Məhkəmə qərarları › İş №2-1(107)-283/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-283/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-283/2022 12.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Cavadova Günay İsmayıl qızı və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə öz işinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün orta əmək haqqının verilməsi" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2-1(116)-1260/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə öz işinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün orta əmək haqqının verilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

2. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 27 iyul 2022-ci il tarixli 2- 1(116)-1260/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

4. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2-1(116)-1260/2022 nömrəli qərardadının ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilərək, işə mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2-1(116)-1260/2022 nömrəli qərardadının ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilərək, işə mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etdi.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri X3 və X1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2-1(116)-1260/2022 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

7. İnzibati Prosessual Məcəllə: Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

9. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

11. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

12. İPM-in 38-ci maddəsindən də göründüyü kimi, mübahisələndirmə haqqında iddialar üçün iddia müddətinin başlanğıcı inzibati aktın yalnız təqdim olunduğu vaxtdan deyil, həm də elan olunduğu vaxtdan hesablanır.

13. İddiaçı birinci instansiya məhkəməsinə yazdığı xx.xx.2022-ci il tarixli vəsatətdə hazırkı iddia ərizəsini poçt müəssisəsinə xx.xx.2022-ci ildə verdiyini bildirmişdir.

14. Cavabdeh orqan tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş vəsatətdə göstərilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən işdən azad edilməsi ilə bağlı xx.xx.2022-ci ildə Nazirliyə dəvət edilmiş, Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Elşad Əliyev tərəfindən iddiaçıya işdən çıxma əmri və xəbərdarlıq rəsmi elan edilmişdir.

15. Eyni zamanda, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış "Xəbərdarlıq" adlanan sənədin surəti də məhkəməyə təqdim edilmişdir. Həmin sənəddə İddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2022-ci ildən ləğv edilməsi göstərilmiş, sənəd Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova tərəfindən imzalanaraq xx.xx.2022-ci il tarixi yazılmış, bunun ardınca isə "Xəbərdarlıq müddəti əvəzinə ödənişi almağıma etiraz etmirəm" yazılaraq imzalanmışdır.

16. İddiaçı Şəki İnzibati Məhkəməsinin yardım məktubuna cavab olaraq birinci instansiya məhkəməsinə yazdığı xx.xx.2022-ci il tarixli ərizədə xəbərdarlığın ona xx.xx.2022-ci ildə elan olunduğunu bildirmişdir.

17. Belə ki, məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılan zaman müəyyən edildi ki, cavabdehin əmrinin iddiaçıya elan olunduğu gündən (xx.xx.2022-ci il) hazırkı iddia ərizəsinin poçt müəssisəsinə verildiyi günədək (xx.xx.2022-ci il) ötən müddət 30 gündən artıq olmuş, bununla da iddia müddəti buraxılmışdır.

18. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli yardım məktubu ilə İddiaçı izah edilmişdir ki, iddia müddətinin buraxılması iddianın mümkün sayılmasını istisna edir, bununla yanaşı, iddia müddəti onun təqsiri olmadan buraxılmışdırsa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.2-ci maddəsində göstərilən qaydada müddətin bərpası barədə ərizə verilə bilər.

19. İddiaçı isə məktuba cavab olaraq birinci instansiya məhkəməsinə yazdığı xx.xx.2022-ci il tarixli ərizədə iddia müddətini ötürmədiyini bildirmiş və bunu belə əsaslandırmışdır ki, xx.xx.2022-ci ildə ona xəbərdarlıq elan olunan zaman onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci ildən xitam veriləcəyi ilə yanaşı, həm də həmin tarixdən X4 Şöbəsinə hüquqşünas vəzifəsinə təyin ediləcəyi bildirilmiş, lakin sonradan əmr gəlmədiyinə görə o, xx.xx.2022-ci il tarixli məktubla nazirliyə müraciət etmiş, yenə cavab almayaraq iddianı məhkəməyə vermişdir.

20. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, nə mübahisələndirilən əmrdə, nə cavabdeh tərəfindən iddiaçıya yazılmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqda, nə də həmin xəbərdarlıqda iddiaçı tərəfindən əlyazma üsulu ilə icra edilmiş yazıda iddiaçının X4 Şöbəsinə hüquqşünas vəzifəsinə təyin edilməsi göstərilməmişdir. Ona görə də iddiaçının şərh olunan dəlilini əsassızdır.

21. Bundan başqa, iddiaçı birinci instansiya məhkəməsinin yardım məktubuna cavab olaraq məhkəməyə yazdığı xx.xx.2022-ci il tarixli ərizədə iddiasını dəyişdirdiyini bildirərək, iddia tələbini "xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə məsləhətçi işinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün orta əmək haqqının verilməsi" kimi ifadə etmişdir. Göründüyü kimi, iddiaçı mübahisələndirdiyi əmrin tarixini iddia ərizəsində xx.xx.2022-ci il kimi göstərdiyi halda, sonrakı ərizədə xx.xx.2022-ci il kimi göstərmişdir.

22. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, "İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında" Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********2 nömrəli əmrinin tarixi xx.xx.2022-ci ildir, xx.xx.2022-ci il tarixli əmr barədə isə işdə məlumat yoxdur. Ona görə də iddianın dəyişdirilməsinin qəbul edilməsi üçün əsas yoxdur.

23. İnzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.

26. Yuxarıda göstərilən ötürülmüş prossesual iddia müddəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri də iddia müddətidir ki, iddiaçı həmin müddəti ötürdüyündən hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmək imkanını itirmişdir.

27. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

28. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

29. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati 27 iyul 2022-ci il tarixli 2-1(116)-1260/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2-1(116)-1260/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar