinin adına rəsmiləşdirilməsini tələb etməlidir.

33. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

34. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 fevral 2023-ci il tarixli, 2-1(116)- 93/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı Məmməd oğlu tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16 fevral 2023-ci il tarixli, 2-1(116)-93/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar