Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-283/2023 01.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və onun vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan, Seriya RX, № 0976470, xx.xx.2016-ci il tarixli Çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2-1(116)-1570/2022 nömrəli qərarından üçüncü şəxs X12 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Bakı şəhəri 12 saylı Notariat ofisinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “qanunsuz və əsassız əldə edilmiş X5 adına Qəbələ rayonu, Bum kəndindəki 0.09 ha torpaq sahəsinə görə verilmiş reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan, Seriya RX, № 0976470, xx.xx.2016-ci il tarixli Çixarışın ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin və xx.xx.2016-cı il tarixli çıxarışın əsasında X12 ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1433 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi öhdəliyinin Ədliyyə Nazirliyinin Bakı şəhəri 12 saylı Notariat ofisinin və onun əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan Çıxarışın və xx.xx.2019-cu il tarixli № 434211 olan Torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə 2-1(116)- 1570/2022 nömrəli inzibati iş üzrə X12 və X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmiş, Qəbələ rayon Bum bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı iddiaçının vəsatəti təmin edilməmişdir.
3. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, tələbini dəqiqləşdirərək X5 adına Qəbələ rayonu, Bum kəndindəki 0.09 ha torpaq sahəsinə görə verilmiş reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan, Seriya RX, № 0976470, xx.xx.2016-ci il tarixli Çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir.
5. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Qəbələ rayonu Bum kəndində yerləşən 0.09 ha torpaq sahəsi qaytanlanmış torpaq kitabında X4 adına qeyd edilməsinə baxmayaraq, cavabdeh orqan həmin torpaq sahəsi üzərində Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)721/2015 saylı qərarına istinad etməklə X5 mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır. Cavabdeh orqan sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatını apararkən məhkəmə qərarının plan-ölçü sənədinin tərtib edilməsi ilə bağlı olmasını və mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı hər hansı öhdəlik qoymamasını nəzərə almamışdır.
6. İddiaçı, üçüncü şəxs Nizami Teymurovun adına tərtib edilmiş çıxarışın ləğvini cavabdeh orqandan tələb etmiş, cavabdeh orqan sözügedən torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququnun qeydiyyata alınmasına dair hər hansı hüquqmüəyyənedici sənəd olmadığı və iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə qarşı “0.09 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmadığı, yəni, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)721/2015 saylı qərarı qüvvədə olmadığı halda iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.
7. Cavabdeh orqan, iddia tələbinə etirazını sözügedən çıxarışın ləğv edilməsi səlahiyyətinin olmaması ilə əsaslandırmışdır.
8. Üçüncü şəxs iddia tələbinə münasibətində iddia tələbində qeyd edilmiş mübahisəyə Qəbələ rayon Məhkəməsi, Şəki Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali MəhkəməsininMülki Kollegiyasında hüquqi qiymət verildiyini bildirilmiş, məhkəmədən qanuna müvafiq qaydada qərar qəbul edilməsi xahiş edilmişdir. 9 Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və onun nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişlər.
10. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmini edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 22 noyabr 2022-ci il tarixli, 2- 1(116)-1570/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
12. Üçüncü şəxs X12 həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
13. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianın təmin edilməsi ilə bağlı məhkəmənin əsaslandığı dəlillər mübahisə predmetini mahiyyətinə və konkret hallarına uyğun deyildir. İş materiallarına əsasən müəyyən edilir ki, Qəbələ rayonu, Bum kəndində yerləşən 0.09 ha torpaq sahəsi mülkiyyət hüququ ilə X8 məxsusdur. İddiaçı həmin çıxarışın mübahİsələndirilməsində hüquqi marağının nədən ibarət olmasını əsaslandırmamışdır. Odur ki, iddiaçının həmin çıxarışı mübahisələndirməyə subyektiv hüququ yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2-1(116)-1570/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2-1(116)-1570/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
15. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi və Bakı şəhəri 12 saylı Notariat ofisin nümayəndəsi və üçüncü şəxs X12 məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Üçüncü şəxs X12 ərizə ilə müraciət edərək məhkəmə kollegiyasının iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyası cavabdehlərin nümayəndələrinin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
17. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - V-ЖГ 305305 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1998-ci ildə vəfat etmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli DƏDR-dən çıxarışdan görünür ki, Qəbələ rayonu Bum kəndində yerləşən 0.09 ha torpaq sahəsi üzərində X5 tam xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)721/2015 saylı qərarından görünür ki, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə X4 istifadəsində olan 0.09 ha torpaq sahəsinə iddiaçı X5 adına torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyi qoyulmuşdur. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(84)-721/2015 saylı qərardadından görünür ki, İddiaçı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, həmin iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-988/2020 nömrəli qərardadından görünür ki, iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə qarşı “0.09 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. - Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 21(107)-372/2020 nömrəli qərardadından görünür ki, Nizami Teymurov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 21(116)-988/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-95/2021 nömrəli qərarından görünür ki, kassasiya şikayəti təmin olunmamış, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 1(107)-372/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş, Qəbələ rayonu Bum kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısından çıxarışdan görünür ki, X10 və X5 adları pay torpaq sahəsinə dair subyektlər siyahısında aşkar edilməmiş, X4 adının qarşısında qaytanlanmış torpaq kitabında qeyd olunmuş torpaq sahəsinin ölçüsü 0.09 ha göstərilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. 9.3. Hüquqların dövlət qeydiyyatı ərizələrin qəbul edilmə ardıcıllığı ilə aparılır. Ərizənin sürətləndirilməklə icra edilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 9.4. Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün), dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.1-ci maddəsinə görə etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır. 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın Vİİ hissəsi:
1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına çıxarış tərtib edilir. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır
21. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
22. “Torpaq islahatı haqqında” haqqında Qanunun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
24. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
25. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
26. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
27. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
28. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.
31. İş materialları ilə müəyyən edilir ki, cavabdeh orqan tərəfindən X5 Qəbələ rayonu Bum kəndində yerləşən 0.09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatına dair Seriya RX, ******* №-li, xx.xx.2016-ci il tarixli Çıxarışın tərtib edilməsinə əsas Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)721/2015 saylı qərarı olmuşdur. Belə ki, sözügedən qərarda cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə X4 istifadəsində olan 0.09 ha torpaq sahəsinə iddiaçı X5 adına torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyi qoyulmuşdur.
32. X15 Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(84)-721/2015 saylı qərardadı ilə həmin qərar ləğv edilərək işə mahiyyəti üzrə baxılması təzələnmiş və Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-988/2020 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Yəni, iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə qarşı “0.09 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə qəbul edilmiş yekun məhkəmə aktı iddia tələbinin mümkün sayılmaması barədə olmuşdur. Belə olan halda cavabdeh orqan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 21(84)721/2015 saylı qərarı artıq qüvvədə olmadığından iddiaçının müraciətini təmin etməli olduğu halda əsasız olaraq imtina cavabı vermişdir.
33. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hətta Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)721/2015 saylı qərarı ləğv edilməmiş olsa belə cavabdehin hərəkətləri qanuni sayıla bilməzdi. Belə ki, müvafiq qərarda torpaq sahəsinin Nizami Teymurovun mülkiyyətinə verilməsi ilə bağlı hər hansı qeyd yoxdur və yalnız torpaq sahəsinin plan-ölçü sənədinin hazırlanmasından bəhs olunur.
34. Sözügedən qərarın məzmununda da məhkəmə, 0,09 ha torpaq sahəsinin X4 qanuni istifadəsində olmasını, lakin sonuncu vəfat etdiyindən həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamənin tərtib edilməməsini qeyd etmişdir. Göründüyü kimi, həmin qərarda 0.09 ha torpaq sahəsi üzrə mülkiyyət hüququnun Nizami Teymurova deyil, Gövhər Teymurovaya məxsus olmasına istinad edilmişdir.
35. Digər tərəfdən nəzərə alınmalıdır ki, ümumiyyətlə plan-ölçü sənədi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas deyildir, yalnız həmin torpaq sahəsinin sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasını təsdiq edir.
36. Belə ki, zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli, 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü”nün Təsviri”nin 1-ci bəndində göstərilmişdir ki, bu sənəddə qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü” təsvir edilir. Həmin Təsvirin 4.3, 4.5-ci, 4.6 və 4.9-cu bəndlərinə əsasən, torpaq sahəsinin yerləşdiyi inzibati ərazi, sahəsi və təyinatı, plan və ölçünün tərtib edilməsinə əsas olan sənədlərin rekvizitləri; torpaq sahəsi planının kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı), əsas döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; yaşayış məntəqələrinin hüdudlarında yerləşən torpaq sahələri ilə bağlı tərtib edilmiş plan və ölçüdə baş plandan çıxarış, digər torpaq sahələri (o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqları) ilə bağlı tərtib edilmiş plan və ölçüdə isə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; torpaq sahəsinin qonşu sərhədləri Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən plan və ölçüdə göstərilir. Bu müddəalardan göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınarkən təqdim edilməli olan plan və ölçüdə həmin əmlakın yerləşməsi koordinatları və qonşu torpaq sahələri, plan və ölçünün tərtib edilməsinə əsas olan sənəd qeyd edilməlidir. Yəni istinad edilmiş sənədin əsas mahiyyəti – torpaq sahəsinin ölçüsünün və yerləşməsinin müəyyən edilməsi ilə bağlıdır. Həmin sənəd özü-özlüyündə torpaq sahəsi üzərində hüququn yaranamasını təsdiq edən sənəd hesab olunmadığından, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas kimi qəbul edilə bilməz (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(102)187/2020 nömrəli qərarında əks olunmuş hüquqi mövqe)
37. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli Qəbələ rayonu Bum kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısından çıxarışla müəyyən edilir ki, X10 və X5 adları pay torpaq sahəsinə dair subyektlər siyahısında aşkar edilməmiş, X4 adının qarşısında qaytanlanmış torpaq kitabında qeyd olunmuş torpaq sahəsinin ölçüsü 0.09 ha göstərilmişdir.
38. Göründüyü kimi Qəbələ rayonu Bum kəndində yerləşən 0.09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun X6 məxsus olması işdə olan sənədlərdən aşkar görünməsinə baxmayaraq, cavabdeh orqan həmin torpaq sahəsi üzərində Nizami Teymurovun mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqda səhvə yol vermişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı sözügedən çıxarışın ləğvini cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.
39. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuş, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
40. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan, Seriya RX, № 0976470, xx.xx.2016-ci il tarixli Çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
41. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2-1(116)-1570/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.