Məhkəmə qərarları › İş №2-1(107)-283/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-283/2021

25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-283/2021 25.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 13.04.2021-ci il tarixli, 2-1(116)-225/2021 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Ağdaş RHK tərəfindən hərbi xidmətə çağırılmış, 17.04.1994-cü il tarixdən 07.11.1994-cü il tarixədək N nömrəli hərbi hissənin, 24.11.1994-cü il tarixdən 06.11.1997ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 28.10.2020-ci il tarixli, 11/5280 nömrəli etirazını belə əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyanın məktubunu mübahisələndirmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, arxiv arayışına əsasən iddiaçının N nömrəli hərbi hissədəki xidməti təsdiq olunmadığından və yaralanmağının şəraiti məlum olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyil. Mərkəzi Arxivin 27.03.2018-ci il tarixli arxiv arayışında N nömrəli hərbi hissə komandirinin aprel 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti və N nömrəli hərbi hissə komandirinin mart 1995ci il tarixli əmrlərində yaralanması barədə məlumat aşkar edilməmişdir. “Müharibə veteranı” adının verilməsindən imtina edilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa və “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olmuşdur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş səxslər Müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün e'zam olunmuş, həmçinin hərbi qulluqçulara 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı e'zamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Həmçinin iddiaçı iddia müddətinin vaxtını qat-qat ötürmüşdür. Belə ki, imtina 2018-ci ildə olduğu halda o, məhkəməyə 2020ci ilin sentyabrında müraciət etmişdir. Birinci instansiya məhkəməsi iclasında iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdi. Şəki İnzibati Məhkəməsinin 13.04.2021-ci il tarixli, 2-1(116)-225/2021 saylı qərarı ilə, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qərar qəbul edərkən iddaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissənin tərkibində xidməti barədə məlumatın olmamasını nəzərə almamışdır. Bununla “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr vetranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin tələbləri pozulmuşdur. İddiaçının 12.05.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak edən hərbi hissənin tərkibində xidmət etməsi barədə dəlillərin olmadığı halda iddiası təmin edilmişdir. Belə ki, məhkəmə qərarında N nömrəli hərbi hissə komandirinin 18.04.1994-cü il tarixli 91 nömrəli əmrinə istinad olunsa da, həmin əmrdə İddiaçı adının olmaması nəzərə alınmamışdır. Cavabdehin etiraz, həmçinin imtinanın səbəbi məhkəmə qərarında təhrif olunmuşdur. Belə ki, imtinanın səbəbi kimi göstərilmişdir ki, İddiaçı döyüş əməliyyatlarında iştirak edən hərbi hissənin tərkibində xidmət etməsi təsdiq olunmur və yaralanmasının şəraiti barədə məlumat yoxdur. İddiaçı hərbi xidmət keçməsi üçün Pereküşkül qəsəbəsindən şəxsi heyətin qəbul məntəqəsindən 23.12.1994-cü il tarixdə N nömrəli hərbi hissəyə daxil olmuşdur. Məhkəmə qərar qəbul edərkən N nömrəli hərbi hissənin 23.12.1994-cü il tarixli 357 nömrəli əmrinə hüquqi qiymət verməmişdir. Arxiv arayışında N nömrəli hərbi hissə komandirinin aprel-iyun 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında, pul paylama cədvəllərində iddiaçının adı, xidməti və N nömrəli hərbi hissə komandirinin mart 1995-ci il tarixli əmrlərində yaralanması barədə məlumat aşkar edilməmişdir. Həmçinin məhkəmə tərəfindən iddiaçının iddia müddətinin vaxtının qat-qat ötürməsi nəzərə alınmamışdır. Belə ki, imtina 2018-ci ildə olduğu halda o, məhkəməyə 2020-ci ilin sentyabrında müraciət etmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 13.04.2021-ci il tarixli, 2-1(116)-225/2021 saylı qərarının ləğv etməklə iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 13.04.2021-ci il tarixli, 2- 1(116)-225/2021 saylı qərarını qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, apellyasiya instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: - 14.10.2020-ci il tarixli Arayışın təsdiq edilmiş surətində qeyd edilir ki, iddiaçı 11.01.1994-cü il tarixdə Ağdaş RHK tərəfindən Milli Ordu sıralarına göndərilmiş, Biləcəri toplanış məntəqəsindən N nömrəli komandaya təhvil verilmişdir. - N nömrəli hərbi hissənin MN Tibb Baş İdarəsinin rəisinə ünvanladığı 29.12.2017-ci il tarixli,12/Ə nömrəli məktubunda qeyd edilir ki, iddiaçının 1995-ci il ərzində N nömrəli hərbi hissədə müalicə olması ilə bağlı qeydiyyat yoxdur. İddiaçı 19.04.1996-cı il tarixdə N nömrəli hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyasında (protokol № 88, 19.04.1996) şəhadətnamələndirilmişdir. - Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 27.03.2018-ci il tarixli, 9/2-4761 nömrəli məktubunda qeyd edilir ki, Ağdaş RHK-dan çağırılmış, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin 13.01.1994-cü il tarixli 11 №-li nizami hissə üzrə əmrilə (əsas: səh 20, sıra 26) “sıravi” hərbi rütbəsi verilərək şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmiş çavuş İddiaçı Zahid oğlunun N №-li hərbi hissə komandirinin 16.04.1994-cü il tarixli 93 NQ-İİ nizami hissə üzrə əmrində (əsas: § 5, sıra 9, əmrdə atasının adı Zahid yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 18.04.1994-cü il tarixli 91 №-li nizami hissə üzrə əmrində (əsas: səh 27, § 2) N №-li hərbi hissədən ezamiyyətə göndərilmiş bir qrup hərbi mükəlləfiyyətlilərin qazan təminatına daxil edilməsi barədə məlumat vardır, lakin əmrə adlı siyahı əlavə edilməmişdir. N №-li hərbi hissə komandirinin 23.12.1994-cü il tarixli 357 №-li nizami hissə üzrə əmrilə (əsas: səh 20, § 1, sıra 11) sıravi İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək baş atıcı vəzifəsinə təyin edilmişdir. Müdafiə nazirinin 26.09.1997-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyyata tərxis olunduğu üçün sıravi İddiaçı N №-li hərbi hissə komandirinin 07.11.1997-ci il tarixli 311 №-li nizami hissə üzrə əmrilə (əsas: səh § 7, sıra 1) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad edilərək qeydiyyata düşmək üçün Ağdaş RHK-na göndərilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin aprel 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti və N №-li hərbi hissə komandirinin mart 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində yaralanması barədə məlumat aşkar edilməmişdir. - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı 01.03.2018-ci il tarixli, 1/A-1974 nömrəli məktubunda qeyd edilir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi uzrə komissiyanın 28.02.2018-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin 21 02.2018-ci il tarixli 9/2-2819 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə iddiaçının xidməti təsdiqlənmədiyindən və yaralanması şəraiti barədə hərbi hissə tərəfindən arayış olmadığından ona "Müharibə Veteranı’' adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. - Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin Nazirliyin nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın katibinə ünvanladığı 21.05.2018-ci il tarixli, 9/2-7337 nömrəli məktubda qeyd olunur ki, N nömrəli hərbi hissənin aprel-iyun 1994-cü il tarixli şəxsi heyətinin pul təminatının ödənilməsi cədvəllərində İddiaçı pul təminatı ilə təmin olunması barədə məlumat aşkar edilməmişdir. - iddiaçıya məxsus ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətində iddiaçının 888, N və N nömrəli hərbi hissələrdə müvafiq olaraq 13.01.1994-16.04.1994, 17.04.1994- 07.11.1994 və 24.11.1994-06.11.1997-ci illərdə hərbi xidmətdə olması, biletin 7-ci səhifəsində onun 24.11.1994-cü il tarixdən 06.11.1997-ci il tarixədək Goranboy rayonunda döyüş bölgəsində xidmət aparması, biletin 3-cü səhifəsində 06.11.1997-ci il tarixdə 26.09.1997-ci il tarixli 160 nömrəli əmrlə ordudan tərxis olunmasına dair qeydlər aparılmışdır. - SHXÇDX-nin Ağdaş rayon şöbəsinin 15.10.2020-ci il tarixli, 1103 nömrəli məktubuna əlavə edilmiş iddiaçının xidməti kartasının təsdiq edilmiş surətində onun N və N nömrəli hərbi hissələrdə müvafiq olaraq 17.04.1994- 07.11.1994 və 24.11.1994- 06.11.1997-ci illərdə hərbi xidmətdə olması, 24.11.1994-cü il tarixdən 06.11.1997-ci il tarixədək Goranboy rayonunda döyüş bölgəsində xidmət aparması, 06.11.1997-ci il tarixdə 26.09.1997-ci il tarixli 160 nömrəli əmrlə ordudan tərxis olunmasına dair qeydlər aparılmışdır. - SHXÇDX-nin Ağdaş rayon şöbəsinin 15.10.2020-ci il tarixli, 1103 nömrəli məktubuna əlavə edilmiş Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 05.09.2018-ci il tarixli, 5116 nömrəli məktubunun təsdiq edilmiş surətində qeyd edilir ki, 056 nömrəli hərbi hospitalın (223 nömrəli hərbi hissənin) 1996-cı ilə məxsus tibbi sənədləri saxlanılması üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təhvil verilmədiyinə görə vətəndaş İddiaçı stasionar müayinə və müalicədə olması barədə məlumatın verilməsi mümkün olmamışdır. - MHHK-nın 26.10.2020-ci il tarixli, 1791 nömrəli məktubunda qeyd edilir ki, iddiaçıya aid 1996-cı il üçün xəstəlik haqqında şəhadətnamə yoxdur və qeydiyyat jurnallarından keçmir. - Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın Nazirliyin Hüquq İdarəsinə ünvanladığı 21.04.2020-ci il tarixli, 1/9-6227 nömrəli məktubda qeyd edilir ki, N nömrəli hərbi hissə 19.07.1992-ci il tarixdən 12.05.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. - Müdafiə Nazirliyinin 24.02.2021-ci il tarixli, 9/2-1624 nömrəli məktubuna əmrlərdən çıxarışlar əlavə edilmişdir. N nömrəli hərbi hissə komandirinin 13.01.1994-cü il tarixli, 11 nömrəli əmrindən müəyyən edilir ki, iddiaçı 13.01.1994-cü il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin ümumi siyahısına alınmış, bütün təchizatlarla təmin edilmişdir. - Məktuba əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin 16.04.1994-cü il tarixli, 93 nömrəli əmrindən müəyyən edilir ki, iddiaçı 1-ci motoatıcı taburun əsgərləri ilə birlikdə 16.04.1994-cü il tarixdən N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Əmrdə qeyd edilir ki, həqiqi hərbi xidmətdə olan əsgərlər 17.04.1994-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılıb təchizatlardan məhrum edilməli, lazımi sənədlərlə təmin edilməli və bir günlük quru ərzaqla təmin edilməlidir. - Məktuba əlavə edilmiş N saylı hərbi hissə komandirinin 18.04.1994-cü il tarixli, 91 nömrəli əmrilə N saylı hərbi hissədən N saylı hərbi hissəyə gəlmiş ezamiyyətə qazan təminatına qoyulmuşlar. - Məktuba əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin 23.12.1994-cü il tarixli, 357 nömrəli əmri ilə Pirəkəşkül qəsəbəsindən hərbi xidmətə göndərilmiş iddiaçı şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilmişdir. - Məktuba əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin 07.11.1997-ci il tarixli, 311 nömrəli əmri ilə iddiaçı Müdafiə Nazirinin 160 saylı 26.09.1997-ci il tarixli əmrinə əsasən 08.11.1997-ci il tarixdən bütün növ təminatlardan silinmiş, şəxsi heyətin siyahısından çıxarılmış, ordudan tərxis edilmiş və hərbi qeydiyyata düşmək üçün müvafiq hərbi komissarlığa göndərilmişdir. - Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 27.02.2021-ci il tarixli, 1/A-5025 nömrəli məktubunda qeyd edilir ki, N nömrəli hərbi hissə 05.12.1993-cü il tarixdən 12.05.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İşin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı hərbi xidmət əleyhinə cinayət törətməmiş, cinayət məsuliyyətinə cəlb olunmamışdır. O, qanuni əsaslarla ordudan tərxis edilmişdir. Cavabdeh orqan etirazında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə istinad edərək, iddiaçıya Müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Cavabdeh orqan etirazında qeyd edir ki, arxiv arayışına əsasən iddiaçının N nömrəli hərbi hissədəki xidməti təsdiq olunmadığından və yaralanmağının şəraiti məlum olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyil. Cavabdehin etirazının dəlilləri əsassızdır. İş materiallarında olan sənədlərdən və əmrlərin təsdiqlənmiş surətindən iddiaçının N nömrəli hərbi hissədəki xidməti tam təsdiq olunur. Cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə əlaqədar İnzibati icraat haqqında qanunla üzərinə qoyulmuş vəzifələri icra etməmiş, iddiaçının xidməti tam təsdiq olunduğu halda əsassız olaraq onun müraciətinin təmin olunmasından imtina etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının xidmətini və qanuni əsaslarla təxris olunmasını təsdiq edən sənədlər hər-hansı digər orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır, həmin sənədləri cavabdeh inzibati orqan özü məhkəməyə təqdim etmişdir. Deməli eyni qaydada cavabdeh özü də icraat aparmaqla məhkəmənin hazırda gəldiyi nəticəyə gəlmək iqtidarında olmuşdur, lakin qanunla üzərinə qoyulmuş öhdəliklərə əməl etmədiyi və iddiaçının müraciətinə formal yanaşdığı üçün hazırki mübahisənin yaranmasına rəvac vermişdir. Etirazın müddətin ötürülməsi barədə dəlilini də məhkəmə əsassız hesab edir. Belə ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia olduğu üçün hərhansı müddətin ötürülməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçıya veteran adının verilməsi üçün hüquqi və faktiki əsaslar vardır, bunu istisna edən hallar mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan kollegiya qeyd edir ki, iş materiallarında məlum olmuşdur ki, N nömrəli hərbi hissə komandirinin 23.12.1994-cü il tarixli, 357 nömrəli əmri ilə Pirəkəşkül qəsəbəsindən hərbi xidmətə göndərilmiş iddiaçı şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilmiş, N nömrəli hərbi hissə komandirinin 07.11.1997-ci il tarixli, 311 nömrəli əmri ilə Müdafiə Nazirinin 160 saylı 26.09.1997-ci il tarixli əmrinə əsasən 08.11.1997-ci il tarixdən bütün növ təminatlardan silinmiş, şəxsi heyətin siyahısından çıxarılmış, ordudan tərxis edilmiş və hərbi qeydiyyata düşmək üçün müvafiq hərbi komissarlığa göndərilmişdir. Həmçinin Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 27.02.2021-ci il tarixli, 1/A-5025 nömrəli məktubunda N nömrəli hərbi hissə 05.12.1993-cü il tarixdən 12.05.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etdiyi qeyd edilmişdir. Beləliklə, iddiaçının döyüşən hərbi hissə olan N nömrəli hərbi hissədə qulluq keçməsi və qanuni yolla tərxis olunması öz sübutunu tapmışdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 13.04.2021-ci il tarixli, 2-1(116)-225/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-1(116)-225/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar